Möhüş - “Ən yaxşı hekayəmiz”

Möhüş - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
26 aprel 2016
# 20:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Şərif Ağayarın Möhüş” hekayəsini təqdim edirik.

Bizim qonşu kənddə Möhübbət adlı yaşlı bir kişi var. İndi Masazır qəsəbəsində qalır. Yaşı xeyli irəliləmiş bu ortaboy kişinin işi-gücü Bakı-Sumqayıt yolunun kənarında hinduşka otarmaqdı. Hinduşkaları üçün alıcıları da bu strateji əhəmiyyətli magistralın həndəvərində tapır.

Möhübbət kişiyə el arasında Möhüş deyirlər. Mən gözümü açandan onun adını Möhüş bilmiş və zahiri görkəmini elə beləcə görmüşəm. İllər bu köpəyoğlunun kişisinin ayıb yerinə deyil elə bil. Başını və üzünü həmişə dibdən qırxdırır. Elə dibdən ki, üstündə milçək sürüşər... Dazlığına rəğmən motosiklet ruluna oxşayan bığları sifətində daha canlı və daha şanlı görünür.

Əvvəllər imkanları yox idi Möhüşgilin. Bu yaxınlarda eşitdim ki, Xırdalan qəbiristanlığı ilə üzbəüz iri məhəllənin birində tikilən evlərini kirayəyə verir. Daha doğrusu, bununçün həyətdə xüsusi otaqlar tikdirib...

Mənə kirayə ev lazım idi. Dabanıma tüpürdüm! Düz Möhüşün yanına.

Həyətdə idi. Kubik parçasının üstündə oturub kürəyini evin gündöyən divarına söykəmişdi. Ayağında qaloş vardı. Şalvarını səliqə ilə corablarının içinə salmışdı. Kənddə də belə edirdi Möhüş. Heç enli əlləri də dəyişməmişdi. Yadımdadır, uşaqların başına çırtma vurub onlara alça paylayardı. Kimin başına möhkəm vururdusa, iki alça verirdi ona, kim Möhüşə təslim olub başını onun ixtiyarına buraxmırdısa alça üzünə həsrət qalırdı. Sonralar yekə-yekə kitablar Möhüşün bu hərəkətinin sirli və abırsız səhifələrini açdı mənimçün. Əlim üzümdə qaldı! Ürəyimdə onun şeşə bığlarını söyüşlə yağladım.

Möhüşün gözləri əvvəlki şövqlə parıldayırdı. İnanmazdım, məni o saat tanıdı. Yeddi arxa dönənimi qəbirdən çıxarmağa ehtiyac qalmadı. Mehriban qarşıladı məni. Amma kirayə otaqların heç biri xoşuma gəlmədi. Dar və səliqəsiz idi. Kasıb ki, kasıb! İmkanı olanda da idimi üstündən getmir.

Hava gözəl idi. Həyətdə göy ot çıxmışdı. Mən də bir kubik parçası tapıb Möhüşün yanında oturdum. Kepqasının dalını qaldırıb parıldayan gözlərinə kölgəlik elədi. Məzələnmək istədim kişiylə:

“Əşşi, o alçalardan da düz-əməlli vermədin yeyək, nə oldu, ağacların hamısı erməniyə qaldı!”

Dinmədi.

Vaxtı ilə başımıza çırtma vuran gödək və yoğun barmaqları cibinə soxulub nəsə axtardı. Siqaret çıxartdı, hövsələ ilə yandırdı, tüstünü günəşə tərəf üfürüb buyurdu:

“Ağlın nə kəsir, bu torpax məsələsinnən, qayıdajağıx görən?”

Muğam oxuya-oxuya otluqda hərlənən hinduşkalara baxıb dedim:

“Ağlım bir şey kəsmir!”

Gözlərini qıyıb məni baş-ayaq süzdü. Elə bildim yenə də başıma çırtma vurmaq keçir ürəyindən. Qımışdım.

“Düz deyirsən! Biz kol-kos müsəlmanıyıq, bizdən iş görən olmaz!” – Möhüşün sözləri hinduşkanın gileyli səsini daha da mənalandırdı.

Maraq məni bürüdü. “Qılınc müsəlmanı”, “Müsəlmanın sonrakı ağlı”, “Harda müsəlman görürəm qorxuram” kimi dünyəvi dinimizin əleyhinə işləyən ifadələrə rast gəlmişəm, ancaq bu kol-kos məsələsini indi eşidirdim.

“Kol-kos nə məsələdi, Möhüş dayı?!”

“Bilmirsən?!” – gülümsündü, “motosiklet rulu” qulaqlarına tərəf dartındı və sifətində qəribə bir doğmalıq peyda oldu.

“Yox, bilmirəm!”

“Booo...” – kişi səsini qaldırdı – “Bə nə təhər oxumusan məhtəbi?!”

Dinmədim.

Möhüş kişi hövsələ ilə siqaretdən daha bir qullab alıb tüstünü yavaş-yavaş ağzından, burnundan buraxdı... Tüstüyə bülənd olmuş bığlarının altından tanış səs təkrar eşidildi:

“Bir gün iş-güc üçün urus, erməni, gürcü, bir də müsülman, Allahın yanına gedillər... Allah fikirrəşir ki, hası gəlif birinci nə söz desə, elə onu da verəjəm ona... Həəə...” – daha bir təntənəli qüllab. Sözlər tüstüyə büründü – “Urus gəlif deyir, taxtın-tacın necədi? Allah deyir, get, taxtı-tacı verdim sənə... Gürcü deyir, kef-damağın nə təhəridi? Deyir, kef damağı da sənə verdim... Erməni gəlif Allahdan işini-gücünü soruşur, qurbanoğlduğum da, işi-gücü olara verir. Müsəlman gəlif çıxmır! Allah xidmətçilərini yolluyur, gedif görüllər ki, kolda gizdənif qonşunun qəflə-qatırını güdür. Allah da deyir, dəymiyin, qoy o da onnan başını girələsin...”

Möhüşün üzünə baxdım, o, gülmək əvəzinə, qəm dəryasına qərq olmuşdu. Deyəsən, danışdığı əhvalata əməlli-başlı inanmışdı. Bayaqdan sevincdən qulaqlarının dibinə dartınan bığları şəlalə kimi çənəsinə tökülmüşdü.

İstədim Möhüşə təsəlli verəm, bayaqdan tüklərini qabardıb yanımızda kişi-kişi hərlənən hinduşka xoruzu sözümü ağzımda qoydu: “quqquluğlü!!!”

“Bay sənin yiyənin dədəsinin kəlləsini...” – Möhüş böyründəki ağacı alıb ucuyla hinduşkaya möhkəm bir dımbız vurdu, hinduşka “quq” eləyib havaya tullandı.

Amma yaman yeməli hinduşka idi!

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

Anar "Nisbət nəzəriyyəsi"

Ş.Ağayar "Möhüş"

# 2216 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #