Kulis.az kino rəssamı, pedaqoq Səbuhi Atababayevlə müsahibəni təqdim edir.
- Azərbaycan rejissorları rəssam işini nə qədər anlaya bilirlər, rəssamla iş düzgün qurulurmu?
- Rejissorun rəssamla işi düzgün qura bilməməsi bu gün əziyyət çəkdiyimiz nöqtələrdən biridir. Mən rejissor dostlarımla da söhbət edəndə deyirəm ki, bizdə vizual rejissor azdır. Yəni kadrı görə bilən, təsviri duya bilən rejissordan söhbət gedir. Tutaq ki, rejissor deyir belə bir səhnə quracağam, məkan budur, gör neynirsən. Və ya filan dövrü çəkirik, təsviri qur. Bu, belə olmamalıdır. Operator, rəssam, rejissor birlikdə işləməlidir. Amma bizdə nə baş verir? Məkanın qurulmağında bəzi operatorlar iştirak etmir. Halbuki bütün detalları biz operatorla öncədən müzakirə etməliyik. Rejissor, rəssam, operator filmin hazırlıq prosesindən başlayaraq daim bir yerdə, sıx təmasda olmalıdırlar. Ki, ümumi vizual konsepti bir yerdə qursunlar. Yox, əgər hərə öz filmini çəkəcəksə, nəticədə alınmayacaq.
Mən öz bildiyimi edəcəm, operator öz bildiyini çəkəcək, rejissor da fona baxmadan aktyorlarla işini quracaq. Yəni bu, belə olmur. Ona görə də ciddi problemlər yaranır. Ola bilsin ki, rejissor vizual deyil, amma o komanda ilə işləyirsə, təsviri formalaşdıra, dediyini çatdıra bilər. Bəzi rejissorların vizual olmaması bir yana, komandayla da işləmirlər. Məsələyə səthi yanaşırlar. Biz Nyu York film məktəbinin master-klasslarında iştirak edirdik. Onlar ən sadə filmə belə 4-6 ay hazırlaşırlar. Bizdə isə bir ay hazırlaşsalar, böyük şeydir. Hər şey o qədər detallı hazırlanmalıdır ki, bizim çəkilişdə nə işığa, nə aktyora vaxtımız getməmlidir. Film vizual sənətdir. Rəssam işi önəmlidir və mənə görə tamaşaçı rəssamın gözüylə baxır filmə.
- Yəqin ona görə bizim müasir filmlərimizdə rəssam işi axsayır.
- Kinoda art departament olmalıdır. Bu, yoxdur, ona görə də biz böyük filmləri işləməyə qadir deyilik. Art departamentdə işləyən hər kəs rəssam olmalıdır: geyim, qrim, dekor rəssamı, rekvizitor, konsept rəssamları, prodakşn dizayner və başqaları. Prodakşn dizayner peşəsi kinoda “Küləklə sovrulanlar” filmindən başladı. O vaxta kimi isə art direktor filmin ümumi görünütsünə - kadrın gözəlliyinə nəzarət edirdi. Tarixi filmdə isə dekorasiyaya, kostyumlara, ümumiyyətlə, bütün vizual prosesə nəzarət edəcək peşəkara ehtiyac yarandı. Və prodakşn dizaynerin peşəsi bu filmlə meydana gəldi. Ondan sonra gəlir art direktor, onun assistentləri, dekoratorlar, set rəssamları, rekvizit rəssamları və s. Art departamentdə 100-ə yaxın rəssam çalışır. Mən isə böyük filmlər üçün 5 rəssam tapa bilmirəm. Ona görə bu sahədə tələbələrlimizi yetişdiririk. İndi mənə böyük layihə təklif olunub. O qədər böyük və çətin layihədir ki, bizdə onu icra etmək üçün rekvizit bazası, rəssam departamenti yoxdur. Çox şeyləri özüm tək edirəm.
Tutaq ki, taxtadan nəsə tikilibsə, ona dəmir effekti verilməlidir və yaxud rənglərlə dekorda aldadıcı effektlər lazımdı. Bunu isə əslində dekorator eləməlidir. Ona görə çalışırıq ki, mütəxəssis yetişdirək.
