Zibili eyvandan aşağı əndərdilər - Xanım jurnalistin karantin gündəliyi

Zibili eyvandan aşağı əndərdilər - Xanım jurnalistin karantin gündəliyi
22 dekabr 2020
# 11:30

Dekabrın 14-dən etibarən 3 yaşlı oğlum, 5 yaşlı qızımla birlikdə dövlətin qəbul etdiyi qərara əsasən özümüzü karantinə aldıq.

Pandemiyanın problemlərindən bəhs etmək fikrim yoxdur. Onsuz da bir ildir başqa şeydən danışmırıq. Evdən işləyən uşaqlı analara bəlkə təsəlli olar deyə öz karantin gündəliyimi yazıram.

Uşaqların atasını iş yerindən uzunmüddətli ezamiyyətə göndərdikləri üçün, bir aylıq karantin macəramıza iki balaca adam və mən imza atacağıq. Həyat yoldaşımı yola salanda qapıdan çıxarkən gözlərimin içinə baxıb “Sən bacararsan” deyib getməsi qanımı qaraltmışdı. Dərin nəfəs alaraq söylədiyi o iki kəlimə sözdən artıq iki uşaqla evdən işləməyin məşəqqət dalğasının gücünü hiss etmişdim. Bir ilə yaxındır uşaqlara ataları baxıb, həm də evdən işlədiyi üçün bu mövzuda məndən daha təcrübəli idi.

Həyat evə qapanmadığımız günlərdən əvvəl də olduqca çətin və yorucu idi. Buna baxmayaraq, insanların arasında olmaq bu günlərdə ən çox darıxdığımız şeylərdəndir. Pandemiyadan əvvəlki günlərdə gündəlik qrafikim adətən belə idi: Səhər saat 6:00-da yuxudan oyanır, uşaqlara səhər yeməyi hazırlayır, onları bağçaya yola salırdım. Günün ən sevdiyim saatı uşaqların evdən çıxdığı, mənim isə işə getmə saatıma qədər olan zaman arasında özümə ayırdığım qısa vaxt idi. Təklik deməyək, buna qısa vaxt ərzində dincəlmək deyək.

İnsan arada özü ilə baş-başa qalma ehtiyacı hiss edir. Uşaqlar evdən çıxar-çıxmaz özümə bir fincan çay süzər, divanda yayxanıb tavana, pəncərələrə, eləcə boş-boş baxardım. Sonra durub makyajımı edib, əynimi geyinib bir neçə dəqiqə ayna qarşısında hüsnü-camalımı seyr edər, daha sonra səssizliyi ürəyimə və səsimə yatan bir nəğmə ilə pozardım. Mahnının zil yerində qonşu qadın divarı döycələsə də vecimə almaz, amma hər ehtimala qarşı evdən çıxmazdan əvvəl başımı qapıdan ehmalca çıxarıb birinci dəhlizi peşəkar kəşfiyyatçı kimi nəzərdən keçirdikdən sonra ildırım sürətilə liftə yaxınlaşardım.

Onu da deyim ki, qonşum çox narahat qadındır. Bir dəfə qarşımı kəsib səsiniz gəlir, bir dəfə də qapımı döyüb zibili niyə qapının ağzına qoyursan demişdi. Sağ olsun,qaynanamın yoxluğunu hiss etdirmir. Buna baxmayaraq hazırkı vəziyyətimlə müqayisədə o anlarımı həyatımın ən ləzzətli anları da adlandıra bilərəm. Sonrası isə iş, müsahibələr, xəbər dalınca qaçmaq...

Günün sonunda bu gərginliyə on dəqiqəlik məsafədə sürücünün seçdiyi zövqsüz mahnılarla 2 saata yaxın tıxacda qalmaq da əlavə olunurdu. İşdən çıxanda mütləq evə nə isə almaq lazımdır. Marketdən çörək, qatıq, “1000 bir xırdavat”dan yeni bir duş başlığı, iki gündən bir partlayan çilçıraq lampası və sair və ilaxır.

Sonuncu dəfə evə nə vaxt əlim cibimdə girdiyimi xatırlamıram. Məhz bu səbəbdən evdən iş qərarına “hər işdə bir xeyir var” demişdim. Nə yalan söyləyim, pijamamı əynimdən çıxartmadan, saçımı yuxarıdan əlimə gəldiyi kimi toplayıb çayımı arxayın-arxayın içərək kompüterin başına keçib müsahibə yazmaq, panelə xəbər qoymaq fikri cazibədar gəlmişdi.

Ürəyin istəyəndə uzanıb da panelə xəbər qoya bilərsə. Kefin istədi divanda gözünün acısını al, müdirə də yalandan de ki, internetim kəsilmişdi.

Yəni evdən işləmək fikri hardan baxsan avantajlı görünürdü. Kitablar oxuyacaq, telefonda açıqlama ala-ala çəkməcələri səliqəyə salacaqdım. Hardan baxsan vaxt mənim lehimə işləyəcəkdi.

Sən saydığını say, gör fələk nə sayır!

Mən bütün bunları xəyal edərkən evimdəki iki uşağı unutmuşdum. Daha doğrusu, uşaqları deyil, onların normal uşaqlardan beş dəfə çox hiperaktiv olduqlarını və ən dəhşətlisi, bağça və kursların da evdən işə keçdiyi reallığı gözardı etməm...

İlk gün nisbətən sakit keçsə də, bu sakitlik ürəyimcə deyildi. Daha çox fırtınadan əvvəlki səssizliyə işarə idi.

Karantinin ikinci günü balaca adamlar birinci gün verdikləri rahatlığı son damlasına qədər burnumdan tökməyə qərarlı idilər. Bacı-qardaş səhərin alaqaranlığında oyanıb ilk fəsadlarını törətmişdilər:mətbəxdən şillə-yumruqla bağlanan qapını rahatlıqla açıb, eyvandakı zibil torbasını aşağı tolazlamışdılar. Yeganə bəxtiyarlığım həmin saatda məhəllədə heç kimin olmaması idi.

Beləliklə, həm mən, həm də ordan keçəcək bəni adəm zibilə düşməmiş bu cəncəli atlatmış olduq.

İndi düşüb zibili aşağıdan yığmaq lazım gəlirdi. Bircə yolu vardı: Qapını çöldən bağlamaq və tez düşüb zibili toplayıb yuxarı çıxmaq! Etməyinə etdim. Aşağıdakı zibildən canımı qurtarıb yuxarı çıxanda yüngülvari şok keçirtdim. Qarşılaşdığım mənzərə qarşısında infarkt olmadığım üçün ürəyimə təşəkkür edirəm. 5 yaşlı qızım cəmi 7 dəqiqə ərzində ayağının altına stul qoyub şifonerin ən ucqar nöqtəsində gizlətdiyim kosmetikalarımı taparaq evin divarlarında cürbəcür mənzərələr çəkib. İşin başlamasına hələ saat yarım var. Bu vaxta həmin boyaları divardan silməyə sərf edib, saat 10-da quruldum kompüterin qarşısına.

Həmin andan əzablı dəqiqələrə də start verilmiş oldu.

Birinin yuxusu gəlir, biri acır, biri tualetə gedir, biri şalvarını batırır. Bir sözlə, gəlhagəldir.Yemək verirsən, gəlirsən, iki saniyə keçir qışqırırlar: “Suuuu”. Qaçırsan su verirsən, gəlirsən oturub iki cümlə yazsan, qışqırır: “Doymadım!Yenəəə...”

Axşama kimi kompüterlə otaqların arasında qalırsan.

Halımı rahat təsəvvür edin deyə bir az ip ucu verim. Yəqin,baxmısınız, sovet vaxtı bir cizgi filmi vardı: “Ana meymun və dəcəl balaları”.

