Üç övladı olan tənha ata - “Naməlum kino”

Üç övladı olan tənha ata - <span style="color:red;">“Naməlum kino”
17 dekabr 2016
# 08:30

Kulis.az “Naməlum kino” layihəsində Cəmil Quliyevin 1988-ci ildə çəkdiyi “Cansıxıcı əhvalat” filmini təqdim edir.

Süjet: Ahıl Murad kişi (Giuli Çoxonelidze) arvadı (Fatma Xizroyeva) ilə dəniz kənarında, gözdən-könüldən uzaq bir yerdə, köhnə daxmada yaşayır. O, daim susur, kimsəylə danışmır. Qonşu Əliheydər (Dadaş Kazımov) onun şəhərdə yaşayan oğullarına atalarının xəstə olması barədə xəbər verir.

Oğulları uzun müddətdir ki, valideynlərini yoluxmur.

Onların hər birinin işi, ailəsi, qayğısı var. Əliheydər düşünür ki, oğullarını görmək Murada yaxşı təsir göstərəcək.

Muradın oğullarından biri Fuad (Hamlet Xanızadə) milis orqanlarında işləyir. Ortancıl oğul Rauf (Rafiq Əliyev) qeyri-qanuni yollarla pul qazanır. Kiçik oğul Elçin (Əyyub Qiyas) isə yazıçıdır.

Oğullar valideynlərinə baş çəkməyə gəlirlər. Ata oğullarını görəndə sevinmir, qaşlarının düyünü açılmır. O, ancaq susur. Atalarını yoluxma prosesi tədricən oğulların konfliktinə, qarşılıqlı ittihamlarına çevrilir. Məlum olur ki, qardaşlar eyni şəhərdə yaşasalar da, bir-birinin evini tanımır.

Fuad Raufu ona karyerasında irəliyə getməsində maneçilik törətdiyini, qardaşı olduğuna görə cinayətlərinə görə onu həbs eləyə bilmədiyini deyir. İttiham olunan Rauf isə qardaşına onun arxasında dayanmadığını, dəstək olmadığını irad tutur. Mübahisəni kənardan izləyən kiçik qardaş isə onlardan fərqli olaraq şəxsiyyət olduğu ilə öyünür. Qəzəblənən qardaşlar onu dənizin yaxınlığındakı bir daxmaya salırlar...

Ata və oğullar problemi, qardaşlar arasında münaqişə, valideyn-övlad münasibətindəki yadlaşma klassik əhvalatdır. Ədəbiyyatda və kinoda ən çox işlənən, müxtəlif yozumlara məruz qalan mövzulardan biridir.

“Naməlum kino” layihəsində bu mövzuda işlənmiş bir neçə film təqdim eləmişik.

Eldəniz Quliyevin “Mürşid kişi niyə susur” hekayəsinin (E.Quliyev həm də ssenari müəllifidir-S.S.) əsasında ekranlaşdırılan əsər bir neçə cəhətinə görə bu mövzuda çəkilmiş filmlərimizdən fərqlənir.

Əgər digər filmlərdə motiv üzdən işlənirdisə, təsvirlər daha çox illüstrativ xarakter daşıyırdısa, personajların münasibəti, vəziyyətlər zəruri psixologizmlə yüklənmirdisə və kamera passiv qalırdısa, “Cansıxıcı əhvalat”da əksinədir.

Əvvəla burada ata ailədəki bədbəxtliklərin səbəbkarı, diktator xarakterlidir.

İkincisi, Cəmil Quliyevin nəql texnikasında kamera həm müşahidəçidir, həm də təsvirin dərinliklərinə, personajların düşüncələrinin alt qatına enir.

Xüsusən də məkan faktorunun ön plana çıxması dramaturji çeviklik yaradır, əhvalatın mühüm, ana obrazına çevrilir.

Boş, monoton, soyuq məkan təsvirləri, dumana bürünən ev, paslanmış maşın, tənha yelləncək, skamya, adamsız yerlər, fırfıra qəhrəmanların, əhvalatın ovqatını, doğmalar arasında ünsiyyət çətinliyini vizuallaşdırır.

Filmdə musiqi yox, əşyaların, küləyin, dənizin, soyuqluğun səsi var.

Və bütün bunlar, üstəlik yerində işlənən uzun, statik planlar filmi doğrudan da cansıxıcı eləyir, valideynlərini tez tərk eləmək istəyən, böyüdükləri mühitdən sıxılan, qaçmaq istəyən oğulların da əhvalına uyğunlaşır.

Əhvalatda didaktika, tamaşaçını yönləndirmık yoxdur. Müəlliflər tamaşaçını polemikaya dəvət edir, nəticəni onun öhdəsinə buraxır.

Tez-tez radioda sənaye və istehsalatdakı problemlər barədə diktor mətnlərinin səslənməsi təsadüfi deyil. Film 1988-ci ildə, yenidənqurma illərində çəkilib və ailə münasibətləri fonunda həmin dövrün mənzərəsi də canlandırılır.

Epizodlardan birində qardaşlar sonbeşik Elçin onları “siz primitivsiz” dediyinə görə daxmaya salıb unudurlar. Axşam evə gələndə qəfil onu xatırlayır, xilas etməyə tələsirlər.

Nə qədər soyuqluq olsa da, hər halda qardaşlar arasında doğmalıq bağı hələ qalmaqdadır və demək ki, heç nə tam itməyib.

Ailədəki yadlaşmada ata Muradın payı xüsusidir. Qardaşların xatirəsindən bilinir ki, ata sərt rəftarı ilə oğullarına uşaqlıqlarını yaşamağa qoymayıb, öz iradəsini diktə eləyib.

O, yuxularında tez-tez gənc ikən güllələdiyi atları görür. At filmdə muradı simvolizə edir. Adı da Murad olan ata atı - muradı qətlə yetirməklə günaha batır: ailədəki istiliyi məhv edir, uşaqların arzularını, azadlığını boğur. Tale onu övladlarının laqeydliyi, soyuqluğu ilə cəzalandırır. Ata ahıl çağında günahının bədəlini ödəyir...

Film rejissor Arif Babayevin xatirəsinə həsr olunub.

# 1709 dəfə oxunub

Müəllifin son yazıları

# # #