Vaqif Səmədoğlunun ədəbiyyatımıza vurduğu zərbə

Vaqif Səmədoğlunun ədəbiyyatımıza vurduğu zərbə
5 may 2023
# 11:10

Kulis.az Səttar Temuçinin “F1 = - F2” adlı yeni yazısını təqdim edir.

Əziz oxucu, ilk olaraq onu demək istəyirəm ki, mənim yazdıqlarım həqiqəti əks etdirməyə bilər. Mənim bu həyatda yanılmaq kimi möhtəşəm bir haqqım var.

Şeirlər, hekayələr, mahnı sözləri yazıram, roman üzərində işləyirəm, ssenarilər yazıram və s. Bu etdiklərimə qarşılıq olaraq istədiyim tək şey var: yanılmaq haqqıma dəyməyin.

Vaqif Səmədoğlu mənim ən sevdiyim şairlərdən biridir. Amma onun Azərbaycan poeziyasına bilərəkdənmi, yoxsa bilməyərəkdənmi verdiyi ziyandan yazacağam.

Şeir yazmağımı bilən qohumların buna ilk reaksiyası "ayə Moşu, xoşbəxtliyə qafiyə tapa bilirsənmi?" olur. Sonrasında isə mənasız gülüşlər, lağa qoyma və gülməli olmayan “zarafatlar” gəlir. Bununla da Moşunun şair kimi istedadsızlığının mənəvi cəhətdən bizi məhv etməsinin ağrısını yaşayırıq və biz də zolaqlı pijamanı ürəyinin başına qədər qaldıran bir obrazın içində qıvrılıb qalırıq.

Sual yarana bilər ki, axı bizim filmlərdə mollalar, məmurlar və başqa şəxslər də bu şəkildə ələ salınıb və günümüzə qədər də bu lağ-lağının təsirindədirlər. Məsələ burasındadır ki, o zaman mollalar da, elə məmurlar da buna layiq idi.

Bundan əlavə bilinən bir qanun var: təsir əks təsirə bərabərdir. Düstur olaraq açsaq, Nyuton əmi yazıb ki, F1 = -F2. Düsturu mövzuya adaptasiya etsək, mənfi numunə müsbət, müsbət nümunə mənfi ilə bərabərləşəndə qüvvə yaranır. İndi guya biz mənfi olanı mənfi olaraq təqdim edəndə, hansı inkişafı əldə etdik, hansı qüvvə yarada bildik? Düsturu da verdiyimizə görə, qayıdaq mövzuya…

Uşaqlıqda "Bəxt üzüyü" filminə baxıb sadəcə gülərdim. İndi o filmə baxa bilmirəm. İnsanlar məni o filmə düşmən edib. Film uğurlu alınıb, amma tamaşaçı oradakı obrazları real həyatdakı alternativlərlə müqayisə etmə bacarığını belə itirib. Yəni, insanlar üçün Azərbaycan xalqı şair xalqdır, amma Moşunun timsalında. Görəsən, Vaqif Səmədoğlu Moşu obrazı ilə bu qədər insanın düşüncəsində dəyişiklik yaradacağını hesablamışdımı? Bəlkə də, hesablamışdı və bunu qəsdən etmişdi? Yəqin məqsədi quru odunları yandırmaq idi, amma hesabında bu odunların alovunda yaşların da yanacağı yox idi. Bir növ ənənələrə uyğun etdi və ənənə inkişaf deyil. Biz reallıq, təbiilik anlayışlarını yanlış anladıq, və ya təbiilikdən başqa göstərməyə heç nəyimiz olmadı. Təbiiliyimiz gülməlidirsə, vay bizim halımıza.

Gəlin, əksini düşünək. Filmdə Moşu obrazı baş verən hadisələrə bir ziyalı kimi ağıllı fikir bildirən və sakit əda ilə baş verənlərə istehsa ilə gülən obrazdır. Film boyu şeirlərində baş verən hadisələri satirası ilə tamaşaçıya çatdırır. Ən əsası isə xoşbəxtliyə qafiyə axtarmır və axtarsa belə bir əyyaşın şairə ağıl öyrətməsi səviyyəsinə düşmür. Bax o zaman bu gün şairlik ifadəsinin sinonimi Moşu obrazı ilə daha hörmətli olardı.

Filmdəki əsl şair obrazı hadisələrə yanaşması ilə elə Hüseyn idi. O isə öz tüfeyli həyatı ilə, ailəsinə laqeydliyi ilə, içkiyə düşkünlü ilə yenə də şair üçün uğurlu obraz deyil. Hətta düşünürəm ki, Moşu və Hüseyn obrazlarının dialoqları nəzm və nəsrin dialoqudur. Bu müqaisədə belə nəzm məğlub olur. Onlar eyni istehsa və maraqlı, fərqli yanaşmaları ilə filmdə vəhdət təşkil etmir.

Onu da deyim ki, bu filmin tənqidi deyil. Bu Moşunun şairiliyin başına saldığı daşı qaldırmaq cəhdidir. Bir daş isə yalnız qüvvə ilə qaldırıla bilər. Yenə də F1 = - F2

Bu arada Moşu obrazı sima olaraq xalq şairimiz Səməd Vurğuna necə də bənzəyir. Yəqin ki, təsadüfdür. Mən yanıla da bilərəm. Mənim yanılmaq kimi bir haqqım var.

# 17897 dəfə oxunub

Müəllifin son yazıları

# # #