“Mənim universitetim” layihəsi
Yazının ilk hissəsi: Qatara xuliqan kimi mindim
Hə, vaqon bələdçisi gonbul Marina məni öz kabinələrinə gətirib ironiya ilə o biri bələdçiyə təqdim elədi:
-Zina, qalx “qonağı” qəbul elə!
Zina məni tərs-tərs süzüb növbətçi rəfirəsindən soruşdu:
- Nolub, oğurluq?
- Oğurluq olsa nə vardı, vaqona biletsiz minib.
- Bəs necə minib?
- Başqa vaqondan.
- Hansı vaqondan minib qoy getsin ora!
- Deyir, mindiyim vaqon yadımdan çıxıb, özü də tələbədi, cibində də bir qəpik pul yoxdu.
Zina dikəlib məni zəndlə süzdükdən sonra:
- Onda neyləyək? Gərək qatar briqadirinə xəbər verək, – dedi.
Onlar qatar briqadirinə mənim haqda məlumat verdilər. Bir azdan iki nəfər orta yaşlı kişi bizim vaqona gəlib məni sorğu-suala tutdular. Mən yalandan gopladım ki, instituta qəbul vaxtı Novosibirskdən Nataşa adlı bir qız mənimlə imtahan verirdi. Biz bu vaxt ərzində tanış olub bir-birimizə vurulduq. Nataşa da şeirlər yazırdı, ancaq qəbul ola bilmədi. Mən onunla həmişə məktublaşıram. İndi ondan teleqram aldım, yazıb ki, mənə dəyməsən intihar eləyəcəm. Mən də sonuncu pulumu verib ona teleqram vurdum ki, tezliklə yanındayam, bu gün qatarla çıxacam. Sonra da qaça-qaça gəlib vaqonların birinə mindim, bax belə.
Briqadirlər bir-birinin üzünə baxdı, sonra yaşca böyük olan müəllim səsi ilə:
- Baax, əslində biz səni növbəti stansiyada düşürtməliyik, ancaq baxıram, tələbəsən, cibində pulun da yoxdu, ortada da sevgi söhbəti var,- dedi və üzünü Zina tərəfə tutub: - Birtəhər yola verin getsin! – dedi.
Onlar məni əvvəlcə oturduğum o üç nəfərin yanına qaytardılar və dedilər ki, yerin sahibi gələrsə üçüncü mərtəbəyə qalxmalısan. Mən sevinə-sevinə razılaşdım.
Sərnişin yoldaşlarım artıq süfrə açmışdılar. Ər-arvad ortaya toyuq, soyutma kartof, xiyar-kələm turşusu araq qoymuşdu. Yaşlı kişi isə şirin çaxır çıxartmışdı. Məndən soruşdular ki, nə oldu, briqadir qəbul elədimi? Dedim, hə, sizinlə birgə gedəcəm. Qoca təzədən soruşdu:
- Bəs, Novosibirskə getməkdə məqsədin nədi?
Mən bayaq gopladığım eşq macərasını söylədim. Onlar məni rəğbətlə öz süfrələrinə dəvət elədilər. Biz artıq yeyib-içir, anekdotlar söyləyirdik.
Gecə oldu və mən hələlik yuxarı yerdə yatası oldum. Uzanan kimi məni yuxu apardı. Gecənin bir aləmi, səhərə yaxın vaxtlar bələdçi Marina məni oyadıb dedi, tələbə, qalx, yerin sahibi gəldi. Mən birtəhər qalxıb “obşaqdan” bir siqaret götürərək tambora çıxdım. Sonra geri, bələdçilərin yanına saatı soruşmağa getdim. Hardasa səhər saat beşin yarısı idi. Onlar çay süzüb məni öz yanlarında oturtdular və sevdiyim qız haqda suallar verdilər. Mən cavabında, bayaq söylədiyim gopu məcburən “indeyski” detallarla daha da genişləndirib danışırdım. Onlar artıq mənə bir eşq fədaisi kimi yanaşırdılar. Bir-birilərinə: - Görürsən, - deyirdilər – bizimkilər heç belə sevə bilirmi?
Axırda Zina soruşdu ki, bəs sevdiyin Novosibirskin harasındandı?
-Oktyabrsk rayonundan, - arxayınlıqla dilləndim, çünki şəhərin belə bir rayonundan olan tələbə yoldaşım vardı. – Ev telefonu da var, çatan kimi zəng edəcəm, - arxasını da belə gopladım.
Sonra o, canıyananlıqla:
Üçüncü mərtəbədə yatmaq bir az qorxuludu, yıxıla bilərsən, həm də çox isti olur. Özünü yaxşı aparsan, biz yatmayan vaxtlarda burda yata bilərsən.
Qadınların bu yardımından utansam da əlac yox idi, çünki qarşıda 3 sutka yol vardı. “Özünü yaxşı aparsan” o demək idi ki, sənə olunan etimaddan istifadə edib bizə girişməyəsən. Birincisi, bu yekəpər qadınlar mənim zövqümdə deyildi, ikincisi də, əfsanəvi sevgi qəhrəmanı roluna girmiş gəncin başqa qadına şəhvətlə baxmaq ixtiyarı belə olmamalıdı.
Nə isə, artıq hiss edirdim ki, vaqonda mənim haqda söz-söhbət gəzir.
Gopumdan xəbər tutanlar məni rəğbətlə süzür, tamborda siqaret çəkəndə söhbətə tuturdular. Vaqonda yeyib -içənlər məni tez-tez süfrələrinə dəvət edirdilər. Mən gah düşən sərnişinlərin boş yerində, gah Zinagilin yanında yatıb yuxusuzluqdan qorunurdum. Arada gəlib sobaya kömür atmaqda bələdçi qadınlara gömək eləyirdim. Bəzi stansiyalarda qarıların satdığı soyutma kartof, yumurta, turşu kimi ərzaqlardan almaq üçün bələdçilər pul verib məni göndərir, özünə də pivə al, deyirdilər. Hərdən briqadirlər vaqonda görünəndə gülümsəyərək halımı soruşurdular.
Nəhayət, təxminən üç sutkadan çox yol gəldikdən sonra günorta vaxtlarında Novosibirsk şəhərinə çatdıq. Vaqon bələdçiləri ilə vidalaşanda zorla mənə marşrutpulu verdilər. Mən pulu götürmək istəmirdim, deyirdim ki, hansı bazara getsəm həmyerlilərimi tapıb pul ala biləcəm.
Nə isə, vağzalından ilk dəfə olduğum şəhərə çıxıb adamlardan yaxınlıqda yerləşən bazarın marşrutunu soruşdum. Sonra avtobusa minib bazara gəldim. Adını xatırlamadığım bu böyük bazarın içərisində bir az gəzinib azərbaycanlılar alver elədiyi tərəfi tapdım. Onlar burada mer-meyvə və gül satmaqla məşğul idilər. Yaxınlaşıb tanış oldum və aralarında aparıcı adamın kim olduğunu soruşdum. Elə bildilər mən də mal gətirmişəm, dedilər, Arif indi gələr, səni tanış eləyərik. Sözarası Arifin hansı bölgədən olduğunu soruşdum. Dedilər, Göyçədəndi. Sevindim, çünki göyçəlilər, adətən, romantik olurlar, məni daha yaxşı anlayar, düşündüm.
Nəhayət, ucaboy bir oğlan mənə yaxınlaşıb Arif olduğunu söylədi və mənimlə tanış oldu. Biz geniş söhbət eləmək üçün yaxınlıqdakı bir kafedə oturduq. Mən Moskvada tələbə olduğumu, bura necə “pijon” kimi gəldiyimi, vaqon əhvalatlarımı ona söylədim. Arif mənə çox maraqla qulaq asırdı. Sonra:
- Nə maraqlı insansan, səni burdan bir həftə buraxdı yoxdu! – dedi.
Mən ona minnətdarlıq eləyərək:
- Qardaş, mən burda sizin bircə gün qonağınız ola bilərəm, çünki, artıq nə qədər dərs buraxmışam, - dedim.
Nə isə, Arif axşam məni bir neçə dostu ilə restorana, şam yeməyinə apardı. O, məclisdə mənim əhvalatımı dostlarına xüsusi ləzzətlə danışıb sağlığıma badə qaldırdı. Məclisdəkilərin hər biri şənimə tost söylədi. Mən onlara öz şeirlərimdən oxudum və beləcə onların hər biri ilə mehribanlaşdım.
Gecə Arif məni rus xanımı ilə yaşadığı evinə apardı və tanış elədikdən sonra əhvalatımı ona da danışdı. Biz evdə də yüngülvari bir məclis qurduğumuzdan çox gec yatdıq.
Sabah günorta vaxtlarında bazara gəldik. Söylədiyinə görə Arif burada hansısa bazarda şuba alveri ilə də məşğul idi, yəni ticarət mərkəzində satıcıları vardı. Nə isə yenə məclis, yenə dostlardan sonra mənim israrlı xahişimlə biz vağzala gəldik. Mən onlara bildirdim ki, geriyə də biletsiz qayıtmaq istəyirəm. Arif zorla mənə kupe vaqonuna bilet aldı və cibimə xeyli pul basdı. Vağzalda məni yola salan dostları bir-bir bağrıma basdım. Baxdım ki, Arif dəsmalını çıxarıb göz yaşlarını silir. Mən vaqona minəndə:
-Bax, yayda mütləq gələrsən haa, gözləyəcəm! – deyib mənə əl elədi.
son