İslamda ucadan gülmək qadağandı

İslamda ucadan gülmək qadağandı
19 mart 2013
# 08:15

Gülüş barədə esse

Nəzəriyyə kitabları gülüş barədə yazarkən F. Engelsin məşhur fikrinə istinad edir: “Qarşısındakı adam gülərsə ən güclü sehrbaz belə onu hipnoz edə bilməz!”

Alt qatında dərin mənalar gizləyən bu fikirdən yola çıxaraq Mirzə Cəlilin “Ölülər” əsərini xatırlayaq. Şeyx Nəsrullah bütün kütləni aldadıb arxasınca apardığı halda yalnız İsgəndərin gülüşü qarşısında aciz qalır, ondan qorxur, ehtiyatlanır. İsgəndər gülüşü ilə idarəolunmazdır.

Qədim dövrlərdən hökmdarların təlxəklərə xüsusi önəm verdiyini bilirik. Onlar düşünüblər: əcəba bizə gülünə bilərmi? Hakimiyyətimizdə gülməli məqamlar varmı? Varsa hansılardır?

Ağıllı hökmdarlar təlxəkliyin sağlam gülüş olmadığını bilir, təlxəklərdən keflərini açmaq və yaltaq əyanlarla məzələnmək üçün istifadə edirdilər. Həm də fərqinə varırdılar ki, xalq arasında dolaşan mənalı bir lətifə bütün hakimiyyətin iç üzünü açmağa qadirdir. Bəli, üç-dörd cümləlik balaca bir lətifə!

Gülüş böyük silahdır!

Bu silah mütərəqqidir, halallıq və inkişaf məqsədlidir.

U. Ekonun “Gülün adı” romanı baş qəhrəman Vilyamın müəmmalı şəkildə öldürülən rahiblərin qatilini tapmaq üçün monastıra getməsi ilə başlayır. Əsər boyu rahiblər arasında böyük bir mübahisə yaşanır: İsa gülübmü, gülməyibmi? İlk baxışdan oxucuya və Vilyamın şagirdi Adsoya bayağı gələn bu mübahisənin kökündə ciddi, həm də çox ciddi mətləblər dayanır.

Sən demə, Aristotelin gülüş haqqında əlyazması varmış və həmin əlyazma monastırın kitabxanasında saxlanırmış. Baş rahib və kitabxananın rəhbəri bu əlyazmanın oxunmasını istəmirlər. Ona görə səhifələrini zəhərləyirlər və kitabı ələ keçirib oxumaq istəyən hər kəs əlini dilində isladıb vərəqləri çevirdikcə zəhərlənirmiş. Əsərin sonunda bu kitab yanır və kitabdan çıxan alovlar əvvəl kitabxananı, sonra bütün monastırı bürüyür.

Ekoya görə gülüş xristian dininin özüllərini sarsıtmaq iqtidarındadır. Allahın oğluna, onun nə vaxtsa yer üzündə zühur edib insanlığı xilas edəcəyinə qəhqəhə çəkib gülmək və bu gülüşlə istənilən din xadimini tərksilah etmək mümkündür.

İslama baxaq. Hədislərin birində İslam peyğəmbəri əsl iman sahibinin bərkdən gülməsini yasaqlayır. Peyğəmbərə görə səs çıxarmadan sakitcə və təmkinlə gülümsəmək kifayətdir. Şaqqanaq çəkib gülmək şeytani əməldir.

İslam peyğəmbərinin ucadan və dərindən gülməyə belə bir yasaq qoyması, təkidlə “ağladan yanında otur” söyləməsi hansı sirlərə söykənir? Niyə səslə gülmək namazı batil edir?

Fəlsəfə açmadan qısaca yozmaq olar ki, insan həyatı mahiyyətcə kədərlidir. Bunu anlayanlar hökmən ağlayacaqlar. Yaxşı, razılaşaq. Amma maraqlı bir ehtimal yürütmək ixtiyarımızı da əldən verməyək. İslam peyğəmbərinə çox gülmüşdülər o zaman. Onun Allahdan vəhy qəbul etməsini, Cəbrayılı gözləri ilə görməsini, “Hira dağından gətirdiyi şeirlər”i ələ salmışdılar. Sonralar milyonlarla insanı istədiyi istiqamətə yönəldəcək bu böyük insan da gülüş qarşısında sarsılırdı.

Kefli İsgəndərin məhz şaqqanaq çəkərək ucadan gülməsi ilə bu hədislər arasında mətnaltı bağlar olmasın?

Sarkazma baxın: İsgəndərin anası ona deyir ki, Allah sənin əlindən məni öldürəydi kaş. İsgəndərin cavabı gülüşün ərşü-əlasıdır: “Ölsən də, canını qurtara bilməyəcəksən, Şeyx Nəsrullah gəlib səni dirildəcək”.

Engels haqlıdır.

Gülən adam öz iradəsindən başqa heç nəyə tabe deyil. Gülüş azadlığın simvoludur.

Gülməyi bacaran, daha dəqiqi, ən ciddi situasiyalarda gülünəsi məqamlar görən adamı idarə etmək, onu cəfəngiyatlara tabe etdirmək, kiminsə iradəsinə boyun əydirmək imkansızdır.

Və eyni zamanda gülüş təbii ehtiyacdır. Nə qədər sıxıntıda olur-olsun insan bir bəhanə tapıb güləcək. Hətta sıxıntılar nə qədər sərt olursa, gülüş o qədər şiddətlənəcək.

Amma sağlam gülüşdən qorxanlar çıxış yolu tapıblar: sağlam gülüşü lağ-lağı ilə əvəz edərək!

Xüsusilə də Azərbaycanda...

Buyurun, gülün, “C” vitamininiz artsın!

# 6776 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #