Kulis.Az “Ekran üzü” layihəsini davam etdirir. Layihənin budəfəki qonağı ANS televiziyasında yayımlanan “Qulp” verilişinin aparıcısı, Xəzər TV-də efirə gedən “Rezonans” proqramının rəhbəri Mübariz Əsgərovdur.
- Mətbuatda niyə az-az görürsünüz?
- Etiraf edim ki, müsahibə verməkdən xoşum gəlmir. Bunun da müəyyən səbəbləri var. Birinci səbəb odur ki, mən televiziya jurnalistiyəm, nə edirəmsə göz önündədir. Ona görə də inanmıram ki, mətbuat üçün maraqlı olam. İkinci səbəb də odur ki, müsahibə üçün tez razılıq vermirəm. Bilirsiniz, mən yaxşı müsahib deyiləm. Gözlədiyiniz söhbətlərdən danışmıram (gülür).
- “Qulp”un yaranması haqda danışardınız.
- Mən Moskva Dövlət Universitetinin jurnalistika və telejurnalistika fakültəsini qırmızı diplomla bitirmişəm. Sonuncu, yəni beşinci kursda oxuyanda artıq götür-qoy etmişdim ki, hansı proqramı hazırlayacağam.
Beşinci kursda oxuyurdum. Qış tətili zamanı Moskvaya qayıdarkən yüküm ağır oldu. Evdən cürbəcür mürəbbələr, şorabalar, kampotlar yığmışdılar çantama. Əsgərlikdən gətirdiyim ağ çanta var idi. Həmin çantanın içi dolmuşdu. O vaxt vağzalın yanından hava limanına birbaşa avtobuslar gedirdi. Biletim gecə reysinə idi. Yolda çantamın qulpu qırıldı. Başqa bir yerindən tutmaq mümkün olmadığı üçün ağır çantanı qucağımda daşımalı oldum. Qulpu qırıq çantayla hava limanına çatdım.
Daha sonra qeydiyyatdan keçib təyyarəyə mindim. Moskvada təyyarədən düşüb, avtobusa, avtobusdan sonra tramvay və bir neçə ictimai nəqliyyat dəyişib Moskva Dövlət Universitetinin yataqxanasına çatdım. O qulpsuz çanta səhərə kimi mənə o qədər əziyyət verdi ki, artıq qulp haqqında fikirləşməyə başladım ki, qulpun nə qədər böyük əhəmiyyəti var. Açığı deyim ki, çoxları “Qulp”u qulp qoymaq kimi nəzərdə tutur. Ancaq mənim tərəfimdən anlamı qulp qoymaq yox, problemlərin qulpundan yapışmaqdır. Tələbə olarkən musiqisini belə fikirləşmişdim və 1992-ci ilin noyabrında dövlət televiziyasında “Qulp” ilk dəfə efirə getdi. Artıq 21 ildir ki, efirdəyik. Qalanını da efirdən tamaşaçılar görüb.
- Proqramda göstərilənlərin ideya müəllifi sizsiniz?
- İndiyə kimi “Qulp”da nə ideya olubsa, hamısı mənə məxsusdur.
- “Qulp”un uzunömürlü olmasının səbəbini nədə görürsünüz?
- “Qulp” Azərbaycan televiziya tarixində iki yeniliyə imza atıb. Ümumiyyətlə, Azərbaycan televiziyasında satirik-publisistik verilişlər olmayıb. “Qulp” satirik-publisistik ənənələri yaratmaqla yeniliyə imza atdı. Ola bilsin alternativ olmadığına və yaxud da insanları narahat edən problemləri xalqın dili ilə çatdırdığımıza görə uzunömürlü oldu. Ancaq, mən çox təəssüf edirəm ki, “Qulp” yeniliyə imza atsa da, “Qulp”dan başqa ikinci belə veriliş yaranmadı.
- “Qulp” elə bil əvvəllər daha çox sevilirdi, indi maraq sanki azalıb.
- “Qulp” elə həmin “Qulp”dur, elə həmin mövqeyindədir. Sadəcə cəmiyyətdə demokratik ənənələr getdikcə inkişaf edir. Əvvəl SSRİ kimi totalitar bir cəmiyyətdən çıxdığımız üçün azad söz demək imkanımız yox idi. “Qulp” yarandığı gündən azad şəkildə sözünü deyib. Deyilməli sözlər artıq deyilir. Yaponlar evlərində incəsənət əsərləri asmır ki, sənət əsəri adiləşər. Bəlkə də “Qulp”un 21 il efirdə olmağına tamaşaçılar o qədər vərdiş edib ki, gərək mən də yaponlar kimi hərəkət edib verilişi efirdən çıxardım, insanlar darıxsın və sonra yenidən efirə qaytarım (gülür). Qulpun mövqeyi vətəndaşlıq mövqeyi olub. Bizim siyasi mövqeyimiz olmayıb. Hər zaman insanları narahat edən problemləri göstərmişik.
- Problemlərin fonunda yumorun olması nə dərəcə düzgündür?
- “Qulp”da böyük mətləblər var. Bəziləri deyir ki, “Qulp”da o qədər böyük mətləblərdən danışılır ki, hələ bir onun yanında zarafat da edirsən, bunların ikisini necə bir yerə sığışdıra bilirsən? Həkim xəstəyə antibiotik yazanda yanında vitamin yazır ki, şok verməsin, yəni müalicə rahat getsin. Mən də mövzuları qəliz dildə, ciddi şəkildə versəm insanlar həm baxmaz, həm də ki, onlarda da şok yaranar. Ona görə yanına bir az yumor qatıram ki, daha asanlıqla qəbul etsinlər. “Qulp”un ən böyük şüarlarından biri belədir ki, hər kəs özünə gülməyi bacarmalıdır, yoxsa ona başqaları güləcək. Bizim məramımız, məqsədimiz gülə-gülə düşündürməkdir.
- Qarşıdan Novruz bayramı gəlir. Keçən bayramlarda nazirlərlə yumurta döyüşdürmüşdünüz. Sizə simpatiyaları olduğu üçün yumurta döyüşdürməyə razılıq vermişdilər?
- Qəribə bir şeydir ki, 21 il ərzində belə bir satirik proqram olsun, ancaq məhkəməyə verilməsin və ya kimsə ondan inciməsin. Həqiqətən də qəribədir. Əvvəldə dediyim kimi bizim mövqeyimiz vətəndaşlıq mövqeyi olub. İqtidarlı-müxalifətli hamının bizə qarşı münasibəti yaxşı olub. Bilirlər ki, “Qulp” obyektiv proqramdır. Kimsə təhqir, şantaj olunmur deyə ola bilsin çoxlarının qapısı “Qulp” üçün açıqdır. Bu Novruz bayramı ilə bağlı bir ideyam var. Nə dərəcədə reallaşdırıb ortaya çıxaracağam, bu haqda dəqiq bir söz deyə bilmərəm. Novruz bayramının çox qəhrəmanları var, Kosa, Keçəl, Bahar qızı. Deməli, Avropadan ekspertlər gəlib Azərbaycana və tələb edirlər ki, vahid namizəd olsun. Vahid namizəd olmasa bayramın legitimliyini tanımayacaqlar. Buna görə də Kosa, Keçəl, Bahar qızı vahid namizəd məsələsinə görə bir-birlərini qırır. Bax belə bir ideyadır, bu nə dərəcədə reallaşıb ortaya çıxacaq, bilmirəm. Hər halda alınsa yaxşı olar. İndi vahid namizəd haqda kim eşidirsə sizin kimi üzünə təbəssüm qonur (gülür).
- Yuxarıda da qeyd etdiniz ki, indiyə kimi məhkəməyə verilməmisiniz. Qeyri-rəsmi verilişinizi boykot edənlər də olmayıb?
- Ola bilsin iri məmurlardan, müxalifət nümayəndələrindən kimlərsə məndən daxilən inciyib. Mənim gözümdə hamı eynidir. Yenə deyirəm, ola bilsin məndən inciyiblər, ancaq məhkəməyə vermək üçün əsasları olmayıb. Mən hər zaman hazırladıqlarım, dediyim sözün də arxasındayam.
- Müxalifətin Motodromda mitinqlərini işıqlandırırdınız. Müxalifət Motodromdan uzaqlaşandan sonra süjetlər də dayandı.
- O vaxtlar “Səni tərənnüm edirəm doğma Motodrom” adlı müsabiqələr keçirmişdik. Dediyiniz kimi şeirlər yazıb, musiqilər bəstələyirdik. Son zamanlar əsgər ölümü ilə bağlı mitinqləri verilişlərimizdə başqa formada qabardırıq. Pis çıxmasın, Ramil Səfərovun azad olunmasında bizim “Qulp”un da köməyi olub. Ramil azad olunandan sonra mənə zəng etdi ki, hara gedirəm danışırlar ki, “Qulp” səni unudulmağa qoymadı, hər bayramda səni yada salırdılar. Əvvəl mitinqlər daha kütləvi idi, xeyli insan iştirak edirdi. Həmin mitinqlər ictimaiyyətdə geniş rezonans doğururdu.
- Bəlkə Motodromdakı mitinqləri maraqlı edən Əbülfəz Elçibəyin iştirakı idi?
- Milli Azadlıq Hərəkatına, onun üzvlərinə, xüsusən də Allah rəhmət etsin Əbülfəz Elçibəyə simpatiyam olub. Meydan hadisələri vaxtı hətta meydanda da gecələmişəm. 20 yanvar qırğını zamanı Moskvada mitinqi təşkil edənlərdən, çəkib göstərənlərdən, hər il yada salanlardan biri olmuşam. Xalq, Vətən sözü olan yerdə mən varam. Kiçik respublikayıq, bir-birimizi qorumalıyıq. Normal vətəndaş mövqeyi olan hər bir insana hörmət edirəm. İstər iqtidarda olsun, istərsə də müxalifətdə.
- Baba Pünhanı Azərbaycana “Qulp” qazandırdı deyə bilərikmi?
- Çoxları belə düşünür ki, Baba Pünhan tanınmırdı, onu “Qulp” tanıtdı. Bir nəfər dedi ki, belə bir gözəl şair var. Şeirini oxudum. Şeirin axırıncı bəndi məni elə tutdu ki, dedim, bu şairi tapıb gətirin o, böyük istedad sahibidir. Şeirin sonuncu bəndində söhbət belə idi. Şair itlə söhbət edir, sonda da deyir:
İtim, dur gəl önümdə, gəl başına dönüm də
Sən Pünhanın günündə, Pünhan da it günündə.
Yəni şairin özünü itlə müqayisə etməyi mənə o qədər təbii və orijinal göründü ki, çağırdım və ondan sonra bildiyiniz kimi populyar oldu.
- Verilişdə bir qayda olaraq “Şuşa” Dövlət Teatrının aktyorlarına üstünlük verilir. Seçiminiz simvolikdir?
- Düz iki il mən bir aşıq obrazı axtarırdım ki, yaxşı aktyorluğu, danışmağı, rəqs etməyi, saz çalmağı olsun. İki il axtardığım aşıq obrazını tapa bilmədim. Adamlar tapırdım, dediklərimlə razılaşmırdılar. Aşıqlar olurdu ki, deyirdi, “Qulp”un mahnılarını oxusam filan bölgəyə gedə bilmərəm. Sonda Aşıq Yediyarın üstündə dayandıq. Respublikanın əməkdar artisti Yadigar Muradovu tapdıq və həqiqətən də fikirləşdiyim obrazı çox gözəl canlandırdı. Onun yanında olan aktyorları da təbii seçimlə “Qulp”a dəvət etdim. Sonradan onlar da populyar olmağa başladılar. Teymur müəllim, Kərim, Zahid və başqaları düşünürəm ki, rollarının öhdəsindən layiqincə gəlirlər.
- “Qulp”un şüarlarından biri belədir: “Həqiqətə bir az da yaxın olun”. Biz həqiqətə nə qədər yaxınıq?
- Mənə elə gəlir ki, hər birimiz həqiqətdən kifayət qədər uzağıq. Həqiqətə doğru addım-addım gedirik. Bayram qabağıdır, papağımızı qarşımıza qoyub yaxşı-yaxşı düşünməliyik. Azərbaycan elə həssas yerdə yerləşir ki, həmişə sağdan, soldan, arxadan, qabaqdan təzyiqlərə, hədələrə məruz qalır. Bunu bilməliyik və bu həqiqəti dərk etməliyik. Mən dediyim həqiqət odur ki, bu vətən bizim hamımızındır. Sərvətlərimiz də bəs edir ki, hamı yaxşı yaşasın, ümumi problemləri də birgə həll etməliyik. Kədəri də bizim olmalıdır, sərvəti də.
- “Qulp”dan başqa “Əməkdar artist” müsabiqəsi ilə də yadda qaldınız.
- Qocaların da özünü tanıtmağa haqqı çatır. Biz “Əməkdar artist”i təşkil etməklə illər uzunu əməklə məşğul olub özünü sübut etməyə imkanı olmayanlara imkan yaratdıq. Bəlkə bu layihəni yenidən davam etdirdik. Bu verilişin içərisindən bir Xanım nənə çıxdı.
- Son zamanlar əvvəlki kimi görünmür.
- Deyəsən, bir az naxoşlayıb. Mənə elə gəlir ki, onun hələ deməyə sözü çoxdur (gülür).
- Çox populyarsınız?
- “Qulp”un kiçik rolikləri efirə gedən kimi dərhal hiss edirəm ki, insanlar arasında müzakirə başlayıb. O müzakirələrin gedişindən bilirəm ki, xalq məni izləyir. Baba Pünhanın təzə rəhmətə getdiyi vaxtlar idi. Qubanın bir dağ kəndinə səfər etmişdim. Etiraf edim ki, məni tanımayan yerdə özümü daha rahat, daha yaxşı hiss edirəm. Hamıyla zarafat edib, deyib gülürəm. Yolun qırağında bir qoca arvad meyvə satırdı. Ona yaxınlaşıb zarafatlaşdım ki, məni tanımır. Pulu verib, meyvəni alandan sonra qadın dedi ki, a bala, “Qulp” yenə efirə gedəcək? Dedim, nə olub bəyəm? Dedi, Baba da rəhmətə getdi, onun da yeri boş qalacaq. Nəinki məni tanımaq, “Qulp”un bütün buraxılışlarına baxırlar. Sözün düzü camaat arasında populyarlıq bir qədər əziyyət verir, özümü rahat hiss edə bilmirəm.
- Xəzər televiziyasında yayımlanan yeni layihəniz olan “Rezonans” haqda danışardınız.
- Həbsxana ilə bağlı layihə on iki il bundan əvvəl yaranmışdı. Ümumiyyətlə, mənim televiziya layihələrim çoxdur. Sadəcə bu layihələri “Qulp” reallaşdırmağa imkan verməyib. Bir sözlə, “Rezonans” on iki ildir ki, kənarda qalmışdı. Hiss edirdim ki, bizim teleməkanda boşluq çoxdur. Bu boşluqları doldurmaq üçün kifayət qədər peşəkar bir studiyaya ehtiyac var ki, ciddi publisistik verilişlər hazırlansın. Müstəqil “Qulp” studiyası yaratdım. Başqa layihələrim də var, həmin layihələri ANS-də də görəcəksiniz.
“Rezonans” layihəsinə əcnəbi ekspertlər rəy veriblər. Almaniyadan gəlmiş həbsxana rəisi dedi ki, istəyirəm bunu Almaniyada hazırlayım. Bunu deyəndə yanımda həbsxananın rəisi oturmuşdu, qulağıma pıçıldadı ki, əgər almanlar bizdən öyrənirlərsə demək ki, yaşamağa dəyər. Əlbəttə həbsxanadır, işləmək çətindir. Çəkilişlər aparmaq, hər həftə efirə vermək çətindir. Bu proqramın orijinallığı odur ki, verilişin aparıcıları, operatoru məhkumlar olacaq. Gələcək də montajı da özləri edəcək. Məhkum həyatını onların özlərindən yaxşı bilən yoxdur.
- “Rezonans”ı niyə ANS-də yox Xəzər televiziyasında hazırladınız?
- Bu sualı çox adam mənə verir ki, yeni layihə niyə ANS-də yox, “Xəzər” televiziyasında yayımlanır. Studiyanı qeydiyyatdan keçirəndə oranın rəhbəri Hüseyn bəyə bir neçə layihə göstərdim. O, bütün layihələri götürməyi təklif etdi. Hamısını verməyə texniki imkanımın olmadığını bildirdim. Bundan sonra yalnız həbsxana ilə bağlı olan layihəni istədi, mən də verdim. Yəni, sifariş onların özündən gəldiyinə görə “Rezonans” layihəsini “Xəzər” telekanalına təqdim etdim. ANS-lə heç bir problemim yoxdur. Tamaşaçılar növbəti maraqlı layihələrimi ANS televiziyasında da görəcək.
- Son zamanlar insanların duyğularına toxunan proqramlar dəbdədir. Televiziyalar tamaşaçıları ancaq ağlada biləcək verilişlərə üstünlük verir.
- Artıq “Rezonans”ın məqsədi, məramı haqda danışdım. Qobustan qapalı həbsxanasına çəkiliş qrupu göndərmişəm. Orda ömürlük azadlıqdan məhrum edilmiş bir şair var, şeir kitabının təqdimatı olacaq. Çəkib efirə verəcəyik. Onların da arasında meyxana, şeir deyən, ağlayan, deyib-gülənlər var. Biz əgər bir insana kömək edib cəmiyyətə qazandıra biliriksə bunu ağlatmaqla bağlamaq düz deyil.
Mən orda motiv yaratmıram ki, kimsə ağlamağa başlasın. Hər kəs öz həyatını danışır, ağlayan zaman biz həmin səhnəni olduğu kimi qayçılamadan göstəririk. Məqsədimiz həbsxanalarda şou yaratmaq deyil. Biz məhbuslara əlavə bir stimul vermək niyyətindəyik. Çünki onlar başqa yerə getməyəcəklər ki, əvvəl-axır cəmiyyətə qayıdacaqlar. Deməli, cəmiyyətə layiqli vətəndaş kimi qayıtmalıdırlar. Həm də tamaşaçılar üçün həbsxananın nə qədər çətin, ağrılı bir yer olmağını göstəririk ki, pis əməllərdən uzaq dursunlar. Cəhənnəm oduna düşməsinlər. Məhkumlar deyir ki, türmədə hər şey düzəlir, ancaq azadlığın əvəzini heç nə vermir. Düşünürəm ki, bu layihə adı kimi cəmiyyətdə rezonans yaratmağı bacardı.