Pərviz Cəbrayıl: “Qohumlar romanımdakı kimi ard-arda ölürdülər” – Müsahibə

Pərviz Cəbrayıl: “Qohumlar romanımdakı kimi ard-arda ölürdülər” – Müsahibə
30 oktyabr 2019
# 08:55

Kulis.az bu yaxınlarda “Məryəm surəsi” adlı yeni romanı işıq üzü görmüş yazıçı Pərviz Cəbrayılla əsər haqda söhbəti təqdim edir.

- Öncə kompüterdə itirdiyiniz mətni soruşum. Bu, roman idi? Tapdınızmı?

- Yeddi aylıq qeydlərim idi. Hardasa 90 faizi “Məryəm surəsi” üçündü, qalanı da yeni roman. Əlim qələmə yadırğayandan sonra çoxumuz kimi mən də telefonun qeyd dəftərçəsinə yazırdım. Qeydlər də bir faylda yox, tək-tək idi. Bir gün telefondan “notbuk”uma atmağa başladım; yüzlərlə qeydi tək-tək götürüb göndərməkdən bezdim, bunun bir dəfəyə atmağın yolunu düşündüm, səhvə yol verdim və... elə bil, atamı ikinci dəfə itirdim. Aylarla əlləşdi proqramçı dostlar, alınmadı. Onunla bağlı hekayə kimi bir yazı yazdım. Dəhşətli şey idi. Yadıma düşəndə az qala eyni hissləri yaşayıram. Ona görə indi telefonda qeyd aparan bütün dostlara deyirəm, telefondakı qeyd dəftərçələrini e-mailə bağlasınlar ki, eyni aqibəti yaşamasınlar.

- “Məryəm surəsi” magik-realist üslubda yazılıb. Üstəlik, mistik məqamları da var. Sizcə, mətnin əsas hissəsinin itməsində bir sirr vardımı?

- Hər şeydə bir mistika axtarmağı, görməyi sevmirəm. Ancaq həyat bəzən elə şeylər diktə edir, qarşına elə qəribəliklər çıxır, çaşıb qalırsan. Mən bütövlükdə bir nizama inanan adamam. Bu romanın yazılış prosesi boyu məni ağır hadisələr izlədi. Sanki nəsə mənə yazmağa imkan vermək istəmirdi, ancaq axıracan dirəşdim, qalib gəldim. Hətta son dəfə kitabı axır ki, nəşriyyata göndərmək qərarımı redaktorum Hədiyyə Şəfaqət deyəndə - onunla son düzəlişlərimizdən sonra bir xeyli öz redaktələrim olmuşdu - dedi ki, bəs bir də baxmayaq? Dedim, yox, daha qohum-əqrəbada adam qalmadı, öldü, romandakı kimi ard-arda ölümlər sıralandı. Nəhayət, kitab çapa getdi. Ümid edirəm, bundan sonra ölümlər də öz təbii həddinə düşər.

- Magik, mistik, mifik... Üstəlik paralel və iç-içə mətnlər... Bir yandan da müxtəlif mövzular. Sizcə bir roman üçün ağır deyil ki, bu fəndlər?

- İnsan istənilən məsələni ən zəruri üç tələbatından biri olan qidayla, qidalanmayla müqayisə edə bilir. İndi gəl o yöndən baxaq məsələyə. Mətbəximizdə nə qədər yemək var? Çoxlu. Hər birinin öz dadı var. Birdən sən elə bir xörək düşünürsən ki... Ona elə qatqılar qatırsan, nisbətləri elə dəyişirsən, yeyən bunun hansı yemək olduğunu anlamır, ancaq bir neçə xörəyin tamını hiss edir və bir oturuma bir neçə yeməyin həzzini alır. Ancaq sən deyə bilməzsən ki, bu, məsələn, filan yeməkdi. Bu nədirsə, artıq yenidir. Əsas nisbəti düzgün hesablamaq və ürək qoymaqdı. İstəyənlər üçün bütün o biri yeməklər var, onların da usta aşpazları var, istəyən yeyəcək. Ancaq bir dənə də beləsi olsa, nə ziyanı? Yeri gəlmişkən, mən özüm dediyim o tip xörəkləri bişirə bilirəm, özünü tərifləmək olmasın, hələ yeyib “ay da!” deməyən olmayıb. Burda improvizə də var, düşüncə də, məntiq də, elm də, sevgi də. Qoy bir dənə də belə roman təqdim edək oxucumuza. Zatən, gerçəklik bizi, şəxsən məni o qədər sıxıb ki, 8 ildən tez nə ərsəyə gətirmək olmur.

- Niyə soruşdum. Ağır oxunur söyləyir hamı. Bu yaxşıdırmı, bilmirəm. Sizcə?

- “Ağır oxunur söyləyir hamı” çox ciddi hökmdür. Bir nəfərin bu hökmü verməsi şir ürəyi istəyir. Ağır oxunmaq, yəni romanın mürəkkəbliyi, çətinliyi hələ pis olması deyil. Bunu sən də yaxşı bilirsən, mən də, ədəbiyyatı bilən hər kəs də. Bax yenə yeməklərlə müqayisə apara bilərəm. Ağır həzm olan yeməklər var, yüngül həzm olan. Ancaq ağır həzm olunanların da öz yeri var. Bir var arağı şorbayla, sıyıqla içəsən, bir də var kababla. Belə demək olarsa, mən də, görünür, içkiyə meyllilərin yazarıyam. Burda smaylların əşhədü-billah yeri görünür. Yeri gəlmişkən, onları da mətnə gətirmək lazımdır.

Hə, bir də “hamı deyir”ə qayıdım. Mənə oxuyub reaksiyalarını bildirənlərin - söhbət sözü bilənlərdən gedir - 99 faizi mətnin bal kimi getdiyini söyləyib. Deyirlər ki, biz bu kitabı təyyarədə səfərin vaxtını öldürmək üçün oxumuruq ki. Nəysə, ay Şərif, bunu dərd etməyə dəyməz, qoy bir dənə də ağır yazanımız olsun - burda da smayllar var. Yeri gəlmişkən, “Məryəm surəsi”nin finalına doğru mətndə bir romanın adını xatırladıram: “Ağır roman”

- Qadın azadlığı, siyasi mühacirət, sevgi, dostluq, məlum İsa-Məryəm əhvalatına göndərmə, ata-qız, şagird-müəllim münasibəti... Çox şey saymaq olar. Bəs müəllif necə düşünür: “Məryəm surəsi” nə haqqındadır?

- Yox, “Məryəm surəsi” nə haqdadırsa, elə o haqdadır. Roman haqda, şifrələr, kodlar, mesajlar haqda heç kimə heç nə deyən deyiləm. Ən azı romanda ötürdüyüm 5 gizli mesaj var ki, bunları bəlkə haçansa kimsə açacaq, bəlkə yox. Özüm də deyən deyiləm. Əzəldən bir prinsipim olub. Mən romanı 50 faiz yazıram. Qalan əllisini oxucum “yazır”, daha doğrusu, qalan əllini oxucum tamamlayır. Mən oxucumu çox ciddi və intellektual sayıram, onu uşaq yerinə qoyub nəyisə başa salmaq yox, düşündürmək, öz qafasında romanı tamamlamağını istəyirəm. Məncə, çox gözəl həzdir bu - oxuduğun romanı yazıçıyla bərabər yazmaq. Maraqlıdır, heç bu haqda söhbətimiz olmasa da, bu yaxında Mahir Mehdi romanı iki dəfə oxuyandan sonra bir status yazmışdı: “... Pərviz Cəbrayılın romanını hələ bitirə bilməmişəm. Oxuduqca, səhifələr yazılır... "Məryəm surəsi"...” Mən şəxsən, o cür romanlardan həzz alıram. O romanın qalan 50-sini özüm “yazıram”, halbuki yazıçı elə yazmayıb, ya yazmazdı. Mənə o imkanı yaradan yazıçıları sevirəm. Mənim yazıçılarım onlardı. Nəsr mənə görə izah etmir, öyrətmir, yığcam, presslənmiş təbiət fraqmenti kimi göstərir və sənə öz alternativ süjetini yaratmağa imkan yaradır. Əsas paralel yazma imkanları üçün hördüyün divarda çıxıntı kərpiclər qoya bilməkdi ki, hər kəs o çıxıntıya öz kərpicini calayıb öz divarını hörə bilsin. Bu cür oxucularım var, hər birini də sevirəm.

- Yazılma prosesi necə oldu? Yazılanda rahat yazıldı?

- Mən çox rahat yazıram. Hər şey su kimi axıb gəlir. Əgər sənin su anbarın varsa, suvarmada əziyyət çəkməyəcəksən. “Yad dildə”ni 28, “Məryəm surəsi”ni 20 günə yazmışam. Birnəfəsə, dayanmadan. Hə, sonrakı redaktə prosesi, işləmək uzun və ağrılı prosesdir. Yazarkən ağırlıq çəkməmişəm, amma bayaq dediyim kimi, qarşımı kəsən, mənə mane olan, əlimi, beynimi qandallayan çox şeylər olub. Yeri gəlmişkən, söz vermişəm, daha mətni kitab çıxmamış redaktorumdan başqa heç kimə verməyim.

- Qəhrəmanlarınızın prototipləri nə dərəcədə realdır? Mən bilən İsmi adlı iş yoldaşınız və dostunuz var. Nəsimi isə daha çox özünüzə bənzəyir. Şeir yazır, sonra nəsrə keçir.

- Mənim bir prototipim var: yaşadığım dünya - zamanıyla, bəşəriylə, ölkəmlə, kişiləriylə, qadınlarıyla. Bir prototipdən biçilən obraz çox bəsit, maraqsız olardı. Özün də söz ustasısan, bilirsən, birindən qaş, birindən göz və s. Elə olmalıdır ki, oxuyan hər kəs özünü, ya bir dostunu, tanışını orda görə bilsin. Maksim Qorkinin sevdiyim bir sözü var. Deyir, obraz elə olmalıdı ki, məsələn, Yunanıstanda bir pinəçi sənin kitabını oxuyanda desin: “A, bu rus yazıçı məni hardan tanıyırmış, götürüb yazıb?” Bax, roman cəmi iki aya yaxındı çap olunub, artıq neçə nəfərdən bu cür mesajlar almışam. Ki, bildim, orda filankəs mənəm, ya bəhmənkəsdir.

- Romanda müsbət erməni obrazı da var. Dövrün konyunkturasından çəkinmirsiniz?

- Nə yazdığımı bilirəm, heç nədən çəkinmirəm. Çünki mənim şəxsi kimliyim çoxuna aydındır. Bir də ki, məgər müsbət erməninin olmadığını iddia etmək olarmı? Sən bunu edə bilərsənmi? Kim edə bilər? Əlbəttə, ürəyimiz, tariximiz yaralarla doludur, hissə qapılanda dünyada bir yaxşı erməninin olmadığını deyirik. Yəni ilanın ağı-qarası... Ancaq bunun absurd olduğunu kim bilmir? Nə qədər erməni var, Azərbaycanın haqlı olduğunu yazır, deyir və erməni kütləsinin düşməni kimi ölkədən, cəmiyyətdən dışlanır. Təsəvvür elə, bu cür ermənilər olduğu halda, söhbət sıradan ermənidən yox, ziyalıdan, alimdən, sənət adamından gedir, bizim də elə adamlarımız var ki, adlarını ziyalı qoyub faşist erməninin tərəfini tutur. Üstəlik, qeyri-səlis əsaslarla, məntiqlə yazılan bir romanda aralıq dərəcələri var. Kimsə onlara gözünü yumub 1 və 0-dan başqa heç nə görmürsə, buna görə məsuliyyəti mən daşımıram.

Fotoğraf açıklaması yok.

- Sizcə, Vano dayı kimi ermənilər var?

- Vano adı da realdı, xarakteri də. Şəxsən tanıdığım biri olub. Ancaq əlbəttə, mən romana onun yalnız ruhunu salmışam, bir də tipajını. Həmin Vanodan əsərdə real heç nə yoxdu. Ruhundan, xeyirxahlığından, bizə münasibətindən başqa.

- Umay niyə Məryəmə çevrilir? Onu mutlu etməyən vətəndən və xalqdan imtinadırmı bu? Və xalqı, vətəni seçməklə adam dəyişirmi? Vətən, xalq seçilmir əslində və roman da bunu göstərir necəsə.

- Bu suala geniş cavab verməyəcəyəm, dediyim kimi. Ancaq sualın özündə cavabın xeyli yükü var.

- İstanbulun təsviri bizdə bir ilkdir, hardasa. Pamuk ordan çox yazıb. Niyə məhz oranı seçdiniz? Çoxmillətli olduğu üçünmü?

- Romanda yüklü İstanbul təsvirləri yoxdur. İstanbulu görməmiş, görməyə imkanı olmamış adamam. İstanbulun da ruhunu verməyə çalışdım. “Quql Məp” xəritələrlə öyrəndim İstanbulu, orda verdiyim ünvanlar da dəqiqdir, yolların yönü də, məkanların yeri də. Hamısını “3d” xəritələrlə öyrənmişəm. İlk variantda romandakı hadisələr İsveçrədə baş verməli idi. Sonra romanın ruhuna – ikiliklər arasında qalma məsələsinə görə Avropayla Asiyanın tam ortasını seçdim. Hətta Boğaz körpüsünün ortasındaca bitir roman. Xilasımız Qərbdə, ya Şərqdədi? Bizimçün onlardan hansı ümid ola bilər? Bu və bu kimi xeyli sual qoyulub romanda.

- Türkiyəyə mühacirət mövzusu hardan çəkdi ilginizi? İstanbulu Avropa yolçuluğunun ilk dayanacağıdır sizcə?

- Əslində, Türkiyəyə mühacirət mövzusu yoxdur romanda. Türkiyə bir tranzit və bir ümid nöqtəsi kimi qoyulub.

- Umud obrazı... Bir az qaranlıq qalır nədənsə. Oxucu üçün necə aydınlığı verərsiz? Kimdi Umud? Atası kimdi? O nə qədər İsadır?

- Umud hər kəs üçün bir adam, bir məkan, bir zaman, bir daş ola bilər. Qoy oxucuları heç yana yönəltməyim.

- Təhkiyə məsələsi. Gah müəllif nəql edir, gah ayrı-ayrı obrazlar. Süjet də birxətli deyil. Bu yeknəsəqliyi aradan götürür, doğrudur, lakin o biri keyfiyyətlərə qarışıb əsəri də bir az ağırlaşdırır sanki.

- Bütün təhkiyə bir nəfərə aiddir romanda. Məryəmə. Ama Məryəm özü neçə Məryəmdi, birdən kim olur, birdən kim. Bütün danışanlar Məryəmdir. Piano necə çalınır, yəqin görübsən əlləri. Eyni anda bir adamın əlləri bir bütövün parçası olan iki ayrı şeyi çalır. Əsil nəsr də budur.

- Bir az Salman Rüşdi, konkret “Gecəyarı uşaaları” əhvalı duydum. Sevdiyiniz əsər olmalı...

- Təəssüf ki, bu günəcən Rüşdidən bir cümlə belə oxumamışam. “Yad dildə”də isə dostumuz Nərmin Kamal Corc Oruelin “1984” romanıyla müqayisələr aparmışdı. Dərd ondadır ki, onun da “Heyvanıstan”ını redaktə edəndə oxumuşdum, “1984”dən xəbərsizdim. Hələ də oxumamışam.

- “Məryəm surəsi”ni intellektual roman saymaq olarmı?

- Ümumiyyətlə, yazıçının qarşısına belə bir məqsəd qoya biləcəyini təsəvvür eləmirəm. Hər şey onun yaradıcı üslubundan, dəst-xəttindən, necə deyərlər, başının tökümündən asılıdır. İndi ədəbiyyatda elə bir proses gedir ki, onsuz da elmlə ədəbiyyat arasındakı sərhədlər şəffaflaşır, obrazlar plastikləşir, mücərrədlik reallığa çevrilir. Və nəticədə dünya ədəbiyyatı - əslində bütün incəsənət - intellektuallığa doğru gedir. İntellektual roman yazmaq məziyyət deyil, sadəcə çoxlu yollardan birini seçməkdi.

- Romanın adı ilə bağlı dindarlar etiraz edirdilər. Özünüzə nəsə deyiblər?

- Ən azı bir neçə dindar dostum romanı çox sevir. İstər dindar, istər ateist olsun, dediyim kimi, aralıq dərəcələri çoxdur və Aristotel məntiqindən kənara çıxmağı bacaran hər kəs bu romanda öz dərəcəsini görə bilir. Cahil həmişə cahildir, istər bir romanın adına münasibət bildirəndə, istər öz inancında.

- Ümumiyyətlə, ad seçimi nədir sizin üçün?

- Ad, mübaliğə olmasın, romanın yarısına bərabərdir. Bu roman üçün üç ad seçimim olub, ideyalar cilalandıqca adlar da dəyişib, “Məryəm surəsi”ndə bənd alıb. Ancaq əvvəlki iki adın ikisi də romanda var.

- İlkin reaksiyalar necədir? Mətləbinizi tutan olur?

- Hələ ki, roman haqda gənc yazar Nəcəf Əsgərov bir yazı yazıb. Bir xeyli yaxın təsbitləri vardı. Özümə gələn reaksiyalar isə mənə ancaq nəfəs verib. Hərçənd indi ruhumun o mərhələsindəyəm ki, ən xoş söz belə məni cəmi iki-üç dəqiqə sevindirə bilir, sonra sönüb gedir, hətta bəzən səbəbsiz bədbinlik yaradır. O baxımdan indi mənimçün xoş, ya naxoş reaksiya heç nə ifadə eləmir. Kim nə yazacaqsa, özü bilər. Bəri başdan hamısına təşəkkürlər!

- Etiraf edək ki, bizim oxucular, hətta tənqidçilər realist manerada yazılan əsərləri daha çox bəyənirlər. Bununla bağlı çətinliyiniz olmur ki?

- Heç bir çətinliyim olmur. Yekə çıxsa da, deyim, mən öz oxucusu olan adamam. Sənin, ya bir başqasının romanını sevən biri eyni anda mənim mətnimi də sevə bilir. İnsana bu çoxzolaqlı düşüncə, yanaşma keyfiyyəti yabançı deyil. Heç bir oxucu indiyə kimi mənim yazdıqlarımı, üslubumu özünə dərd etməyib. Bu, ancaq bəzi yazar dostlarımızı narahat edə bilər. Niyə, nə üçün? Bunu da özləri bilər. İndi mənim əlimdən nə gələr? Yaxşısı, oturub yazımızı yazaq. Yaxşı olar.

- Siz ilk roman yazan yeni müəlliflərdənsiniz. Sonra kütləvi yazılmağa başladı. İzləyirsinizmi? Bəyəndiyiniz, qiymətləndirdiyiniz hansı müəllif və əsərlər var? Roman olaraq.

- Publika üçün ad çəkməyi sevmirəm. Ancaq hansı müəllifləri qəbul etdiyimi - hətta onların hansısa mənim yazıçım deyil, amma istedad, fakt faktlığında qalır - dostlar bilirlər. Məsləhət istəyənə deyirəm, mən, məsələn, bu üç-dörd yazıçını qəbul edirəm. Söhbət çağdaş yazarlarımızdan gedir.

- Şeirlə roman necə yola gedir?

- Üç ilə yaxındı ki, şeir məni tərk edib. Həyatımız çox prozaikləşdi. Üstəlik, çox qəribə bir fikrə də gəlmişəm, mənə elə gəlir, şeiri, ancaq xanımlar yazmalıdır. Poeziya zərifliyini elə zərif varlıqlar yaratmalıdı. Nə bilim, kişinin şeir yazmağı mənə birtəhər gəlir artıq. Hərçənd hələ 92-də yazdığım “O” adlı hekayəmdə bir ideya qoymuşdum: yazarın cinsi olmur. Hekayənin adı da ona işarəydi.

- Planda yeni nə var?

- Hə, var təbii. Bir neçə roman qeydim var. Biri bu kitab çıxan gündən bəri başımı alıb əlinə. Görək nə olur.

# 4116 dəfə oxunub

Müəllifin son yazıları

# # #