Futbolun ədəbiyyata təsiri

Futbolun ədəbiyyata təsiri
2 mart 2016
# 13:48

Ədəbiyyat sənətdir, şübhəsiz...

Sovet ənənəsi ilə desək, həyatı bədii boyalarla əks etdirən söz sənəti...

Ancaq ədəbiyyatın bir tərifə, bir cümləyə sığmayacaq məfhum olduğunu hamımız bilirik.

Hətta ədəbiyyatla literaturanın eyni olmadığını anlamışıq.

Cəmiyyətin bütün sahələri kimi ədəbiyyatın qarşısına da zaman-zaman yeni tendensiyalar çıxır və onun xarakterinə təsir edir.

Təbii, ən başlıca prinsiplər dəyişmir.

Misal üçün, kitab yaranan gündən dördkünc olduğu kimi, ədəbiyyat da estetik dəyərə sədaqətlidir.

Bəs ədəbiyyat zaman və məkanla nə dərəcədə bağlıdır?

Məncə, çox ciddi şəkildə bağlıdır.

Mənə görə, Qarabağ məğlubiyyətinin, futbol komandalarımızın uduzmasının, Milli Təhlükəsizlik Nazirliyindəki son olayların, təhsilimizdəki vəziyyətin, devalvasiyanın ədəbiyyata həm birbaşa, həm dolayısı ilə təsiri var.

Əminəm ki, Azərbaycan iqlimi bir az bundan soyuq və ya isti, Murovdağ daha balaca, Xəzər daha böyük olsaydı bu bizim mətnlərə təsir edəcəkdi.

Yüzü yüz söz desin, mən ədəbiyyatı cəmiyyətdən təcrid olunmuş ayrıca sənət sahəsi kimi qəbul etmirəm.

Məsələn, dəniz ilbizləri ilə maraqlı fiqurlar düzəltmək sənətinin cəmiyyətlə elə də bağlılığı olmaya bilər.

Yaxud, pinəçiliyin, heykəltəraşlığın, bənnalığın...

Ədəbiyyat belə deyildir.

Ədəbiyyat həm də mənəviyyatdır axı.

İnsan ucalığının, böyük humanizmin, ali hisslərin tərənnümçüsüdür.

Bir ayaqqabı tikənin cəmiyyət qarşısındakı mənəvi öhdəliyi yazıçı qədər ola bilməz.

Bu mənada, mənə görə, hər zamanın və məkanın öz ruhundan, mənəvi-psixoloji əhvalından doğan ana mövzular vardır.

Bizim kimi bir ölkə özünəxas mövzuların, dəyərlərin irəli getmiş dünya standartlarına uyğun səviyyədə təqdimatı ilə ədəbiyyatda özünü daha dürüst ifadə edə bilər.

Xırda bir misal çəkim: tutaq ki, Londonda yanacaqda Avro 5 standartı tətbiq olunur.

Bu, avtomobillərin texniki təchizat baxımından havanı korlamaması üçün ideal standartdır.

Və gəlin bu standartı Bakıya tətbiq edək.

Dərhal problemlə üzləşirik: çünki Bakıda satılan yanacağın özü bu tələblərə cavab vermir. Son model avtomobil də gətirsən havaya zəhər buraxacaqdır.

Yaxud, Amsterdamda qırmızı işıqda keçmənin cəriməsi 500 avrodur.

Bu qanun o cəmiyyətdə tətbiq edilir ki, orda orta aylıq əmək haqqı 4000 avrodur.

Demək, orta aylıq əmək haqqı 200 avro olan ölkədə bu qanun bu şəkildə tətbiq edilə bilməz.

Ancaq, elə dəyərlər vardır ki, onu asanlıqla mənimsəmək olar və hətta vacibdir.

Və həm də belə dəyərlər çoxdur.

Ədəbiyyatda da bu cürdür.

Yadımdadır, bir fransız tənqidçi Mehriban Ələkbərzadənin cüzam xəstələri ilə bağlı filminə baxarkən elə beləcə də demişdi: “Bir azərbaycanlı niyə cüzam xəstələrindən film çəkməlidir?”

Əlbəttə, sənətdə kəskin şərt qoymaq olmaz.

Amma gəlin etiraf edək ki, fransız qadın xeyli haqlıdır.

Başqa bir örnək verək: Hüseyn Cavid və Mirzə Cəlil...

Biri yerə enmək istəməyən səma şairi, o biri səmalarda sağa-sola uçub yerdəki hadisələrə biganə qalan, onu unudan qələm adamlarına kəskin istehza edən yer yazıçısı...

“Şeyx Sənan” və “Usta Zeynal”.

Biri xristianlıq və müsəlmanlığın təməl prinsipləri ilə zahiri ayinlərin ziddiyyəti üzərində qurulmuş şahanə bir “beyin məhsulu”, o biri Azərbaycanın reallıqlarının içindən süzülüb gələn və bu gün də kifayət qədər funksional olan “canlı əsər”...

Yolumuzu necə müəyyənləşdirək?

Məmmədhəsən əminin faciələrini şahidlik edən Mirzə Cəlil gedib evdə “Proses” yaza bilərdimi?

Şeyx Nəsrullahın hər gecə döşəyinə çəkdiyi azyaşlı qızların göz yaşına baxa-baxa Anna Karenina problemini qaldıra bilərdimi?

Məncə, yox!

Qərb cəmiyyəti analoji problemləri yaşadığı illərdə oxşar bədii nümunələr yaradılırdı.

Tutaq ki, bir istanbullu ilə yunan-türk düşmənçiliyindən danışsaq, o, asanlıqla lağlanıb bizə güləcəkdir.

Amma, Təbrizdə mücahidlərin dar ağacında yelləndiyi vaxt fars şovinistləri ilə qardaşlıqdan dəm vura bilməzsən.

Atanı gözünün qabağında oda atıb yandırıblarsa müharibəyə ironiya etməyə gücün çatmaz və buna heç gərək də yoxdur.

Qərbdən öyrəndiyimiz hər hansı dəyərlər sistemini Avro 5 standartı kimi ədəbiyyatımıza soxuşdurmaqla heç nəyə nail ola bilməyəcəyik.

Biz Avropadan nəyisə əzbərləyib sənət cameəsinə soxuşdurmaq əvəzinə, özümüzü ifadənin uyğun modelini tapmalıyıq.

Avropa təcrübəsi bu işdə bizə sadəcə kömək edə bilər.

Necə deyərlər, əvvəl yanacaqdoldurma məntəqələrində təmiz yanacağın satılmasını təmin etməli, sonra əhalinin sosial durumunu düzəltməli, ən axırda Avro 5 tətbiq etməliyik.

Hərə bir termin əzbərləyib sağa-sola at oynadır.

Və bu hoqqaları bədii mətnlərdə yox, şou məzmunlu publisistik məqalələrdə çıxarırlar.

Terminlərlə at oynadıb özünü göstərməyə çalışanlar Mirzə Cəlilin şeir bülbüllərinə bənzəyir.

Onlarla qabağa doğru bir addım da atmaq olmaz.

Orxan Pamuk təcrübəsi mən dediklərimə əyani sübutdur.

Onun az qala bütün mövzuları Türkiyə cəmiyyətinin sarı siminə toxunur.

Orxan Pamuk türk ədəbiyyatından daha artıq türk cəmiyyətinin hadisəsidir.

Eləcə də Salman Rüşdi, Xalid Hüseyni, Nəcib Məhfuz, Mo Yan öz məkan və zamanlarının hadisələridir.

Dünyanı asanlıqla fəth edən İran filmlərinə diqqət etsək, çox mətləblərdən agah olarıq.

Heç bir iranlı rejissor, məsələn, fransızların “Yeni dalğa”sını süni şəkildə tətbiq eləməyib.

Eləyibsə də, təbii ki, alınmayıb və biz həmin rejissoru tanımırıq.

Amma kim deyirsə ki, “Yeni dalğa” İran kinosuna təsir etməyib, əlbəttə ki, səhv edir.

Biz Qafqaz-Azərbaycan məzmunlu dünya kitabları yaratmalıyıq.

Təbii, məzmunumuz imkan verdiyi qədər...

Öz məzmunumuzdan kənarda isə heç nə yoxdur.

Boş və mənasız imitasiyadan başqa...

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #