Kulis.az “Yeni filmlərimiz” layihəsində “Güllələnmə təxirə salınır!...” filmini təqdim edir.
Süjet: Hadisələr İkinci Dünya Müharibəsindən sonrakı Azərbaycanda cərəyan edir. Xan ləqəbli adamın başçılıq etdiyi cinayətkar dəstə şəhərdəki varlıları soyuyur, rüşvətxor məmurları talayır və əldə etdikləri qəniməti kasıb-kusuba paylayır. Ədalətsizliklə üzləşən, hakimiyyətdən əlini üzən insanlar kömək üçün Xana müraciət edirlər. Milis orqanları dəstənin bu fəaliyyətindən xəbərdardır. Ancaq onların əlində tutarlı fakt olmadığından gözləmə mövqeyində dayanırlar...
2003-cü ildə ekranlara çıxan “Güllələnmə təxirə salınır” filminin rejissoru Ələkbər Muradovdur. Real hadisələr əsasında lentə alınan filmin əsas qəhrəmanı, əmircanlı Xan dövrünün məşhur avtoritetlərindən biri sayılırdı.
Kriminal dram janrında çəkilən ekran əsərində rejissor personajların belə bir həyat tərzinin seçməsinin məcburiyyətdən qaynaqlandığına xüsusi vurğu salmaq istəsə də, bu motiv (Xan hələ uşaqlıqda başqasının oğurladığı toyuqlara görə həbs olunur, həmin adamı satmır və sonradan cinayətkar aləmdə tədricən nüfuz sahibi olmağa başlayır. Onun dəstəsinin üzvləri də məcburən cinayətkar yola düşüblər) bir qədər arxa plana keçib. Yəni rejissor mövcud vəziyyətə gətirən səbəbləri (37-ci il repressiyası ötəri səslənir) gözardı etmiş kimi görünür və mövzunun görünən tərəfinə fokuslanır.
Filmboyu müəllifin cinayətkar dəstənin fəaliyyətinə, özəllikə Xana (Fuad Poladov) rəğbəti duyulur və o, öz nəqli ilə rəğbətini istər-istəməz tamaşaçıya aşılayır. Onların ədaləti qeyri-qanuni yolla bərqərar etməsinə hətta filmin titrlərindəki şərhilə bir növ bəraət qazandırır:
"Həyat onları özgə cür yaşamağa və inanmağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər”.
Yəni müəllif əhvalatda neytral mövqe demək olar ki, göstərmir. Halbuki o, suallar qoymalı, düşündürməli, nəinki fikrini aşılamalıydı.
Əhvalatda tamaşaçıya birbaşa müsbət təsir edə biləcək çox həssas məqamlar yer alıb. Milsaçün, bir epizodda fabrikdə işləyən qadının Xanın yanına gələrək, müdirin onun namusuna toxunmaq cəhdini danışması və Xanın müdiri zəhərləməsi. Yəni vətəndaşın taleyinə məsul şəxslər işinə etinasız yanaşanda, ədalətsizliklər cəmiyyətdə adiləşəndə bunun aradan qaldırılması üçün qeyri-qanuni yol az qala yeganə mümkün variant kimi təqdim olunmamalıdır.
Dünya kinosunda cinayətkarlardan, mafiya qruplarından bəhs və cinayətkarı əsas qəhrəman edən xeyli sayda film var. Bir qayda olaraq, bu filmlərin çoxunda situasiyalar, personajlar dərin işlənir, müəllif onların mənəvi-psixoloji dünyasını incələyir, fəaliyyətinə gətirən səbəbləri araşdırır və ən əsası mövqe sərgiləmir, suallar qoyur.
“Güllələnmə təxirə salınır”da personajların bioqrafiyası, kimliyi onların öz dilindən informativ-sentimental verilir.
Bu fraqmentlər və müstəntiqin (Məlik Dadaşov) onların kimliyi ilə bağlı məlumatlar dramaturgiyanın içindən törənmir, sadəcə, tamaşaçını məlumatlandırmaq kimi görünür.
Xanın sevgilisi Nərgizin (Suğra Bağızqdə) əhvalatda təsiredici funksiyası yoxdur. O, fonda kölgə kimi qalır. Halbuki belə sevgili xətti ilə Xanın şəxsiyyətinin başqa tərəflərini açmaq üçün istifadə oluna bilərdi. Filmdə epizodik görünən Xanın bacısı və anası obrazları da bu keyfiyyətdə işlənib.
Əhvalatda “Yeddi oğul istərəm” filmi ilə intertekstual bağın olmasının müəllifin düşünülmüş fəndi və ya şüurlatı olaraq işləməsini demək çətindir. Ancaq fakt budur ki, “Yeddi oğul istərəm” filmində qəhrəmanların masa ətrafında, lampa işığında oturaraq planlar qurması, arzuları haqda danışması səhnəsi eynilə filmə köçürülüb. Elə “Güllələnmə təxirə salınır” filmində də qəhrəmanların sayı yeddidir. Onlardan hətta birinin arzusu Əbdül Mahmudovun oynadığı Qasım kimi aktyor olmaqdır. Gərgin atmosfer, seçilən interyerin tərtibatı, qurulan mizan, söhbətin məzmunundakı təxmini oxşarlıq “Yeddi oğul istərəm”ə göndəriş kimi görünür.
Bazar səhnələri adətən mili kinomuzda yaxşı işlənilir. Çünki yerli kinomuzda bu, yalnız bazar səhnəsi deyil, sosiumun portretidir, fərdlərin durumunun təsviridir: toyuq oğurlamaq istəyən oğlan, keyfiyyətsiz pencəyini sırıyan alverçi. Əmircan Univermağına hücum səhnəsindəki atışma səhnəsi isə peşəkar işlənməyib.
“Güllələnmə təxirə salınır”ın adı Stalinin güllələnmənin ləğvi əmriylə bağlıdır.
Çəkilişlər adətən Əmircan kəndində aparılıb. Film Ələkbər Muradovun rejissor kimi kinoda ilk işidir. Ə. Muradov filmi 1990-cı illərin əvvəlindən çəkməyə başlasa da, maliyyə üzündən yarımçıq saxlayıb. Filmi onda “Aydın” İstehsalat Kommersiya Mərkəzi maliyyələşdirirmiş. Ancaq mərkəz iflas olduğundan çəkiliş yarımçıq qalır. Sonralar film Mədəniyyət Nazirliyinin maliyyəsi ilə tamamlanır.
Ssenari müəllifi İsi Məlikzadə və Ələkbər Muradov, operator Rafiq Əliyevdir. Digər rolları Nəsibə Zeynalova, Zilli Namazov, Ayşad Məmmədov, Qurban İsmayılov, İbrahim Əliyev, Cahangir Novruzov və Eldar Bağırbəyov oynayırlar.