Oğlu olmayan gəlinə kənd nəsihəti

 Oğlu olmayan gəlinə kənd nəsihəti
14 may 2019
# 10:12

Yaxınlarda ucqar dağ kəndələrindən birində ziyafətdəydim. Qadınlar üçün ayrılmış iri otaqda kənd qadınlarını dinləyir, müşahidə edirdim: onların spesifik qayğıları haqda söhbətlərini, atmacalarını, jestlərini... İçəri gənc gəlin girdi. Orta yaşlı qadınlardan biri onunla görüşəndə dua elədi: “Allah sənə oğul da qismət eləsin. Düzdü, oğlan bir şey deyil, amma lazımdır”. Qadın bunu ümidsizlik qarışıq kədərlə dedi.

Bizim toplumda kişi cinsinə yanaşmada bir növ latent seksizm var. Biz reallığımızdan dolayı qadınlara seksist münasibətdən gileylənirik, onu sərt tənqid edirik. Amma kişilərə seksist münasibət gözardı edilir. Yəqin ki, bu, təbiidir. Çünki toplum kişimərkəzçidir, qadına münasibət mühafizəkardır, emosional və fiziki şiddətə ən çox məruz qalan qadındır. Və sadalanan faktorlar kişiyə seksist yanaşmanı arxa plana atır.

Halbuki, ailələrdə bəlkə qızlardan da çox oğlan uşaqları diskriminasiyaya məruz qalır. Düzdür, ailədə oğlan uşaqları çox əzizlənir, amma əziz xələf olmaq oğlana baha başa gəlir. Çünki əzizlənməyin arxasında onun azadlığını məhdudlaşdırmaq mövqeyi gizlənir: onu uşaqlıqdan tədricən bir kişi kimi gələcəyə, ailənin, nəslinin qayğısını çəkməyə, sarsılmaz sosial, mənəvi dayaq olmağa hazırlayırlar. Qızlara olduğu kimi, oğlanlara da uşaqlığını yaşamaq üçün geniş imkanlar verilmir. Oğlana balaca yaşlarından təlqin edirlər ki, o, ailə ənənələrini davam etdirməlidir, ailənin gələcəyi, firavanlığı onun məsuliyyətindədir. Bizdə “əsl kişi” anlayışı daha çox ailə anlayışı, ailə modeli çərçivəsində konkretləşir. Misalçün, əsl kişi ailəsini dolandıran, onun qayğısına qalan, arvad-uşağını yaxşı saxlayandır.

Filosof Həsən Quliyev haqlı qeyd edir: “Ailə kişinin mövcudluğuna məqsədəuyğunluq verir, onun hər bir hərəkətinə və həyat tərzinə ya haqq qazandırır, ya da mühakimə edir. Əgər bu və ya digər “cinayətkar” hərəkət son nəticə etibarilə ailənin əmin-amanlığına yönəlmişdirsə, ona haqq qazandırılır”.

Yeri gəlmişkən, müxtəlif millətlərin ənənələrində hətta indiyədək mövcud olan qan düşmənçiliyi prinsipinin haqq-hesabını, bu zəmindəki qətlləri də oğlanların üzərinə yükləyirlər və oğlanın doğulmasını zəruri edən amillərdən biri də budur.

“Allah sənə oğul da qismət eləsin. Düzdü, oğlan bir şey deyil, amma lazımdır” fikrini isə güman ki, mövcud şərtlər diktə edir. Şəhər mədəniyyəti ilə nisbətdə kənd mədəniyyətimizdə bir qayda olaraq, qadınla kişi arasında - ailədə, məişət işlərində rol bölgüsü daha konkretdir. Təbii, kənd işləri spesifikdir. Müəyyən ağır işlər var ki, fiziki güc, hazırlıq tələb edir. Yəni oğul kultuna üstünlük verilməsi görünür, həm də iqtisadi, sosial, məişət qayğılarından, infrastruktur problemlərindən qaynaqlanır. Oğlanı ailə üçün işçi qüvvəsi rolunda görürlər. Bu isə sistem problemidir. Çünki vətəndaş arxasında - onun problemlərinin həllində məsuliyyət daşıyan və ya ona imkan yaratmalı olan qurumların dayanmasından əmin deyil.

Yeri gəlmişkən, “Dədə Qorqud” dastanında Dirsə xan övladı olmadığına görə qara çadırda əyləşdirilir. Epizoddan aydın olur ki, Dirsə xan sonsuzdur. Və bu, bioloji səbəbdən qaynaqlanan bir səbəbə görə, kişiyə diskriminasiyanın sübutudur.

# 2943 dəfə oxunub

Müəllifin son yazıları

# # #