Məddahlar və riyakarlar

Məddahlar və riyakarlar
8 aprel 2015
# 11:23

Klassik divan ədəbiyyatında bir ənənə var: kitab minacatla (allahın mədhi) başlayır, nət (peyğəmbərin mədhi) və hökmdarın tərifi ilə davam edir.

Bu anlamda məddah sözünün mənası pis deyil. Əksinə, yüksək titul sayılır. Ancaq, zaman keçdikcə, bu söz öz ilkinliyindən, irfani ladından uzaqlaşdırılaraq yaltaq, yalaq, ...girən sözlərinin sinonimi kimi işlənməyə başladı.

Sovet dövrü ədəbiyyatı, adətən, kommunizm ideyalarını təbliğ edən ön sözlərlə açılır, Marksdan, daha çox Lenindən uyğun sitatlar verilirdi. Əlbəttə, Lenin hər şeyi bilirdi. Dünyada elə bir sahə, elə bir mətləb, elə bir ideya olmazdı ki, toxunmamış olsun. Hətta başqa planet və həmin planetdə başqa bir cəmiyyət kəşf olunsa belə, Leninin bu barədə fikri hazır idi. Səbəb o deyildi ki, Lenin hər şeyi bilirdi. Səbəb o idi ki, Lenin hakimiyyətdə idi!

Lenindən sitatlar həm də kitabın çap problemini həll edirdi. Anlayacağınız, yazıçıların, şairlərin çoxu kitab buraxmaq üçün riyakarlıq edirdilər.

Bəziləri isə səmimi qəlbdən inandırırdılar ki, Lenin və sovet hakimiyyəti başqa dövrlərdəki iqtidarlar kimi deyil. Rus sosializmi çox ədalətli quruluşdur, kasıb-kusub cəmiyyətidir. Misallar göz qabağında idi. Qırmızı ulduzlular gəlir, torpağı qudurğan mülkədarlardan, arvadbaz qolçomaqlardan, parazit həyat sürən debil feodallardan alıb zəhmətkeşlərə verirdilər. Kitabı çıxan yazarların da əksəri sovet hökumətinin “adam elədiyi” kasıb balaları idi.

Dünyada elə bir quruluş təsəvvür edirsinizmi, 10 yaşında atasını itirərək qərib-qürbət yerdə qalan, üzüqoylu torpağa düşüb çiyinləri atıla-atıla hönkürən zəif bir uşağı qabiliyyətinə görə o məqamdan Ali Sovetin sədri, Yazıçılar İttifaqının sədri və xalq yazıçısı məqamınacan yüksəltsin? Söhbət Mirzə İbrahimovdan gedir... Bu adam sovet hökumətini niyə sevməyəydi? Bəlkə sovet hökumətini qoyub anasını, qardaş-bacısını aclıq və səfalətin girdabında məhv edən, atası ilə özünü cəlayi-vətən salan İran rejimindən yazaydı?

İndi, bəzi adamlar ata-babalarının o zaman Leninə və partiyaya yazdığı əsərlərə yiyə durmur, onları az qala unutdurmağa çalışırlar. Halbuki, o əsərlərin qonorarı ilə böyüyüblər. Belə nankorluq olmaz axı. Bir şairin dövrünün hakimiyyətini mədh etməsi riyakarlıqdan daha yaxşıdır, məncə. Yəni, atanız məddah deyildi də, riyakar idi? Üzdə soveti tərifləyib, mahiyyətdə şikayətlənirdi? Belə miskin idi? Bu ağılla ədəbiyyatda nə gəzirdi? Riyakarlıq məddahlıqdan çoxmu yüngül ittihamdır? Sizcə, sovet dövrünü kasıb cəmiyyəti kimi mədh edən Əli Vəliyev yaxşıdır, yoxsa Leninə yalandan poema yazan Rəsul Rza? Mən Əli Vəliyevi seçirəm... Bu gün Leninə yalandan tərif yazan, sabah Hitlerə, birisi gün Qəddafiyə, ta birisigün İŞİD-ə yazar. Yəni, mahiyyətindən asılı olmayaraq kim pul və vəzifə versə, ona.

Əslində, bayaq misal çəkdik, “Lenin” poeması sənətkarlıq xüsusiyyətlərinə görə Rəsul Rzanın ən yaxşı əsərlərindəndir. Bəlkə də, heç yalandan yazmayıb. Amma bu gün bu poema Anara sərf eləmir, ona görə passiv rejimə qoyub. İnanın, hansısa möcüzə ilə kommunistlər hakimiyyətə gələ, parlamentin binasına Leninin heykəli qoyula, “Lenin” poemasını təkrar çap edib dövriyyəyə buraxacaq... Ətrafındakı yaltaqlar da əsərin məziyyətlərindən, üstünlüklərindən danışacaq, səhifə-səhifə tənqidi məqalələr yazacaqlar. AzTV poemadan parçalar səsləndirib baş-beynimizi aparacaq.

Bax indi, üstündən on illərlə vaxt keçəndən sonra səmimi və riyakar əsərlər daha aydın görünür. Söz pul vahidi kimidir. Pulun arxasında məhsul dayanmırsa, tualet kağızıdır. Sözün də arxasında səmimiyyət, həqiqət, insan yaşantıları durmursa, ver qatığa, sürt başına. Əhməd Cəmilin “Can nənə, bir nağıl de”, Süleyman Rüstəmin “Ana və poçtalyon”, Səməd Vurğunun “Ananın öyüdü”, elə dostumuz Rəsul Rzanın “Bəxtiyar” şeirləri də ideolojidir, ancaq arxasında səmimiyyət, həqiqət və insan hissləri dayandığı üçün sevilir, unudulmur.

Yaltaq yazar bir dərd, yaltaq kitab başqa bir dərddir. Və daha ağırdır. Sevgidən kitab oxuyursan, Lenin bir yana, Brejnyevdən sitat veriblər. Təbii ki, adam gülür, amma həm də ağlamalıdır bu.

Bir az yaxşı yaşayım deyə, yaltaqlıq eləməyin.

İşdir, eləyirsinizsə, heç olmasa kitablarınıza yansıtmayın.

Əmin olun, sizi övlad və nəvələriniz, hətta nəticə və kötücələriniz ürəyinin dərinliklərində də olsa söyəcəklər.

Zamanın sizi zir-zibildən xilas etmək imkanlarını azaltmayın.

Və imkan olsa, səhərlər balla süd için...

# 1425 dəfə oxunub

Müəllifin son yazıları

# # #