Azərbaycanın ilk qadın dirijoru: “Heç vaxt frak geyinmərəm, çünki kişi doğulmamışam” - Müsahibə

<span style="color:red;">Azərbaycanın ilk qadın dirijoru:  “Heç vaxt frak geyinmərəm, çünki kişi doğulmamışam” - <span style="color:red;">Müsahibə
30 may 2019
# 11:34

Turan və Abuzər Manafzadələr əməkdar artist, pianoçu, bəstəkar, dirijor İslam Manafovun ailəsində dünyaya gəliblər. Anaları da musiqiçi olan Turan və Abuzər bacı-qardaşları uşaq vaxtlarından valideynlərinin peşəsinə meyl salırlar. İslam Manafov 2000-ci ildə Türkiyədən iş təklifi alanda bütün ailə ora köçür. Turan və Abuzər Türkiyədə Memar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasında təhsil alırlar.

Abuzər Manafzadə hazırda Vyanada yaşayır, dirijorluq və piano təhsili alır. 2017-ci ildə Azərbaycanın Əməkdar artisti adını alan Turan Manafzadə hazırda Türkiyədə yaşayır və işləyir. Onun fərqləndirən başqa bir xüsusiyyəti dünyanın azsaylı qadın dirijorlarından biri olmasıdır. Azərbaycanın isə ilk qadın dirijorudur.

* * *

Musiqiçilər ailəsi ilə Filarmoniyanın qarşısında görüşürük. Məşqdən yeni çıxıblar. Elə Filarmoniyanın qarşısındakı kafelərin birində də oturub söhbətləşirik. Hələ ki, İslam müəllim yoxdur, o, bir qədər sonra bizə qoşulacaq.

* * *

- Mayın 25-də (müsahibə mayın 23-də alınıb – M.A.) Bakıda növbəti konsertiniz olacaq. Konsertə hazırlıqlar necə gedir?

Abuzər Manafzadə: Elə az öncə məşqdən çıxdıq. Bildiyiniz kimi, mayın 25-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə biz - vətənimizi xaricdə təmsil edən sənət adamları olaraq “Vətən uzaqda deyil” şüarı altında ailəlikcə konsert verəcəyik: mən, atam, bacım, həyat yoldaşım. O da musiqiçidir. Hətta anam da bizimlə birlikdə çıxış edəcəkdi, sadəcə olaraq proqramına uyğun gəlmədi. Bundan öncə də Avropada konsertlərimiz vardı. İki gün öncə də Daşkənddə konsertimiz oldu.

- Yəni gərgin iş qrafikiniz var.

Turan Manafzadə: Bəli, günümüz boş keçmir. Daşkəndə ilk dəfə gedirdik. Çox sakit, mədəni və təvazökar şəhərdir. İnanın, mən orda bir insanın səsini eşitmədim. Ora sakit olsa da, bizim öz proqramımız çox gərgin keçdi, buraxmaq istəmirdilər. Orda konsertlə çıxış edəndən sonra isə Azərbaycana gəldik.

- Turan xanım, konsert doğum gününüzə təsadüf edir...

T.M.: Bəli (gülür). Mən son illərdə ad günümü səhnədə keçirirəm. Bu da bir musiqiçi üçün çox gözəl hissdir.

- Sizi təbrik edirəm, uğurlar arzulayıram. Bu dəfə də səhnədə olacaqsınız...

T.M.: Çox sağ olun. Neçə ildir ki, o cür alınır. Həm orkestrimiz, həm də izləyicilərimizlə birlikdə ad günü keçirmiş oluruq. Çox xoşdur (gülür). Mən bundan əvvəl martda da Bakıda konsert vermişdim. Amma buna baxmayaraq, izləyicilərimiz yenə də konsert istəyirdilər. İstəkləri nəzərə alaraq yenidən Bakıda konsert vermək qərarına gəldik.

- Abuzər bəy, sizin balaban üçün yazdığınız konsert də Bakıda ilk dəfə səslənəcək...

A.M.: 2013-cü ildə balaban üçün yazdığım konsertin ilk dəfə 2018-ci ildə ABŞ-ın Kaliforniya ştatında dünya premyerası oldu. Azərbaycanda isə ilk dəfə mayın 25-də səslənəcək. Orda dostumuz, azərbaycanlı dirijor Fərhad Xudiyevin rəhbərliyi ilə olmuşdu, burda isə sevinirəm ki, Turanın dirijorluğunda gerçəkləşəcək. Bu arada o, balaban və simfonik orkestr üçün yazılmış ilk əsərdir.

- Bundan əvvəl bacınızın dirijorluğu ilə konsertləriniz olub?

A.M.: Olub, əlbəttə. Bizim hər cür iş birliyimiz olub; dirijor kimi də, pianoçu kimi də bir yerdə çıxışlarımız çox olub. Biz ailəcə həm dirijoruq, həm bəstəkarıq, həm də pianoçuyuq.

T.M.: Bir-birimizin əsərlərini səsləndiririk.

(Bu vaxt İslam Manafov masaya yaxınlaşıb əyləşir).

A.M.: Bir yerdə piano çalırıq, hazırda dörd piano layihələrimiz var. Atam və anam da bizimlə birlikdə iştirak edəcək.

T.M.: Abuzərin əsərlərini mən özümlə hər yerə aparıram, hansı konsertdə çıxış edirəmsə, orda ifa edirəm.

- Aranızda rəqabət olurmu?

T.M.: Türklərdə bir söz var, “tatlı rəqabət”, əlbəttə, o cür rəqabət olur.

A.M.: Sənətdə rəqabət olması gözəldir. Rəqabətdən daha çox biz çalışırıq eyni nəfəs kimi, eyni anda çıxış edək. Biz musiqiçi olaraq səhnədə heç danışmadan, nəfəsimizlə, jestimizlə, baxışımızla bir-birimizi anlayırıq.

T.M.: Yaxşı musiqiçilər kapriz etməzlər. Lazım olduqda bir nəfər daha xəfif çalmalıdırsa, o cür də çalmalıdır. Yoxsa mən özümü göstərim, mən qabağa çıxım, belə şeylər olmaz.

İslam Manafov: Sənətdə rəqabət olmaz. Sənətdə mükəmməlliyə gedən yol var, ona çatmaq lazımdır. Bu mənada ki... (Fotoqrafın kameranı ona tuşladığını görür). Mənim saçlarım qaydasında deyil, dayanın düzəldim sonra çəkin (əlini saçlarına aparır).

Gülüşmə.

A.M.: (şən səslə). Yaxşıdır, yaxşıdır.

T.M.: Yaxşı görünürsən (gülür). Fotoşop edərlər (yenə gülür).

İ.M.: Dediyim kimi, mükəmməl olan yalnız Allahdır, amma gördüyümüz gözəl operalar, gözəl rəsmlər, binalar, filmlər, şeirlər, romanlar da insan oğlunun mükəmməllik yolunda atdığı addımlardır, onun bu yolda cəhdlərinin nəticəsidir. Bu mənada sənət mükəmməlliyə aparan yoldur, rəqabət deyil. Rəqabət o anlamda ola bilər ki, başqasının elədiyinin üzərində öyrənib daha yaxşısını eləyəsən.

T.M.: Zatən bir söz var ki, yaxşı musiqiçilər bir-birini qısqanmaz, bir-birini ucaldar.

- İslam müəllim, siz heç bir ata kimi övladlarınızla aranızda rəqabət hiss edirsiniz? Yəqin istəyərsiniz ki, bir sənətçi kimi sizi üstələsinlər...

İ.M.: Mən də istəyərəm onlardan üstün olum (gülür). Onlar da istəyirlər. Amma ən böyük arzum budur ki, məni də gəlib keçsinlər. Ümumiyyətlə, yüksək olan nə varsa, onlara qismət olsun.

- Turan xanım gənc yaşda əməkdar artist olub, Abuzər bəy Vyanada təhsil alır...

İ.M.: Bunlar gözəl şeylərdir. Sənətə gedən yolda bunlar addımlardır (Qəfil dayanır). Yəqin mənim səsimi yazmırsız?

- Yazıram.

İ.M.: Ay Allah... (gülür). Yaxşı, necə istəyirsiz, o cür olsun.

- Övladlarınızın musiqiyə yönlənməsində sizin təkidiniz olub, yoxsa istedadlarını görüb bu yolu seçmələrini istəmisiniz?

İ.M.: Evdə musiqinin səslənməsi istər-istəməz uşaqları musiqiyə yönləndirir. Amma biz gördük ki, uşaqların musiqi duyumları var. Əgər bir balaca tərəddüdümüz olsaydı, musiqiyə yönləndirməzdik.

- Turan xanım həkim olmaq istəyirmiş...

İ.M.: Bəli, istəyirdi. Amma həkimlik də məsuliyyətli, ciddi peşədir. Biz onu musiqiyə yönləndirdik və zamanla gördük ki, həm Abuzərdə, həm Turanda istedad var.

- Musiqiçi kimi övladlarınıza ən birinci tövsiyəniz nə olub?

İ.M.: Nə səviyyəyə çıxırlarsa-çıxsınlar, sadə olsunlar, insanlıqdan uzaq olmasınlar, sənəti qavradıqları kimi başqalarına çatdırsınlar. Allaha şükür, o cür də davam edirlər. Mən çox şadam ki, tək sənətçi kimi deyil, insan olmaq yolunda da uşaqlarımızı həyat yoldaşımla bərabər doğru yolda yönləndiririk.

- Turan xanım, dünyada qadın dirijorlar çox azdır. Bəs sizdə dirijor olmaq ideyası hardan yarandı?

T.M.: Dirijor olmaq ideyası Abuzərdən gəldi. O, dirijorluq təhsilinə başlayanda bizim məktəbə italyan müəllim gəlmişdi. Abuzər də dedi ki, haydı, onun sinfinə gedirik. Mən son günlərə qədər tərəddüd içində idim, bilmirdim dirijor olum, yoxsa olmayım. Amma məktəbə girəndən sonra gördüm ki, dirijorluq həm insanın xarakterində olmalıdır, həm də dirijorluq oxumaq insanın xarakterinə çox şey qatır.

Azərbaycanın ilk qadın dirijoru: “Sənətçi vətəndə çox oturmamalı, daim dünyanı gəzməlidir” - [color=red]MÜSAHİBƏ[/color]

- Yəqin ki, idarəetmə bacarığı da vacibdir...

A.M.: Çox şeylər olmalıdır. Dirijorluq bəlkə də musiqi sənətinin ən çətin, ən yüksək zirvəsidir. Orkestrdə oturan təxminən yüzə yaxın adam sizin gözünüzə baxır, hər hansı bir sual yarandıqda cavab verməlisiniz. Çalışdığınız əsər haqqında analiz, nəzəri, tarixi, ifa baxımından hər şeyə hakim olmalısınız. Və bir də liderlik çox önəmlidir. Orkestrə sözünü keçirmək çox çətindir.

- Orkestri daha çox necə idarə edirsiniz? Diktator kimi, yoxsa demokratik qaydalarla? Əlinizdə rəmzi də olsa, çubuq var.

T.M.: Daha çox demokratik qaydalarla idarə edirəm. Səhnədən endiyim zaman hər kəslə dostam, amma səhnəyə çıxdıqda başqa adam oluram.

- Rus dirijor Yuri Simonov deyir ki, dirijorluq peşəsi hətta kişi üçün çətindir, o ki, qaldı qadın ola. Başqa bir rus dirijor Yuri Temirkanov iddia edir ki, dirijorluq peşəsinin mahiyyəti gücdən ibarətdir, qadının mahiyyəti isə zəriflikdir. Ona görə də qadından dirijor olmaz...

T.M.: Mən inanıram ki, bəzi xanımlar özəlliklə seçiliblər, bir az kişi xüsusiyyətinə malikdirlər. Mən şəxsən özümdə kişilərə məxsus liderlik kimi bəzi xarakterik xüsusiyyətləri hiss edirəm. Məncə, bunu özündə hiss edən xanımlar dirijor ola bilərlər. Amma dirijor olmaq üçün xarici görkəm də çox önəmlidir. Dirijor cüssəli olmalıdır, cırtdan olmamalıdır.

- Kişi dirijorlar, adətən, frak geyinirlər...

T.M.: Mən şəxsən frak geyinmirəm. Çünki mən kişi olaraq doğulmamışam, hər zaman zərif görünməyə çalışıram.

- Qadın dirijorla kişi dirijorun idarəetməsində fərqlilik var?

T.M.: Var. Qadın dirijorların ifaları, əl hərəkətləri daha duyğusaldır.

İ.M.: Ümumiyyətlə, musiqinin yorumlanmasında peşəkar sənətçinin qadın və ya kişiliyi hiss olunmamalıdır.

- 20 ildən çoxdur Türkiyədə yaşayırsınız. Türk sənətçilər ictimai-siyasi həyatda aktiv iştirak edirlər, tvit atırlar, nəyəsə münasibət sərgiləyirlər. Siz necə, ictimai-siyasi prosesləri izləyirsiz?

T.M.: Bir aydın kimi sənətçi öz sözünü daim deməlidir. Ona görə də türk sənətçilər daha cəsur olduqları üçün bu məsələdə aktivdirlər.

A.M.: Biz ictimai-siyasi məsələlərə hər zaman diqqətcilik, hər zaman maraqlanırıq. Düzdür, bəzən sosial mediada yazırıq, bəzən yazmırıq, amma bu, maraqlanmamaq anlamına gəlməz. Bəzən heç vaxt da qalmır, konsertdən-konsertə qaçırıq, məşqlərimiz olur. Amma hər zaman öz dövlətimizin, xarici ölkələrin ictimai-siyasi məsələləri daim diqqətimizdədir.

T.M.: Mən sosial mediada çox yazmıram. Düşünürəm ki, insanın çox izləyicisi olmalıdır. Onda inandırıcılığı da artır. Hələ gözləyirəm, hər dəfə nəsə məsələ olanda özümü tuturam. Bir milyon, iki milyon izləyicim olandan sonra yazacam (gülür).

- İslam müəllim, Bakıda doğulub boya-başa çatmısınız. Yəqin Bakıdan ötrü daha çox siz darıxarsınız...

İ.M.: Bakıdan ötrü kim darıxmır? Yüz il əvvəl Bakını tərk eləyən insan da, bir il əvvəl tərk edən insan da hər zaman Bakı üçün darıxır. Kim olur-olsun, bir-iki dəfəyə Bakıya gəldimi, sonra yenə gəlmək istəyəcək. O ki, qala burada doğulub-böyümüş insan olsun. Bakının özünəməxsus mistikası var.

- Nədir o mistika?

İ.M.: Onu heç kim bilmir.

A.M.: Mən də Bakıya inanılmaz şəkildə bağlıyam. Vyana on ildir ki, dünyanın ən yaşanılası şəhəri seçilir. Mən üç ildir orda yaşayıram, həyat yoldaşım da Almaniya vətəndaşıdır. Vyana gerçəkdən bir muzey şəhəridir. Nyu-Yorkda, Avropanın bir sıra şəhərlərində olmuşam. İstanbul mənim üçün dünyanın ən gözəl şəhəridir. Amma Bakıya hər dəfə gələndə təyyarə enər-enməz ağlamaq istəyirik, səbəbini bilmirəm. Hər zaman Bakı üçün darıxır, özləm dolu oluruq.

İ.M.: Bakının sözlə ifadə ediləcək tərifi yoxdur.

- Bəs musiqi ilə necə ifadə edərdiniz?

T.M.: Mən “Qız qalası” adlı əsər yazmışam, Bakı sevgisini orda ifa eləməyə çalışmışam.

A.M.: Mən də doğma Bakı üçün simfoniya yazmağı düşünürəm.

İ.M.: Bakının musiqisi özündədir. Bakının küçələrini gəz, bu insanların gülər üzünü, enerjisini gör, bunlar səndə o musiqini yaradacaq. Musiqiçi olan şəxs dərhal o musiqini anlayacaq.

- Bakını daha çox caz musiqisi ilə bağlayırlar...

İ.M.: Bu torpaqdan çox insanlar, çox ölkələr, çox xalqlar gəlib keçib. Tarix boyu burda hər zaman müxtəlif mühitlər olub, fərqli mədəniyyətlər formalaşıb. Bu qədər çoxkültürlülük yaşayan bir şəhərə bir caz üzərindən möhür yapışdırmaq mümkün deyil. Hər cür musiqini bu şəhərə yaraşdırmaq mümkündür.

A.M.: Mən Bakını musiqi olaraq düşünəndə ağlımdan Qobustan qayalıqları da keçir, muğam da. Eyni zamanda Üzeyir bəyin “Cəngi”si də keçir, Vaqif Mustafazadənin cazı da. Məncə, Bakı bunların qarışığıdır. Atamın dediyi kimi, Bakını bəlkə də mistik edən müxtəlif duyumların və fərqli atmosferlərin bir arada olması və bunun hiss edilməsidir.

- İndiki musiqimizin əvvəlki səviyyədə olmadığından çox gileylənirlər. Bəs Azərbaycanda klassik musiqi sahəsində vəziyyət nə yerdədir? Əvvəlki musiqi ənənəmiz davam edirmi?

T.M.: Vallah, Azərbaycan musiqisinin dünyada çox səsləndiyini görməmişəm. Amma bunu dünyada tanıtmaq daha çox bizlərin əlindədir. Biz hər dəfə imkan düşdükdə Azərbaycan bəstəkarlarından bir əsər ifa eləsək, o zaman musiqimiz də dünyada daha çox tanınar. Mən bir dostumla ötən il Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçirilən konsertdə Qara Qarayevin balaca bir valsını proqrama daxil eləmişdim. Skripka çalan dostum bu musiqidən çox təsirləndi. O, Macarıstanda təhsil alır, ora qayıdandan sonra yapon yoldaşları ilə birlikdə “Qarayev kvartet” adlı qrup yaradıblar. Mənə elə gəlir ki, musiqini tanıtmaq bu cür olmalıdır. Həm adını jest olaraq qoydular, həm də əsəri ifa elədilər.

- Hazırda Azərbaycan bəstəkarlıq məktəbi hansı səviyyədədir?

A.M.: Onu deyə bilərəm ki, sənətçilərimiz bu gün dünyanın hər yerində Azərbaycan musiqisini və klassik musiqisini təbliğ edirlər. Bəlkə də bu təbliğat hazırda özünün ən üst səviyyəsini yaşayır. Üzeyir bəylə başlayan bu ənənə bu gün bir missiya kimi gənc musiqiçilər tərəfindən yerinə yetirilir. Azərbaycanın hazırda çox uğurlu gənc bəstəkarları var. Mən balaban konsertimi yazıb bitirən zaman bir faktı öyrəndim ki, son 10-15 il ərzində Bəstəkarlar İttifaqına böyük çapda bir əsər gətirilib verilməyib. Bu çox üzücü haldır. Onu da deyim ki, bu gün tək-tük də olsa, Azərbaycan bəstəkarları içərisində klassik əsərlər bəstələyən uğurlu bəstəkarlar var.

- Ad çəkə bilərsiniz?

A.M.: Xüsusi ad çəkmək istəmirəm.

T.M.: Mən sizə deyə bilərəm ki, Azərbaycanın musiqi sistemində bəzi tərəflər var ki, onları düzəltmək lazımdır. Burada hər şey standartdır. Təhsildə fərqliliklər olsa, gənclər xaricə getməyi düşünməzlər.

- Demək istəyirsiniz, bizdə hələ də sovet standartları qalmaqdadır?

T.M.: Bəli-bəli. Özlərini aşa bilmirlər.

A.M.: Turanın dediklərinə qatılıram. Təhsildə islahatetmək çox önəmlidir. Mənim Vyanada oxuduğum məktəbin ilk direktoru Salyeri olub. O məktəb Karayan Zubin Mehta, Klaudio Abbado kimi dünyanın gəlmiş-getmiş ən böyük dirijorlarını yetişdirib. 200 illik ənənəsi olsa da, bu il bizim oxuduğumuz fakültədə təkrar sistem dəyişikliyi olacaq. Niyə? Çünki dünya dəyişir. İki ildir bir adam görəvləndiriblər, o, Avropanın bütün məktəblərini gəzib, bütün dərslərdə oturub və hansı dərslərin faydalı olacağını müəyyənləşdirib. Baxın, 200 illik tarixi olan bir məktəb də dünyadakı dəyişiklikləri öyrənib, onu öz təhsil sisteminə inteqrə etməyə çalışır. Mən düşünürəm ki, islahatlar Azərbaycan təhsil sistemində ən çox ehtiyac duyulan bir şeydir. Sadəcə, musiqi sahəsində demirəm, bütün sahələri nəzərdə tuturam. Çünki dünya bambaşqa yönə doğru gedir. Dünya inanılmaz şəkildə dəyişir, texnologiya inanılmaz sürətlə inkişaf edir, dünyadakı yenilikləri öyrənib, bunları təhsilə tətbiq etmək lazımdır.

T.M.: Bir də ki, Azərbaycan musiqiçilərinə seminarlar, ustad dərsləri keçmək üçün xaricdən müəllimlər dəvət etmək lazımdır. Türkiyədə belə ən yaxın tarixə qədər Avropadan böyük adamları çağırıblar ki, gəlib Türkiyədə dərs keçsinlər.

- Necə ki, İslam müəllimi Türkiyəyə dəvət ediblər ki, orda dərs desin...

T.M.: Bəli-bəli. Əslində bilirsiniz necə olmalıdır? Bizim bir musiqiçi kimi kənarda olmağımız özümüzü də inkişaf etdirir. Həm də biz Azərbaycanı təmsil edən insanlarıq. Məncə, bir sənətçi vətəndə çox oturmamalı, daim dünyanı gəzməlidir.

- Bakıda iş təklifi olsa, qəbul edərsiniz?

T.M.: Real bir təklif olduğu təqdirdə, dəyərləndirərəm. Bununla belə, dünyadakı proqramları da təxirə salmaram, onları da paralel şəkildə davam etdirərəm.

A.M.: Açığı, şərtlərdən də çox şey asılıdır.

İ.M.: Bir az pafoslu səslənəcək, amma insan öz ölkəsindən dəvət gözləməz və dəvət almaz. Bura mənim vətənimdirsə, deməli, mən bu ölkənin sahibiyəm və gələrəm, işləyərəm də.

- Qarşıda hansı planlarınız var?

A.M.: Finlandiya Opera və Balet Teatrından balet sifarişi almışam. Bundan başqa, Qobustan və Bakı ilə bağlı bir simfoniya yazmağı planlaşdırıram. Bir də Qarabağ haqqında oratoriya yazmağı düşünürəm.

T.M.: Mən çox zaman plansız hərəkət edirəm, düşünürəm ki, plan quranda baş tutmasa, adam üzülə bilər. Ona görə də plan düşünmürəm. Hər şeyi həyatın axarına buraxıram.

İ.M.: Yox, planın da var, niyə elə deyirsən?

T.M.: Var. Bəlkə mən demək istəmirəm? (Gülüşmə)

İ.M.: O başqa məsələ (gülür).

T.M.: Mənim hədəflərim çox böyükdür, çox irəli üçündür. Ona görə də indi bu barədə danışmayım.

# 4129 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #