Gənc Tamaşaçılarda İlyas Əfəndiyevin əsəri redaktə olundu - FOTOSESSİYA

Gənc Tamaşaçılarda İlyas Əfəndiyevin əsəri redaktə olundu - FOTOSESSİYA
7 iyun 2011
# 12:49
Gənc Tamaşaçılar Teatrının səhnəsində bir-neçə tamaşanın məşqləri gedir. Rejissor Vaqif Əsədovun quruluş verdiyi “Məhv olmuş gündəliklər” səhnəyə təzəcə çıxıb. Əsərin oxunuşu (buna “masaüstü” deyirlər, amma məntiqlə “masaətrafı” məşq daha düzgündür) prosesi gedir. Sonra məşqlər səhnədə davam etdirilir.


Səhnədə akrobata ehtiyac var


...Piano, divan, kreslo, bir tərəfdə telefon aparatı. Bunlar rekvizitlərdir, yəni oyun üçün lazım olan əşyalar. Kimisi piano çalır, o dayananda başqa biri qucağındakı gitaranı dınqıldadır. Başqa biriləri söhbət edirlər. Onlar əsərin qəhrəmanı Fəridənin evinə gəlmiş dostlarıdır. Əslində, Fəridəgildə tez-tez yığışırlar. Amma bu gün Fəridə ən yaxın dostları Qənimət və Savalanla gərgin münasibətlərini aydınlaşdırır.

Gərginliyin içində Fəridənin anası da var. Qızının həyatında maddi imkanına görə cəmiyyətdə nüfuzu olan Ədalət peyda olub və onlar evlənməyə hazırlaşırlar. Bu izdivaca nə Fəridənin anası, nə də indiyə qədər hesablaşdığı dostları, hətta Ədalətin peyda olmasına qədər könül verməyə hazırlaşdığı Qənimət xeyir-dua vermək istəmir. Fəridə saf məhəbbəti, ülvi duyğuları deyil, mənsəbi, pulu seçib. Bu seçimi hər kəs öz aləmində fərqli qiymətləndirir.

Sözügedən səhnənin məşqidir. Aktrisa Şəbnəm Hüseynova Fəridənin yaşantılarını hələ məşq prosesindən duyaraq verə bilir. Anası – aktrisa Şəfəq Əliyeva səhnədə yerini, sözlərini deyəndə hansı məqamda tamaşaçılara, nə vaxt iştirakçılara müraciət edəcəyini müəyyənləşdirir. Qənimət – Rasim Cəfərov improvizələri, gülməli əlavələri ilə çox maraqlı bir obraz yaradacağından xəbər verir. Məsələn, Savalanla – Elnur Kərimovla Qənimətin bir səhnələri var. Savalan yerdə uzanılı vəziyyətdə olan Qənimətin üstündən mayallaq aşmalıdır. Qəniməti oynayan Rasim Cəfərov çəlimsiz bir oğlandır, Savalan - Elnur Kərimov isə yumşaq desək, cüssəlidir. Onun Qənimətin üstünə düşməsi ən azı birincinin zədələnməsi ilə nəticələnə bilər. Rasim Cəfərov bunla bağlı bir atmacası ilə məşqdə gülüş qopur. Həmin gülüşlərlə müşahidə olunan bir-neçə məşqdən sonra zərərsiz nəticə əldə olunur. Düşünəndə ki, o proses istər məşq, istər tamaşalar vaxtı neçə dəfələrlə təkrar olunacaq, aktyor Rasim Cəfərovun hansı stressdən keçəcəyini ağla gətirmək belə qorxuncdur.


Yumruq da işə yarayır


Başqa bir səhnəyə rejissor mizan vermək üçün dəridən-qabıqdan keçir. Yazıq rejissor, bəzi aktyorlar öz rolunu dəfələrlə məşq etsə də, rolu anlamadan oynayır. Məsələn, Elnur Kərimov pıçıltılı ilə deməli olduğunu qışqıraraq deyir. Bayaqdan hər məqamda ona “qışqırma” mesajı verən rejissor bu dəfə aktyorun qoluna tutarlı bir yumruq ilişdirir. Növbəti dəfə qolunu ovuşdura-ovuşdura aktyor rejissorun istədiyini ona verir.
Ən çox əziyyət çəkən “Fəridə”dir: iki övlad anası olan aktrisa Şəbnəm Hüseynovanı iki obraz – Savalanla Qənimət səhnə boyu qaçırdır, silkələyir, onun üçün “Kuklam” mahnısını oxuyurlar.


Tamaşada açıq mesaj yoxdur


İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsəri Gənc Tamaşaçılar Teatrının rus bölməsində çoxdan səhnəyə qoyulmuşdu. Azərbaycan bölməsində bu tamaşanı səhnəyə gətirmək zərurət nədən yarandı?

Rejissor Vaqif Əsədov dedi ki, bunu teatr rəhbərliyi istədi, düzünü desəm, mənim də ürəyimcə oldu: “Elə tamaşalar var ki, uzun illər səhnədə qalmasına ehtiyac var. Bu gün Azərbaycan teatrının səhnəsində gənclərin həyatından, arzu və istəklərindən danışan müasir əsər azdır. Burda da doğru yolu harada tapmaqdan, necə düz yol seçməkdən söhbət açılır. Bu gün gənclərlə söhbətlərdə onların nə istədiklərini hiss etməyimin əksini tapıram. Gənclər azadlıq istəyirlər. Azadlıq isə hələ də asılıdır. Azadlığı yaxşı yaşamaqda, var-dövlətdə axtarırlar. Bunu sənə verə biləndən asılı vəziyyətdə qalmağın azadlığa gedən yolunu bir az da bağlayır. Bir də görürsən ki, axtardığın şeylər azadlığın və sərbəstliyin bahasına başa gəlib. Eləsi var buna üsyan edir, eləsi də var ki taleyi ilə barışıb yaşayır”.

Vaqif Əsədovdan soruşuram: ““Məhv olmuş gündəliklər” sovet dövründə yazılmış bir əsərdir. O dövr üçün Fəridənin Qəniməti deyil, Ədaləti seçməsi tənqid olunurdu. İndi zaman Fəridə kimi seçim edən qızların tərəfindədir. Bu halda yanaşmanız necə olacaq?”

O sanki bu sualı gözləyirdi: “Əsər üzərində ciddi redaktə aparmışıq. Bunu fərdlərin dialoquna yox, cəmiyyətin müzakirəsinə çıxardırıq. Bu gün Ədalətlərə üstünlük vermək, kiməsə söykənib yaşamaq istəyi təhlükəsi ictimai bəlaya çevrilib. İndi o seçimi etməyənlərə bir təhər baxırlar. Halbuki yalnız var-dövlət və vəzifə arxasınca getmək, ərə gedəndə, evlənəndə belə yalnız bu amillərə üstünlük vermək sənin fərasətinə yox, şərəfsizliyinə dəlalət edir”.

Deməli, yazıçının əsərdəki mesajı dəyişməz qalıb? Vaqif Əsədov gümanımı təsdiqləyir: “Bəli, sadəcə, indi tamaşada heç nəyi üstüörtülü deyil, dərin qatlara qədər açıb ortaya qoyuruq ki, tamaşaçı bu seçimin fəsadlarının miqyasını görsün”.

Rejissorun bu sözlərindən sonra təkcə onu demək qalır ki, əsas rollarda Nəsibə Eldarova, Sərvər Əliyev, Rəşad Səfərov, Günel Məmmədova da var. Əsərə bir obrazı isə rejissor əlavə edib. Bu, rejissor köməkçisi obrazıdır ki, tamaşa boyu səhnədə olacaq. Onu aktyor İlham Əsədov oynayır.

Sonda xatırlatmalı bircə məqam qalır: “Məhv olmuş gündəliklər” yeni mövsümün ilk tamaşası olacaq.


Ramilə Qurbanlı
# 1373 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #