Nizami... Mövlana... Orxan Pamuk...

Nizami... Mövlana... Orxan Pamuk...
3 sentyabr 2015
# 11:24

Kulis Şərif Ağayarın “Nizami... Mövlana... Pamuk” essesini təqdim edir.

Son günlər Nizami – Mövlana – Orxan Pamuk üçlüyü haqqında daha çox düşünməyə başlamışam...

Bu düşüncələr Nizami Gəncəvinin “Xosrov və Şirin” mənzum romanındakı bir nüansı oxuyandan sonra daha da dərinləşdi. Xosrov sərxoş vəziyyətdə Şirinin qəsrinə gəlir, xahiş edir ki, onu içəri buraxsın. Sevdiyi şahənşahla kəbinsiz yaşamaq istəməyən Şirin onu rədd edir. Həm də həmin vaxtlar Xosrov İsfahan gözəli Şəkərlə evlidir. Şirin onların sevgi yox ehtiras üzərində qurulan münasibətinə ağır tənələr vurmaqla Xosrovun cızdağını çıxarır.

Nizami biri-birinə çox yaxın olan şəkərşirin sözlərinin məna çalarlarıyla oynaya-oynaya Şəkərlə Şirinin xarakterindəki, Xosrovla münasibətindəki incə məqamları böyük məharətlə açır. Şəkər zahiri-dünyəvi məna kəsb etməklə keçici, Şirin gözəlliyin mahiyyətini ifadə eləməklə qalıcı hisslərin rəmzinə çevrilir. Bizim dilimizdə “Şirin adamdır” deyə bir ifadə var ki, burda söhbət heç də fizioloji mənada daddan-tamdan getmir. Amma şəkər sözü məşhur xəstəlik də daxil olmaqla daha çox fiziki məna kəsb edir. Şəkər müstəqim, Şirin məcazıdr. Şəkər görünən, Şirin dərk olunandır. Şəkər təqlid, Şirin orijinaldır.

Xosrov Şirinə demək olar ki, yalvarır. Şah qürurunu onun qarşısında aşağılayır da! Və bu yalvarışlarda Nizaminin bənzərsiz qələmi bədii təsvir və ifadə vasitələrinin ərşü-əlasına qalxır. Xosrov deyir, mən hər gün sənin həsrətindən şam kimi əriyirəm. Həm yanıram, həm ağlayıram. Görünür, şam da mənimlə eyni dərdlidir, çünki o da öz şirinindən cüda düşüb.

Bildiyiniz kimi şamı mumdan hazırlayırdılar. Mum arı şanının baldan təmizlənmiş variantıdır. Ağlayan şam şirinindən (balından) ayrıldığı kimi, Xosrov da öz Şirinindən ayrıdır...

Yada salaq: oxşar metafora Füzulinin “Leyli və Məcnun” poemasında rastımıza çıxır. Leyli şama müraciət edərək təxminən eyni sözləri deyir, sadəcə Füzuli bircə nüans əlavə edir ki, Leyli şamdan da betərdir, çünki şam yalnız gecələr tutuşur və ağlayır (yəni qaranlıqda yandırırlar), Leyli isə “gecəvi-gündüz giriftar”dır. Amma təbii ki, bənzətmə mumun (türklər şama elə mum deyir) arı şanındakı ballı-hallı vədəsinədək irəliləmir.

Daha sarsıdıcı oxşarlıq Mövlananın “Məsnəvi”sindədir. “Məsnəvi” belə başlayır:

Dinlə neydən ki, hekayət etmədə,

Ayrılıqlardan şikayət etmədə.

Və bu beytdən sonra ney başlayır danışmağa. Deyir, məni qamışlıqdan kəsib öz ilkinliyimdən cüda saldıqları üçün belə ah-nalə edirəm. Mövlana neyin qamışlıqdan cüda düşməsini insanın Tanrı hüzurundakı ələst aləmindən (ruhlar aləmi) iraq düşüb imtahan üçün bu dünyaya gəlməsinə inanılmaz dərəcədə sənətkarlıqla metafora edib. Bununla da təkcə dünya ədəbiyyatına deyil, həm də dünya fəlsəfi düşüncəsinə NEY simvolunu qazandırıb. Yeri gəlmişkən, deyək ki, Füzuli də ney simvolundan yüksək sənətkarlıqla istifadə edib. Bircə örnək kifayətdir: Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm / Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm Sənin hüzurundakı ruhlar aləmini – o vüsal məclisini yad elədikcə, nə qədər nəfəsim bu quru cismimlə gedib-gəlir ah nalə edəcəyəm. Və ən ilginci, insanın bədənində havanın gedib-gəlməsi ona həyat verdiyi kimi, neyin də içinə hava üfrülməsə səsi çıxmaz.

CanSöz məcazları da Mövlana və Füzuliyə Nizamidən gəlib. “Can sözdür” – bu ifadə Nizamiyə məxsusdur. “Sirlər xəzinəsi”ndə bir neçə yerdə rast gəlinən bu uyğunlaşdırma Mövlanada “Söz can yonqarıdır”, Füzulidə “Can sözdür əgər bilirsə insan / Sözdür ki, deyirlər özgədir can” şəklində inkişaf etdirilir. Bu misalı niyə çəkdim. Söz həm “yoxdan var olmaqla” qeybin (qamışlığın, ələst aləminin), həm də hərflər şəklində real dünyanın (neyin, şamın) xüsusiyyətlərini özündə daşımaqdadır.

Ney qamışlıqdakı asudəliyin həsrətiylə yanıb yaxılır. Şam arı pətəyindəki şirinliklə harmoniyada olduğu çağlardan ötrü ağlayıb-tutuşduğu kimi...

Təbii, Nizamidə EŞQ yalnız dünyəvi hadisə deyil, həm də ilahi harmoniyadır. Demək, onun mumla-balın vəhdəti kimi təxəyyül etdiyi dünya elə ələst aləminin özüdür ki, burda söhbət cismani eşqdən deyil (Şəkərə bəslənən), ilahi eşqdən (Şirinə bəslənən) gedir. Məhz Şirin buna görə Xosrovun sarayına kəbinsiz – o zaman üçün Allahın izni olmadan gedə bilməzdi. Hətta qəsrdə dərd-qüssədən can verib ölsə belə...

Nizami və Mövlana estetikasını onu kəlləmayallaq edəcək səviyyədə mənimsəyən Orxan Pamuk isə görün estafeti haralardan götürür?

“Məsnəvi”nin ilk beytindən sonra ney başlayır danışmağa. Ney özü öz başına gələnləri nəql edir. Bu nədir? Alleqoriyamı?

Oxşar situasiya ilə “Mənim adım qırmızı” romanında rastlaşırıq. Ölmüş adam necə qətlə yetirildiyini nəql edir. Daha sonra itin rəsmi danışır, saxta qəpik danışır və s. Və ən maraqlısı Şəkurə adı ilə Şəkər adlarındakı oxşarlıqdır. Orxan Pamuk qəhrəman kimi Şirini (mahiyyəti) deyil, Şəkəri (görüntünü) seçir. Çünki roman nəqqaşlıq sənətiylə bağlıdır. Yəni, görüntüdür. Romanın əsas konflikti də görüntü ilə mahiyyət, təqlid ilə orijinal arasındakı ziddiyyət üzərində qurulub. O ziddiyyət ki, hələ Platonun məşhur mağarasındakı kölgələr şəklində rastımıza çıxmışdı. İdeal aləmin kölgələri... “Mənim adım qırmızı” romanında nəqqaşlar Venesiya rəssamlarının təsiri ilə insan portreti çəkib miniatür ənənələrini darmadağın etdikləri üçün qətlə yetirilir. Bu həm də islam dininə tərsdir. Adam şəkli çəkmək olmaz! Halbuki Nizamidə Şirin Xosrova onun rəsmindən aşiq olmuşdu. Doğrudur, “Xosrov və Şirin”də hadisələr islamdan əvvəl, Nizaminin gizli bir sevgi duyduğu zərdüştilik zamanında baş verir. Amma onun islam renessansı dövründə insan rəsmindən bu cür bəhs etməsini təsadüfi saymaq ağılsızlıq olardı.

Səməd Vurğun sovet-proletariat konyukturasına uyğun olaraq Nizamidən əsinləndiyi pyesinə “Fərhad və Şirin” adı verdiyi kimi Pamuk da postmodern dövrün tələblərinə uyğun olaraq Şirinin dastanını deyil, Şəkərin – Şəkurənin romanını yaradır.

Pamuk Mövlana və Nizamiyə qoşularaq bu üçlüyü onların bəlli klassik ənənələrini təpəsi üstünə çevirməklə tamamlayır; vizual zamanımızın diktəsinə uyğun olaraq görüntünü əsas götürür. Bildiyiniz kimi postmodern ədəbiyyatda təqlidin orijinaldan əhəmiyyətliliyi prinsipi çox ciddi şəkildə qoyulmuşdur. Din isə bu əməldə şeytanilik görür. Musa ilə Tur dağının əhvalatını xatırlayın. Allahı görmək imkansızdır. Bu arzunun özündə iblis barmağı var. Baxın, molla təfəkkürlü tənqidçilərimizin bir çoxu Pamuku islamın düşməni, şeytanın diktəsi ilə yazan yazıçı hesab edirlər. Bu, qeyd etdiyim məsələ ilə bağlıdır. Pamukda tanrı mərkəzçiliyi, ələst aləmi materialist soyuqqanlılıqla inkar olunur, ələ salınır. Eynən Eko monastır mədəniyyətini dağıdıb istehza etdiyi kimi...

Pamuk qamışlığı deyil, neyi seçir. Arı pətəyindəki şanın hicranı ona təsir eləmir. Şamın ağlamasına gülür. Neçə yüz illik bənzətmələri gündəmdən çıxararaq Nizami və Mövlana ilə zaman paralelləri və intertekstuallıq şəklində ağlagəlməz, yeni, daha geniş miqyaslı, daha mürəkkəb dəyərlər üzərində qurulan metafora yaradır.

# 3556 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #