Saatımı itirmişəm Nizami küçəsində - Səttar Temuçinin yeni şeirləri

Səttar Temuçin

Səttar Temuçin

21 mart 2024
# 14:18

Bu gün gənc şair Səttar Temuçinin doğum günüdür. Kulis.az onun yeni şeirlərini təqdim edir.

Sənin səmalarında

Məni həvəsləndirir, gözlərinin önündə

Yavaş-yavaş qocalmaq,

Məni həvəsləndirir, ayaqlarım tutmasa,

Qollarından yapışıb

Ayaqlara güc almaq.

Ucalmaq istəyərəm sənin səmalarına,

Sənin ulduzlarında axıb keçmək istərəm,

Bilsəm ki, sevəcəksən,

Başqasını sevmərəm.

Başqaları səma deyil,

Başqaları bir rəssamın fırçasından,

Səma rəsmi, şəkildi,

"Qoyma gedim" deyəcəkdin,

Qabağından çəkildim?!

Sən də məni bağışla,

Görünür heyvərəydim,

Cəhənnəmə gedirəm,

Əvvəlcədən bilsəydim,

Sənə meyvə dərərdim.

Sənin səmalarından bir quş yerə çırpıldı,

Sümbül çıxdı son yediyi buğda dənəciyindən,

Sənin səmalarında ölən də həyat tapır,

Sənin səmalarında...

Sənin səmalarında...

Buraxmaram mən səni

Əllərini tutaram küləyin acığına,

Saçlarını öpərəm yağışın acığına,

Döngədən dönüb gedən baxışın acığına,

Buraxmaram mən səni.

Maşın keçir palçıq olur üst-başım,

Müdir qovub, bitib də son maaşım,

Mən gəlirəm sənlə bəlkə barışım,

Buraxmaram mən səni.

Mən səni buraxmaram,

Yağışlar da torpağı,

Ağaclar da yarpağı,

Şairlər də yazmağı,

Müvəqqəti buraxır.

Yox əşi...

Buraxmazsan sən məni...

Hardasan?

Bilmirəm

Bu şəhərin səssizliyi qulağımı batırdı,

Ya Səssizdi, ya sənsizdi, bilmirəm.

Görmüşük ki, gedənin izi qalar,

Necə olur bu izsizdi, bilmirəm.

Bu şəhərin səssizliyi şüvəndi,

Yalançılar öz səsinə güvəndi,

Bu şəhərdə sabahlar da dünəndi,

Bu gün yəqin həvəssizdi, bilmirəm.

Bu şəhərin səssizliyi qatildi,

İnanıram, burda inam batildi,

Ayaq qaçır, başım yenə gətirdi,

Başım yəqin gərəksizdi, bilmirəm.

Bu şəhərin səssizliyi nağıldı,

Nağıl bitdi, almalar da dağıldı,

Şəhər elə hey istədi, bağırdı,

Səs çıxmadı, ya dilsizdi, bilmirəm.

Saatım itib

Zaman ömürlük məhbus saatlara

Əqrəblər get-gəl edir nəyisə qoruyurmuşcasına

İzsiz addımların çıqqıltı səsini

Musiqi bilən rəqəmlərin rəqsini

Görəndə korlar

Onlar azadlığı heç vaxt bu qədər dadmamışdı

Zibil yeşiklərinə asılmış quru çörəklər

Küçə itlərinin ziyafətiydisə

Xoşbəxtlik ən üfunətli yerdən başlayır

Mən məhbus, sən musiqi

Rəqs edir köpəklər üfunətdə

Xoşbəxtlik azadlıqda boyat çörəklər

"Soyuq əllər, isti ürəklər"

Saatımı itirmişəm Nizami küçəsində

Zaman ayaqlar altında

Zaman can verir

Köpəklər rəqs edir

Saatım itib.

# 1605 dəfə oxunub

Müəllifin son yazıları

# # #