Yuxularım– 3
Gördüm, bərk yorğunam, bir vaxtlar Günəşlidə kirayədə qaldığım birotaqlı evdəyəm. Otağın cəmi bir çarpayısı vardı, həmin çarpayıda uzanıb yatmaq istəyirəm. Ancaq yorğun olsam da başımda dolaşan fikirlər yatmağa mane olur.
Gördüm, işığı keçirirəm, yavaş-yavaş yuxuya gedirəm. Gözüm təzəcə yuxuya getmişdi ki, qəfildən sürəkli səslər gəldi, teatrlardakı kimi sanki xeyli adam birdən əl çaldı. Gördüm, qalxıb işığı yandırıram, ancaq heç nə başa düşmürəm. Gördüm, yatağıma qayıdıram, uzanıb yatmaq istəyirəm. Yenə səs eşidirəm. Gözümü açıb səs gələn tərəfə baxanda gördüm, danışan divardakı oboyun bir naxışıdı. Naxış oboydan irəli çıxaraq o biri naxışları danlayır:
- “Utanmırsınız? Qoysanız kişi rahat yatsın!”
Mən mətəl qalmışdım, bu nə deməkdi? Fikirləşdim, yəqin yuxudayam, yuxuda belə şeylər ola bilər, ya da qara basır məni. Gördüm, yenicə yuxuya getmək istəyirəm ki, digər bir naxış irəli çıxıb eynən sovet dövrünün qurultay çıxışlarına bənzər nitq söyləyir:
“Yoldaşlar, biz bir beşilliyin planını vaxtından əvvəl üç ilə verməliyik! Artıq hər qoyundan iki bala almağın vaxtıdır! Hər bir pambıqçı qadın bizim milli sərvətimizdir!”
Gördüm, onun bu nitqinə oboyun qalan naxışları gurultulu əl çaldılar.
Dərhal yerimdən qalxıb işığı yandırdım ki, görüm nə məsələdi, bunlar məni niyə dolayır? İşığı yandıran kimi çıxış edən naxış dərhal öz yerinə qayıtdı, əl çalanlar isə öz yerlərində sakitcə qaldılar, sanki bayaqda əl çalan bunlar deyildi. Oboydakıların bu işlərini də qarabasmaya yozaraq işığı söndürüb yerimə uzandım. Gördüm, naxışın biri ironik tonla belə deyir:
- “Ayə, niyə qoymursunuz kişi yata? Bilirsiniz bu kimdi?”
O birisilər xorla soruşdu: “Kimdəə bu?” Bayaqkı yenə dilləndi:
- “Ayə, hancarı tanımırsınız? Bilmirsinizmi, bu, bizim xalqın, elin-obanın şairi-yazıçısıdı?”
Açığı, oboy naxışının məni dolaması xoşuma gəldi. Fikirləşdim, qoy hələ maneə olmayım, görüm, özgə nə danışacaqlar.
Divarda tərpənməz qalan naxışlar xorla: “Ayə sən nə danışırsan, doğrudan bu şairdi?”
Naxışlardan biri yenə irəli çıxıb özünü güclə ciddi tutaraq:
“Demək, bizim bu “xozeyin” özündən şeir-zad qoşur, hə?”- soruşdu.
Digər naxış onun sualına cavab verərkən məni lap doladı: “Bə nədi? O gün bunun başının qapağını azca aralayıb beyninin içinə baxdım. Beyni limhəlim qafiyə ilə dolu idi!”
Məni gülmək apardı. Qalxıb gülərək: “A kişilər, icazə verin yataq, zarafatı sonraya saxlayın!”- dedim.
Mən işığı yandıran kimi, naxışların hamısı tezcə öz yerlərinə qayıtdı. Onlar bu anda mənə, müəllimləri dərsarası bir neçə dəqiqəliyə bayıra çıxarkən dəcəllik edən ibtidai sinif şagirdlərini xatırlatdı. Uşaqlıqda biz də belə idik, müəllim sinifdən çıxan kimi biri-birimizlə dümsükləşər, müəllim qayıdarkən heç nə olmamış kimi sakitcə yerimizdə oturardıq.
Mən işığı söndürüb yenidən öz yerimə uzandım. Gördüm, artıq yuxum dağılıb, yata bilmirəm.
Bir neçə dəqiqəlik sükutdan sonra uzun rombşəkilli bir naxış barmağının ucunda mənə tərəf yaxınlaşaraq öz dostlarına çönüb belə dedi:
- “Mən ölüm, bunun cibini yoxlayacam, görüm, pulu-zadı varmı?”
O, yanımdakı stolun üstünə atdığım paltarlarıma yaxınlaşdı. Əvvəlcə stolun söykənəcəyinə keçirdiyim pencəyimin ciblərini yoxladı. Oradan nə tapırdısa əlində yuxarı qaldıraraq ətrafdakı naxışlara elan eləyirdi: “Bir cib dəsmalı! Bir qələm! Bir kağız parçası! Görüm nə yazıb? Yəqin, şeir-məqalə yazmaq üçün qeydlərdi. Siqaret! Bəh-bəh, Bakinskiy “Kosmos”! Belə şeyi də adam çəkər? Bu siqaretin içinə o qədər kükürd qatırlar ki! Pencəylə qurtardım, keçirəm şalvara!”
O, sürtülmüş cins şalvarımı əlinə götürüb ciblərini yoxlamağa başladı: “Aha! Pul var deyəsən! Bir manat! Dayan görüm, qəpiyi də var, altmış qəpik!”
Uzun rombşəkilli naxışın bu pul elanını digər naxışlar lağlağı üçün ayaqüstə, sürəkli alqışlarla qarşıladılar. Otaqda bir gurultu qopdu, gəl görəsən.
Aparıcılıq edən naxış sonra başqa ciblərimə keçdi: “Aha, alışqan! Şairdi dəə, siqaretdən çəkib öz xalqına şeir yazır, bəh-bəh-bəh!”
Divardakı naxışlar yenə ironiya ilə mənim şairliyimi alqışladılar. Uzun naxış şalvarımı qatlayıb səliqə ilə yerinə qoydu və üzünü divarlardakı naxışlara tutub: “Mən bu qədər! Özgə kimin deyiləsi sözü var, buyursun!”- dedi.
Baxdım ki, bunlar məni hələ çox dolamaq istəyirlər. Ayağa qalxıb işığı yandırmağa gedə-gedə divarlara qışqırdım: “Bəsdirin dəə, icazə verin bir az yataq!”
Gördüm, işığı yandıran kimi divar kağızlarındakı bütün naxışlar əl çalaraq məni gurultuyla alqışladılar.
Gördüm, yuxudan oyanmışam, naxışların alqışlarına görə otağın dörd divarı qarşısında baş əyirəm.