Pul qazanmaq üsulu

Pul qazanmaq üsulu
3 aprel 2015
# 11:19

Kolumbiyalı həmyaşıdımız Xuan Qabriel Vaskes ən məşhur əsəri olan “Düşən əşyaların səsi” romanında yazır ki, insanı dəqiq tanımaq üçün onun pul qazanmaq üsullarını öyrənmək kifayətdir.

1973-cü ildə doğulan, dünyada kifayət qədər tanınan, Avropanın bir neçə nüfuzlu ədəbiyyat mükafatını alan bu qaraşın yazıçını tanımaq və onun öz həmyerlisi və adaşı Qabriel Markeslə necə mırtlaşdığını görmək istəyirsinizsə, adını qeyd etdiyim romanı tapıb oxuyun. Yox, buna ərinirsinizsə, heç olmasa dostumuz Mirmehdi Ağaoğlunun bax bu linkdəki yazısına göz atın.

İsa Hüseynov deyirdi ki, bu dünyada ən yaxşı tanıdığım adam öz atamdır. Ona görə bir çox əsərlərdə yaratdığım obrazlar məhz onun prototipidir. Məncə də elədir. Adam öz atasından yaxşı kimi tanıya bilər? Amma o adam ki, ayıqdır və o adam ki, həqiqəti atasına belə güzəştə getmir. Yoxsa, sentimental “Ata sevgisi” özündən deyən hər kəsin gözünü bağlaya bilər.

Mən də düşünmüşəm ki, atamı yaxşı tanıyıram. Mənə də bir yazıçı olaraq atam çox kömək eləyib. Hətta onu lap dəqiq tanımaq üçün çoxlu danışdırmışam da. Bu söhbətlərin ən maraqlı məqamlarından biri belə olub. Demək, atam mağazada işləyib uzun müddət. Və imkanlı olub. Deməli, pullanmaq üçün işlər çevirib. Amma nə kimi işlər? Bunu soruşmuşam, sağ olsun, səmimi cavab verib: “Tərəzidə aldatmadım, amma baha satdım”. Məncə, istənilən qələm adamı, əgər atası yaşayırsa və az-çox ictimai fəaliyyəti varsa, bu sualı ona verməli, heç kimə deməsə də ürəyinin dərinliklərində atasının kim olduğunu bilməli, onu hansı çörəklə böyütdüyünü yəqin etməlidir.

Gəl-gələlim, bugünümüzə...

Azərbaycanda bir yazıçının ədəbiyyatla varlanması mümkün deyil. Demək, torbada pişik var. Necə yaşayırsan, necə varlanırsan? Kitabın yüksək tirajla satılmır, filmlərin çəkilmir, elmi kəşflərin yoxdur. Aha, işləyirsən, maaş alırsan, amma maaşla bütün bu imkanlar olmaz ki! Yeməsən, içməsən, çəkməsən, gəzməsən, yasa-toya getməsən yenə qazancın imkanınla düz gəlməyəcək. Demək, bir yolunu tapmısan və əgər bu yolu hər kəsdən cidd-cəhdlə gizlədirsənsə, məqbul yol deyil. Əlbəttə, mən “abaxeyis” deyiləm, sadəcə bilmək istəyirəm ki, yumşaq desək, qeyri-məqbul yolla varlanıb ədəbiyyatla necə məşğul olursan? Nəyi təbliğ edirsən? Siz yaxşı olun, amma mənə icazə verin pul və şöhrət üçün hər yola əl atımmı demək istəyirsən? Özünümü aldadırsan, bizimi, ilham mələklərinimi? Bəlkə ədəbiyyatdan bir tramplin kimi istifadə edirsən? Şöhrətin ucuz yolunu tapmısan?

Pul qazanmaq üsulu... Adamı tanımağın ən optimal yolu... Təsadüfi deyil ki, demokratik cəmiyyətlərdə seçkilərə gedən namizədlər qazancının şəffaflığını təmin etməlidir. Özündən deyən adam burda tələyə düşə bilər, quyruğu qapı arasında qalar. Mən özüm də ürək edib bu mübahisələrə sidq-ürəkdən girişə bilmərəm. Ağır söhbətdir. Pulun, şöhrətin, komfort həyatın, göyçək qadına ulaşmaq imkanlarının müqabilində məhrumiyyətlərlə şərtlənən həqiqəti seçmək hər oğulun işi deyil. İslam peyğəmbəri məhz insanın bu daxili ehtiraslarına qalib gəlməsini cihadi-kəbir, yəni böyük cihad adlandırırdı. Təsəvvür edin, islamın taleyini faktiki olaraq həll edən Xəndək döyüşü, Məkkənin fəthi nəfslə mübarizənin yanında XIRDA hesab olunur.

Ədəbiyyatdan da Həqiqət-Nəfs seçimi arasında tərəddüd edən, qalib gələn, məğlub olan, dürlü-dürlü hallara düşən onlarla obraz misal çəkə bilərəm. Ancaq, düşünürəm ki, biri-birimizi anlaya bildik.

Mən necə varlandım?

Bunu səmimi şəkildə öz oğluma da olsa danışmağa cəsarətim çatarmı?

Çatmırsa, nə qədər aciz, zəif və mağmın biri olduğumu anlaya bilərəmmi?

Heç olmasa zəifliyimi başa düşəcək qədər gücüm qalıbmı?

Var-dövlət və şan-şöhrət üçün həqiqətdən üz çevirdim axı – bu, yolların ən asanı və ən rəzili deyilmi? Dünyalar qədər sevdiyim övladlarımı bu yalanların, bu riyakarlığın çörəyi ilə böyütdüm. Nə qədər bədbəxtəm... Ah, bir gün anlayıb-bilib məni ittiham etməsələr...

Bu sualları özünə verən neçə nəfər var sizcə?

Məncə, xeyli var. Nə qədər pis adam olsa da ən azı bir gecə yatmazdan əvvəl qəlbinin dərinliklərindən qımıltı gələcək. Ən azı Tolstoyun İvan İliçi, Yusif Səmədoğlunun Zülfüqarı kimi ölüm ayağında narahat olacaq. Çünki, haqq elə bir işıqdır ki, o, heç vaxt axıracan sönmür.

Bir həqiqətin başına doxsan-doqquz yalan dolanaraq girələnə bilir.

Son olaraq məşhur deyimi bir az dəyişərək belə yazaq: necə pul qazandığını söylə, kim olduğunu deyim.

# 2203 dəfə oxunub

Müəllifin son yazıları

# # #