“Bənövşədə” 4 manat 38 qəpiklik səyahət

“Bənövşədə” 4 manat 38 qəpiklik səyahət
14 iyun 2011
# 13:41
Artıq iki gündür ki, Bakıda hamı təzə taksilərdən danışır. Şəhərin mərkəzində bənövşəyi rəngli təzə London taksiləri adamların diqqətini cəlb edir. Şəhər sakinlərin çoxusu bu taksilərin həddən artıq baha olduğunu düşünüb minməyə cəsarət etmirlər. Yeni taksilərin necəliyini öyrənmək üçün kiçik bir gəzintiyə çıxmağa qərar verdik.

Qalstuklu sürücülər

Keçən ilin sonlarından ölkəyə gətirilən yeni taksilər iyunun 13-dən istifadəyə verilib.

Kukla teatrı ilə üzbəüz taksi dayanacağına artıq köhnə taksilər yoxdur. 4 yeni taksi səliqə ilə dayanacaqda dayanıb. Qalstuklu, ağ köynəkli sürücülər isə ağacın altında dayanıb söhbət edirlər. Yaxınlaşıb taksilərdən reportaj hazırlamaq istəyidiyimi deyirəm. Öncə hamısı danışmaqdan, şəkil çəkdirməkdən çəkinir.

Ancaq “müdir” dedikləri adam gəlir. Onun taksisi bənövşəyi deyil, tünd qırmızıdır. Göstəriş verir və biz taksiyə otururuq.

1 km-ə 70 qəpik

Yeni taksilər 5 nəfəri daşıya bilir. Hamısı arxada oturur. Qabaqda isə ancaq sürücü oturur, yanındakı yer isə boşdur, ora yük qoymaq üçün nəzərdə tutulub.

Yeni taksilərin sayğacları 1 manatdan başlayır. Yəni yerindən tərpənmək bir manatdır. 1 km-ə isə 70 qəpikdən hesablanır. Yəni siz 10 km yol getsəniz, 8 manat ödəməli olacaqsınız. Tıxaclarda dayandıqda da sayğac öz rejiminə uyğun olaraq pul yazır. Başqa ölkələrdə olduğu kimi, bizdə hələ ki, gecə tarifi mövcud deyil. Təzə taksilər ancaq gündüz işləyir.

Sayğaca “barmaq” etmək mümkün deyil

Sürücü ilə sərnişini şüşə ayırır. Danışmaq üçün isə hər iki tərəfdə mikrofanlar var. Maşında siqaret çəkmək həm sürücülər, həm də sərnişinlər üçün qadağandır. Baxmayaraq ki, sərnişinlər üçün külqabı var.

Sərnişin kabinədə kondisioneri, işıqları özü tənzimləyə bilir. Sürücüyə nəsə demək üçün düyməni basmaq kifayətdir. Sayğaclar möhürlü olduğu üçün “barmaq” etmək mümkün deyil.

Hələ ki, taksilər istifadəyə hissə-hissə buraxılır. İlk öncə şəhərin mərkəzində fəaliyyət göstərəcəklər. Taksilərin sayı artdıqca mərkəzdən kənar ərazilərdə də bu yeni avtomobiləri görmək mümkün olacaq.

“Özümü müdir kimi hiss edirəm”

London taksilərində ilk müştərisi olduğum sürücü Nahid Babayev 20 ildir ki, bu işlə məşğuldur. Əvvəl şirkətdə işləyib, sonra yeni taksilərdə işləmək təklifi alıb. Nahid deyir ki, o, sovet vaxtında sayğaclı taksilərdə işləyib: “Elə ən yaxşısı budur. Qiymət danışanda mübahisə eləmirsən. Niyə kimisə aldadasan? Qalstuku taxırsan, müdir kimi gəlib oturub işini görürsən. Maaş da, şükür Allaha, normaldır. Özləri dizeli tökür, hər cür təmir də edirlər”.

Kukla teatrının qabağından “5 mərtəbəyə” tərəf gedirik. Yolda hamı təəccüblə bizə baxır. Nahid deyir ki, əynindəki paltarı da işdən veriblər. İngilis dilindən ünsiyyət qurmaq bacarığı da yoxlanıb. Əvvəllər xarici şirkətdə sürücü işlədiyinə görə müəyyən qədər dili öyrənə bilib.

“Səhər gedib qarajdan maşını götürürük. Həm maşına baxış keçirilir, həm də bizim səhhətimiz yoxlanılır. Axşam saat 11-ə qədər işləyirik”- Nahid belə deyir.

...və “çay pulu”

Taksilər yeni olduğu üçün müştərilər azdır. Bir müddən sonra bu taksilərə internet də qoyulacaq. Müştərilər istəsə, internetdən rahat istifadə edəcək.

“İnsanlar görəndən sonra ki, taksilər o qədər bahalı deyil, yəqin daha çox istifadə edəcəklər”.

“5 mərtəbə”dən dönüb “Sahil” metrosu tərəfə gəlirik. Sayğac 4 manat 38 qəpik göstərir. 10 manat verib 5-ini götürürəm. Yerdə qalan qəpikləri isə sürücüyə “çay pulu” saxlayıram. Bu da İngiltərədə bir ənənədir.

Taksimiz ingilis taksisidirsə, ənənəmiz niyə ingilis ənənəsi olmasın?


Elmin HƏSƏNLİ
# 1868 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər