Qazaxda təxəllüslər püşklə seçilir

Qazaxda təxəllüslər püşklə seçilir
2 iyun 2011
# 12:57
Qazaxda AYB-nin zona şöbəsi açılana qədər ədəbiyyat sahəsi indi “Göyəzən” adlanan o vaxtkı “Qalibiyyət bayrağı” qəzetinin inhisarında idi. Bu qəzetdə isə söz sahibləri Qara Qafqazlı və Ələddin İncəliydi. Onların sərbəst şeirə allergiyaları varmış. Buna görə də qəzetin səhifələrini ənənəvi qoşma-gəraylı aləmi bəzəyirdi.

Qazaxın senzorları və püşkatma

Hər iki söz sahibi dərc olunan şeirlərə əl gəzdirib öz qılıncının altından keçirirdilər. Hətta yazarların soyadına, ləqəbinə də. Məsələn, Barat Vüsalın soyadı Alıyev olduğu halda, ilk dəfə çap olunmağın sevincini Əliyev soyadı ilə birgə qeyd etmişdi. Nə var, nə var, Qara Qafqazlı Alıyev soyadını bəyənməmişdi. Barat Vüsal da “təki çap olunum” məntiqiylə bunu qəbul etmişdi. Bunun ardınca da dalbadal Əliyev soyadı ilə çıxış etməyə başlamışdı. Hətta ilk kitabı da bu soyadla basılmışdı.

Bunu Barat Vüsaldan gözləməyə dəyərdi. Çünki adam sonralar “Əliyev”i “Vüsal”a dəyişərkən də əcaib bir qaydadan istifadə etmişdi. Bu adam öz ləqəbi püşkatma yolu ilə qazandı. Belə ki, üç gənc şair lüğətlərin hansındansa üç ləqəb tapırlar. Məhbub, Vüsal və Məftun. Püşk də Barata “Vüsalı” çıxarır.

Bir misralıq avtomobil

Qayıdaq Ələddin İncəli və Qara Qafqazlıya. Hər iki qəzet işçisi sovet vaxtlarında müdirlərin qənimi idi. Günlərin bir günü Qazax Kənd Təsərrüfatı texnikumunun direktoru Kosa müəllim Damcılı bulağında onlara qonaqlıq verəsi olur. Qonaqlığın şirin yerində Kosa müəllim avtomobildən nəsə gətirmək üçün süfrədən aralanır. Bu arada Qara Qafqazlı Ələddin İncəliyə giley-güzar edir ki, bu nə həyatdır yaşayırıq?! Kaş biz də kiməsə qonaqlıq verəydik, imkanımız, maşınımız olaydı. Ələddin İncəli deyir: “Onun imkanı da, maşını da mənim bir misrama dəyməz”. Bu sözü Kosa müəllimin qulağı alır və ordan da avtomaşına minib qazı basır. Şairlər: “Kosa müəllim, bəs biz burda qaldıq”. Kosa müəllim:“Siz də Ələddinin misrasına minib gələrsiniz”, - deyir...

Qazaxın ilk erotik nəşri

Bəli, o dövrda ədəbiyyat Damcılıda misraya minib gəlməli olan bu şairlərin inhisarında idi. Amma elə ki, AYB-nin Qazax zona filialı açıldı, Qazaxda sanki bir təlatüm yarandı. Saday Budaqlı sədr, Xıdır Qazaxbəyli ədəbi məsləhətçi. Tezliklə ədəbi jurnal - “Sınıq körpü” işıq üzü görür. Az sonra isə Xıdır Qazaxbəylinin rayon qəzetinə redaktor keçməsi ilə qəzetdə canlanma yaranır. Özüm də şahidəm ki o vaxtlar “Göyəzən” qəzeti hətta Bakıda da satılırdı. Bir sözlə, Xıdır Qazaxbəyli Qazaxda yaşaya-yaşaya “Göyəzən”i paytaxt qəzetləri ilə tay-tuş etmişdi. O qəzetdə Xıdırın bir cümləsi indi zərbi məsələ çevrilib – “Azərbaycanı imperiyaya bağlayan zəncirin halqalarından biri də Barat Vüsaldır”.
Xıdır Qazaxbəyli bununla da kifayətlənməyib “Müsbət-Mənfi” adlanan ikinci qəzeti də nəşr etdirmişdi. Və bu qəzet Azərbaycanda hələ çox sonralar müraciət edilən açıq-saçıq yazıları, açıq-saçıq şəkilləri ilə az müddətdə xeyli oxucu qazanmışdı. Amma bunlar çox çəkmədi.

Köhnə hamam, yeni sədr

Saday Budaqlı Bakıya qayıtdı. Barat Vüsal sədr oldu. Xıdır Qazaxbəyli isə onun öhdəsindən gələ bilmədi. Çünki Baratın arxasında İsmayıl Şıxlı dururdu. Və Xıdır Qazaxbəyli rayondan gedəsi oldu. Deyilənə görə, indi Maştağada soyuducu təmiri ilə məşğuldur. Görəsən, onun bu halını görüb Baratın ürəyi soyudumu?!

Yeni sədr – Barat Vüsal başladı nə başladı. “Vurğun bulağı” adlı bir ədəbi məclis təsis etdi ki, bu məclisin hər tədbirində qələm atsan yerə düşməzdi. Hətta bir dəfə şairlərin çoxluğundan özü də bezib belə bir qərar verdi ki, şair çoxdur, hər məclisdə adama bir şeir oxunsa, bəsdir. Gözünə döndüyüm şairlərin biri də tənbəllik etməyib, növbəti məclisə 40 bəndli şeirlə gəldi.

Beləliklə, Saday Budaqlı və Xıdır Qazaxbəylinin vaxtında filialın həndəvərinə də hərlənə bilməyən şairlərin tappatap kitabları çıxdı. Hamısı da Barat Vüsalın ön sözü ilə. Əksəri də yuxular barədə. Guya sədr yuxuda bu şairin haqqında dürlü-dürlü zadlar eşidib. Az sonra Barat Vüsal özü haqqında da yuxular uydurmağa başladı. Guya bir gün ağır xəstə olarkən, yuxuda Füzuli ona buta verib, deyib ki, dur, şeirini yaz, şair. Bununla da zona sədrinin bütün ağrıları keçib gedir. Sonralar Barat Vüsal lap irəli gedərək yuxuda müqəddəs şəxslərlə də söhbət etdiyini iddia etdi və arağı buraxdı. Hətta məclislərin birində uzun xahiş-minnətdən sonra əlinə badə alsa da, birdən badəni əlindən yerə saldı. Bunu belə qələmə verdi ki, guya gözəgörünməz bir qüvvə onun əlindəki badəni vurub saldı.

Beləcə Barat Vüsal özünü az qala Mövlanə elan edəcəkdi.

Ata iyi verən filial rəhbəri

O vaxtlar zona sədrinin yalnız bir nəfərlə arası yoxuydu. Bu, qohumu və həmkəndlisi Heydər Qasımlı idi. Heydər Qasımlı da “Göyəzəni”in redaktoru olmuşdu. Təxminən on ilə qədər küsülü qalmışdılar. Sən demə, dava çap davası imiş. Heydər Qasımlı Barat Vüsalın şeirlərini öz qəzetində çap etmirmiş. Xıdır Qazaxbəylidən sonra isə “Göyəzən” heç Qazaxda da oxunmurdu. Çünki bu qəzet Heydər Qasımlının hekayələr tribunası olmuşdu. Hər hekayədə də hökmən bir pəhləvan olmalıydı. Amma günlərin bir günü o qəzetdə Barat Vüsalın məqaləsini oxudum. Heydər Qasımlı haqda idi. Daha çox onun bir cümləsi üzərində qurmuşdu təhlilini: “Atam sarı ürgə ilə 15 il idi ki, yoldaşlıq edirdi”.

Guya bu cümlədə türk ruhu yatır, burda Koroğlu nəfəsi, Qaçaq Kərəm çevikliyi var.

Mən tənbəllik etməyib baltanı lap kökündən vurdum: “Ay Barat müəllim, axı siz də kənddə yaşayırsınız. At haqda da on-on beş şeiriniz var. Hətta bir şeirinizdə deyirsiniz ki “qoy məndən at iyi gəlsin”. Bəs bu nə deməkdir: Axı “ürgə” üç yaşlı ata deyilir. Dörd yaşa keçəndə olur yetkinlik yaşına çatmış at. Bu ürgə 15 il yerində sayıbsa, daha harası tərifli oldu? 18 yaşında da ürgəmi olur!? Tutaq ki, müəllif buna fikir verməyib, siz də gərək elə bu cümlədənmi yapışaydınız?!”
Barat Vüsal əməllicə çaş-baş qaldı.

“Baratxana” və “Zəli Kür”

Nə olursa-olsun, artıq gec idi, Heydər Qasımlı Barat Vüsalı, nəhayət ki, öz qəzetinin çəpərindən içəri buraxmışdı. Filial sədri də redaktora yekə bir məqalə həsr etmişdi.

Yeri gəlmişkən, bizim qazaxlıların Bakıda bir qəzeti də nəşr olunurdu - “Dəli Kür” qəzetidir. Bu qəzet indi ancaq Qazaxda satılır. Həm də məcburi qaydada. Buna görə də el arasında ona “Zəli Kür” deyilir.

Barat Vüsal özünü Şoloxovla müqasyisə edir. “O da kənddə yaşayıb, mən də”, - deyir. Onun “Baratxanası”nda (el arasında filial belə adlanır) gənc yazarlar vətənpərvərlik mövzusu ilə yüklənir. Çünki sədrin özünü vətənpərvərlik mövzusunun öndəri bilir. Onun ən məşhur şeiri isə budur: “Mən ayağa qalxacam, yarama torpaq tökün”.
Amma bura da Qazaxdı haa! Barat Vüsalın təsis etdiyi “Vurgun bulağı”na adamı susuz aparıb, susuz da gətirən oğlanlar var. Elə biri dostum Elxan Bayramov. Görün Baratın başına o şeirə görə necə oyun açıb.

O şeir bir vaxtlar rayonun bütün tədbirlərində oxunarmış. Elxan Bayramov da üstünə düşür: “Barat, sənin şeirin o qədər gözəl alınıb ki, təbabət elmindən anlamayanlar həmən inanarlar ki, güllə yarası torpaqla müalicə oluna bilər. Amma birdən bir yaralı əsgər sənin şeirinə inanıb öz yarasına torpaq tökər və yarası irinlənər, qanqrena verər, odur ki, bu şeiri yığışdır”.

Bu sözdən sonra Barat Vüsal daha o şeiri tədbirlərdə oxumadı. Və başladı palazqulaq vətənpərvərlik şeirlərini guppuldatmağa. Bu mövzu onda “yaxşı alınır”, çünki 27 yaşına kimi 26-lara şeir yaza-yaza ucqar kəndlərdə müəllimlik edib ki, onu orduya aparmasınlar.

Bəxtiyar Hidayət
# 2181 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #