Tural və Turan niyə elə geyinib?

Tural və Turan qardaşları

Tural və Turan qardaşları

8 may 2023
# 12:02

Kulis.az Səttar Temuçinin "Axı, dünya fırlanır" adlı yeni yazısını təqdim edir.

Əziz oxucu, mən səni anlayıram, sən bu xalqı, bu vətəni çox sevirsən, elə mən də, vallah. Amma, yəqin ki, bilirsən, biz fərqli insanlarıq, hətta sevgimiz də fərqlidir. İndi gəl elə etməyək ki, fərqli düşündüyümüz şeylərə görə bir-birimizdən icazə alası vəziyyətə düşək. Heç kim düşməsin. Mən sizə sizin kimi düşünməyənlərin anlayışını arzu edirəm. İndi mən arzu edirəm də... Elə biri olar ki, arzu etməz. Deyər ki, mən arzu etmirəm, qardaş. İnsanlar fərqlidir axı...

Elə dünən fərqli bir görüntü ilə qarşılaşdım. Siz də qarşılaşdınız. “Eurovision” təmsilçilərimiz Turan və Tural qardaşları Liverpul şəhərində "Firuzəyi xalı”dan keçib, müsahibə veriblər. Geyimləri ölkəmizdə müzakirələrə səbəb olub. Güllü paltar geyiniblər, saçlarını jeleləyiblər və s.

Xalqımız da deyir ki, bu kişi geyimi deyil, gey kimi geyindiriblər. Nə deyim vallah… Məsələ də burasındadır ki, ölkəmizdə müzakirə olunub. Yəni başqa ölkələrin Turan və Turalın nə geyindiyi bir qram da veclərinə deyil. Onu da deyim ki, bu geyim təmsilçilərimizin səhnə geyimi deyil, məhz bu mərasim üçün hazırlanan geyimdir. Amma səhnə geyimləri də açıq yaşıl və tünd qırmızı rənglərində 80-ci il tərzində geyimdir.


İndi burada iki məqam var. Elə bilməyin ki, mən də sizin kimi düşünmürəm. Mənə də acıq gələn məsələlər var. Amma mən biraz sizin fikrinizə sizin getdiyiniz yol ilə getmədim. Əgər bu addım LGBT üzvlərinin də rəğbət və xalını qazanmaq üçün atılıbsa, acığıma gəlir. O zaman bu, çox süni və riyakarcadır.. "Ağa deyir sür dərəyə, sür dərəyə" təsiri bağışlayır.

Deyirlər, qələbə üçün hər yol mübahdır. Bəzən olmadığın hala da girirsən. Ukrayna təmsilçisi Verka Sarduçkanı buna misal göstərə bilərik.

Hə, əziz oxucu, mən heç bilmirdim ki, siz “Eurovision” mahnı müsabiqəsi ilə bu qədər yaxından maraqlanırsınız. Bəlkə də, maraqlanmırsınız, siz də bəzən mübah bilirsiniz. Axı, sizin də söz demək haqqınız bəzən yadınıza düşməlidir.


Baxın, biz sizlə eyni fikirdə görüşə bildik. Mübarək olsun!


İndi isə mən sizin kimi düşünmədiyim məqamlardan da danışmaq istəyirəm.


Aysel Araşla iştirak etdi, dediniz "tarın yanında açıq-saçıq o nə qızdır elə?". Samirə Əfəndi iştirak etdi, açıq-saçıq paltarla yallı getdi, yenə dediniz o nədir elə. Səmraya bir söz, ona bir, o birinə iki… Daha nə edək, “Eurovision”da Bamsı Beyrək görmək istəyirsiniz?

Bu, böyük səhnədir və gənclər sənətçidir. Sizin ağlınızda qurduğunuz kateqoriyalar dünya səhnəsi ilə üst-üstə düşmürsə və gənclər uğur qazanmaq istəyindədilərsə, dünya səhnəsini seçməlidirlər. Və vallah, billah sənətçi imici ilə insanın öz həyat tərzini qarışdırmaq olmaz. Opera müğənnisi də evində, gündəlik həyatında bütün gün smoking, kostyum geyinmir. Adam əyninə şortiki çəkib, həyatını yaşayır.


Biri deyir, ayıbdır, biri deyir, yaxşıdır. Biri deyir, geydilər, biri deyir, yox, sadəcə güllü paltar geyindilər. Biri deyir, dünya düzdür, biri deyir, yumrudur. Axı, dünya fırlanır…

# 4807 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #