“Gəlin çinar”ın deputat sonluğu

“Gəlin çinar”ın deputat sonluğu
29 noyabr 2013
# 11:13

Yazıçı Əkrəm Əylisli yeni hekayəsi “Gəlin çinar”ı Kulis.Az-a təqdim edərək hekayənin sonluğunun Kulis yazıçıları tərəfindən təkrar yazılmasını xahiş etmişdi.

Kulis.Az Şərif Ağayarın yazdığı sonluğu təqdim edir.

Başqa sonluqlar da çap edildikdən sonra Əkrəm Əylislinin sonluğu dərc ediləcək.

Əkrəm Əylislinin yarımçıq hekayəsi

Qan Turalının faciəvi sonluğu

Mirmehdinin sonluğu: Quzu verib kredit almaq

Və Orxanın birdən yadına düşdü ki, onun babası Sadıq kişi bu işin öhdəsindən gələ bilər. Axı o, millət vəkilidir. Üstəlik tanınmış yazıçıdır.

Sadıq Sadıqzadə həqiqətən yazıçı idi, özü də yaxşı yazıçı idi! Əsərlərində təbiət qəribə canlılıqla təsvir edilirdi. Ağaclara ad qoyan, onları gah qadına, gah kişiyə, gah cavan oğlana, gah cavan qıza, gah da Orxanın əmisi qızı Aytən kimi gəlinə bənzədən bu qaim-qədim camaatın saf duyğuları Sadıq Sadıqzadənin yazılarının ruhuna hopmuşdu.

Orxan babasının təbiəti bütün varlığı ilə sevdiyinə əmin idi. İllah da ağacları! O, həyətdə öz əli ilə əkdiyi ağaclara həmişə adam kimi müraciət edir, onlarla danışır, bəzən sevir, bəzən danlayırdı. Hətta bir dəfə əlinə balta alıb bağdakı qollu-budaqlı armud ağacına cumduğu da olmuşdu. Guya baltalamaq istəyirdi ağacı.

Amma gözəgörünməz adamlar Sadıq kişini tutub saxlayır, armuda zəfər yetirməsinə imkan vermirdilər. Uzun “çəkişmə”dən sonra Sadıq kişi “huh” eləyib baltanı yerə qoydu və yaxınlıqdakı kötüyün üstündə oturdu.

Orxanın gözləri kəlləsinə çıxmışdı bu mənzərəni görəndə. Ona elə gəlmişdi ki, babası havalanıb. Sonra Sadıq kişi Orxana bu hərəkətinin sirrini açmışdı: “Armud ağacını qorxuduram ki, bar gətirsin. Ağaclar baltadan qorxur... O, bildi ki, gələn il bar verməsə dibindən baltalayacam!”

Həqiqətən də, o biri yay armud ağacı bar gətirmişdi.

Sadıq kişi əllərini hərdən ehtiyatla ağacların gövdəsinə sürtüb gözlərini yumurdu. Elə bil onların səsini eşidir, gövdələrinin hənirtisini duyurdu. Orxana elə gəlirdi ki, bu ağaclar gecələr də çıxmır Sadıq kişinin yuxusundan.

Bir budağın qırıldığını gördümü, öz əli-qolu qırılmış kimi ufuldayır, cəld sınan yeri parça ilə sarıyırdı.

Meyvə yığanda hamını ehtiyatlı olmağa çağırırdı Sadıq kişi.

Budaqları qırmayın, deyirdi.

Ağaclarda quş yuvası görəndə uşaq kimi sevinirdi.

O, ağacları həm də quşların vətəni sayırdı.

Sadıq Sadıqzadənin əsərlərindəki ağaclardan işıq gəlirdi elə bil.

Onlar həm də müqəddəs varlıqlar kimi tərənnüm olunurdu.

Qınayan olmasa Sadıq kişi ağaclara ibadət edər, hər gün beş kərə başına dolanardı.

Buna görə Bakıda çox qala bilmirdi. İmkan düşən kimi doğma ağaclarının yanına qaçırdı. Az qala qucaqlayıb öpürdü əziz dostlarını.

Orxan nə qədər düşünsə də, Gəlin Çinarla bağlı Sadıq kişinin bir xatirəsini yadına sala bilmədi. Sonra anladı ki, bu elə də vacib deyil. İstərsən dünya dağılsın, onun babası adi bir kolun belə kəsilməsinə, bir çiçəyin belə tapdanmasına imkan verməzdi.

Sadıq kişinin rayon rəhbərliyinin yanında böyük hörməti vardı.

Havayı deyildi... Hələ keçmiş ittifaqın vaxtından bu bölgədə Sadıq Sadıqzadə qədər tanınan qələm adamı yox idi. O, təkcə bu bölgənin deyil, bütün ölkənin ən istedadlı, ən məşhur yazıçılarından idi. Elə millət vəkili seçilməyinə səbəb də yazıçı kimi şöhrətli olması idi.

Orxanı çox istəyirdi babası.

Telefonda səsini eşidəndə, özü demiş, dinə-imana gəlirdi.

Bu dəfə də belə oldu. Atası nömrəni yığıb Orxana verəndə artıq babası düyməni basıb telefonu qaldırmışdı.

- Babacan! Babacan!

- Başına dönərəm sənin! – babasının mehriban səsi eşidildi.

- Babacan! Babacan! Aytənin Gəlin Çinarını kəsib aparmaq istəyirlər... Quşlar yuvasız qalacaq.

Sadıq Sadıqzadə tutuldu. Orxanın atası ilə də danışıb hər şeyi yerli-yataqlı öyrənəndən sonra səsinin tonu dəyişdi.

Oğluna dedi:

-Mənim Orxan balama denən, nə qədər ki, sağam Aytənin Gəlin Çinarına heç kim toxuna bilməz. Orxan balamın quşları yuvasız qalmayacaq!

Orxan sevindi.

Həmin gecə yuxuda Gəlin Çinarı gördü. Balaca bir duman topası ağacın başına dolanmışdı və onu həqiqətən də duvaqlı gəlinə bənzədirdi. Qəflətən şıdırğı yağış yağdı, üşüyən sərçələr cükküldəşərək çinarın iri yarpaqlarının altına doluşdular.

# 3074 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #