Kulıs.az “Naməlum kıno” layihəsində Vladimir Ballyuzekin 1923-cü ildə ekranlaşdırdığı "Qız qalası əfsanəsi" filmini təqdim edir.
Hadisələr qədim Bakıda cərəyan edir. Səməd xana çox sevdiyi arvadının doğuş zamanı oldüyünü xəbər verirlər. Qəzəblənmiş xan körpə qızı saraydan uzaqlaşdırmağı əmr edir. Körpə bir qarının evində böyüyür. Xan günlərin birində ov zamanı qızı Gülnarla rastlaşır, onu tanıyır, saraya gətirir, onun sevdiyi oğlanı da saraya aparır. Amma Gülnarı anasının libaslarında görəndə xan onun simasında vəfat etmiş arvadını görür. Qızına şəhvət hissləri oyanır, onu bir neçə dəfə zorlamağa cəhd edir. Gülnar isə buna dözməyib xanın onun üçün tikdirdiyi Qız qalasından özünü ataraq həlak olur.
Melodram janrında ekranlaşdırılan film 1920- ci illər Bakısının görüntüsi ilə başlayır. Sonra qədim dövlrərə keçid edilir, ekranda ardıcıl olaraq Qız qalası, insan kəllələri, qala daşları, daha sonra xanın dəbdəbəli sarayı görünür. Bununla da rejssor qalanın minlərlə insanın həyatı bahasına başa gəldiyini vurğulayır, xanın ədalətsizliyinə açıq işarə vurur.
Ümumiyyətlə, filmdə əsas xətt xanın qızına olan sevgisi və qızının faciəli taleyi olsa da, yan xətllər də var, xanın zülmkarlığı, günahsız insanlara zülmkarlığı, onları ədalətsiz məhkum etməsi də süjet boyu ön plana çıxır.
“Qız qalası əfsanəsi”ndə seksual inqilabın cəhətləri var: tez-tez şəhvətli öpüş səhnələri yer alır və bu, insest motivinin olduğu ilk milli filmdir. Mühafizəkarlığın güclü olduğu o dövr üçün film cəsarətli hesab oluna bilər.
Film ekranlara çıxandan sonra “Pravda” qəzeti filmi tənqid eləmişdi: “İnqilabdan çıxmış gənc respublikanın özünün ilk filmini belə bir mövzu və janra həsr etməsi doğru deyildir. Məgər Bakı proletariatı, onun on illərdən bəri davam edən qəhrəmanlıq mübarizəsi, bütün Şərqi lərzəyə salan inqilab dalğası və dünya imperializmi ilə mübarizəsi “Azərkinoya” ilk övladı üçün başqa mövzu verə bilməzdimi?”
Kino tarıxçisi N.Lebedev “SSRİ kino tarixi oçerki” kitabında filmin aşağı səviyyəli çəkildiyini yazır. Onun fikrincə, filmin rejissoru və ssenaristi Azərbaycann çoxəsrlik tarixi, mədəniyyəti və məişəti barədə qeyri-müəyən təsəvvürə malik olublar.
Məsələn, filmdə xanın arvadının tarı gitara kimi istifadə etməsi müəlliflərin milli mədəniyyətdən xəbərsizliyini göstərir.
Gülnar rolunun ifaçısı Sofiya Jozeffi sirk artistləri ailəsində doğulub, uşaq yaşlarından sirk şoularında iştirak edib, 1923-1934-cü illərdə Azərbaycan və Gürcüstanda filmlərə çəkilib.
1992-ci ildə qızı ilə birlikdə ABŞ-a mühacirətə gedib. 1997-ci ildə orda vəfat edib.
Gülnarın sevgilisi rolunu Azərbaycanın xalq artisi İsmayıl Hidayətzadə oynayıb.
Gəncliyində onu "balaca Ərəblinski" adlandırıblar. Bu da təsadüfi deyildi. Çünki o vaxt sənətə gələn gənclərin əksəriyyətini belə çağırırdılar. Gənc aktyorlar Ərəblinskinin təsiri altına idilər, ona oxşamağa, səhnədə onu təqlid etməyə çalışırdılar.
Hərşənd, müasirlərinin fikrincə, İ.Hidayətzadə Ərəblinskini daha bacarıqla təqlid etdiyinə görə, "balaca Ərəblinski" adını daşımağa başqalarından daha çox haqqı var idi.
İ.Hidayətzadə müxtəlif rollar oynamaqla yanaşı, sonralar Azərbaycan teatrında, Opera və Balet Teatrında, Rus Dram Teatrında müxtəlif tamaşalar qoyur.
O, həm də ilk milli baletimizin - "Qız qalası"nın librettosunu yazıb.
"Qız qalası"ndan başqa "Almaz" və "Altıncı duyğu" filmlərində də çəkilib.
Səməd xan obrazının ifaçısı Vaqram Papazyan aktyorluqdan başqa rejissorluq da edib. İstanbulda doğulub, Milan İncəsənət Akademiyasənda təhsil alıb, Parisdə işləyib. Sovet İttifaqında tamaşalar qoyub.
Filmdə həmçinin, Rza Darablı, Kazım Ziya, Ağasadıq Gəraybəyli rol alıb.
Filmin rejissoru Vladimir Ballyuzek Peterburqda ali rəssamlıq məktəbini bitirib. Sonralar təhsilini Münhendə davam etdirib, Parisdə işləyib. Rusiyaya qayıtdıqdan sonra kinoda fəaliyyət göstərib.
“Qız qalası əfsanəsi” Sovet hakimiyyəti qurulandan sonra istehsal olunmuş ilk milli filmdir.
Filmin ssenaristi isə N. Breslav-Luryedir.
Filmin kütləvi çəkilişlərində mindən arıq adam iştirak edib.
Film 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunub.
Qeyd: Yazıda kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabındakı faktlardan istifadə edilib.