Kəsif tütün, taxta və lak qoxusu…

Kəsif tütün, taxta və lak qoxusu…
16 may 2011
# 16:03
Layihə: Sənət kulisi

Ramilə QURBANLI



Mədəniyyət və İncəsənət Gimnaziyasının arxa qapısından həyətə daxil olan kimi üzbəüz durduğun qapı həmin emalatxanaya açılır. Bura həm Milli Konservatoriyanın, həm də İncəsənət Gimnaziyasının emalatxanasıdır. Qapını döyüb “Gəlin” ifadəsini eşidəndən sonra köhnə taxta qapını aralayıb keçdim, məni kəsif taxta, lak və tütünün qarışıq iyi vurdu. İçəridə oturub işləyənlər mənim gəlişimin də, üstəlik bu qoxudan sifətimi turşutduğumun da fərqinə vardılar, amma öz aralarında gedən söhbəti də yarımçıq kəsmədilər:

“Şəkidə bu musiqi alətləri düzəldilən sexlərə bir maya qoyulub, elə düzəldilib ki, heç deməzsən burda fəhlə işi görülür. Ustaların yerindən tutmuş işlətdikləri alətlərə qədər hamısı yüksək səviyyədə…”

O, birisi əlavə edir: “Biz də oturmuşuq Bakının göbəyində, heç nə də yox”. Mən də onlara yaxınlaşıb qoşuluram söhbətə: “Şəki qədimdən musiqi alətləri düzəldən ustaların, sexlərin mərkəzidir”. Bir azdan müsahibim olacaq usta deyir: “Bakıdan, Şuşadan çox ki olmayıb”.

Daha bu mövzu mənim mübahisə predmetim olmadığı üçün mətləbə keçib özümü təqdim edirəm. Müsahibim də “Xoş gəlmişsiniz”dən sonra mətləbə gəlir:

- Məzahir Sadıq oğlu Həsənov. 1949-cu ildə Şuşa şəhərində doğulmuşam. Ailədə 5 uşaq olmuşuq. Böyük qardaşımım Şuşada musiq alətləri sexi vardı. Xalq Musiqi Alətləri fabrikinin yaranmasında böyük əməyi olub. Mən də gözümü açandan bu sənətlə maraqlanmışam. Cavanlıqda bir ara uzaqlaşdım, sonra yenə qayıtdım.

- Uzaqlaşıb hara getdiniz?

- Moda, paltar tikmək məni cəlb elədi, o da sənətdir, gördüm yox, yaxşısı elə öz sənətimdir.

- İlk düzəltdiyiniz tar yadınızdadır, necə oldu düzəltdiniz?

- Düzəltmək üçün işlədilən alətlər indiki kimi təkmil deyildi. Qardaşımın yanında şagird idim, iri bir ağac parçasını qoydular qarşıma, dedilər, bundan çanaq düzəlt, tar çanağı. Vurhavur, bir şey çıxmadı, cansıxıcı gəldi mənə, müdir gəldi baxdı mənə, qayıtdı ki, bala, bu işə ancaq səbr lazımdır. Birdən-birə alınan iş deyil. Sonra ustaların köməyi ilə düzəldib başa çıxartdım. Sevincdən yerə-göyə sığmırdım. Sonra məni elə o sexdə qaval düzəltmək cəlb etdi, daha rahat və gəlirli iş idi. Bir müddət də tarın ayrı-ayrı hissələrini düzəltdim. Bir usta vardı, peşəkar idi, onun əlinə çox baxırdım. Bir gün o getdi, müdir dedi ki, əlinə çox baxmışsan, işini mənimsəmiş olarsan, keç onun yerinə. Bu dəfə özümə inamım da artmışdı, dedim ki, düzəldə bilərəm. Başladım, çanaq düzəltdim, qol düzəltdim, sonra da qalan hissələrini, aşığını, pərdəsidi, xərəyidi, oldu tar. O vaxt plan qoyurdular ki, məsələn, ayda beş tar düzəldəcəksən, hər ay sayı artan templə gedəcək, nə qədər düzəldə bilirsənsə. Sərbəst usta kimi artıq mən də planla işləməyə keçdim.

- Düzəltdiyiniz tarın sayına görə əmək haqqı alırdınız?

- Bəli, düzəldirdik, yığıb satışa göndərirdilər. 10 tara o vaxt 70 manat məvacib alırdıq.

- İndi necə?

- Zaman başqadır, heç sentyabrdan bu yana bir tar satmamışam, alıcı azdır. Əsas təmirdən olur qazancımız.

- Tarın biri neçəyədir?

- Şagird tarının qiyməti 180 manatdır, ondan başlayır. Qozdan, palıddan olanlar yuxarı qiymətədir, amma fıstıqdan, tut ağacından düzəldilənlər bir az ucuz olur.

- Siminin fərqi var, məsələn, qızıl simli tar olur?

- Hələ ki yox, amma üstünə adını, hədiyyə edəcəksə, sözləri qızıl su ilə yazdırırlar.

- İndiyə qədər neçə tar düzəltmış olarsınız?

- Səkkiz il Özbəkistanda bu işi görmüşəm, oralı-buralı, min tar düzəltmişəm.

- Düzəltdiyiniz tarlardan hansı ustadlar bəhrələnib, xəbəriniz var?

- Milli Konservatoriyada, bu gimnaziyada dərs deyən ustadların hamısı, onların yetirmələri, çox ustadlar var, hansının adını çəkim…

- Şuşadan nə vaxt gəlmişsiniz?

- 92-ci ildə.

- Yəqin burda hər şeyi sıfırdan başlamalı oldunuz?

- O günləri xatırlatmasınız yaxşıdır, əlbəttə, çox çətin oldu. Nə material, nə emalatxana, nə alətlər, nə də onları alıb cəm etməyə pul vardı. Zərrə-zərrə yenidən başladıq, amma Şuşada “Oxu tar” adlı kooperativim vardı, 10 nəfər rahat oturub işləyirdi, hər bir avadanlığım da yerində. Bütün respublika gəlib bizdən musiqi alətləri alırdı.

- Qardaşınız necə oldu?

- Yaxınlarda rəhmətə gedib.

- İşinizi davam etdirən var?

- Oğlum mənimlə çalışır, o daha çox kamança düzəldir.

Usta oğluna düzəltdiyi bir kamanı göstərməsini xahiş edir. Oğlan fərəhlə dərin bir cildandan kamanı çıxarıb mənə verir. Bu kaman deyil, tam bir sənət əsəridir, bütünlüklə sədəfdən milli ornamentlərlə bəzədilib. Usta “bunlar çox çətin naxışlardır”,- deyir, -“hər oğul vura bilməz”. Mən də ustanın ağarmasına rəğmən dalğalanan saçının müqabilində oğlunun yoxa çıxmış saçlarına eyhamla “Görürəm, onları vurunca tellərindən olub”, deyirəm, gülüşürlər.

- Eşitdim ki, ömür boyu tar düzəldən adam tarda bir sim belə vura, yəni ifa edə bilmirsiniz?

- Onu düz eşitmişsiniz, Şuşadan olanda noolar, hamı çala bilməz ki, biri də düzəltməlidir də.

- Düzəltdiyiniz alətin necə çalıb-çalmadığını necə yoxlayırsınız?

- Onun üçün də bir nəfər müəllim var. Biz düzəltməsək o, çalanlar nə çalarlar, amma biz ifa edə bilməsək də işimiz daha şərəflidir və təəssüf ki, pərdə arxasında qalırıq. Onlar düzəltdiyimiz tarlarla firavan həyata qovuşurlar, üstəlik narazı da olurlar ki, bizim üçün azdır, amma biz onların dörddə ikisi qədər rahat həyata möhtacıq. Ad-san da onlarda, dolanışıq da. .. Eh…İnşallah, Milli Konservatoriyanın yeni bnasında bizim üçün də münasib emalatxana nəzərdə tutulub.

- İnşallah, rahatlığa qovuşanda bir də görüşərik…
# 1597 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #