“Ədəbiyyat sənlik deyil!” - Hekayə müzakirəsi

“Ədəbiyyat sənlik deyil!” - Hekayə müzakirəsi
22 dekabr 2023
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Nahid Hacıyevin "E-Xronika" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Rasim Qaraca:

Kultura.az

"Hər şeydən hekayə yazmaq olar, hətta, bu hekayədə olduğu kimi, evə gələn qonaqlardan və buna görə gedib bazarlıq etməkdən. Lakin bütün hallarda danışılan hadisə oxucu üçün maraqlı olmalıdır. Məncə, Nahid maraqlı danışa bilməyib. Cümlələri çox mürəkkəbdir və anlaşılması çətindir. Sadə dildə yazmağı tövsiyyə edərdim".


Cavid Zeynallı:

"Birinci cümləni iki dəfə oxudum ki, başa düşüm. İkinci cümləni 0,5 sürəti ilə oxudum və hər şey qaydasındadır. Üçüncü cümlənin sonundakı “qulağına daxil olar” yerinə çatanda... köhnə dostum Nahidə ürəyimdə çox söz dedim. Məsələn, dedim ki, hekayəni dərc etməzdən əvvəl oxumağa, lap elə əl gəzdirməyə göndərsəydin, dünya dağılardı?

Dördüncü cümlə: “Elə ki qulağında təyinatını hiss etdi...”.

Özün necəsən, ay qardaş?!

“Kapitalizmin iyrənc tərəfi də budur – səni istənilən formada susdura bilir”. Bu cümləni anti-kapitalist panellərdə deyərsən ki, yerini bilsin. Utanmır, gəlib düşüb bədii mətnin içinə.

Çoxdandır görüşmürük. Bizim Nahidlə çox mübahisələrimiz olardı. Mübahisələrin ən gözəlini biz edərdik. O mənə deyərdi: “Sən heç nə yaza bilmirsən, köhnəsən, mənasız şeylər yazırsan. Mənim hekayələrim müasir nəsrdir, sən başa düşməzsən”.

Mən ona deyərdim: “Ədəbiyyat sənlik deyil”.

Və ikimiz də gülərdik. İnciməzdik. Sonra bir birimiz üçün darıxardıq.

Başqa nə deyim? Nahid düz deyir, mən bu hekayəni başa düşmədim. Mən hara, NFC ödəniş hara? Etiraf yaxşı şeydir. Adam yüngülləşir.

Və Nahid də mənə desin görüm: bu hekayədə ürək hardadır? Həyəcan, kədər, sirr hardadır? Həyat hardadır, həyat?! Axı, ürək də köhnə ürəkdir, kədər də, sirr də. Elə həyat da köhnədir, çox köhnə. O qədər köhnə ki, nimdaşı çıxıb.

Səni çox istəyirəm. Amma bunu niyə yazdım, bunun hekayə müzakirəsinə nə dəxli var, onu bilmirəm".

Sevinc Elsevər:

Saçlarımı yağışa öpdürürəm – Sevinc Elsevərin şeirləri

"Oxudum.Yaxşı bir köşə yazısı kimi, esse kimi".


Təvəkkül Boysunar:

Dərmansız - Təvəkkül Boysunar

"Əvvəllərdə Türkiyə türkcəsinin bəzi ifadələri həzm olunmadan, özününküləşdirilmədən istifadə edilib.

"Çıraqlıq" sözü gözəldir. "Lüstr" sözü əvəzinə yaxşı gedir.

"Yanıbaşında" sözü lazımsız sözdür, bizim söz deyil. Və mətndə yad ünsür kimi görsənir.

Ümumilikdə Türkiyə türkcəsinin özününküləşdirilmədən işlənmiş sözlərini çıxsaq, mətnin dili normaldır, yaxşıdır. Uzun və feli-sifətli, feli-bağlamalı cümlələr mətndə axıcılıq yaradır. Yaxşı kiçik müşahidələr və təsvirlər var. Monoton həyatın sıxıcılığı və s. kimi məqamlar yaxşı əks olunub.

Müəllifə uğur arzu edirəm. Amma yazıçı, məncə, Türkiyə türkcəsinin asanlıqla ağıla gələn bəzi sözlərini öz türkcəsində ifadə etmək, o ifadələrin qarşılığını öz türkcəsində tapmaq əziyyətinə də qatlaşmalıdır. Qatlaşmırsa, onun mətni Türkiyə türkcəsində status yazan gənc qızların mətninə bənzəyib müəllifi qeyri-peşəkar və həvəskar biri kimi göstərəcək".

Orxan Həsəni:

Qırmızı ayaqqabılar - Orxan Həsəni

"Nahidin hekayəsi məişət elegiyasıdır. Gündəlik həyatın ürəküzən bozluğudur. Mən bu hekayədə kişi iztirablarının nümayişini görürəm.

Hekayənin iki qəhrəmanı var, qadın və kişi. Kişi bazar gününü televizorun qarşısında uzanmaqla keçirmək istəyir, ailə isə qonaq qəbul eləməlidir və marketə düşmək lazımdır. Adəm və Həvva motivi. Alma yeyilməsəydi, Adəm hələ də cənnətdəki televizorunun qarşısında uzanıb gününü keçirirdi. Həvvadan Adəmə rahatlıq yoxdur; onun əlindən daim harasa qovulur. Gah yerə, gah marketə. Ancaq bir məsələ var, Nahidin yazdığı kimi, "Həyat elə budur". Yəni, həmişə harasa qovulmaq.

Dildəki qüsurları, vaxtı keçmiş, dövranını ötürmüş ifadə vasitələrini, təsvirləri, birdən boylanan və heç nəyə xidmət eləməyən, əksinə dili dolaşdıran, vəziyyət mürəkkəbləşdirən qrotesk hissələri hesaba almasaq, maraqlı hekayədir".

# 1339 dəfə oxunub

Oxşar xəbərlər

Piko - Oğuz Ayvazın yeni hekayəsi

Piko - Oğuz Ayvazın yeni hekayəsi

09:00 16 may 2024
Sənə heç nə demirəm, eşidirsən? - Ulucay Akifin şeirləri

Sənə heç nə demirəm, eşidirsən? - Ulucay Akifin şeirləri

12:00 14 may 2024
Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

15:00 13 may 2024
Bu da bu cür həyatdır – Elçinin hekayəsi

Bu da bu cür həyatdır – Elçinin hekayəsi

09:05 13 may 2024
Qatarda - İsi Məlikzadənin hekayəsi

Qatarda - İsi Məlikzadənin hekayəsi

11:20 12 may 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Beşinci hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Beşinci hissə

12:00 11 may 2024
#
#
# # #