Gün- gündən ağır gəlir məsəlinə uyğun olaraq karantinin üçüncü günü övladlarımın insafı ceyranın belinə qalxdı. Bu səhər gözümü bacı-qardaş arasında qazan qapağı üstündə çıxan Böyük Vətən müharibəsinə açdım. Yarım saata məsələni sülh yolu ilə oğlumun xeyrinə həll etdim. Qızı qazanın qapaqdan daha əhəmiyyətli olduğuna inandırmaq üçün min dərədən su gətirdim. Tərslikdən, vacib müsahibə günüdür. Nə yaxşı, onlayn müsahibə idi. Əlim ürəyimin üstündə oturdum kompüterin qarşısına. Müsahibə başladı. Bir gözüm monitorda, digər gözüm uşaqlarda. Sakitlikdir. Xeyrə əlamət deyildi. Yarımçıq qoyub dura bilmirəm. Müsahib də çənədən xeyli sazdır. Bir suala üç min işarəlik cavab yazır.

Əlbəttə, bu sakitlik baha başa gəldi. Daha yazmıram o hissəni. Çünki gün ərzində belə macəraları çox olur. Məsələn, mühüm iş tapşırılır sənə, yazı, müsahibə, ya da vacib xəbər qoymalısan. Elə hazır edib materialı panelə qoyuram ki, oğlumun həmin an dəhlizdəki VF şunurunu elektrikdən ayırmaq sevdası baş qaldırır. Hələ bunun baş redaktora izahat mərhələsi var. O da uzun hekayədir.

Bir sözlə pandemiya günlərini evdə işləmək fikri mənim üçün bu bir həftədə öz cazibəsini tamamilə itirdi. Guya özümüzü təcrid etmişik, evə qonaq dəvət etmirik. Bu beş gündə bir dəfə KaTV-əməkdaşı, iki dəfə elektrikçi gəlib. Özüm yüngül qırıq-sökükləri birtəhər həll etsəm də, bəzi şeylərin təmiri üçün usta çağırmalı oluram. Nəticədə hirs-hikkəsini internet kabelindən, modem aparatından çıxaran iki uşağın anasıyam.

Bu beş gündə anidən hiss etdim ki, evdə yorulduğum qədər işdə yorulmuram. Hətta tıxacda qalmaq belə əsl istirahətdir deyə bilərəm. Guya doyunca dincələcəkdim. Ev daima dağınıq, alınması vacib müsahibələr, yazılmalı yazılar üst-üstə yığılıb. Paltaryuyan maşın dayanmadan işləyir, yemək bişirən qaz heç sönmür.

“A bala qırdın!A bala dağıtdın!A bala yıxıldın!” sözləri leksikonumda ən işlək sözlərə çevrilib.

O qədər işlədirəm ki, bu sözləri, az qala çaşıb müsahibə aldığım adama da “A bala!” yazıram.

Texnologiyanı yaradana şükür. Yenə dərhal silmək funksiyası var, biabır olmaqdan qıl payı qurtuluram. Evdə heç bir mövzu olmadan dörd dəqiqədən bir eşidirəm: “Anaaaaaa!!!”

Oturmaq söhbəti tarix olub.

Karantində ilk həftə belə təlaş və uğursuzluqla keçdi. Bu gün növbəti həftəyə keçmişik. Dünən gecə yatanda hiss etdim ki, bir az irəliləyiş var. Vəziyyət təxminən belədir: Hazırda bu yazını yaza bilmək fürsətini tapmışam. Qızım yanımda, oğlum ayağımın üstündə yatır. Qızım başını qaldırıb "Ana, heç vaxt işə getmə. Söz verirəm, səhər imkan verəcəm oturarsan” deyib əsnəyir və saniyələr içində dərin yuxuya gedir.

Tez-tez dediyim “imkan verin oturum,” sözünü hafizəsində saxlayıb.

Zənnimcə, görmək istəsək uşaqların sözlərində çox şey gizlidir. Dodağıma xəfif təbəssüm qonur. Sevinirəm. Deməli, qəfəsdəki quş kimi çırpındığımı anlayıb qızım.

# 3993 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #