Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: “Sərkisyan mənə əl uzatdı, görüşmədim” – Müsahibə

Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: “Sərkisyan mənə əl uzatdı, görüşmədim” – Müsahibə
14 iyul 2021
# 09:02

Bu günlərdə Strasburqda yaşayan həmyerlimiz, Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının ilk azərbaycanlı üzvü, tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru Elvin Abbasbəyli Kulis.az-ın qonağı oldu. Biz fürsəti əldən verməyib onunla söhbətləşdik. Həmin müsahibəni təqdim edirik.

- Elvin bəy, vətəninizə xoş gəlmisiniz! Nə qədər vaxtdır burada yox idiniz?

- Xoş gördük! Ən son 2012-ci ilin oktyabr, noyabr aylarında Bakıda olmuşam. Sənədlərlə bağlı problemlərim oldu, sonra doktorantura, pandemiya... Nəhayət, dedim, bəsdir...

- 9 il sonra Azərbaycanı necə gördünüz?

- İqlim daha çox istiləşib, elə bil. Şəhər çox dəyişib. Tələbəlik illərində gördüyüm məhəllələri indi tanıya bilmirəm. Ancaq insanlar eynidir. Zahiri görünüş baxımından geyimləri dəyişib müasirləşsə də, davranışları, istilikləri, mehribanlıqları əvvəlki kimi qalıb. Yaxşı ki, bu mənada Avropalaşma getməyib.

- Bəs, görmək istəmədiyiniz nəyi gördünüz?

- Ağlıma elə bir şey gəlmir. Qələbə qazanmış qürurlu xalqı gördüm. Eyvanlarda, maşınlarda bayraqlar çox gözəldir. Bir də təyyarə ilə enən zaman mənə elə gəldi ki, şəhərdə heç ağac yoxdur. Səhraya bənzədi Bakı. Şəhərə düşəndə ağacları gördüm. Yağış yağmır deyə, yarpaqlar tozlu, bozdur. Üç il öncə Seulda idim. Bir il yaşadım. Hələ də təəssüratından çıxa bilmirəm. Oranı görəndən sonra Bakı mənə çox boz göründü. Seulda parklar çoxdur, elə bil iç-içədir.

- Siz həm rəsmi tərcüməçi olaraq çalışmısınız, həm də bədii tərcümə ilə məşğul olursunuz. Bunlar müqayisədə çoxmu fərqlənir?

- Tamam fərqli dünyalardır. İnsanlar elə bilir, dili bilirsənsə, hər mətni tərcümə edə bilərsən. Elə deyil. Bədii mətni tərcümə etmək ən çətinidir. Mən özümdə bu potensialı görmürdüm. Əvvəl şərait də yox idi. Sonra “Kəpəz” nəşriyyatı açıldı və şərait yarandı. Ədəbiyyatın tanınması üçün bunu etdik. Sinxron tərcümə qırıcı təyyarəyə oxşayır, sürətlidir. Yazılı tərcümə, mətn tərcüməsi isə vertolyot sürməyə bənzəyir.

- Dünya miqyaslı alimimiz, professor Qorxmaz Quliyevin tələbəsi olmusunuz...

- Onun rektor olduğu dövrdə tələbə olmuşam, ancaq mənə dərs deməyib. Bəli, çox böyük alimdir, tərcüməçidir, fransız dilini ən yaxşı bilənlərdən biridir. Qorxmaz bəy filoloq idi. Mən isə işimlə bağlı ədəbiyyatdan uzaq idim. Tərcüməçi ədəbiyyatçı, dilçi olmaq demək deyil.

- Pandemiya olsa da Bakıda qrafikiniz sıxdır.

- Bəli. Tədbirlərə dəvət edirlər, təlimlər, gənclərlə görüşlər... Bizim vaxtımızda bizə yol göstərənlər olmurdu, ona görə, belə tədbirlərin hamısında iştirak etməyə çalışıram. Kiməsə stimul verə bilərəmsə, nə xoş mənə.

- Sizcə, sizi yetərincə tanıyırlar?

- Məşhur olduğumu düşünmürəm. Bu, mənim işimdir, işimi görürəm. Ən çox Neftçalada - öz rayonumuzda tanıyırlar, görəndə salamlaşıb şəkil çəkdirənlər çox olur.

- Siz Fransada dövlət səviyyəsində tərcüməçi olan ilk azərbaycanlısınız.

- Bəli. İlkəm və hələ ki sonuncuyam. Ancaq istəyirəm sonuncu olmayım. Artıq daha çox akademik fəaliyyətə üstünlük vermək istəyirəm, onsuz da akademik fəaliyyətlə məşğul idim, artıq bunu tədris etmək istəyirəm.

- Dil öyrənmək həvəsiniz güclüdür...

- Dil elə bir şeydir ki, insan öyrəndikcə öyrənmək istəyir. Mən buna məcburiyyət, əzab-əziyyət kimi baxmıram. Dili eşqlə, həvəslə öyrənmək lazımdır. İndi monqol dilini öyrənirəm. İnsanlar soruşur ki, niyə monqol dili? Zarafata salıb, deyirəm, genlərimiz oradan gəlir. Həqiqətən də o ərazidə monqollardan əvvəl türklər yaşayıb. Seulda da monqolları görürdüm, sanki bizlə yaxınlıqlarını hiss edirdim.

- Sözlərində də oxşarlıq var?

- Oxşarlıq var, amma çox uzaqlaşıblar öz dillərindən. Məişət səviyyəsində bir çox sözlər qalıb. Bir dəfə feysbukda da paylaşmışdım, kiril əlifbası ilə “Maral” gözəllik salonu” yazılmış bir lövhə vardı. Çoxları elə bildi Bakıdadır, amma Ulan-Batır şəhərinin videosundan çəkmişdim. Monqol dili Altay dil qrupuna daxildir, dillərimizin strukturu eynidir, ona görə, öyrənmək çətin gəlmədi. Qədim əlifbaları var, ancaq sovet dönəmində kirildə yazmağa başlayıblar. Mən həm də türkoloqam deyə bu dili seçdim ki, müqayisə apara bilim. Bir il içində dili öyrənib hekayə tərcümə elədim. Sizdə də getdi bir neçəsi. Məncə, monqol dilindən çevrilən ilk hekayələr idi.

- Başqa hansı dillərdən tərcümə edirsiniz.

- Sinxron tərcümədə fransız və Azərbaycan dili ana dili səviyyəsindədir. Həmçinin rus, ingilis, türk dillərindən də edirəm. Yazı tərcüməsi isə alman, ispan və italyan dili...

- Alman, ispan, italyan dillərindən də bədii mətn tərcümə etmisiniz?

- Cəhd eləməmişəm, ancaq inanmıram Vilayət müəllimin (Vilayət Hacıyev – red.) tərcümələri kimi alınar. Heç fransız dilindən də öz dilimizə tərcümə etməmişəm, Azərbaycan dilindən fransız dilinə tərcümə edirəm. Azərbaycan dili doğma dilimdir deyə qorxuram, çox məsuliyyətli gəlir. Monqol dilindən tərcüməni də dili öyrənmək üçün etmişdim. Bəzi dostlarım mənə dedi, sən dəlisən, şir ürəyi yemisən. Dedim, bu, mənim öyrənmə metodumdur. Hazırda bir layihə üzərində işləyirik. Monqol həmkarımla 22 hekayəni fransız dilinə tərcümə edirik. “Kəpəz” nəşriyyatında monqol antologiyası çap edəcəyik.

- Bir az da “Kəpəz” nəşriyyatından danışın. Necə yarandı əməkdaşlığınız? Orada, deyəsən, çoxu azərbaycanlı hüquqşünaslardır.

- İki azərbaycanlı var: Dilbadi Qasımov və Nicat Kazımov. Nicat rəhbərliyi bir fransıza təhvil verdi. Əməkdaşlığı da o vaxt mənə Nicat təklif etmişdi, mən də qəbul etdim. Soruşdu, hansı əsəri tərcümə edək? “Bahadır və Sona”nı dedim. Soruşdu, niyə? Dedim, ilk Azərbaycan romanıdır, elə bunu qeyd edib tərcümə eləyək. Həm də mövzu millidir deyə fransızlara maraqlı olacağını düşündüm. Bunu siyasi gediş də saymaq olar. Fransızlara azərbaycanlıların ermənilər təqdim etdiyi kimi qaniçən olmadığını göstərmək istəyirdik. Orada azərbaycanlı oğlan erməni qızı sevir axı... Sonra Hüseyn Abbaszadənin “Hardasınız, müsyö Abel?” əsərini tərcümə etdim. Bu da öz təklifim idi. Uşaqlıqda oxumuşdum bu romanı. Fransada da maraq doğurdu. “Kəpəz” həm ədəbiyyatımızı təbliğ etməyə, həm də Fransaya maraqlı ola biləcək əsərləri seçməyə çalışır. Sizin əsərinizin (Şərif Ağayar. “Arzulardan sonrakı şəhər” romanı – red.) mövzusu da onlar üçün maraqlı idi. Hazırda Fransada mövzu qıtlığı var, yazıla biləcək hər şey yazılıb, ölkədə də hər şey öz qaydasındadır, ona görə yazıçılar maraq doğuracaq mövzu tapmağa çətinlik çəkir. Sizin romanda zaman və hadisə paralelliyi çox maraqlı idi. Kitabın tərtibatı da gözəl alındı.

- Bu, həm də bir ilk idi ki, xaricdə fəaliyyət göstərən nəşriyyat öz təşəbbüsü ilə Azərbaycan yazıçılarına müraciət edərək, onların əsərlərini tərcümə edib çap etdi. İndi yaradıcı işləriniz nə yerdədir?

- Hazırda bir kitab var, “Kəpəz” nəşriyyatı ilə müqavilə imzalamışam, Nadir Adilmanın “Milyonçunun gündəliyi”ni tərcüməyə başlamışam. Mövzu xoşuma gəlməsə, əsər xoşuma gəlməsə, tərcümə etməyə razılaşmıram, amma bu əsəri bəyəndim. Ancaq sizin əsəri tərcümə edəndən sonra qərar verdim ki, ancaq yaşayan müəlliflərin əsərlərini tərcümə edəcəm, çünki suallarımı müəllifin özünə verə bilirəm, məsləhətləşə bilirəm.

- Ümumilikdə, sizcə, Azərbaycan ədəbiyyatı qərbdə tanınsa, orada nəyəsə layiq olmaq üçün potensial varmı? Heç olmasa gürcülər qədər.

- Onlar qədər olmasa da, öz brendimiz, markamız olar, tanınarıq. Məsələn, İslandiya ədəbiyyatı daha çox detektiv janrındadır və son iyirmi ildir tanınır. Fransada island dilindən 4-5 tərcüməçi var, onların üçünü mən tanıyıram, işləri başından aşır, robot kimi işləyirlər. Təsəvvür edin, iki aya 1 roman tərcümə edirlər. Adamın 50 yaşı var, artıq yüzdən çox roman tərcümə edib. İşi-gücü budur. Dərs deyirdi, onu da atıb, sadəcə tərcüməylə məşğuldur.

- Azərbaycan dilindən fransıza tərcümə üçün ixtisaslaşmış tərcüməçi var?

- Xeyr, yoxdur. Türk dilindən çoxdur.

- Bəs, gürcü dilini bilən fransız mütəxəssislər necə?

- Var, çünki inqilab dövründə gedib Fransada yaşayanlar çox olub. Həmçinin, ermənilərin də fransız xalqı ilə əlaqələri genişdir. Bədii mətn çevirən tərcüməçinin həm də yazıçılıq qabiliyyəti olmalıdır. Fransanın kitabxanalarında erməni, gürcü kitabları çoxdur. Onlardan soruşuruq ki, niyə Azərbaycan kitabları yoxdur? Deyirlər, çünki təqdim etməmisiniz. Məsələ budur. Artıq bizim kitablar da Fransanın kitabxanalarında, hətta universitet kitabxanalarında axtarışa veriləndə, tapılır. Biz də çalışırıq bu cür xidmət edək.

- Öz işinizdə, rəsmi tərcüməçilikdə vəziyyət necədir?

- Pandemiyaya görə rəsmi səfərlər azaldı, ancaq mən yazılı tərcümə ilə də məşğul oluram deyə, birtəhər başımı qatdım. Çox adam deyir, evdən işləmək pisdir, amma məndə heç nə dəyişmədi. Çünki mən onsuz da evdən işləyirdim. Sinxron tərcüməçi kimi kommunikasiyanın olmamağından sıxılırdım, yavaş-yavaş o da başlayır. Sizi də dəvət etdiyiniz üçün təşəkkür edirəm. “Kulis”in kulisini gördüm...

- Həm də oğlunuzla...

- Bəli. Edvinlə.

- Öz adınızı uyğunladırmısınız?

- Hə. Elvinin fransız variantı... (gülür)

- Amma fotosunu çəkmək olmaz.

- Bəli. Təhlükəsizlik tədbirləri üçün belə məsləhətdir.

- Mən bilən Edvin Fransa prezidenti ilə də görüşüb.

- Hə (gülür). Fransua Ollandla. Onda prezident deyildi artıq. Strasburqda xatirələr kitabının təqdimatına gəlmişdi. Edvinlə getdik. Olland məni tanıyırdı, təbii ki. Görüşdük. Edvini qucağına alanda uşağın ayaqları onuun paltarlarını batırdı. Mən üzrxahlıq etdim. Sonra zarafatla dedim ki, türk geni var uşaqda, tapdamağa öyrəşib. Güldü.

- Oğlunuz Azərbaycanca bilir?

- Yox. Türk və fransız dillərini öyrətmişik. Dilləri qarışdıra bilərdi, ona görə, Azərbaycancanı sonraya saxladıq. Böyüdükcə öyrədəcəyəm.

- Ollandla bağlı daha bir xatirənizi də danışmışdınız. Sərkisyan da olub söhbətin içində.

- Gərək ki, 2017-ci il idi. Parisdə, Yelisey sarayında zirvə toplantısı keçirilirdi. Mən də cənab Ollandın tərcüməçiliyini edirdim. Bizim prezident gəlib görüşdü və getdi. Ermənistan prezidenti Serj Sərkisyan gəldi. Ollandla görüşdü, əlini mənə uzadanda görüşmədim, əlimdəki çantanı arxamda tutdum. Pərt oldu. Olland yavaşca “Azərbaycan” söylədi, o, məsələni anladı. Sərkisyanın ağlına gəlməzdi ki, Fransa prezidentinin azərbaycanlı tərcüməçisi ola bilər.

# 10432 dəfə oxunub

Müəllifin son yazıları

# # #