Şarl de Qoll deyib ki, onu buraxın… ARAŞDIRMA

Şarl de Qoll deyib ki, onu buraxın… ARAŞDIRMA
15 oktyabr 2012
# 07:00
Bəzən deyirlər ki, o, Nobel mükafatından sırf piar üçün, ucuz şöhrət naminə, tarixdə ad qoymaqdan ötrü imtina edib. Ancaq bu firkin opponentlərinin arqumenti də zəif deyil: “Elədirsə, baxaq görək, ondan başqa kim bu mükafatdan imtina edib?”

Gerçəkdən də başqa heç bir yazıçı bu addımı atmayıb. O, yeganə yazıçıdır ki, dünyanın ən böyük ədəbi mükafatını almayıb və onu kimlərin almalı olduğunu adbaad göstərib. Yazıçının bir prizmadan baxdıqda qalmaqallı, digərindən alicənab, başqa yöndən maraqlı və qeyri-adi görünən addımından bir qədər sonra bəhs edərik. İndi yazıçının qısa ömür yolu ilə tanış olaq.

Fransız yazıçı-filosofu Jan Pol Sartr 1905-ci ildə Parisdə doğulub. O, liseydə təhsil alıb, normal ali məktəb bitirib, fəlsəfə üzrə dissertasiya müdafiə edib, Berlindəki fransız institutunda təcrübə toplayıb (1934), Fransada müxtəlif liseylərdə fəlsəfədən dərs deyib. 1944-cü ildən o, özünü bütünlüklə ədəbiyyata həsr edib. Jan Pol hələ tələbə vaxtı Simona de Bovuarla tanış olaraq evlənib və bu qadın onun üçün həm həyat, həm də iş yoldaşı olub. Onlar birlikdə əsərlər yazıb, eyni əqidənin daşıyıcısı olublar.

Sartr, xanımı Simona de Bovuar və Moris Merlo-Ponti ilə birlikdə “Yeni dövran” (Les Temps modernes) jurnalı təsis edib. 1952-ci ildən sülhpərvər xadim kimi çıxış etməyə başlayıb. 1953-cü ildə Ümumdünya Sülh Şurasının üzvü seçilib.

1956-cı ildə Sartr və «Les Temps modernes» jurnalı yazıçı Alber Kamyudan fərqli olaraq fransız Əlcəzairi ideyası ilə öz aralarına məsafə qoydular və Əlcəzair xalqının müstəqillik səylərini dəstəklədilər. Sartr işgəncələrə qarşı çıxışlar etdi, xalqların öz müqəddəratını təyin etmək hüququna tərəfdar çıxdı, zorakılığı qanqrena kimi qiymətləndirdi, müstəmləkəçiliyi pislədi.

Bunun üstündə evini iki dəfə partlatdılar, “Les Temps modernes” jurnalının redaksiyası beş dəfə millətçi yaraqlıların işğalına məruz qaldı.

Bir aralar o, marksizm ideyalarına meyllənir və Kuba inqilabını dəstəkləyir, Havanada əfsanəvi Çe Gevera ilə görüşür, Kubanın xəbər agentliyi ilə əməkdaşlıq edir. Ancaq Fidel Kastro rejimini tənqid edən şair Padilyanın həbs edilməsindən (1972) sonra Sartr Kuba ilə əlaqələrini kəsir.

Bundan başqa, o, Vyetnamda törədilən hərbi cinayətlərin araşdırılması üzrə Rassel tribunalında aktiv iştirakçı olur. 1967-ci ildə Sartr tribunalın Stokholmda və Roskilddə keçirilən iclasında səs-küy doğuran nitq söyləyərək Vyetnamda və fransız Əlcəzairində genosid törədildiyini vurğulayır.

1968-ci ildə Fransada baş verən inqilabın fəal iştirakçısı və hətta simvollarından biri məhz Jan Pol Sartr olur. Sorbonna universitetini işğal edən qiyamçı tələbələr yalnız yazıçını yaxına buraxırlar.

Marksist ideyalarına rəğbəti olsa da, Sartr Əlcəzair və Vyetnamdakı qırğınlara etirazını bildirdiyi kimi, Amerika qoşunlarının Kubaya müdaxiləsinə, sovet qoşunlarının Macarıstan üsyanını (1956) boğmasına, SSRİ-nin Praqaya qoşun yeritməsinə (1968), sovet dövlətində yadfikirliliyin təqib olunmasına qarşı da öz etiraz səsini ucaldıb. Ömrü boyu onun siyasi mövqeyində yanlışlıqlar müşahidə olunsa da, Sartr həmişə solçu və öz ölkəsinin dissidenti olaraq qalıb.

Bir dəfə baş vermiş iğtişaşlardan sonra yazıçını həbs ediblər və bu fakt tələbələrdə narazılıq və hiddət doğurub. Prezident Şarl de Qoll həbs faktından xəbər tutan kimi Sartrın buraxılması barədə göstəriş verib və deyib: “Fransa Volterləri həbs etmir”.
Yazıçı 1980-ci ildə vəfat edib və onu son mənzilə 50 min insan yola salıb.

Sartr bədii yaradıcılığa “İyrənmə” (“Ürəkbulanması” kimi də tərcümə oluna bilər) romanı (1938) ilə başlayıb. 1964-cü ilin bu günlərində Jan Pol Sartrı ədəbiyyat üzrə Nobel mükafatına layiq görüblər. Onun bu nüfuzlu mükafata layiq görülməsi belə səciyyələndirilib: “Azadlıq ruhuyla süslənmiş zəngin ideyalalara və dövrümüzə böyük təsir göstərən yaradıcılıq həqiqəti axtarışlarına görə...”. Buna baxmayaraq Sartr mükafatı qəbul etməyib. O, bu addımını özünü hansısa ictimai instituta borclu qalmamaq və öz müstəqilliyini şübhə altına qoymaq istəmədiyinə görə atdığını bəyan edib. Bundan başqa, Nobel komitəsinin “burjuyluğu” və açıq-aşkar antisovet orientasiyası yazıçını pərt edib. Həmin vaxt Sartr SSRİ-ni tənqid edirmiş və bu zaman ona Nobel mükafatının verilməsi o anlama gələ bilərmiş ki, yazıçını antisovet çıxışlarına görə mükafatlandırırlar. Hər halda böyük prinsiplər adamı olan, bütün fəlsəfəsinin qayəsini insan azadlığı məfhumu təşkil edən Sartr o mükafatı məhz rus-sovet yazıçısı Mixail Şoloxova verilməsini təklif edib.

Böyük yazıçının Nobel mükafatından imtina etməsinin səbəbləri ilə bağlı rus şairi Andrey Voznesenskinin bir xatirəsi var. Şair yazır: “Sartrın Nobel mükafatından imtina etməsindən və bu mükafatından Pasternaka siyasi motivlərə görə verildiyini deməsindən sonra o, Moskvada olarkən, məni restorana ümumi ziyafətə dəvət etdi. Mən qərara aldım ki, onu mütləq təhqir etmək lazımdır, yarım saat tez getdim və dedim: “Sartr, biz danışmalıyıq. Nə üçün Siz Pasternaka ilişirsiniz? Siz ki ondan heç nə anlamırsınız”. O, incimədi. Belə olduqda mən əlavə etdim: “Hamı bilir, Siz Nobel mükafatından ona görə imtina etmisiniz ki, Kamyu onu Sizdən əvvəl alıb”. Bax, bu, ona ciddi şəkildə toxundu, o vaxtdan biz bir daha görüşmədik”.

Əlbəttə ki, bu söz Sartrı incitməli idi. Çünki Kamyu ilə o çoxdanın dostu olsalar da, aralarında gedən ideya mübarizəsi üzündən daimi çəkişmədəydilər. Birdən-birə içki düşkününə oxşayan rus şairinin onu ideya düşməninin adını çəkməklə “vurması” böyük yazıçını incitməliydi.

Ancaq Nobel mükafatından nəyə görə imtina etməsinə hamıdan yaxşı məhz Jan Pol Sartr özü izah verə bilərdi və o, bunu edib. Yazıçının yazdığı “Mən Nobel mükafatından niyə imtina etdim” başlıqlı yazı kifayət qədər aydınlıq gətirir.

Sartr məqalədəki ilk cümləsində bu məsələnin – mükafatdan imtinasının “qalmaqala çevrilməsindən son dərəcə narahat” olduğunu bildirir. Həmişə dürüst danışmağa, haqqın yanında olmağa çalışmış yazıçının sözlərinə şübhə etmək mümkün deyil.

