Ata ögey, ana laqeyd, oğul da avara

Ata ögey, ana laqeyd, oğul da avara
18 yanvar 2014
# 09:00

Kulis.Az “Baxılası 50 film” layihəsində Fransua Trüffonun 400 zərbə” filmini təqdim edir.

Fransua Trüffo (1932-1984) fransız rejissoru, “Yeni dalğa” cərəyanının əsasını qoyanlardan biridir.

Gündə 3 film izləmək və həftədə 3 kitab oxumaq, 14 yaşından müstəqil həyata başlayan və məktəbi atan Trüffonun əsas məqsədinə çevrilir.

O, kino tənqidçisi Andre Bazenin dəvəti ilə məşhur “Cahiers du Cinema” jurnalına məqalələr yazır.

1959-cu ildə, Kann festivalında ən yaxşı rejissor işinə görə qalib olan və çox saylı mükafatlar alan “400 zərbə” adlı ilk tammetrajlı filmini çəkir.

Müxtəlif janrlarda işləyən (“Jül və Jim”, “Qonşu qadın”, “Vəhşi uşaq”, “Amerika gecəsi”, “Siyah gəlinlik” və s.) rejissor Jan Renuardan, Alfred Hiçkokdan, Roberto Rosselinidən təsirlənib.

O, təhkiyələrində sadəliyə, məntiqə üstünlük verirdi, üslubun ön plana çıxmasına, estetləşməyə qarşı idi, bəzən isə saspens və yumoru qarışdırırdı.

Bu dəfə sizə “Yeni dalğa”nın əsas filmlərindən sayılan “400 zərbə” dramını təqdim edəcəyik.

Süjet: Yeniyetmə Antuan Duanelin çətin xarakteri var. Bu, isə hər şeydən əvvəl ailəsinin ona münasibətindən qaynaqlanır. Anası ona laqeyddir, ögey atası onu vecinə almır, məktəbdə müəllimi onunla pis davranır. Antuan çıxış yolu axtarır, əvvəlki qaydalarla yaşamaq istəmir, məktəbə getmir, bütün günü avaralanır. Nəticədə valideynləri yeniyetməni islah əmək koloniyasına yerləşdirir. Və o, burdan da qaçır.

“400 zərbə” avtobioqrafik filmdir. Antuan rejissorun alter eqosudur. Trüffonun da bu qəhrəman kimi çətin uşaqlığı olub. Uşaqlıq haqda ən səmimi və həssas ekran əsərlərindən sayılan “400 zərbə” fransızcada idiomatik ifadədir və əxlaq normalarını pozmaq anlamına gəlir, eyni zamanda “uşaq xuliqanlığını” ifadə edir.

Trüffo deyir: “Antuanın simasında inteqrasiya etmək, cəmiyyətin bir hissəsi olmaq istəyən adamları göstərmişəm. Mən uşağın tənhalığından nə kədərli, nə də şən film çəkmək istəmişəm”.

“400” zərbə zamanında “kamera-qələm” (camera-stylo) texnikasının manifesiti kimi qəbul olunub. “Kamera-qələm” texnikasına görə kinematoqraf qəliblənmiş vizual çərçivələrdən kənara çıxmalı, azad olmalı, təsvirləri bədii yazı mətnlərində olduğu kimi çevik, dəqiq, təkmil ifadə etməli idi. Bu texnika individual kino dilinin və çəkimlərdə daim yeni ifadə vasitələrinin axtarılmasını ifadə edirdi.

Termini ilk dəfə 1948-ci ildə fransız rejissoru Aleksandr Astryukun “Kamera-qələm: Yeni avanqardın doğulması” essesində yazıb.

Trüffo da bu filmdə statik kameradan, pavilyonlardan imtina etmiş, çəkimlər zamanı kamera ilə çox sərbəst davranmışdı.

Filmin finalı açıqdır. Antuan sonsuzluğa, azadlığa doğru qaçır. Nəfəs dərmədən. Sonda dayanır və kameraya sanki ümidlə baxır. Rejissor təklif olunan şəraitdə yaşamağa məcbur edilən qəhrəmanına mərhəmətlə yanaşır.

Müəllif Roberto Rosselinin “Almaniya sıfır ilində” dramından təsirlənib. Məktəbdəki səhnələr struktur baxımından və islah əmək koloniyasındakı son səhnələr bu filmə xitab edir. Trüffo deyir: “Rosseliniyə, onun metoduna borcluyam. Onsuz belə sadə və səmimi çəkə bilməzdim”.

Novator kino dilinə görə “400 zərbə” indiyə kimi kino məktəblərdə öyrənilir.

Maraqlı faktlar


***

Trüffo Antuan rolunun ifaçısı Jan Pyer Leonu sonradan bu obrazın gənclik illərindən bəhs edən filmlərdə (“Antuan və Kolett“, “20 yaşında sevgi”, “Oğurlanmış öpüşlər”) çəkir. Trüffo deyir: “O, ilk baxışdan xoşuma gəldi. Onun da mənim kimi xoş olmayan uşaqlığı vardı. Amma o, məndən daha aqressiv idi və bu, filmin ümumi intonasiyasına təsir etdi.”

***

J.P.Leo sonralar Avropa müəllif kinosunun simalarından birinə çevrildi. Qodarın, Pazolininin, Bertoluççinin, Estaşın, Kaurismyakinin, Assayasın filmlərində rol aldı.

***

Filmdə Antuan şəhərdə gəzəndə İnqmar Berqmanın “Monika ilə yay” filminin posteri görünür. Bu film də yeniyetmələrdən danışır və Berqman eyni zaman “Yeni dalğa”çıların sevimli rejissorlarından idi.

***

Trüffo Stiven Spilberqin “Üçüncü növ yaxınlaşma” filmində fransız alimi rolunu oynayıb.

***

Trüffonun yaradıcılığına Renuarın və Hiçkokun təsiri güclü olub. Hətta bu onun şəxsi həyatına o qədər təsir etmişdi ki, rejissor Hiçkokun qızı yoxsa Renuarın qohumu ilə evlənməyinə qərar verə bilmirdi. Nəticədə fransız prodüserlərindən birinin qızı ilə ailə qurur.

Filmə burdan baxa bilərsiz.

Abbas Kiarostami “Albalı dadı” filmi

Karl Dreyerin “Janna Darkı istirabları” filmi

Sidney Lumet “On iki qəzəbli kişi” filmi

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 6034 dəfə oxunub

Müəllifin son yazıları

# # #