Şekspirsiz Azərbaycan teatrı

Şekspirsiz Azərbaycan teatrı
10 mart 2017
# 12:30

Bu gün Milli Teatr Günüdür.

Azərbaycan teatrı deyəndə təsəvvürümüzdə nə canlanır və ümumiyyətlə belə bir ifadə varmı?

Məncə, həm var, həm yoxdur.

Durub desək ki, Azərbaycanda teatr yoxdur - əlbəttə ki, yalan olar.

Durub desək ki, dünyada “Azərbaycan teatrı” adlı məşhur bir istilah var – bu da yalan olar.

Bizim özümüzə görə teatrımız var.

Necə ki, özümüzə görə futbolumuz, təhsilimiz, səhiyyəmiz, musiqimiz, ədəbiyyatımız var.

Başqa sahələrdə necəyiksə, teatrda da o cürük.

Həmişə deyilib, bir də deyək: cəmiyyətə əlahiddə inkişaf eləmiş sahələr olmur.

Əgər varsa, bu, süni şəkildə, ayrıca diqqət və qayğının nəticəsi kimi müvəqqəti ortaya çıxır.

Ona görə də ölkəni bu cür “yalançı” sahələrlə simvolizə etmək ilk başdan özümüzü aldatmaqdır.

Cəmiyyət tərəqqi edəndə hər sahədə edir.

Bəzən görürsən ki, kimsə işini-gücünü atıb yapışır teatrın yaxasından: sən niyə dünya səviyyəli deyilsən?

İstəyirsən cavab verəsən: sən özün dünya səviyyəli tamaşaçısan ki?

Xeyir ola, sən Orta Əsrlərdə qalmalısan, mən XXI əsrəcən tərəqqi etməliyəm?

Qədirşünas xalqımızın bu mövzuda gözəl bir deyimi var: axsaq atın kor nalbəndi...

Amma ümumi problemlərimizin içində çox ciddi özəlliklərimiz də var ki, teatrımız bu sahədə, maşallah öndə gedir.

İntriqalar, yalanlar, ambisiyalar, məqam və nüfuz davaları və s.

Hamısı da gözümüzün qarşısında.

Teatrın özü bir səhnəyə çevrilib.

Səhnə içində səhnə.

Hətta, bəlkə səhnə üstündə səhnə.

Sizi bilmirəm, mən bu bayram günü çox da dərinə getmədən, Azərbaycan teatrının qurtuluşunu onun azadlığında görürəm.

Özünün özündən azadlığında!

Nə qədərə ki, teatr ona aidiyatı olmadan onu idarə edənlərin mütləq nüfuz dairəsindədir ümumi tərəqqidən söhbət gedə bilməz.

Şekspiri yada salaq.

O, “Hamlet” faciəsində teatrı bizə necə təqdim edir?

Hamlet qatil əmisinin psixologiyasına təsir edib həqiqəti ortalığa çıxarmaq üçün tamaşa qurur, həyatdakı oyun səhnədəki oyunla toqquşaraq çiliklənir, maska yırtılır.

Bizim teatrsa heç öz içindəki həqiqətləri ortaya çıxarmaq gücündə deyil, nəinki kənardakı, daha geniş sferalardakı...

Çünki o, ələbaxandır və onu yaşadanların istəyi dışında heç nəyə qadir deyil.

“Hamlet” yazılan gündən dörd əsrdən çox zaman keçir, amma biz Şekspir teatrının nə olduğunu hələ də sözün əsl mənasında anlayıb, öz malımıza çevirə bilməmişik.

Ona görə ortada həm mövcud olan, həm olmayan qəribə bir ifadə var: Azərbaycan teatrı...

Bütün deyilənlərə rəğmən, bu şərtlər altında buna da şükür etməkdən özünü saxlaya bilmirsən.

Bayramınız mübarək!

# 1703 dəfə oxunub

Müəllifin son yazıları

# # #