Əri Rusiyada olan qadının xəyanəti

Əri Rusiyada olan qadının xəyanəti
4 iyun 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Elxan Qasımovun 1984-cü ildə çəkdiyi “Köhnə bərə” filmini təqdim edir.

Süjet: Hadisələr Azərbaycanın bölgələrindən birində baş verir. Kənddə əkinə yararsız torpaqlar üzümlüyə çevrilir. Üstəlik, əkin yerlərini suvarmaq üçün su qıtlığı problemi var. Rəhbərlik kənd ağsaqqalı İlyasın (Süleyman Ələsgərov) üzümçülüyün inkişafı üçün əkin yerlərinə nasosla su verilməsi ideyasını ciddiyə alınmır. Kolxoz sədri Öməroğlu (Ələddin Abbasov) kolxozun üzümünü bazarda satan alverçilərə qarşı mübarizə aparır. Şəhərdən gələn mexanik Eldar (Fəxrəddin Manafov) İlyasın qızı, aqronom Əminəyə (Sona Mikayılova) vurulur. Və onun ərli qadına vurulması kənddə söz-söhbətə səbəb olur.

Sabir Azərinin “Duman çəkilir” pyesi əsasında ekranlaşdırılan “Köhnə bərə” filmində bir-birini tamamlayan müxtəlif süjet xətləri var. Kəndin ümumi problemləri fərdi münasibətlər, ayrı-ayrı insan dramları ilə əlaqəli işlənib.

Rejissor bu gün də aktuallığını itirməyən problemlərə toxunub. Məsələn, Əminənin əri qazanc dalınca Rusiyaya gedib, qayıtmayıb. Tanışlar ona xəbər verir ki, əri orda bir rus qadını ilə yaşayır.

Şəhərdən kəndə mexanik işləməyə gələn Eldar burdakı məişət şəraitsizliyindən gileylənir. Əhvalatın gedişatında məlum olur ki, şəraitsizlik üzündən kəndə işləməyə gəlmiş müəllim də, həkim də qısa müddətdən sonra şəhərə qayıdıb.

Normal dolana bilməyən adamlar üzümü oğurlayaraq bazarda satmağa məcburdurlar.

Əsaslı araşdırma aparmadan, plan dolsun deyə əkinə yararsız torpaqlarda belə üzüm əkilir.

Bir neçə epizodda kommunizmin boş xülya olduğuna vurğu edilir.

Sitat: “Neynim, dolana bilmirəm, siz də dolandıra bilmirsiz. Bir çətən külfətim var, ağzını açıb hamı yemək istəyir”.

“Hamı istəyir adam kimi yaşasın. Nə qədər vəd verərlər ki, gələcəkdə yaxşı olacaq.”

Filmin rejissoru Elxan Qasımov söhbətimizdə qeyd elədi ki, sovet dönəmində təkcə Cəlilabadda Moldaviya qədər üzüm istehsal olunurdu: “Üzümçülüyün sayəsində şərabçılıq da inkişaf edirdi. S.Azərinin də romanının əsas məğzi bu idi ki, üzümçülük daha da artsın və şərabçılıq inkişaf eləsin. Bədii səviyyəsinə görə yox, mövzusuna görə Moskvada filmi Ümumittifaq ekrana qəbul elədilər. Və birinci kateqoriya aldı. Çünki filmdə kolxoz həyatı, ideoloji məqamlar o dövr üçün aktual idi, rayonun birinci katibinin kolxoza diqqəti xoşlarına gəlmişdi”.

Bəzi epizodlar-Salmanın (Rasim Balayev) Eldarı bıçaqlaması, ikincinin xəstəxanada müalicə alması epizodları filmdən çıxarılıb. Çünki filmdə ideoloji təbliğat üstün olduğuna görə sovet insanın bıçaqlaması uyğun görünməzdi. Ona görə final epizodlarında xəstəxanadan çıxan Eldarın kəndə hardan qayıtması tamaşaçıya naməlum qalır. Qayıdış səhnəsi məxsusi olaraq çəkilməyib, sadəcə hazır materialdan montaj edilib.

Amma bu, filmdən çıxarılan yeganə səhnə deyil. Rejissor Əminə ilə Eldarın yataq səhnəsini də kəsib. Əslində yataq səhnəsi açıq-saçıq çəkilməyib. Əminə ilə Eldar yataqda gecə geyimində söhbət edir. Rejissor səhnəni qayçılama səbəbini filmin əxlaqına uyğun gəlməməsi, tamaşaçıların obrazları yanlış anlaya biləcəyi ilə izah edir. Yəni seyrçi elə anlaya bilər ki, Əminənin əri Rusiyada başqa qadınla yaşadığı üçün o, ya qisas alır, ya da onu buna şəhvət hissi məcbur edir.

Alverçilərin başında duran Salmanın bərə vasitəsilə aradan çıxmaq səhnəsində qəza ehtimalını nəzərə alaraq yararsız maşından istifadə etmək istəyiblər. Amma yerli sakinlərdən biri Hamlet adlı oğlan öz “Qaz 24” markalı maşınını təmənnasız istifadəyə verib. Həmin illərdə bu, çox bahalı maşın sayılırdı. Səhnə qəzasız ötüşür.

Filmin çəkilişi zamanı Rasim Balayev maşın sürməyi bacarmırmış. Sürməyi filmdə öyrənib.

Çəkilişlər Zərdab və Göyçayda aparılıb. E.Qasımov deyir ki, kolxoz rəhbərliyi çəkilişlərə təmənnasız köməklik elədi: “Kənddə çəkiliş vaxtı, kiminsə həyətində gedib cay içməyəndə küsürdülər. Bütün həyətlərdə samovar qaynadırdılar ki, bizi qonaq çağırsınlar”.

Əminə roluna çox aktrisa çəkilmək istəsə də, rejissor Sona Mikayılovaya üstünlük verib. S.Mikayılova hazırda “Yuğ” teatrının aktrisasıdır.

İsa rolunun ifaçısı Dadaş Kazımovu faktura və istedadına görə Azərbaycanın Spenser Treysi deyilirmiş. Treysi amerikalı aktyordur, iki dəfə Oskar mükafatına layiq görülüb.

Filmdə rejissorun oğlu Samir Qasımov da rol alıb. Rejissor S.Qasımov 2005-ci ildə 32 yaşında avtomobil qəzasında dünyasını dəyişib.

Ssenari müəllifi Sabir Azəri və Fərhad Ağamalıyev, operator Kənan Məmmədovdur.

E.Qasımov deyir ki, filmə ən böyük qiyməti Rasim Ocaqov verib: “Rasim dedi ki, sənin filmində adam kimi danışırlar. Səndə təbiilik var, onu saxla. Bilmirəm, bunu müsahibələrində deyib, ya yox, amma mənə dedi ki, Azərbaycan kinosuna adam kimi danışmağı Həsən Seyidbəyli gətirib.”

# 4062 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #