Kulis.az “Naməlum kino” layihəsində İsmayıl Əfəndiyev və Şüa Şeyxovun 1958-ci ildə çəkdiyi “Kölgələr sürünür” filmini təqdim edir.
Süjet: Arxeoloq Cavadov (Möhsün Sənani) elmi əsası olmayan, saxta dəlillərlə dissertasiya müdafiə edir. Onun qənaətinə görə qədim Aran şəhəri ölkədən kənardadır. Onun saxta dissertasiyasını qayınatası, dürüstlüyü, peşəkarlığı ilə nüfuz qazanmış professor Rəşid Sərdarlı (Ələsgər Ələkbərov) müdafiə edir. Amma professor bunu yeganə qızı Leylanın (Leyla Bədirbəyli) təkidli xahişlərindən sonra könülsüz yerinə yetirir. Və öz prinsiplərinin əleyhinə getməklə də elmi ictimaiyyətin gözləntilərini doğrultmur. Digər arxeoloq Kamal Zahidov (İsmayıl Dağıstanlı) Cavadovun əleyhinə gedir və əsaslandırır ki, onun dəlilləri saxtadır, həmin ərazi Qızıl qaya deyilən yerdə yerləşir, ölkədən kənarda mövcud ola bilməz. O, rəhbərlikdən bunu sübut eləmək, qazıntılar aparmaq üçün Qızıl qaya ərazisinə ekspedisiya təşkil etməyi xahiş edir. Zahidov gənc elmi işçilərlə birlikdə həmin əraziyə gedir, amma ekspedisiya qarşıda onları hansı təhlükənin gözlədiyindən xəbərsizdilər.
“Kölgələr sürünür” 1940-50 ci illərin qərbin klassik casus süjetlərini xatırladır. Xüsusən, o süjetləri ki, orda İkinci Dünya Müharibəsində faşistlərlə əməkdaşlıq eləmiş birisinin sonradan dinc dövrdə başqa ad altında çalışması əsas motivlərdən biridir.
Bu filmdə də ingilislərlə əməkdaşlıq eləmiş, keçmiş bəy, sonrakı dövrdə İmamzadə adı altında fəaliyyət göstərən Əli (Əli Zeynalov) konflikti meydana gətirən əsas personajlarından biri, mərkəzi fiqurdur.
Kriminal motivi olan dramın ilk epizodu 1920-ci ildə baş vermiş cinayət hadisəsi ilə açılır. Artıq bolşeviklər Bakını işğal edib, Süleyman bəyin oğlu Əli bəy ingilislərlə birlikdə ölkəni tərk eləməyə məcburdur. Əli arxeoloq, Qızıl qaya ərazisində qazıntılar aparan Kərimin (İsmayıl Əfəndiyev) də onlarla birlikdə ölkədən getməsini təklif eləyir. Amma Kərim imtina edir və qətlə yetirilir. Onun qətlinin əsas səbəbi həmin ərazidə uranın mövcudluğundan xəbərdar olması və sovet hökumətini məlumatlandıra biləcəyidir. Çünki Əli bəy urana özü sahib olmaq istəyir. Qətlin yeganə şahidi isə kəndlilərdən bir Murtuzadır.
Sonra hadisələr 1950-ci illərə elmi müəssisəyə gətirilir. Casus filmlərində olduğu kimi tamaşaçı gözlənilməz həyəcanlı situasiyalarla üz-üzə qalır. Əli bəy artıq arxeoloq Heydər İmamzadədir, elmi müəssisənin sayılıb seçilən, etibar edilən alimlərindən biridir. O, Cavadova işbirliyinə gedərək Qızıl qayada şəhər qalıqlarının olmamasını “sübuta yetirirlər”.
Üstəlik, Cavadov professorun qızı Leylanı ələ keçirmək üçün ona sevgilisi Kamalın müharibədə həlak olması barədə yalan xəbər verir. Və karyerasında irəliləmək üçün Leyla ilə evliliyindən istifadə edir.
Klassik casus filmlərində olduğu kimi burda da vəziyyət getdikcə mürəkkəbləşdirilir, süjet şaxələnir, konflikt gücləndirilir. Ekspedisiyanın işinə əngəl olmaq üçün İmamzadə Qızıl qaya ərazisinə gəlir. Qazıntılara hiyləgər fəndləriylə mane olur, hətta cinayətə əl atır, daha sonra hadisənin yeganə şahidi Murtuzanı da aradan götürmək istəyir.
Finalda bütün həqiqət açılır.
Ən yaddaqalan obraz müğənni Mirzə Babayevin oynadığı Cəlildir. Fakturası, reaksiyaları, maneraları ilə Vudi Allenin komik, intellektual qəhrəmanlarını xatırladır. Bəzi epizodlar bir qədər texniki qalsa da, ümumilikdə “Kölgələr sürünür” casus filminin qaydalarına uyğun işlənilib.
Film Qılman İlkinin ssenarisi əsasında çəkilib.
Rejissordan biri Şüa Şeyxxov müğənni Natəvan Şeyxovanın atasıdır.
Azərbaycan tamaşaçısı İsmayıl Əfəndiyevi 1945-ci ildə ekranlaşdırılmış “Arşın mal alan" filmindәki Süleyman obrazı ilə daha çox tanıyır.