“Athena” rok qrupunun solistlərindən biri Gökhan Özoğuzu tamaşaçılar ötən il kəşf elədi. “O səs Türkiyə”nin jürisinə qatılandan sonra...
Söhbət onun yaradıcılığından yox, şəxsiyyətindən gedir.
Gökhanın hesabına “O səs Türkiyə”nin reytinqləri xeyli qalxdı, proqram daha baxımlı, daha rəngli oldu.
Gökhanın sirri nədədir? Əslində ortada heç bir sirr yoxdur.
Gökhan sadəcə olduğu kimidir.
O, həmkarlarından fərqli olaraq rol oynamır. Çünki... oynaya bilmir.
Gökhanın təbiətində qəribə bir infantillik var. Fəqət, bu, səfeh, adamı itələyən, sentimental, duyğuları istismar edəcək infantillik deyil.
Əksinə, ondakı uşaq saflığı - ağılla, səmimiyyətlə, sadəliklə, təkəbbürdən uzaq olması, özünü heç vaxt sıradan bir adamdan ayırmamağı ilə birləşir.
Adətən, insanın həddən artıq səmimiyyəti bir nöqtədə mütləq bayağı davranışlara gətirir.
Amma Gökhanın səmimiyyətində zərrə qədər də bayağılıq yoxdur. Çünki onun baxışı, yanaşmaları, dünyagörüşü, maraqlı davranışları, gözlənilməz, emosional reaksiyaları buna yol vermir.
“O səs Türkiyə”nin bölümlərindən birində “MFÖ” qrupunun solistlərindən biri Mazhar Alanson onun “bit” bazarından köhnə-kürüş qiyafətlər almasını deməklə pərt vəziyyətə salmaq istədi. Gökhan həmişəki kimi səmimi davrandı: “Çünki adamlar çox ucuz qiymətlərə ucuz köynəklər satırlar. Hamısı da geyilmiş. Kimin geydiyini də bilmirəm. Hamımız insan deyilmiyik? Mən belə şeylərə önəm vermirəm”.
Yaxud son bölümdə Mazhar Gökhana zarafat və ərklə yerə tökülmüş kağız parçalarını “yığ” dedi. O, fərqinə varmadan döşəmədəki kağız parçalarını yığmaqla zalı sadəliyi ilə yenə tərki-silah etdi.
Bəzi televiziyaçılar onu ilin transferi, son on ilin parlayan televiziya fiqurlarından biri adlandırır.
....İstəyirəm Gökhandan bizim müasir pop aləminə keçid edim. Bu keçidi düşünəndə ağlıma ilk gələn Somerset Moemin heç vaxt unutmadığım fikri oldu: “Əgər sənətkar orijinaldırsa onun bütün səhvlərini bağışlamaq olar”. Moem bu fikri dünya incəsənətində böyük epoxanın nüfuzlu simalarından biri Pol Qogen haqda deyib.
Bu fikirlə milli pop aləminə keçdiyim üçün Moemdən də, Qogendən də üzr istəyirəm.
Milli şou aləmində müğənnilərin çox böyük faizinin sənət kontekstində orijinallığı da yoxdur ki, heç olmasa, buna görə onların yüngül davranışlarını gözardı edəsən.
Ya da əksinə şəxsiyyət kimi nəsə xüsusi individuallığa malik deyilər ki, iynə boyda istedadlarını keçəsən.
Bizim müğənnilər - cəmiyyətə, dünyaya açıq olmayan, ibtidai normalarla yaşayan icmadır. “Dünyaya açıq deyil” deyəndə onların xaricə tez-tez səyahətini yox, təfəkkür sərhədlərinin məhdudluğunu nəzərdə tuturam.
Onlar dar, qapalı məkanda yaşayır, bir-biri ilə dalaşır, ünvanlarına təhqiramiz ifadələr işlədir, səhəri isə başqa verilişdə söydükləri adama sarılıb, ağlaşırlar.
Özlərini təkəbbürlü aparırlar, onlara elə gəlir ki, guya, toxunulmazdılar, maraqlıdırlar.
Halbuki, hamısı bir-birinin təkrarıdır.
Onlar şəxsiyyətin yenilənməsi deyəndə ancaq yeni saç düzümü, yeni libas, yeni vizaj anlayırlar. Anlamırlar ki, yenilənmə zahirdən yox, daxildən başlayır. Zahiri yenilənmə yalnız formadır və məzmunla əlaqəsi yoxdur.
Onları, məsələn Musa Musayevi, Nazənini, İzzəti, Nadiri, Natəvanı, Rəqsanəni və başqalarını seyr etmək adamın ruhunu çirkləndirir.
Gökhanı seyr etmək isə gerçək mənəvi, mədəni, estetik katarsisdir.