Varis mənə nümunə gətirilirsə...

Varis mənə nümunə gətirilirsə...
5 noyabr 2013
# 13:28

O günü Azərbaycanda hərdən baxdığım yeganə kanal olan ANS-in düyməsini basmışdım ki, gördüm bəstəkar Nailə Mirməmmədli məşhur müğənni Üzeyir Mehdizadəni salıb çənəsinin altına əməlli-başlı danlayır. Ki, sən heç də istedadsız birisi deyilsən, maraqlı manevrlərin var və çoxsaylı tamaşaçı sevgisi qazanmısan. İndi gərəkdir ki, musiqinin bəzi vacib nəzəri bilgilərini öyrənəsən... Yoxsa fanatlarını yavaş-yavaş itirəcəksən. Düşük qızların sevimlisi, həqiqətən də çox səmimi və təvazökar, hətta utancaq Üzeyir isə razılıqla gülümsədi. Nə deyirəm, öyrədin, öyrənim, dedi! Ürəyimdə qışqırdım: sakın! Sakın, yapmayın!

Sizə də deyirəm, əgər Üzeyir Mehdizadə doğrudan da Nailə Mirməmmədliyə qulaq asıb peşəkarlığa doğru addımlasa nəinki fanat ordusunu, hətta bütün karyerasını, sonda isə həyatının müvazinətini itirəcəkdir. Bu işlər belə gəlib, belə də gedir. Üzeyir öz fanat ordusu ilə elə bir izaholunmaz harmoniyadadır ki, Nailə Mirməmmədli dünyaya beş-altı dəfə gəlib ömrünün sonunacan araşdırma aparsa belə, bu harmoniyanın hikmətini başa düşə bilməz. Bu ayrı bir dünyadır, ayrı bir işdir, ayrı bir sevgidir.

Olsun!

Üzeyir Mehdizadə şəxsən məndə heç vaxt qıcıq yaratmayıb. Çünki o, mahiyyət deyil, təzahürdür. Mahiyyət isə onu ağzıaçıla sevən yüz minlərlə insanın qafasındadır! O qafaları nə Axundov dəyişə bildi, nə Haqverdiyev, nə də Mirzə Cəlil. Ona görə də, Həmid Herisçi demiş, qulaqların əbədi mötərizəsinə alınmış bu kəllələrlə mübarizəyə ömür xərcləmək ağılsızlıqdır. Qoy hərə öz işində olsun, gör başımıza nə gəlir.

Amma, Qəribi orda ağlamaq tutar ki, Üzeyir Mehdizadəni mahnıları daha çox dinləyici marağına səbəb olduğu üçün Nailə Mirməmmədliyə örnək göstərələr və deyələr, sən də belə bəstələ!

Sözümün mabədi

Bu yaxınlarda “Space” telekanalında Varis, Elxan Elatlı və Çingiz Abdullayevlə bağlı sərt danışdım. Dedim ki, Varis və Elxa Elatlı Azərbaycan dilində yaza, Çingiz Abdullayev isə ümumiyyətlə danışa bilmir! Verilişdi də... Hər ağızdan bir avaz gəlir. Sonra montaj-filan, fikirlərin havadanca asılı qalır.

Məsələyə Varis bəy öz profilində qeybət janrında münasibət bildirmişdi. Və hətta məndə olan məlumata görə açıq müzakirədə onu tənqid edən adamların rəylərini silmiş, bəzilərini isə dostluqdan çıxarmışdı.

Amma, nümunəvi yazıçı Kulis.az-a qayət təmkinli danışmışdı. Əsl yazar soyuqqanlılığı ilə...

Odur ki, bəzi məsələlərə aydınlıq gətirməyi özümə borc bildim.

Necə deyərlər, bir az yumşaldım...

Yuxarıda qeyd etdiyim misal o demək deyil ki,mən Varisi Üzeyirlə müqayisə edirəm. Əsla! Sadəcə sütuasiyalar oxşardır...

Populyarlıq ölçüdürsə, buyurun... Nailə elə uduzur ki, Üzeyir ona salam verməməlidir.

Mənim nə Varislə, nə Elxan Elatlıyla heç bir problemim yoxdur. Çingiz Abdullayev AYB funksioneri olaraq gənclər və Azərbaycandilli ədəbiyyat üçün ciddi problemlər yaratdığı üçün hələlik onu bu məsələyə qarışdırmıram.

Kim nə yazır, necə yazır, nə qədər satılır, məni maraqlandırmır.

Eləcə də Varis və Elxan Elatlı... Hətta, biləsiniz ki, bu adamlarla şəxsi münasibətlərim qaydasındadır. Hər ikisini sakit təbiətli, başını aşağı salıb öz işi ilə məşğul olan normal insan kimi tanıyıram. Amma ki, Varis mənə nümunə kimi göstərilir, atəş açmağa məcburam! Çünki özünə yazar deyən kəs bunu qəbul etməz. Necə yəni filankəs kimi yaz! Səbəb isə lap gülməlidir: onun kitabı yaxşı satılır... Təsəvvür edin gedib şair Salama deyirsən ki, sən niyə Nüsrət Kəsəmənli kimi yazmırsan? Onu daha çox oxuyurlar... Yəqin hövsələdən çıxar şair dostumuz.

Ədəbiyyata bu nə dəllal münasibətidir?!

Varis bizə ədəbiyyat nəzəriyyəsini xatırlatmaq əvəzinə nə etməlidir, məncə... Hansı ki, bunu qismən Kulis.aza verdiyi açıqlamasında edib. “Məni nümunə göstərmək yanlışdır” – söyləməlidir. Şəxsən mənə nümunə kimi Kafkanı belə göstərsələr qəbul etməyəcəm və ondan da yüz qəmbərqulu tapıb çıxaracam. Çünki mənimçün ədəbiyyat ölüm-dirim məsələsi, Allah-bəndə işidir. Mən ədəbiyyata pul-para ölçüləri ilə baxa bilmərəm! Və pul qazanmaq üçün əsər yazanları da heç vaxt anlamamışam.

Yazmaq olar, amma bunu ədəbi meyara çevirmək olmaz.

Mən kitab konusunda öz xalqıma güvənmirəm.

Çünki onu yaxşı tanıyıram.

# 4180 dəfə oxunub

Müəllifin son yazıları

# # #