Geyim rəssamlarının işi sadəcə aktyoru geyindirmək deyil. Hansı material kadrda pis baxılır, hansı rəngdə olmalıdır, personajın xasiyyətinə uyğundurmu, necə bir geyim olmalıdır - geyim rəssamı bu sualların cavabını bilməlidir. Heç vaxt qoymuram ki, mənim qurduğum dekorasiyada aktyor uyğunsuz geyimdə olsun. Geyimə nəzarət etməliyəm. Məsələn, səhnəni monoxromik qurmuşamsa, burda artıq rənglər olmaz, rəng seçimini təklif edirəm ki, bu rənglərdən istifadə etmək lazımdır. Olub ki, çəkilişi saxlamışam, çünki aktyor düzgün geyinməyib. Bu da ona görə baş verir ki, geyim rəssamı mənimlə kontaktda olmayıb. Hazırlıq dövründə hər geyim üçün 5 eskiz çəkilməlidir. Bizdə müəyyən səbəblərdən bu prossesləri aparmaq çətin olur.
- Kinooperator Rafiq Quliyev müzakirələrdən birində deyirdi ki, rejissorlar təsviri sənəti, rəssamlar arasında fərqi bilmirlər.
- Rafiq müəllimin fikriylə razıyam. İncəsənət Universitetində rəssamlıq korpusu təzə açılıb. Birinci kursda rəngkarlıq oxuyurlar. İkinci kursdan bölünür teatr və kino rəssamlığına. Çoxu kino rəssamlığını yazmırdı. Tələbat yaranandan sonra yazırlar. İndi “Xosov və Şirin” serialında tələbəm assistent işləyir, quruluşçu rəssam dostum Vusal Rəhimdir, ondan çox razıdır. Tələbələrimdən ikisi geyim rəssamı, biri quruluşcu rəssamdır indi. Düzgün kino necə işlənməlidir bilirlər, sovet sistemi ilə işləmirlər.
Universitetdə hər bir ixtisas tələbəsi ayrıca iş görür. Mənsə təklif edirəm ki, kinorəssamı operatorla, rejissorla birlikdə işləməlidir. Üçüncü kursda oxuyan rejissora, rəssama, operatora eyni mövzunu verin, qoy birgə işləsinlər, komanda kimi formalaşsınlar. Neçə ildi ki, buna çalışıram. Bir az da eqo var müəllimlər arasında ki, mənim öyrətdiyimi filan müəllim öyrədə bilməz. Çünki bizdə kollektiv işləmək mədəniyyəti formalaşmayıb. Kinoda problemlər də burdan yaranır. Film vahid konsept əsasında qurulur. Bütün vizual sənətlər rəssamlıqdan başlayır.
Məsələn, fotoqrafiyada işıq-kölgəni Karavaccodan, portreti Rembrantdan öyrənirlər. Yəni operatorlar Karavaconu, Rembrantı tanımalıdır, dünya incəsənətindən xəbərləri olmalıdır. Rejissora və operatora öz təkliflərimi verirəm, misalçün deyirəm ki, filan səhnədə Karavcconun işıq həllindən istifadə etmək olar. Operator bilmir hansı əsərdir, mən onu tanıdıram. Xaricdə bütün operatorlara, rejissorlara beş il paralel təsviri sənəti öyrədirlər. Hətta özləri çəkirlər eskizləri. Ceyms Kemeron “Titanik”dəki eskizləri özü çəkib. Baş roldakı aktyorun şəkil çəkən əli rejissorun əlidir.
- Eyzenşteyn də özü çəkirdi. Yadıma düşmüşkən, Breygelin “Ovçular qışda” əsəri çoxplanlılığına görə məni heyran edir. Sanki əsər bir filmdir.
- Bütün dünya kinosu Breygeldən bəhərlənib. Dərs proqramına onu salmışam. Çalışıram ki, tələbələrimə bunu öyrədim. İndidən tələbələrimə deyirəm ki, kadrda filan rəngi işləmə, pis görünür. O bəlkə də üç film işləyəndən sonra bu nəticəyə gələcək. Mən isə öz təcrübəmdən ona indidən deyirəm. Tələbələrə əlverişsiz məkanda necə işləməyi öyrətmək lazımdır. Sənə həmişə hazır məkan verilmir. Yoxsa rəssam qursun, operator gəlib hazır çəksin, o səhnəni mən də çəkərəm. Hətta olub ki, rəssam məkanı qurur, operator onu düzgün çəkə bilmir. Operator səhnəni bir az da təkmilləşdirməlidir. Çox yaxşı işlərim olub ki, operator işığı bərbad qurub. Bəzən elə işlər olub ki, yaxşı qurmamışam, amma operator düzgün həll edib. “Balalayka” filmində Orxan Abbasovla işləmişəm. Bir-birimizlə dil tapa, yaxşı kompozisiyalar qura bilirdik. Əməkdaşlıq olmasa keyfiyyətli iş çıxa bilməz. Soltan Abdullayevlə, Anar Dadaşovla, Cavid Orucluyla maraqlı işlərimiz olub, çünki konseptləri bir yerdə hazırlamışıq.
- Universitetin müəllim potensialı necədir?
- Sırf kino rəssamlığını tədris edən azdı. Mənim müəllimlərim görkəmli kino rəssamları Kamil Nəcəfzadə, Mais Ağabəyov olub. Onlar rəhmətə getdi. Boşluqlar yarandı. Cavanlardan hal hazırda mən işləyirəm. Müəllim çatışmazlığı var. Hər il 3-4 tələbə qəbul edirik. Həm də tələbat olmalıdır bu sənətə. Bir dəfə türklərlə işləyirdik. Onlar dedi ki, sizin problem odur ki, kinonu sevmirsiz, çəkiliş meydanına işə gəlirsiz, amma həm iş, həm də sənət yaratmağa gəlmək lazımdır. Proseslə yaşamalısız. Çünki bizdə rəssam deyir ki, işi yola verim maaşımı alım. Kinonu sevmək lazımdır. Biz ilk öncə tələbələrə bu sənəti sevdirməliyik.
- Dərsliklərlə bağlı yəqin çətinliyiniz olur?
- Proqram düzəldirik, materiallar yığırıq, qərb təcrübəsini keçirik. Amma dilimizdə dərsliklər yoxdur ki, onun əsasında keçək. Azərbaycan dilində olan dərslik Mais Ağabəyovun “Kinoda rəssam işi” kitabıdır. Amma tezliklə müasir filmdə rəssam işi mövzusunda dərslik hazırlamağı planlaşdırırıq.
- Rəssamın işi postprodakşn mərhləsində də yəqin davam edir.
- Rəssam bütün prosesdə olmalıdır. Çəkiliş bitəndən sonra koloristlə də işləməlidir. Tutaq ki, çəkilişdə qırmızı rəngi qabartmışam, yaxud isti rənglərlə işləmişəm. Postprodakşnda tam oturmalıdır yerində. Koloristlərin çoxu rəssam deyil, ancaq kontrast verirlər. Postprodakşnda işıq, kolor həlli düzgün olmur. Detallı işlənməlidir hər kadrın rəngi.
- Serial ssenaristləri şikayətlənirlər ki, məkan məhdudluğu problemi serialın keyfiyyətinə təsir göstərir. Çox vaxt serialları eyni villada çəkməyə məcbur qalırlar. Kinoda da yəqin eyni problem var.
- Bəli, məkanla bağlı ciddi problemlərimiz var. Məkanlarla bağlı baza məlumatımız olmalıdır. Hələ indi-indi eksteryer, təbiət təsviləri bazası yaradırlar. Bizim interyer bazamız yoxdur. Biz bilmirik qədim binalar hansılardır, özümüz axtarırıq ki, film çəkəndə baxaq, hansı bizə uyğundur. Lokasiya menecerlərimiz rəssam yox, maklerlərdir. Deyirəm ki, ev lazımdır, dərinliyi olsun, divarları ağ olmasın. Əmlak.az səhifəsinə baxıb mənə ev təklif edirlər. Arendaya verilən ev, divar kağızları uyğun gəlmir. Biz hələ də bu problemlərlə yaşayırıq. Hollivuddan bir prodüser var - Raul Celaya, o, Spilberqlə işləyib. İndi rejissor Rafiq Hacıyevin bir filmində ona təmənnasız köməklik göstərir. Filmin rəssamı mənəm. O, deyir ki, lokasiya menecerləri ən azı beş variant gətirməlidir. Beşi də uyğun olmalıdır ki, onların içində mizana görə ən uyğununu seçsinlər. Bu filmdə bizə fərqli məkanlar lazımdır, rejissorla özümüz axtarırıq. Bizə beş yox heç olmasa bir uyğun məkan təklif olunmur. Mən artıq bilirəm ki, onlar mənə hansı evləri göstərəcəklər. O evləri ki, bütün reklamlar orda çəkilir. Kafe, restoran seçimində problem yaşayırıq. Çünki təsvir sənətini bilmirlər. Eksteryerimiz kinematoqrafik deyil, küçələrimizdə qədimlik, kolorit qalmayıb, hər tərəf aqlay daşıdır.
- Dünya kinosunda məşhur rəsm əsərlərindən vizual sitat gətirilir. Sizin təcrübənizdə olub?
- Çalışıram ki, işlərimdə məşhur rəssamların əsərlərinin kompozisiyasını qurum. Əlbəttə mövzuya uyğundursa. Məsələn, Samir Kərimoğluyla işlədiyimiz “Üçkünc” qisa filmində Repinin “İvan Qroznunun oğlunu öldürməsi” əsərindən isdifadə etmişdim. Mövzuya uyğun olduğuna görə təbii ki məkanı da ona uyğun hazırlamışdım. “Təhmin və Zaur” filmini bütünlüklə “Pop Art” stlində ishləmişəm, Endi Uorholun əsərlərinin rəng stlindən istifadə olunmuşdu. Movzuya uyğun tapılmış düzgün kompozisiya idi. “Xənnas” filmində Repinin əsərlərindən istifadə etmişdim. Bütün işlərimdə demək olar ki, məşhur əsərlərdən yararlanıram.
- Operatorlar şikayət edir ki, rəssam işləri bir-birinə oxşayır.
- Rəssamlar hamısı məkanı standart qurmaq məcburiyyətindədirlər. Çünki prodüser deyir ki, vaxt azdı, çəkiliş tez bitməlidir. Çəkilən filmlərdə də operatorlar eynidir. Onları da standartlaşdırıblar. İşığın eyni qaydada qurulması görüntünü eyniləşdirir, nəinki rəssam işi. Mənə deyəndə ki, rəssam işi əladır, film pis, bu, mənə təsir edir. Orda yalnız mənim işimin yaxşı olması mənə nəsə vermir. Ssenari, rejissor işi yaxşı olmayandan sonra rəssam işinin yaxşı olması nəyəsə yaramır. Rejissor işi hər şeydən öndə olmalıdır ki, film alınsın. Operator və rəssam işi rejissor işini tamamlamalıdır, onu üstələməməlidir. Həm də eksperimentlərdən qorxmaq lazım deyil, ancaq onda standart işlərdən çıxmaq olar. Elə rəssamlara da aiddir, operatorlara da, ümumiyyətlə, vizual sənət yaradan adamlara da.
- Rejissor rəssamın işini çoxmu məhdudlaşdırır?
- Hər adamın işlədiyi iki-üç rejissor olur. Mən hər rejissorla işləmirəm. Ona görə deyirəm ki, bu komanda işidir. Rejissor bilməlidir ki, rəssam kimdir və o, mənə nə verə bilər. Məhdudiyyətlər daha çox imkansızlıqdan yaranır. Büdcənin aşağı olması, məkanın olmaması. Mən deyirəm ki, pavilyonda tikilməlidir. Pavilyon olmasa, alınmayacaq. Deyir ki, pavilyonu hardan tapaq, vaxtımız azdı. Ev tapanda da, ev yiyəsi deyir ki, divarımı deşməyin, divar kağızına ziyan vurmayın və s. Hazırlıqda biz artıq bilməliyik ki, bizdə nə alınır, nə yox. Əlbəttə ki rejissorun peşəkarlığından çox şey asılıdır. Rejissor rəssamı məhdudlaşdıra da, ona şərait yarada da bilər. Hamısı axırda gedib çıxır maliyyə məsələlərinə.
- Yəni kinoda rəssam işinə ikinci dərəcəli baxırlar.
- Çox təəssüf ki, elədir. Hətta rəssam nəzərdə tutulmur. Büdcə yazılanda, axırda bir az pul qalanda rəssam tapırlar. Əsasən qısa və kommersiya filmlərinə aiddir. Biz neçə ildi ona çalışırıq ki, rəssam işinin vacibliyini dərk eləsinlər. Son 5 ildə buna necəsə nail olmuşuq. Görürlər ki, hansısa filmdə qurduğum iş daha maraqlıdır, bu, təsir göstərir. Məcbur olub çağırırlar. Layihələrlə bağlı məsləhətlər alırlar, rəssam işinin önəmini aşılamağa çalışıram. Təklif edirəm yaradıcı müzakirələr aparaq. Elə layihələr var ki, pulsuz çalışıram ki, bu sahə inkişaf eləsin.
- Təcrübənizdə olub ki, rejissorun qurduğu mizan bütün səhnəni korlasın?
- Çox olur. Hazırlıq dönəmi yaxşı olmadığından problemlər yaranır. Təklif edirəm ki, mizanı filan tərəfdə qurmaq daha yaxşıdır. Rejissor məkanı hiss etmədiyindən mizanı əks tərəfdə qurur. Hazırlıq dönəmində isə bilirik harada çəkəcəyik, necə fon olacaq. Çox qarşılamışam ki, məkan həmin gün qurulur, aktyor başqa serialdan çıxıb gəlir. Orda kasıbı oynayırsa, burda varlını oynayır. Geyim, məkan abu-havanı vermək üçün çox əhəmiyyətlidir. Bunu rejissor hiss etməlidir və tələb etməlidir rəssamdan. Xırda nüanslardır, amma əhəmiyyətlidir.
- Hansı hallarda kinoda rəssama ehtiyac olmaya bilər?
- Ancaq o halda ki, rejissor özü güclü rəssam olsun. Ya da operator rəssam olsun. Bir tərəfdən də rejissor öz işini atıb rəssam işiylə məşğul olmamalıdır. Əslində, rəssamsız film ola bilməz. Filmdə rəssam mütləqdir. Kompozisiya, işıq-kölgə rəssamın ideyasıdır. 2021-ci ildə hələ də rəssamsız layihələr başlanır. Bu dəqiqə bizim kino məktəbimiz yoxdur. Bir az İran, bir az Rusiya, bir az Türkiyədən nəsə götürürük. Özümüz yoxuq. Rasim Ocaqovun bəzi filmlərində kino məktəbimizin əlamətləri var. Problemlərdən biri odur ki, köhnə nəsillə yeni nəsil çətin dil tapır. Köhnə nəsil öz təcrübələrini bölüşməlidir, qorxmamalıdır ki, gənclər işimi əlimdən alarlar. Məktəb yaranmamasının səbəblərindən biri budur. Amma Rafiq Quliyev operator məktəbi yarada bilib. Ümumən isə kino məktəbi yoxdur. Təsəvvür edin ki, 2009-cu ildə çəkilən filmlərlə 2019-cu ildə çəkilən filmlərin arasında vizual dəyişiklik yoxdur. Özünüz baxıb analiz edə bilərsiniz.
- Məncə, özünəməxsus kinoməktəbimizin əlamətləri Seyidbəylinin filmlərində duyulur.
- Seyidbəylidən Rasim Ocaqova keçdi. Xarici kino mütəxəssisləri bizdə iki filmi daha çox bəyəniblər. İkisi də Seyidbəylinindir. “Bizim Cəbiş müəllim” və “Nəsimi”. Dedilər ki, biz bu filmlərdə Azərbaycan kinosunu hiss etdik. Onlar heç bilmirdilər ki, hər iki film eyni rejissorundur. Ümumilikdə çox yaxşı filmlərimiz var.
- Tarixi filmlərdə rəssam olmaq daha çətindir. Sovet dönəmində çəkilən filmlərimizin rəssam işi indi baxanda necə görünür?
- Tarixi filmdə rəssam işi çox önəmlidi. Tarixi filmlər əsas rəssam filmi olur. Dövrü düzgün əks elətdirmək, həm də bədiiliyi saxlamaq vacibdir. Məsələn, kostyumları tarixdə olduğu kimi işləyəndə kadrda yaxşı baxılmır, rəssamın işi onu bir az da baxımlı maraqlı etməkdir. “Nəsimi”, “Babək” filmlərinin rəssamı Mais Ağabəyov olub. Onun tarixi duymaq hissi güclüydü. Ən güclü rəssam işlərimizdən biri “Nizami” filmində olub. Burda da Mais müəllim işləyib. Nizaminin yaşadığı dövr çətin dövrdür. 13-cü əsr haqda yetərli informasiya yoxdur. Vizual düzgün qurmaq da çətin məsələdir. Amma “Nizami”də , “Nəsimi”də düzgün qurulub.
- Seriallarda işləyirsiz?
- Serial sistemində yoxam. Çünki seriallara quruluşçu rəssam yox, qulluqçu rəssam lazımdır. Gəlib nəsə düzəltsin, pərdə assın və s. Tələbələrimi yollayıram ki, təcrübə toplasınlar. Məsləhətlərim də çox olub. Serialda rəssam üçün büdcə yoxdur. Kanal 4 min manat ayırır ki, bir həftəyə çatdırın. Dekorasiya isə büdcə, vaxt tələb edir.
- Yəqin ki, dünya kinosunu izləyəndə rəssam işinə fikir verirsiz?
- Bəli, əlbəttə. Hər il rəssam işi mükafat alan filmləri izləyirəm, yenilikləri, fərqli üslubları və s. Demək olar bütün filmlərdə rəssam işinə fikir verirəm. Amma Trier tək-tük rejissorlardandır ki, onun filmində rəssam işini fərq etmirəm. Film adamı aparır. Belə də olur, filmdə rəssamın işini hiss eləmirsən, amma hər şey yerli yerindədir. Əslində elə rəssam işi odur, sən filmdə onun fərqinə varmırsan, amma o var.
Sevda Sultanova