Sartr yazır: “Bu yöndə ilk addımı atanlar bununla bağlı öncədən mənə heç bir xəbər verməyiblər. Oktyabrın 15-də "Figaro litterer"də qəzetin Stokholm müxbiri yazırdı ki, İsveç Akademiyası mənim namizədliyimə üstünlük versə də, hələlik yekun qərara gəlməyib. Akademiyaya ünvanladığım məktubu səhərisi gün yola saldıqdan sonra arxayın oldum ki, bu yolla məsələ həll olunacaq və mən bir daha onun üzərinə qayıtmayacağam. Amma həmin vaxt Nobel mükafatının gələcək laureatın istəyi nəzərə alınmadan verildiyindən xəbərsiz idim, ona görə də buna mane ola biləcəyimi düşünürdüm. Onu da yaxşı anlayırdım ki, əgər İsveç Akademiyası hər hansı bir seçim edibsə, onu bundan daşındırmaq qeyri-mümkündür. Akademiyaya göndərdiyim məktubda mən mükafatdan imtina səbəblərinin İsveç Akademiyasından və ya Nobel mükafatından qaynaqlanmadığını da açıqlamışdım. Məktubda yer alan səbəblər yalnız iki tip idi: şəxsi və obyektiv”.


Yazıçı “şəxsi səbəblər” qrafasında göstərir ki, o, həmişə rəsmilərin qayğısını rədd edib, İkinci Dünya müharibəsindən, 1945-ci ildə ona Fəxri Legion ordeni təklif olunanda da boyun qaçırıb.

Sartr qeyd edir ki, məsələyə bu cür yanaşmasının əsasında yazıçı əməyi barədə anlayışları dayanır. O, hesab edir ki, yazıçını digərlərindən fərqləndirən titullar onun oxucularına müəyyən basqı göstərir: “Mən isə bunu arzuolunmaz sayıram. Hər halda, "Jan Pol Sartr" və ya "Nobel mükafatı laureatı Jan Pol Sartr" imzaları arasında ciddi fərq var”.

Yazıçı olduqca böyük həssaslıq və uzaqgörənliklə yazır: “Belə fərqlənmə ilə razılaşan yazar həm də ona dəyər verən assosiasiya və ya qurum ilə özü arasında bir bağlılıq yaradır. Məsələn, Venesuela partizanlarına bəslədiyim rəğbət sırf mənə xas olan hiss olduğu halda, "Nobel mükafatı laureatı Jan Pol Sartr"ın Venesuela vətənpərvərlərini dəstəkləməsi bu mənada Nobel mükafatları verən qurumun da bu xətti yeritməsi kimi anlaşıla bilər. Hər nə qədər qürurlu olsa belə, mənim yerimdə olan bir yazıçı özünün hər hansı qurumla eyniləşdirilməsinə heç vəchlə razılıq verməməlidir”.

Bununla belə, Sartr mükafatı alan həmkarlarının xətrinə dəyməmək üçün qeyd edir ki, bu, onun sırf şəxsi mövqeyidir və daha öncə bu mükafatı alanların ünvanına yönələn tənqid xarakteri daşımır: “Bir çox laureatlarla şəxsi tanışlığımla öyünür, onlara dərin hörmət və heyranlıq duyğuları bəsləyirəm”.

Mükafatdan imtinasının obyektiv səbəblərinə toxunan Sartr Şərq və Qərb mədəniyyətlərinin “sosializm və kapitalizm düşərgələrinin) mübarizəsinə toxunur: “İstər-istəməz mənim rəğbətim sosializmə və ya "Şərq bloku"na yönəlsə də, mən bir burjua ailəsində böyümüşəm. Elə bu faktın özü iki mədəniyyətin yaxınlaşmasına can atan hər kəslə mənim işbirliyimə şərait yaradır. Əlbəttə, bu əsnada mən "daha yaxşının", yəni sosializmin qalib gələcəyinə daha çox ümidliyəm”.

“Çox ümidli” olsa da sonrakı hadisələr Jan Pol Sartrın bu gümanında yanıldığını göstərdi. Sosializmin ən böyük dayağı olan SSRİ-nin dağılmasıyla düşərgə də dağıldı və yazıçının nifrət etdiyi vəhşi kapitalizm milyonlarla insanı öz caynaqları arasına aldı. Ancaq aşağıdakı sətirlər Sartrın necə bir prinsip, məfkurə adamı olduğunu açıq göstərir: “Bu səbəbdən də həm Şərqin, həm də Qərbin yüksək mədəniyyət qurumlarından hər hansı mükafat almağın əleyhinəyəm, onların varlığını isə, əlbəttə ki, qəbul edirəm. Sosializmə aşkar rəğbətimə baxmayaraq, mən eyni şəkildə, deyək ki, qəflətən təklif olunacaq Lenin mükafatından da imtina edərdim”.

Nobel mükafatının sırf Qərb blokuna məxsus ədəbi mükafat olmadığını yaxşı anladığını qeyd edən yazıçı yazır: “Amma iş elə gətirib ki, bu, belə qəbul olunur və ona görə də bəzən hadisələrin gedişatı İsveç Akademiyasının nəzarətindən çıxır. Elə bunun nəticəsidir ki, hazırda Nobel mükafatı qərbli yazarlar və ya şərqli "üsyankar" qələm sahibləri üçün təsis olunmuş mükafat sayılır. Nədənsə Cənubi Amerikanın ən böyük şairlərindən sayılan Pablo Neruda bu mükafata layiq görülmədi. Nobel almağa tam haqqı çatsa da, Araqonun namizədliyi də heç vaxt ciddi müzakirə mövzusu olmayıb. Mükafatın Şoloxov dura-dura, Pasternaka təqdim olunması da ancaq təəssüf doğurur. Həm də nəyə görəsə xaricdə çap olunan və SSRİ-də yasaqlanan bu yeganə sovet kitabını Nobelə layiq görüblər”.

Maraqlıdır ki, Nobel komitəsi Sartrın bu iradlarını xoş məramla qarşılayıb və onun adlarını çəkdiyi ədibləri - Şoloxov və Nerudanı sonrakı illərdə (1971) bu mükafata layiq görüb. Görünür, komitə bu addımla kapitalist və sosialist düşərgələri arasında fərq qoymadığını bildirmək istəyib. Ancaq bu da faktdır ki, bu mükafat çox zaman haqq-ədalət carçılarına, bu yolda fərqlənənlərə verilib.

Jan Pol Sartr qeyd edir ki, əgər Əlcəzairdə savaş gedərkən onun və qələm dostlarının "121-cinin manifesti"ni imzaladıqlarına görə onlara Nobel mükafatı verilsəymiş, şəxsən o, bu mükafatı məmnuniyyətlə qəbul edərmiş: “Həm də bu zaman təkcə mənim xidmətim deyil, bizim ortaq apardığımız azadlıq mübarizəsi dəyərləndirilmiş olardı. Amma bu, baş vermədi və məni ancaq müharibə qurtarandan sonra bu mükafata layiq gördülər”.

Mükafatın onun şəxsi azadlığına təsirinə toxunan yazıçı yazır ki, şəxsən o, azadlığı son dərəcə konkret bir şey kimi anlayır: “Mənə görə bu, bir cütdən artıq çəkmə sahibi olmaq və sırf iştahı çəkən şeyləri yeməkdir. Mükafatı qəbul eləmək isə, mənə görə, ondan imtina etməkdən daha təhlükəlidir. Əgər onu almağa razı olsaydım, mənim deyimimlə, bu, "dəyən zərərin obyektiv təzminatı" sayılacaqdı”.

Məqaləsinin sonunda o, mükafatın maddiyyat tərəfinə toxunur: ”Laureatı böyük nüfuz sahibi etməklə yanaşı, İsveç Akademiyası ona iri məbləğdə pul da verir. Bu problem də məni rahatsız edir. Ya mükafatı qəbul edərək pul vəsaitini dəstək məqsədilə fəaliyyətinə dəyər verdiyim hərəkat və ya təşkilatlara verəcəkdim (şəxsən aparteidlə mübarizə üzrə London komitəsini düşünürdüm), ya da ümumi prinsiplərə sadiqliyimi göstərərək mükafatdan imtina etməklə, bu ictimai hərəkatı böyük ehtiyac duyduğu vəsaitdən məhrum edəcəkdim. Amma, məncə, bu, saxta alternativdir. Aydın məsələdir ki, mən özümü Şərq və ya Qərb bloklarından rəsmən asılı vəziyyətə salmamaqdan ötrü 250 min krondan imtina edirəm. Ancaq bununla yanaşı 250 min kron müqabilində həm özüm, həm də əqidə dostlarım üçün önəmli olan prinsiplərdən imtina etməyimi tələb etmək olmaz. Bütün bu səbəblər üzündən mükafatın mənə verilməsi də, ondan məcburi imtinam da mənə ancaq acı yaşantılar bəxş etdi”.

Həmin tarixi hadisə barədə qeydləri və Jan Pol Sartrın olduqca ibrətamiz, inandırıcı məqaləsini oxuyanda adamın gözü qarşısında bu böyük insan bütün əzəməti, bütün ziyalılığı, əsl yazıçılığı ilə dayanır. Hiss olunur ki, bu idealist insanın sərvətdə və şöhrətdə gözü olmayıb, o, yalnız ədəbiyyat üçün yaşayıb və bütün həyatını insan azadlığının təmin olunmasına sərf edib, daima haqq-ədalətin bərqərarına çalışıb.

Günümüzdə məhz Jan Pol Sartr kimi ziyalılar, yazıçılar çatışmır.

Xalid Asifoğlu
# 1905 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #