E-xronika - Nahid Hacıyevin yeni hekayəsi

E-xronika - Nahid Hacıyevin yeni hekayəsi
19 dekabr 2023
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Nahid Hacıyevin "E-Xronika" adlı yeni hekayəsini təqdim edir.

******

Sabaha ümidlə yaşayıb getdiyin günlərin birində - üstəlik, bazar günü - sizə uzaq qohumlardan biriləri qonaq gələr. Gələcəklərini iki saat öncədən öyrəndiyiniz üçün dünən almalı olduğun halda unudub almadığın ərzaqlara görə mətbəxdən səs ucalar. Səs öncə otağın qapısından keçib dəhliz boyu dolaşar, tavana yüksəlib çıraqlıqda pərvanə kimi oynaşar, dibçək güllərini xəfif külək ədası ilə tərpədib qulağına daxil olar. Elə ki qulağında təyinatını hiss etdi, beynində salamat hüceyrə qoymaz, ortalığı xaosa döndərib uğultuya çevrilər. Beynin anlıq olaraq nələrin baş verdiyini anlaması üçün yaddaşından min cür kadrlar ötürər. Uğultu sükuta çevriləndə səs-küydən bezdiyini hiss edən yaddaşın arxivdən sənə lazım olan hissəni tapıb çıxarar: “İnqilab yolu” filmindən son səhnə - Kresloda əyləşib qəzet oxuyan kişi səsləri eşitmək üçün xüsusi cihazdan istifadə edir. Yanıbaşında oturan xanımı icarə verdiyi evə gəlib-gedən ailələrdən danışır. Daha öncə təriflədiklərini pisləyib, pislədiklərini tərifləyir. İllər boyu eyni mövzuda eşitdikləri dedi-qodudan dəhşətli dərəcədə bezdiyini hiss edən kişi qulağındakı aparatın eşitmə səviyyəsini yavaş-yavaş azaldır. Film tərpəşən qadın dodaqları ilə səssizlik fonunda qaralaraq yoxa çıxır. Ayılırsan.

******

Həftə sonu divana uzanıb TV-yə baxaraq mürgüləmək əvəzinə, market kassasında aldıqlarının növbəsindəsən. Hər kəs də burdadır. Səbətlərə baxırsan, eyni şeylər - ət, yağ, çörək, su... Su, ət, düyü... Düyü, yağ, pendir, ət... “İnsanlar, monoton yaşayırsınız!” - qışqırıb hamını oyatmaq istəyinin mənasız olduğunu telefona gələn "Salfetka da al" mesajından anlayıb reallığa qayıdırsan.

Reallığın – Bonus kart, NFC ödəniş, ƏDV Fiksal İD.

******

Uzun zamandır görmədiyiniz qohumlara qonaq getməli olduğunuzu eşitdiyinizi düşünün. Səbəb uşaqların universitetə qəbul olması da ola bilər, yeni doğulmuş körpəni görmək vacibiyyəti də. Fərqi yoxdur. Qadınlar hansısa məsələnin önəmli olduğunu vurğulayırsa, səbəbin heç bir önəmi qalmaz. Getməlisən, etməlisən. Getməmək üçün gətirdiyin “Ünvanını bilmədiyin qohum artıq sənin qohumun deyil” fəlsəfəsini bircə cümlə alt-üst edər: “Bikə mənə konum atıb”.

******

Əllərinizi qandallayan market səbətləri evinizin qapısını ayağınızın ucu ilə döyməyə məcbur edirsə, – üstəlik, bazar günü – yaşadığınızı sübut edə bilməzsiz. Kapitalizmin iyrənc tərəfi də budur – səni istənilən formada susdura bilir. “Cəngavərə eşq olsun” – qədəh səsləri - “Ura! Ura! Ura!”. Qapı qonşun yenə də yüksək səslə hər həftə sonu baxdığı tarixi filmlərdən birinə baxır. Bəlkə də, uzanılı, bəlkə də, sərin pivə yanında qızardılmış saçaqlı pendirdən həzz alaraq. Elə bilərsən, bu günü sənin əvəzinə qonşun xəyal edib. Saçaqlı pendir həzzinin ardı böyük ehtimalla belə olur: TV önündə bir az mürgüləmək, yarım qalmış romanı oxumaq, axşam da dostlarla domino masası ətrafında heç vaxt bitməyəcək müharibələrdən danışıb gülmək. Bütün kişilərin davranışı eynidir – Ağrılı, çətin mövzulardan söhbət düşərkən cəsarətli olduqlarını bildirmək üçün gülməyə səbəb taparlar.

Zamana qarşı yarışdığımız mətbəx dünyasında özünü hadisələrin köməkçi rolunda hiss etdiyini market səbətlərini incələyən qadının "Kompot almamısan?!" cümləsindən anlaya bilərsən. Həmin an sənə elə gələr ki, dünyada baş verən bütün müharibələr “Unutmuşam” cavabına görə başlayıb. Gülmək üçün başqa səbəb. Ya da reallığın başqa üzü.

Reallığın – Bank kartının “keşbek” bildiriş səsi. Oynadığın oyunun uduş fondu - 0,59 azn.

******

Hər kəsin təyinatı var. Dəqiq belədir. Yola düşmək üçün maşını işə salıb hərəkət etdiyin an qarşı binadan səni izlədiyini bildiyin qonşu qadının da. Yaşamağın ona görə serialdır. Hara getdiyin, saat neçədə gəldiyin, maşından kimin düşdüyü, bu gün nə geyindiyin onun üçün yalnızlığının hobbisidir. Məsələyə başqa cür baxsaq: Tanıdıqlarımıza adlar qoyduğumuz hər kəs, dost dediyimiz, ata, ana, oğul, qız, qonşu dediklərimiz qala keşiyini çəkən zirehli cəngəvarlər kimi keçmişimizin keşyində duran insanlardır. Elə ki məqamı gəldi, kiminsə xətrinə dəydin, sevmədiyi sözü söylədin keşikçi olan hər kəs keçmişini qala qapısının önündə sallandırıb görk olsun deyə, sənə göstərər. Qonşu qadın da onlardan biri. Əsl cəngavər həyatı yaşayar. Qalasının mətbəx pəncərəsindən dünyanı izləyər. Onun üçün həyat... bilmirəm, nədir!

******

Ev əşyalarınız divarlara yapışıq, aldığınız divan üç künc və otaqdakı çaylıq bir toxunuşla böyüyüb yemək masasına dönürsə, eviniz dardır. Qonaq otağına altı nəfər yığışanda özünüzü “SS lageri”ndə qazla boğulmağa məhkum edilmiş əsirlər kimi hiss edirsinizsə, heç kimlə mübahisə etməyin – üstəlik, həftə sonu. Kim olursan ol, faşist, sosialist, kapitalist fərqi yoxdur, həftə sonu mübahisə etmək olmaz.

“Gəldilər” mətbəxdəki səsin izinə düşüb çoxdandır görmədiyin qohumunu küçədə qucaqlayanda dəqiq bildiyin tək şey var “Masa ətrafında uzun zamandır gəlib-getməyi bacarmadığınızı qarşılıqlı sübut etməyə çalışmaq, işi-gücü bəhanə gətirib boşluqları bəzəkli cümlələrlə doldurmaq”. Üzdəki sərin gülüşlə qohumunun çiynindən dünyaya boylananda illərdir evinin on beş addımlığında köhnələn zibil qutularının yerini dəyişdiklərini həmin an fərq edərsən. Gördüyün “Kağız”, “Şüşə”, “Paltar” yazılı rəngli qutular. Bəlkə, bu gün, bəlkə də, bir həftə öncə dəyişiblər. Bu rəngli hadisənin haçan baş verdiyini bilməməyinlə yanaşı qutu altından gün işığına çıxmış böcəkləri dimdikləyən göyərçinlər sənə izahı olunmaz qəhər gətirər. Həyat bəlkə də, budur – Hər şeyin olduğu kimi qalması.

Qonaqları önünə alıb evə doğru əl uzadanda pəncərədən boylanan qonşuna gözün sataşar. Həftə sonu planlarını şəxsiləşdirib yaşamağı bəs deyilmiş kimi, təntiyib pərdə arxasında gizlənər.

“Lənət şeytana, Lanselot! İnsanlığın gördüyü ən cəsur cəngavər sən idin!”. Uzaq qohum TV səsi gələn evə tərəf doğrularkən mətbəxdəki səs qapı önündən eşidilər: “Ora yox, bura”. Yüz cür naviqator proqramları çıxsın, insanlar gəldiyi qapının yerini danışaraq tapar. Kiməsə sağ, sola, düz, geriyə istiqamətlərini verəndə anlayarsan ki, hava, su, od, torpaq məsələsi boş şeydi. Dünya istiqamətdən yaranıb.

******

Balaca otaq, divan, TV. Çöldə hava gözəl, insanlar qonaq qarşılayır. Bir saat öncə bələdiyyə işçiləri tullantı qablarının yerini dəyişərkən köhnə qutunun altında qalmış nəmli torpaq, xırda çəmən çiçəkləri, qaynaşan balaca böcəklər gün işığına çıxar. Adına “Yaşamaq” dediyimiz bu vurhavurun kodlaşmış ardıcıllığı - Gərginlik telində aclıqdan mürgüləyən göyərçinin yuxulu gözləri nəmli torpaqda qaynaşan böcəklərə sataşır... Həyat elə budur.

# 3360 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #