Əziz və hörmətli, izzətli, məhəbbətli, şərəfli və mübariz dil qoruyucularımız. Sizin çoxsahəli, çoxşaxəli və yorulmaz dil qoruyuculuğu siyasətinizi dəstəkləyirəm.
Bir an belə dinclik tapmadan həyata keçirdiyiniz tədbirlər nəticəsində Azərbaycan dili yad ünsürlərdən, xarici sözlərdən təmizlənmişdir, saflaşdırılmışdır, bütün alınma sözlərdən imtina edilmişdir. Xüsusən də dilimiz ərəb, fars, rus, ingilis və fransız sözlərinin işğalından azad edilərək milliləşdirilmişdir.
Nəticədə bizə qalan o beş-altı sözlə bir-birimizi başa düşürük, o sözlərdən istifadə edərək böyük-böyük əsərlər yaradırıq. İnanın, mən sizə səmimi deyirəm bütün dünya bizim bu milli fəaliyyətimizi alqışlayaraq, heyran qalır.
Yəqin ki, aşağıdakı vətənpərvər ruhda deyilmiş şüarları tez-tez eşitmisiniz: “Dilimizi qorumaq lazımdır!”, “Dilin keşiyində dayanmaq hər kəsin vətəndaşlıq borcudur!”, “Yad sözlərdən imtina etməliyik!”, “Öz dilinə xor baxanlara ar olsun!” və s.
Belə qənaətə gəlmək olur ki, amanın bir günüdür, dil əldən gedir, dil əldən getsə məhv olduq, batdıq. Və bu şüarları səsləndirən güzgüyə baxıb özünü ziyalı kimi görənlər, dilçilik sahəsindən Cənubi Afrika qədər uzaq olan “qəhrəmanlar”dı.
Bunların sözündən belə çıxır ki, Azərbaycan dilinin qarşısına Çin səddi çəkib heç bir sözü içəriyə buraxmaq olmaz, olan bütün alınma sözləri də çıxardaq, yerdə qalan beş-üç kəlmə ilə qarğa dilində danışaq. Həmən bu beş-üç kəlmə bəs eləməyəndə bir-birimizi işarələrlə başa salaq.
Yəqin bunu istəyirsiniz, çünki, sizin məqsədinizdən yalnız belə bir nəticə qala bilər.
Bilirsinizmi xalis Azərbaycan sözü nə qədərdir? Mən dörd cildlik “Azərbaycan dilinin izahlı lüğəti”ni sözbəsöz oxumuşam və dəhşətə gəlmişəm. Bu o demək deyil ki, bizim dilimiz kasıbdır, öz sözlərimiz kifayət qədər deyil. Əksinə bizim dil kifayət qədər zəngin və əhatəlidir. Hamı bir-biri ilə danışanda, yazanda, fikrini ifadə edəndə lazımi qədər sözlərdən istifadə edir. Yəni indi durub min iki yüz ildir ki, işlənən ərəb sözlərini çıxardaq ki, gəlmə sözdür, farsın, rusun sözünü də onun kimi. Bəs onda hansı sözlə danışaq? O sözlər ki, dilimizə neçə yüz illərdir ki, keçib indi onlar bizim öz sözümüz olub, indi gəlmə dediyimiz o sözlər gəldiyi dildə bəlkə heç qalmayıb, qalıbsa belə öz ifadə formasını təbii ki, dəyişib.
Heç kim qab-qacaq mağazasına girib demir ki, mənə fincan lazımdır, deyir ki, mənə çaşka lazımdır. Və ya kimsə elektron mallar mağazasından girib demir ki, mənə bilgisayar lazımdır, deyir ki, mənə kompüter lazımdır.
Ümumiyyətlə dili qorumaq nə deməkdir? Bu ağzıgöyçəklər dilin qorunmasının nə olduğunu bilirmi? Hansı vasitə ilə, hansı üsulla dili qorumaq olar? Gedib kimə demək olar ki, sən danışanda bu sözü istifadə eləmə, necə qadağa qoymaq olar ki, sən belə danışma? Hansı yazıçıya, hansı jurnalistə demək olar ki, belə yazma?
Dillə bağlı qoruma tədbirləri istənilən halda donkixotluqdan savayı bir şey deyil. Boş və mənasız işlə məşğul olmaq kimə lazımdır axı?
Hardan, necə və nə vaxt gəlməyindən asılı olmayaraq o sözü ki, istifadə edirsən, fikirlərini çatdırırsan, başa düşürsən deməli o söz sənin özününküdür.
Əksində dildə nə qədər gəlmə söz çox olarsa, dil bir o qədər zəngin əhatəli olar. Burda əsas məsələ sözün dilə keçərkən, keçdiyi dilin qayda-qanunlarına tabe olmasıdır. Yəni dildə istifadə olunan söz birləşməsi və şəkilçilərdir. Sözün birləşmə halında və şəkilçilərlə birgə keçməsi də qəbahət deyil, bu da dilin yeni birləşmələrlə, yeni şəkilçilərlə zəngin olmasına kömək edir. Əgər dilə heç bir söz və ifadə keçməzsə, onda o dilin varlığından, inkişafından danışmağa dəyməz.