Mənim Habil Əliyevim - Şərif Ağayar yazır...

Mənim Habil Əliyevim - Şərif Ağayar yazır...
28 may 2020
# 13:33

Bu gün Habil Əliyevin doğum günüdür. Kulis.Az bu münasibətlə Şərif Ağayarın böyük sənətkara həsr etdiyi yazını təqdim edir.

Habil Əliyev də haqqa qovuşdu.

Buna görə kövrələnlər, ağlayanlar, qüssələnənlər, hətta sevinib zarafatlaşanlar da oldu.

Bütün deyilən və yazılanların fövqündə yalnız bircə həqiqət qaldı: adam böyük sənətkar idi!

Dost idik.

Onun müəllifi olduğu kitabın redaktoru özünün təkidi ilə mən olmuşam.

Yaxşı da qonorar yazıblar mənə.

Çünki məni tanıyırdı.

Hələ muğamın yiyəsiz vaxtlarında “Vahid” poeziya evində çox görüşmüşdük.

Mənə Şərifcan deyirdi həmişə və qəribədir, yarızarafat, yarıciddi dirəşirdi ki, deputatlığa namizədliyini ver, yaxşı danışıq qabiliyyətin var.

Sənətə qarşı güzəştsiz olduğumu görmüşdü, xoşuna gəlmişdi.

O, yalan danışa bilmirdi.

Sənət üçün ən yaxın dostlarını, qohumlarını of demədən güdaza verərdi.

Hamıyla münasibətini korlayardı.

Məndə də bu səfeh xüsusiyyət vardı və bunu duymuşdu.

Bir dəfə mərhum xalq artisti Tələt Qasımovun ifalarını kəskin tənqid edən yazı yazmışdım. “Vahid” evində üstümə düşdü.

Muğam oxuyan şöhrətpərəst ifaçıların çoxu kimi Tələt Qasımov da göründüyü qədər ağır adam deyildi. Şəhər qədeşliyi vardı özündə. Məni hədələdi. Dedi, öldürtdürrəm səni. Təbii, “qabağımdan yemədim”. Habil Əliyev hirsləndi. “O, məni də tənqid edir” – dedi – “Sən bildiyin jurnalistlərdən deyil! Ona heç kim heç nə edə bilməz. Səhv-düz öz fikirlərini yazıb. Səmimidir və səni təhqir eləməyib!”

Mənə deyirdi, dəlisən, mən də cavanlıqda belə idim, bildiyimi dədəmə də vermirdim.

Habilin redaktoru olduğum “Kaman əfsanəsi” kitabında qəribə bir məqam var. Yazır ki, qadaşım Qabillə (!) tar kursuna gedirdik, o, tarda istedadsız idi, heç nə çala bilmirdi, notu hiss eləmirdi. Mənsə, dəqiqliklə öyrənirdim. Bir gün atam bizi yoxlamaq istədi. Qardaşım tarı sinəsinə basıb səhv-sühv ağzına gələni çaldı, mən xəcalət çəkdim, yalnız öyrəndiyim bir-iki notu dınqıldatdım. Atam peysərimə şapalaqla ilişdirdi ki, səndən bir şey çıxmaz, gör qardaşın necə gözəl çalır? Day abır-həyamdan demədim ki, qardaşım yalandan çalır, səni aldadır.

Və davam edir Habil Əliyev: “Bildiyim və xəyanət etmədiyim həqiqətlər üçün ömrüm boyu bax belə şillələr yedim!”

Haqlıdır.

Buna hamımız şahid olmuşuq.

Janra görə karıxdırmaq olmazdı Habil müəllimi.

Röyanı sevirdi.

Tarkanı böyük ifaçı adlandırırdı.

Maykl Ceksondan danışanda adam hayıl-mayıl qalırdı.

Habil Əliyev hansı sənətlə məşğul olsa birinci olacaqdı.

Çəkinmədən deyirəm, onun həyat müşahidələri və bənzərsiz yumoru özündən deyən xalq yazıçılarımızın əksərində yoxdur.

Danışırdı mənə: Şərifcan, mən çəkəni kim çəksə kamançanı o cürə çalacaqdı... Uşaq idim... Müharibə vaxtı idi... Musiqi məktəbinə gedirdim... Tezdən poçtalyon evlərə qara kağız payladıqca həmin həyətlərdən ah-nalə ucalırdı... Hardan fəryad səsi gəlirdisə, bilirdim ki, poçtalyon o həyətdədir. Bax mən hər səhər o ah-nalələrin içindən keçib məktəbə gedirdim... Ömrüm boyu o ah-nalələri kamançada çalıb camaata çatdırmaq istəmişəm...

Ağlayırdı danışa-danışa...

Söhbətinin ən həssas nöqtəsində qəfil akrobat kimi elə manevrlər edirdi ki, bəzən mənim kimi “tülkü” də tələyə düşürdü. Tutaq ki, göz yaşı qurumamış qəfil deyir: “Şərqiyyə də mənim ikinci arvadımdı dəəə... bilirsən...”

“Bilmirəm” – diksinib stola çay qoyan Şərqiyyə xanımın üzünə baxıram. Habil müəllimdən çox cavan görünür. Məntiqlə inanmaq olar. Və ən çox da ona görə inanıram ki, Şərqiyyə xanım bu sözlərə heç bir reaksiya vermir. Sanki eşitmir. Yəni, təbiidir, həqiqidir, burda nə var ki! Sən demə zarafatlara öyrəşibmiş sadəcə! Mən nə bilim? Düşdüm təkərə... Hətta “Rəvanın anası Şərqiyyə xanım deyil?” – deyə sual verməkdən özümü saxlaya bilmədim. Yarım saat məni lağa qoyub güldü.

Amma, özünü tərif olmasın, mən də arada sözümü deyirdim.

Vaxtımız varkən, örnək verim bir dənə.

- Yağubu nə təhər oxutmuşam? – istehzayla gülürdü. Deyim ki, muğam söhbətində bölgəçilik heç vaxt səngiməyib. Mən də təxminən Qarabağlı sayıldığım üçün bir az da sancır, Şirvanın üstünlüyünü diktə etmək istəyir. Söhbət məşhur “Mənsuriyyə”dən gedir ki, doğrudan da orda Habilin müşayiəti Yaqubun ifasından geri qalmır və özü də heç qalmır. Mübaliğəsiz-filansız... Digər tərəfdən o Yaqubu aldadıb məşq adıyla lentə aldırıb ifanı. Yaqub “zapis” vaxtı həyəcanlanıb oxuya bilmirmiş.

- Səməd Vurğunun Dürrə ilə söhbəti yadınızdadı, Habil müəllim?! – Arif adam idi. Sözü göydə tuturdu. Söhbət o əhvalatdan gedir ki, Səməd Vurğunun dəli kimi sevdiyi və çoxlu şeirlər həsr etdiyi Dürrə xanım onu bəyənmir, bir prokurorla evlənir. Bir gün əriylə hansısa restoranda oturan vaxt Səməd yanlarından keçir, Dürrə qürrələnərək onun eşidəcəyi səslə ərinə deyir: “Bilirsən də, Səmədi mən şair elədim! Hahaha!” Səməd özünü itirmir: “Şair eləyənsən yanındakı öküzü də şair elə, kəramətini görək!”

Sözü tutmuşdu Habil müəllim. Amma hücumu saxlamadım:

- Elə oxudansınız, Canəli Əkbərovu da oxudun, görək!

Şirin-şirin gülüb başını buladı.

Yaqubun ifasını dəhşətli dərəcədə çox sevirdi. Amma özüylə mırtlaşırdı həmişə. Üzünə yox. Qarasına. Yalan deyərəm, mən onları bir yerdə görməmişəm. Yaqub sadəlövh adam idi deyə, hamı zarafatlaşıb adına yüz lətifə danışırdı. Bunların çoxu onun bənzərsiz səsinə görə idi ki, paxıllığını çəkir, görməmiş, savadsız, “naivni” obrazını yaratmağa çalışırdılar. Xüsusən ağdamlılar qısqanırdı. Bəli-bəli. Məhz ağdamlılar. Yaqub Ağcabədidəndir axı. Bizdə belədir. Qazağın da paxıllığını ən çox tovuzlular çəkir. Amma Habildə belə deyildi. Sadəcə sevdiyi böyük bir ifaçıyla ərkyana zarafatlar edirdi. Əgər bu zarafatların altında zərrəcə kibr və riya hiss eləsəm, ondan da məsələn, Arif Babayev kimi zəhləm gedərdi.

Yaqubla həm də uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.

Bildiyiniz kimi, Habil Əliyev Bakıya gələndə kaman sənəti əsasən ermənilərin əlində idi. Lentlərə diqqət etsəniz bu kamançalar səfehcəsinə cüyüldəyir, hətta bəzən səsi adamın başına düşür. Sanki tar müğənniyə, kamança da tara yaltaqlanır. Amma tarın bu “üzgörənliyində” bir ağayanalıq var, kamança ayağı tapdanmış küçük səsi çıxarır. Habil deyir, bu səs uşaqlıdan məni bezdirirdi və mən sonralar mənə dünya şöhrəti gətirəcək o melodiyaları tapmaq üçün min oyundan çıxırdım. O səsi içimdə eşidirdim, ancaq heç kimə başa sala bilmirdim və əmin idim ki, bu simçokun və bu tellərin arasındadır o ilahi səs.

Bir gün kimsə ona başa salır ki, get kaman ustası Nefton Qriqoryanın yanına, köpəyoğlunun ermənisi kamançanın cikini də bilir, bikini də. İçindən keçənləri ona başa sal, bəlkə nəsə çıxdı.

Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək eləmir. Habil hərləyib-fırlayıb bir gün içirdir bunu və qəfil Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsaq, bəlkə də sən deyən səsi verər.

Bakıda xrustal qab nə gəzir...

Varsa da varlılardadır, musiqiçi hardan tapsın?

Harayını Əlibaba Məmmədova aparır.

Əlibaba bakılıdır, ev-eşik sarıdan nisbətən imkanlıdır...

İzninizlə burda sözü Əlibaba Məmmədova verirəm. Burnunda danışsa da, şirin danışır sağolmuş:

“Arvadın xrustal cehizi vardı bir dənə - gül qabı! Habil mənə deyəndə, fikirləşdim ki, bu qabın işini bitirəm gərək. Bir gün qəsdən özümü yelləyib şkafa vurdum, qab kəlləmayallaq döşəməyə gəlib pul-pul oldu (şaqqanaq çəkib gülür). Arvad çox pis oldu. Amma day neyləmək olardı, qırıqları yığıb atmaq istəyəndə əlindən aldım ki, özüm ataram...”

Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habilin əlində kamançanın futlyarı var.

Əlibaba müəllim:

“Küçənin o tərəfindən məni görüb kamançanı futlyardan çıxara-çıxara özünü necə yola atdısa, az qaldı maşınların altında qala. Futlyarı tolazlayıb kamançanı aldı, yanıma çatan kimi simçoku bircə dəfə tellərə çəkdi, başımın tükləri biz-biz dayandı!”

Bəli, Habil Əliyev axtardığı səsi tapmışdı.

Və bu səs onun ecazkar barmaqlarına ram olandan sonra təkcə ermənilər deyil, muğamın yaradıcısı sayılan fars ifaçılar da dizlərini yerə qoymalı oldular.

Və bu səsin ecazı idi ki, illər sonra İran muğamının Allahı Şajaryanı Habil Əliyevin qarşısında ikiqat edəcəkdi.

Bax elə bu məqamda Habillə dostlaşmağımın tarixçəsinin yeri var.

Özü də qaymaq-bal misalı...

Polad Bülbüloğlu ilə araları yox idi. Hətta düşmən idilər demək olar. Düzdür, bu yersiz intriqada Habil müəllimin də günahı vardı. Amma əsas günah təbii ki, Polad Bülbüloğlunda idi. Çünki o, nazir idi və Habil Əliyevin kaprizlərinə dözmək birbaşa onun vəzifəsiydi. O, isə dözmürdü. Patriarxallıq edirdi. Həmin ərəfədə Habilin yubileyini keçirmədilər. Mən də yaradılışca axmaq olduğumdan bu söhbətə bir az alındım. Götürüb “Yeni Azərbaycan” qəzetinin mədəniyyət səhifəsinə bir yazı yazdım (O vaxt müqavilə ilə orda ədəbiyyat-mədəniyyət yazıları yazırdım). Məzmunu bu idi ki, sən erməninin əlindən kamançanı aldığın üçün yubileyini keçirmirlər. Çünki torpaq onlarda – kamança bizdə, məntiqlə düz gəlmir... Bu halda sənin bir işin qalır: yaşamaq! O vaxtacan ki, Şuşanı ermənilərdən geri alıb, sənin qalib sənətinə layiq qalib bir ölkə quraq!

Siz Allah, gülməyin...

O vaxt çox havalı və vətənpərvər idim.

Təkcə mən yox, hamı belə sadəlövh idi.

Və birdən dedilər, qəzetin baş redaktoru Alqış Həsənoğlu səni çağırır. Getdim. Səhv müşahidə edə bilərəm, amma deyəsən, Alqış Həsənoğlu ağlamışdı. Mənə xeyli tamaşa elədi. Deyəsən bilmirdi söhbətə necə başlasın. Yaxud da qəhərlənmişdi deyə danışa bilmirdi. Uzun-uzun baxışandan sonra bu sözləri dedi: “Əla yazmısan Habil haqda! İndi mənə zəng eləmişdi. Telefonda necə kövrəldisə, məni də kövrəltdi.”

Və təbii ki, mən də kövrəldim...

Bir az sonra Habil Əliyev mənə də zəng elədi. Dedi, sən bu sözlərinlə mənim yubileyimi bütün respublikada keçirmisən, ona görə, oturub bunu qeyd eləməliyik. İçmirdim. İndi olmasın, namaz qılırdım. Özünə nə qədər izah eləsəm də alınmadı. İkilikdə oturmağa çəkinirdim. Düşünürdüm ki, darıxdırıcı olar, heç nə danışa bilmərik. Habil Əliyev açıq mavi rəngli “Qaz 24 - 10” maşınıyla (özü sürürdü) gəlib məni şəhərdən götürdü, əvvəl Nərimanovdakı evinə aparıb Şərqiyyə xanım və başqa bir neçə qohumu ilə tanış elədi, sonra “Çanaqqala” restoranına getdik. Məclisdən sonra aparıb yaşadığım yerə qoymaq istəyirdi, Nərimanovda güc-bəla ilə ondan ayrıla bildim ki, ayıbdır, metroya atılıb hara lazımdı gedəcəm, zəhmət çəkməyin...

Beləcə qəribə bir dostluğumuz başladı.

Və inanmayacaqsınız, Habil Əliyev kitabını mənim redaktə etməyim üçün yüksək vəzifəli şəxslərdən birinin qarşısına şərt qoymuşdu: ya o düzəldəcək, ya da kitab-zad lazım deyil...

Birini də deyim gülün...

Demək mərhum Qədir Rüstəmov buna sataşıb, deyib, yekə kişidi, “Cücələrim” çalmaqla fəxr eləyir, ayıb olsun! Söz yaman toxunmuşdu Habil müəllimə. Hamını ələ salan, mırtlaşan adam qəfil Qədir Rüstəmov kimi “bezpridel”in qarmağına keçmişdi.

Mənə zəng çaldı.

Səsi xeyli öləzimişdi.

Söz davasında məğlubiyyəti boynuna almağı an məsələsi idi.

Amma özünü o yerə qoymurdu:

- Sən bu Qədir Rüsvayovu tanıyırsan?

- Hə...

- Xahiş edirəm, o qəzetində yazsan ki, Baba Mahmudoğlu deyir, hərə zənguləni bir heyvandan öyrənir, məsələn, mən atdan öyrənmişəm. Habil Əliyev isə deyir, Qədir Rüsvayov zənguləni inəkdən öyrənib!

Gülmək tutdu məni.

Dediyi sözdən çox belə hirslənməyinə gülürdüm.

“Yaza bilmərəm” desəm, inciyərdi, “Verməyəcəklər” desəm, redaktoru tapacaqdı. Habil Əliyevin döşündən qaçmaq olardı? Yazsam da hər kəs bir yana, Aqil Abbas güllələyərdi məni. Nə edim? Başladım dil tökməyə ki, Qədir belədi-belədi, siz ciddi adamsız, ağsaqqalsız, ona qoşulmayın, o, hamıya sataşır, adamların anasını söyür, hələ siz yaxşı qurtarmısız və s. İncəvara dediklərim ağlına batdı və məsələni asanca yoluna qoyduq.

Belə...

Öldü Habil Əliyev.

Onun əziz dostu və mənim də çox sevdiyim böyük Yaqub Məmmədov öləndə balaca bir xatirə yazısı yazmışdım, başlığı belə idi: “Yaqub ölməz!”

Bu sözləri böyük ifaçımız Habil Əliyevə də aid edirəm: Habil ölməz!

Cismani ayrılıqlar yalanın ən yekəsidir.

# 9344 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #