Kulis.az cizgi rəssamı Elçin Hami Axundovun APA-ya müsahibəsini təqdim edir.
İçərişəhər. Qaynaşan adamlar. Aprel. Adamların içindən bəstəboy müsahibimi dərhal tanıyıram – Elçin Hami Axundov. Yaxınlaşıb tanışlıq verirəm və elə emalatxanaya gedə-gedə söhbətimiz başlayır.
– İçərişəhər adamı rəssam edə bilər?
– Eləməyinə edər, amma indi bir az çətindir. Mən özüm içərişəhərliyəm, uşaqlığım burada keçib, burada böyümüşəm. Amma indi heç sevmirəm, az qala, nifrət edirəm.
– Yəqin, təzə tikililərə – kafelərə, restoranlara görədir.
– Əlbəttə! İçərişəhərdə İçərişəhərlik qalmayıb. Yeməklərin qoxusu, basabas... Yorucudur. Hara baxırsan, ofisdir, nə bilim, kafedir.
Yavaş-yavaş Elçin müəllimin emalatxanasına daxil oluruq. İçərinin ab-havası dərhal mövzunu dəyişməyimizə səbəb olur.
– Cizgi rəssamlığının tarixindən danışaq. Azərbaycandakı ilklər nə vaxt olub?
– Bax sən cizgi deyirsən, o, ifadə düzgün deyil, belə bir anlayış qrafik işlərə aiddir. Bu sənəti ifadə edən əsas söz animasiya sözüdür. Tarixinə gəldikdə isə bizdə birinci animasiya filminə cəhd 1933-cü ildə olub.
– Hansı?
– “Çat”. Amerikadan neft avadanlıqları gətirilmişdi, o avadanlıqların iş prinsipini izah eləməkdən ötrü belə bir animasiya çəkmişdilər. Bu texniki animasiya idi. 1935-ci ildə isə “Əhmədin bəlası” çəkildi, amma bu da ağ-qara idi. Mən orada işləyənlərlə çalışmışam – Qəzənfər Xalıqov, Cabir Zeynalov. Allah hər ikisinə rəhmət eləsin! Sonra Müslüm Maqomayevin atası Maqomed Maqomedov da o ərəfələrdə məşhur idi.
Müharibə başlayandan sonra animasiya filmləri müvəqqəti dayandırıldı. 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyasının nəzdində 2 illik kurs açıldı. Kurs “animator rəssamlıq” kursu idi. Mən oraya qəbul oldum və 1968-ci ildə məzun oldum. Bu kursun nəticəsində birinci rəngli animasiya filmini çəkdik – klassik “Cırtdan” nağılını. Ondan sonra tempi yavaş-yavaş qaldırdıq: ildə bir film çəkdik, sonra iki film, 1980-ci illərin sonunda isə artıq 8-9 film çəkirdik.
– 80-ci illər, ümumiyyətlə, animasiya üçün çox məhsuldar olub.
– Hə, 70-80-ci illər məhsuldar olub. Məsələn, 70-ci illərdə 5-6 film çəkdik, 80-ci illərdə də eynilə. Maliyyə dəstəyi çox idi, o da təsir edirdi. “Cırtdan və pəhləvan”, “Cırtdan və div” də bu dövrdə çəkilib. Amma 1990-cı illərə doğru yavaş-yavaş vəziyyət dəyişdi, maliyyə dəstəyi azaldı və nəticədə, demək olar ki, animasiya çəkilmədi.
– O zaman 80-ci illər ən məhsuldar dövrdürsə, 90-cı illərin ortası isə ən zəif dövrdür, hə?
– Bəli. Hətta 1995-2002 arası heç nə çəkilmədi.
– Repressiya illəri necə, animasiya sahəsinə təsir edib?
– O qədər də yox. O illərdə cəmi bir film çəkilmişdi: “Əhmədin bəlası”
1933-cü ildə. Heç o filmin surəti də qalmayıb. Bilirsən, o vaxt elə ciddi kollektiv yox idi. Qəzənfər Xalıqov, Ənvər Mirzoyev, Cabir Zeynalov var idi, amma söhbət ümumi kollektivdən gedir. Mən 1965-ci ildə kinostudiyada işə düzəldim. Sonradan orada Ağanağı Axundov, Nazim Məmmədov, Bəhman Əliyev kimilərini tanıdım. Onlar hamısı Moskvada animator kursu keçmişdilər. O vaxt kinostudiyanın direktoru Adil İsgəndərov idi. Nəhəng adam idi. Şeyx Əbdül, Rasim Balayev kimilərin hamısını göndərmişdi Moskvaya kinoaktyor kurslarına. Cavan rejissorları, operatorları, prodüserləri də həmçinin. Və bununla da kino sahəsində ciddi irəliləyişlər oldu, amma əfsus ki, 75-ci ildə vəzifədən getdi.
– Bəs “AzAnfilm” necə yarandı? Təşəbbüs kimin idi? Sizin rolunuz nədən ibarət oldu?
– Yaradıcılarından biri mən olmuşam. Kinostudiya 90-cı illərin əvvəlində 7 studiyaya bölündü: Salnamə, Dublyaj, Mozalan, “AzAnfilm”, Kinoaktyor və digər. 1991-ci ildən “Azanfilm” müstəqil fəaliyyət göstərirdi, mən isə orada bədii rəhbər idim. 2000-ci ildən isə direktor oldum, ta 2012-ci ilə qədər.
– 2012-də niyə ayrıldınız?
– O vaxtkı nazir Əbülfəs Qarayevlə yola getmədik.
– Niyə? Nə idi səbəb?
– Bilirsən, Əbülfəs Qarayev, ümumiyyətlə, mədəniyyət sahəsində xeyli axsamaya səbəb oldu. Elə Polad Bülbüloğlu da həmçinin. 2005-də vəzifəyə gələndə məni də dəvət eləmişdi ki, kömək edim. Onda qurumun adı Mədəniyyət və Turizm Nazirliyi adlanırdı, bu iki sahə də Əbülfəs üçün ağır gəlirdi. Ona görə studiya direktorlarını çağırdı, məsləhət-məşvərət etdik. Mən də ona layihə təklif elədim: milli animasiyanın inkişafı ilə bağlı.
– Layihənin məqsədi nə idi?
– Təklif vermişdim ki, 2 il müddətinə 20 nəfər gənc rəssama animasiya kursu keçirilsin. Ondan sonra isə artıq tammetrajlı filmlərə başlamaq olar. Bax mən sənə bayaqdan adını çəkdiyim bütün filmlər qısametrajlıdır. Biz bu filmləri həm də sata biləcəkdik, o pulla da yeni işlər çəkəcəkdik. Layihəni çox bəyəndi, təriflədi. Amma dedi ki, bu il pul yoxdur, gələn ildən başlayaq. Üstündən illər keçib, amma bir kəlmə də o haqda danışan olmayıb.
1980-ci ildə 2 dəfə o kurslardan təşkil elədim, işçiləri cavanlaşdırdım. Hətta 1988-ci ildə 15 nəfərlə təzədən məşğul oldum. Ondan sonra 90-cı illər gəldi və mən onları işlə təmin edə bilmədim. Ona görə onlar bu gün dünyaya yayılıblar, hərəsi bir yerdə, bir studiyada işləyir. İkisi İsraildə öz studiyalarını açıb. Polşada, Almaniyada, Türkiyədə belə işləyənləri var. Çünki klassik animasiyanı bilənə hər yerdə ehtiyac var. Bundan sonra bizdə kadr qalmadı, mən ordan-burdan yığdığım adamlarla işlədim, sonra da belə...
– Sizcə, animasiya rəssamı kimi çalışmaq əvvəllər daha çətin idi, ya indi?
– Biz əvvəllər kinoplyonkaya çəkirdik. Onda kompüter yox idi. Məcbur dədə-baba üsulu ilə çəkirdik. İndi kompüterlərdə elə proqramlar var ki, daha əlverişlidir. Animasiya sahəsinin 3 sahəsi var: biri var, cizgi sahəsi, yəni cizgi vasitəsilə şəkil çəkirsən, onu çoxaldırsan. Biri var, qurama, yəni başı ayrı çəkilir, bədəni ayrı, qolları ayrı – hamısını kameranın altında şüşənin üstündə tərpədirsən.
– Çox əziyyətli işdir, hə?
– Əgər işi bilmirsənsə, əziyyətlidir. Bilirsənsə, zövq. Üçüncü növü isə kukla filmləridir. İndi kompüterdə onun üçün proqramlar var. Məsələn, cizgi vasitəsilə çəkmək üçün animodul, fotoşop və s. kimi proqramlardan istifadə edib çəkmək olur.
Sonra animasiyanın qurama növündə fləş animasiya proqramı var. Biz fləş animasiyada da xeyli filmlər çəkmişik. Bir də 3D max proqramları var, bunlar da kukla filmlərində istifadə olunur.
– Bizdə 3D max proqramı ilə animasiya çəkilir?
– Animasiya kurslarını qurtarmadan elə-belə “3D max proqramını bilirəm” adı ilə danışanlar olur. Deyirlər ki, biz animatoruq. Düz deyil axı. Sən animator deyilsən, sən hərəkətə gətirənsən. Animator canlandırandır, can verəndir. Gərək orada aktyorluq olsun, obrazlılıq olsun. Mən o kursları açanda bizə aktyorlar gəlib dərs deyirdi. Hətta məşhur aktyorlarımız gəlib pantomima dərsləri keçirdilər. Həm də operator dərsi keçirdik. Yəni hərtərəfli, kinoya uyğun bütöv sahələri öyrədirdilər. Məsələn, mən özüm o zamanlar operator kimi çalışmışam, halbuki operatorluq mənə lazım deyildi. Özüm bilirdim, kamera ilə necə fokus vermək lazımdı, necə işləmək lazımdır və s.
– Bu gün texniki dövr, yəni 3D dövrü sizin sənətinizi sıxışdırırmı?
– Əlbəttə! Hətta sıxışdırıb, aradan çıxarıb. Məni 2000-ci ildə müdir təyin etdikdən artıq öz emalatxanamda kompüterlə işləyirdim. Müəyyən işləri görürdüm və hələ o zaman nazirlik qarşısında belə bir məsələ qoydum ki, bizə təcili bu işin öhdəsindən gələn kompüterlər lazımdır. Nəticədə 2002-ci ildə kompüter vasitəsilə birinci filmi – “Cavanşir” filmini çəkdik. Onun da tarixi 1992-ci ildən gəlir. Deyəsən, Ağdərə döyüşünü əks etdirirdi. İnformasiya gəldi ki, bəs 10 yaşında uşaq döyüşlərdə iştirak edib və həlak olub. Mənə o qədər çox təsir etdi ki, üç gün ərzində “Cavanşir” filminin ssenarisini yazdım. 1997-ci ildə isə həmin ssenarini təsdiq etdilər və pul ayırdılar. O pul bizə cəmi 2 ay bəs elədi. 2 aydan sonra pul qurtardı, ona görə də iş ancaq 2002-ci ildə tamamlandı. Yəni üstündən nə qədər zaman keçdi, amma mən istəyirdim ki, elə döyüşlərin isti vaxtı alınsın, olmadı.
– Elçin müəllim, bizim animasiya filmlərində sanki fəlsəfi yük aşılamaq tərəfi daha çoxdur. Amma dünya praktikasına baxanda belə şey yoxdur, məsələn, “Maşa və Ayı” cizgi filmində hansı fəlsəfi tərəf var ki? Amma dünyada məşhurdur.
– Doğru müşahidədir. Amma burada əsas məsələ brendə çevirmək məsələsidir, onun fəlsəfi tərəfinin olub-olmaması məşhurluğuna dəlalət eləmir. Brendə çevriləndən sonra artıq pullar qazanılır. O zaman hər şeyə ciddi nəzarət var idi, bədii şura baxırdı, nəzarət altında saxlayırdı. Məsələn, “Maşa və Ayı” deyirsən, o formada biz də çəkə bilərdik, mən təklif eləmişdim ki, “Cırtdan”ın seriallarını çəkək.
– Nə vaxt, neçənci illərdə?
– 2003-cü ildə. Polad Bülbüloğluna təklif elədim. Düşündülər, daşındılar, pul axtarırdılar. Sonra da Əbülfəs Qarayev gəldi, o da eyni münasibəti göstərdi. Belə alınırdı ki, ildə cəmi bir film çəkək, vəssalam, pul ancaq ona yetirdi.
– Onda belə çıxır ki, bu sahəni cılız görürdülər.
– Animasiyaya münasibət çox pis idi. Bu sahəyə normal münasibət Adil İsgəndərovun vaxtında olub – 1970-ci illərdə, vəssalam. Bunun nəticəsində də o zaman “Cırtdan”, “Fitnə”, “Tıq-tıq xanım” kimi filmləri çəkmişdik.
– “Kirpi və alma”da o dövrlərə aiddir?
– Bəli, 1977-ci ildə çəkilib. Sonra həmin vaxt “Meşəyə insan gəlir”i də çəkmişdik. Şərait yaxşı idi, qiymət verilirdi.
– Bu gün necə?
Elçin müəllim sualıma əllərini yana açaraq cavab verir...
– Deyəsən, Füzulinin yubileyi ilə bağlı sizə təklif gəlib, o zaman rejissorla nəsə probleminiz olub.
– Oqtay Mirqasımov gəlib dedi ki, Füzulinin yubileyidir və sən buna görə film çəkməlisən.
– Təklif, yəqin ki, dövlət tərəfindən gəlmişdi.
– Hə, dövlət tərəfindən təklif verilmişdi. Mən Oqtay Mirqasımova dedim, Füzulini yaxşı tanımıram, yəni Füzulini tamamilə anlayacaq, onu çəkəcək şəkildə tanımıram. Razılaşmadı, dedi, sənə 4 gün möhlət verirəm, araşdır, düşün. Dedim, yaxşı, ssenarini göstər. Ssenarini bir qadın yazmışdı, rus dilində idi – “Söhbətül-əsmar”. Oxuyub bəyənmədim. Dedim, mən bunu çəkməyəcəyəm, çəkə bilmərəm, bu, ssenari deyil. Dedi, onda götür, nə istəyirsən elə, dəyişdir. Dedim, o şərtlə edərəm ki, ssenaridə adım son müəllif, ya da ki, ssenaridə iştirak edən kimi getsin. Çünki sonradan xanımla mübahisə yaşamaq istəmirdim. Heç pul da istəmədim, dedim, qalsın xanıma. Elə də etdik, ondan sonra başladım çəkməyə.
– “Söhbətül-əsmar”la ona qədər tanış deyildiniz?
– Bilirsən, Nihat, mən Füzulini bilirdim, sadəcə Füzulini Füzuli kimi anlamaq məsələsi var. Üstəlik, o vaxt füzulişünaslar, onu araşdıranlar iki fikirdə idilər: bir qismi deyirdi ki, o əsər Füzulinin deyil, bir qismi isə deyirdi ki, onundur. Ona görə mən də o vaxt bacardığım qədər araşdırma etdim, ondan sonra çəkilişlərə başladıq.
– Ümumi yaradıcılığınızda sizin üçün ən yadda qalan hansı film olub?
Emalatxanada bayaqdan bəri bizimlə olan sarı pişik bu vaxt Elçin müəllimə yaxınlaşır, Elçin müəllimi pişiyi sığallayıb bir az fikirləşir.
– Hesab edirəm ki, “Cavanşir” filmi. Mən onu çox bəyənirəm, amma gərək onu 1992-1993-cü illərdə çıxarardım. Amma təəssüf ki, 2002-ci ildə çıxdı və onda artıq həmin coşqulu hislər yox idi. Sonra “Güzgü” filmini deyə bilərəm, o da ermənilərə çox təsir etmişdi. Mən bütün bunlarla fəxr edirəm.
– Elçin müəllim, bəs son dövrlərdə hansı animasiyalar çəkilib? Məsələn, götürək son 5 ili.
– Doğrusu, mən işdən çıxandan sonra heç maraqlanmıram. Animasiya ilə məşğul olmaq üçün dostlarımın uşaqları müraciət edirdilər, istəyirdilər ki, animasiyanı öyrənsinlər. Amma elələri olurdu, baxırdın ki, yaxşı rəssamdır, amma aktyorluğu yoxdur. Animator rəssam birinci növbədə aktyorluğu bacarmalıdır, onun canında aktyorluq yoxdursa, o, yaxşı animator ola bilməz, mümkün deyil.
– Məsələn, “Disney”in, yaxud brend kino şirkətlərinin çəkdiyi filmlərdə aktyorluq, obrazlılıq varmı?
– Əlbəttə! Məsələn, o filmlərdə adi fincanda, nə bilim, şamdanda nə qədər dramatik obrazlılıq var. Animatorun işi o həyəcanı yaratmaqdır. Bayaq danışdığımız 3D ilə çəkənlər sadəcə hərəkətə gətirənlərdir. Sən ora baxırsan, mən bura baxıram, danışırıq necə olur, bax elə. Mən ona görə onlara deyirəm ki, siz hərəkətə gətirənsiniz. Moskvada mən kurslara getmişdim, orada hərəkətin fizikası, mexanikası, biomexanikası, yaxud deformasiya qanunları, artikulyasiya qanunları, həmçinin pantomima bacarıqları-filan keçirdik. Çünki o zaman qiymət verilirdi, Nihat, indi yoxdur. Həm də bu işə ciddi yanaşırdılar. Məsələn, seçim edəndə bizim kursdan 10 nəfərə heç diplomu vermədilər. Çünki görürdülər ki, ödəmir, lazımi bilgiyə sahib deyil. Bütöv kursdan, səhv eləmirəmsə, 3 nəfərə diplom vermişdilər.
– Son dövrlərdə dünyada da komikslər, animelər, xüsusən də Yaponiyada çox inkişaf edib.
– Əzizim, yaponların canlarında var. Yaponiya film üçün 19-cu əsrin ortalarında elə bil tapıntı oldu. Yaponiya bundan sonra inkişaf eləməyə başladı. Yaponiyada manqalar (Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər – N.P.) var, bu manqaların vasitəsilə mətnsiz kitablar buraxırdılar. Qızlar üçün ayrıca, oğlanlar üçün ayrıca, uşaqlar üçün ayrıca. Söhbət minlərlə manqa kitabından gedir. Bu bilirsənmi, nə boyda maarifləndirmə deməkdir? Əksər camaat savadsız idi. Artıq 1912-ci ildə animasiya filmləri inkişaf edəndə o manqalar xammal oldu. Amerikalılar gördülər ki, yaponlarda nə qədər zənginlik var, bundan sonra onlar da şəkil kitabları çap etməyə başladılar.
Mən təkmilləşmə kurslarına gedəndə çinlilərlə rastlaşırdım, baxırdım ki, onlar da öyrənirlər. İndi bax çinlilər də animasiya filmləri çəkir. Hər yerdə bu cürdür, inkişaf mərhələli şəkildə olur. Amma Azərbaycanda bu sahə inkişaf etmədi ki, etmədi. Bu il animasiyanın 5-ci festivalı keçirilir. Rəşid Ağamalıyev adlı biri var, Praqada yaşayır, festivalları o keçirir. Ancaq bizim o festivalda iştirakımız nəyin bahasına olur? 3D ilə çəkilənlər. 2 il bundan qabaq iranlılarla festivalda tanış olduq. Sən təsəvvür elə İranda Ərdəbil animasiya məktəbi, Təbriz animasiya məktəbi, nə bilim, Tehran animasiya məktəbi var. Gürcüstanda 19 fərqli animasiya məktəbi var. Nihat, bu, balaca rəqəm deyil. Keçən il məni Batumidə festivala çağırmışdılar. Mən festivallara çox gedirəm. 2003-cü ildə Qahirəyə getmişdim. Adam gedir, baxır, məəttəl qalır.
– Bəs Türkiyə necə, orada da inkişaf edib?
– Hə, indi onlarda da yavaş-yavaş dirçəliş hiss olunur. Mənim bir həmkarım var idi...
Elçin müəllim yenə bir az duruxur, fikirləşir və bu dəfə də pişik köməyə çatır. Pişiyi sığallaya-sığallaya davam edir.
....Vahid Talıbov. O gedib qaldı Türkiyədə. Amma, deyəsən, daha animatorluqla məşğul olmur. Türklər Avropada çəkilən filmləri türk dilində tərcümə eləyə-eləyə öyrəndilər.
Ümumiyyətlə, milli animasiya filmləri ilə uşaqları tərbiyə etməyin çox böyük əhəmiyyəti var. İndiki uşaqlar türk dilini yaxşı bilirlər. Səncə, niyə? Çünki türk dilində cizgi filmlərinə baxırlar və yaxud da rus dilində. Məsələn, elə bayaq dediyin “Maşa və ayı” – uşaqlar onu necə sevirlər, özün görürsən.
– “Maşa və Ayı” brendə çevrilib, Elçin müəllim, onun bir bölümü var, 6 milyarda yaxın baxış alıb.
– Brendə çeviriblər. Ondan sonra da bayaq dediyim kimi davamı çəkilib, çünki gəlir də əldə edilib. Sonra, məsələn, mənim xoşum gəlməyən “Şrek”, o da eynilə məşhurdur.
– Niyə xoşunuz gəlmir ki?
– Çünki orada antizövq var, mən onu hiss edirəm, ona görə heç bəyənmirəm.
– Elçin müəllimə görə, Azərbaycanın animasiya qəhrəmanı necə ola bilərdi? Məsələn, “Batman” kimi, “Spayderman” kimi.
– İndiki uşaqları bu cür nağıllarla aldatmaq olmaz e, Nihat. İndiki uşaqlarla çox çətindir. Amma mən “Cırtdan”ı qəhrəman kimi təklif etmişdim. Amma onu müasir formada geyindirmişdim, müasir formaya salmışdım. İnandırıcı idi. Bircə çarıqlarını saxlamışdım, ona beysbolka belə geyindirmişdim.
– Ənənəvi şeyləri qəfləti müasirliyə cəlb edəndə adamlarda qıcıq yaradır, bəs bunu düşünmədiniz?
– Hanı, heç ortalığa çıxdı ki? (Gülür)
– Bizdə cizgi romanları var?
– Yox dərəcəsindədir. Məsələn, amma düşünürəm ki, Süleyman Sani Axundovun bir xeyli əsərlərini canlandırardım. Onda uşaqlara yaxın motiv o qədər var ki... Yaxud türk yazıçısı Ömər Seyfəddin xoşuma gəlirdi. 18-ci əsrdə cümhuriyyət qurulanda həmin Ömər Seyfəddin bizə təbrik məktubu yazmışdı. Məktubun üstündə göz yaşları var idi. Sonra Elçin Əfəndiyevin də çox gözəl fantasmaqorik əsəri var, onun ssenarisini işləmişdim, düzdür, özü narazı idi. Amma yazmışdım. Onun da bir sonu olmadı, təbii.
– Xalq rəssamı kimi sizi görmək istəyərdim, siz necə, məncə, yaraşar.
– Deyilib, dəfələrlə deyilib, amma istəməmişəm.
– Niyə?
– Bilirsən, o dəyəri mən bu cür istəmirəm, mənim üçün dəyər o olar ki, bizdə animasiya sahəsi inkişaf eləsin. Ermənistanda belə bu sahə inkişaf edir, çünki Amerika zənginləri hamısı yaxşı pul qoyurlar. Bax, məsələn, mənim arzum var idi ki, Azərbaycanın qədim memarlıq abidələrindən film çəkim, amma o da alınmadı. Arzu kimi qaldı...
Bundan sonra artıq Elçin müəllimin danışmaq istəmədiyini hiss edirəm. Susuruq. Balaca emalatxanada müəllifi olduğu balaca nağıl qəhrəmanlarına baxa-baxa susuruq...