“Xurafatçı dindarlara görə əziyyət çəkmişik...”

“Xurafatçı dindarlara görə əziyyət çəkmişik...”
4 avqust 2012
# 08:00
“Molla Nəsrəddin” jurnalında yazılanların bu gün də aktual olması haqqında çox danışılır. Amma bunun əksini iddia edənlər, bu illər ərzində cəmiyyətin xeyli inkişaf etdiyini söyləyənlər də var. Şair Səlim Babullaoğlu və “525-ci qəzet”in redaktoru, filoloq-tərcüməçi Seyfəddin Hüseynli Kulis.az-ın təşkil etdiyi debatda bu mövzunu dartışacaqlar. Moderator Qan Turalıdır.

Əvvəlini oxumaqçün tıklayın


- 37-ci ildə repressiyaya məruz qalan bir neçə nəfərə- Hənəfi Zeynallıya, Vəli Xulufluya ittiham elan etmişdilər ki, “Molla Nəsrəddin” irsini düzgün təbliğ etmirsiniz. Halbuki dövlətin özü “Molla Nəsrəddin”in başına çox oyunlar gətirdi. Misal üçün jurnalın redaktoru güllələndi. Amma faktiki olaraq 1937-ci ilə qədər mollanəsrəddinçilərin çoxu vəfat etmişdi.

Səlim Babullaoğlu:
O vaxt çox qəribə situasiya varmış. İdeoloji və yaxud estetik yarlıqla insanları bir-birinə qarşı qoyur, təkləyir, sonra da bir-bir dənləyirdilər. Əslində bu düşünülmüş siyasət idi, təsadüfi deyil ki, “Molla Nəsrəddin” müharibə illərindən sonra, daha dəqiq desək, 50-ci illərin ortalarında yaddaşlara daha sürətlə qayıtmağa başladı. Bu da elə-belə deyildi. Çünki 30-cu 40-cı illər vintləri bərkitmək dövrü idi. Bu vaxt dövrün eybəcərliklərini göstərmək örnəyi ola biləcək jurnal, ədəbiyyat, irs sıxışdırılmalıydı, yaxud aktuallaşmamalıydı.

Seyfəddin Hüseynli: Gözləmək olardı ki, bizdə 80-ci illərdən dərhal sonra, müstəqilllik dalğasında “Molla Nəsrəddin” tamam fərqli statusla, hardasa daha yuxarı mövqe ilə, öz missiyası, mahiyyəti ilə yenidən gündəmə qayıdacaq. Ancaq bizdə daha çox romantik, eyforik söz hakim oldu, təlatümlər satirik baxışı arxa plana atdı. Vaxt keçdi, cəmiyyət oturuşduqca baxıb gördük ki, yox, Sabir demişkən: “Əvvəl nə idiksə, yenə biz şimdi hamanıq”.

- Nizami Cəfərov “Füyuzat” məktəbinə daha çox önəm verdiyini söyləyib. Mənə elə gəlir ki, bu, ədəbiyyat tarixi kimi yaşayacaq. Ancaq ciddi ədəbi estetik şey kimi yaşamadı, fəlsəfi cərəyan kimi də özünü tapmadı.

Səlim Babullaoğlu:
Mən siyasi və milli ideologiyaya boş şey kimi baxıram. Bu şeylərin arxasında gizlənib pislik edənlər daha çoxdur. Xüsusən ədəbiyyat üçün siyasi məsələləri lazımsız hesab edirəm. Ədəbiyyatın məhvərində insan dayanır. Bir məqam da var, tarix spiralvaridir, 90-cı illərdə Əli bəy Hüseynzadə fikir qütblərindən biri idi, çox populyardı. İndi belə deyil. Amma Əli bəy Hüseynzadə və onun irsinin Azərbaycanda bir daha aktullaşacağı istisna olunmur. Sizə dünya ədəbiyyatından bir örnək də verim. I və II Cahan müharibələri arasında Polşanın müstəqillik illərində vətənpərvərlik şeirləri, patriotik, plakat poeziya ikinci plana keçdi. Çünki müstəqilliyin özü vardı. Halbuki, 20-ci illərin ortalarına qədər çox idi belə şeirlər. Amma II Cahan savaşı illərində və sonra Polşa de-yure müstəqil olsa da, de-fakto Rusiyanın, Sovet İttifaqının bir subyekti idi, amma bu illərdə çox dərin, insani planda dərin, plakatdan arınmış həqiqi vətənpərvərlik şeirləri yarandı. Çünki mühairbə-kütləvi iztirab deməkdi, bu vətənin və vətənpərvərliyin həqiqi məzmununu anlamaq üçün münbit zəmin yaradırdı.

Seyfəddin Hüseynli: Yaradılan əsərlər özünün və onu ortaya qoyanın aqibətinə təsir edə, taleyini müəyyənləşdirə bilir. Bu baxımdan, Əli bəy Hüseynzadənin təfəkküründən, fikir sexindən keçib ortaya çıxan ideyalar o dövrdə də akademik planda, düşüncə halındaydı, indi də o cür qalmaqda davam edir. Çox qəribədir ki, son 25 ildə aparılan təbliğata baxmayaraq, o ideyalar akademik plandan aşağı enməyib. Bunun müsbət tərəfi odur ki, ideya öz yüksək səviyyəsində qalır. Amma problemli yönü budur ki, biz bu ideyaları praktik cəhətdən mənimsəyə, həyata keçirə bilməmişik. Çünki ideyanın özülü, real planı işlənməmişdi. Təsadüfi deyil ki, özülü hazırlanmış, reallğa uyğun şəkildə meydana qoyulmuş Məmməd Əmin Rəsulzadə ideyaları daha geniş yayılıb, xeyli dərəcədə də gerçəkləşib. Təkcə bizdə yox, bütün Şərqdə bu ideyalar daha cəlbedici, daha praktik sayılıb. Ədəbi plandan baxırıqsa, deməliyik ki, Əli bəy Hüseynzadə özünü birbaşa ədəbiyyat adamı kimi görmürdü. Onun bədii yaradıcılığı müəyyən epizodik özünifadə təzahürləriydi, bədii yazıları sistemli bir yaradıcılıq deyildi. Hətta rəsmlər də çəksə, Əli bəy daha çox ideoloq, mütəfəkkir idi. Dünyaya da “Molla Nəsrəddin”dən tamam fərqli rakursdan baxırdı. Bu rakursa romantika, yüksək milli-siyasi ruh hakimiydi. Ordan baxanda mühit, cəmiyyət xeyli işıqlı, gələcək çox parlaq görünürdü. “Molla Nəsrəddin”in gözündə isə ancaq real mənzərə vardı, o mənzərə də xeyli tutqun idi. Xəyallar, duyğular aləmindən həyatın özünə enəndə, məsələn, həmin romantik dalğanın fəal nümayəndəsi olan Məhəmməd Hadi də sarsılır, reallıq onun baxışını dəyişdirirdi. Ona görə də yazırdı ki: “Daça dersən, eşidir, sonra verir əks-səd, Daşa dönmüşlərə əks eyləmədi fəryadım”. Ya da: “Mən bir diriyəm, etdi məni dəfn təsadüf, Zində görünən bir sürü mövtalar içində”. Əvvəlki nikbin, işıqlı, bəlağətli şeirlər yazan Hadinin başı, belə deyək, əhlət daşına dəydi və gördü ki, ətrafdakı reallıq tamam fərqlidir. “Molla Nəsrəddin” isə ətrafı elə əvvəlcədən bu cür görürdü. Abbas Səhhət də mollanəsrəddin tərzində şeirlər yazıb. Belə misralar var onun “Studentlər” şeirində: “Studentik, mey işib məst olarıq, Hər gecə bir qıza pabəst olarıq...” Belə təxmin eləmək olar ki, bir az da davam etsəydi, romantik dalğadakı ədiblər, elə Hadinin özü də “Molla Nəsrəddin” düşüncəsinə xeyli yaxınlaşacaqdı. Çünki Mirzə Cəlil doğru deyirdi, zəmanə özü “Molla Nəsrəddin”lik zəmanəydi. Amma düşünürəm ki, qəti sərhədlənmə mümkün deyil, heç vacib də deyil, ədəbiyyatda da, həyatda da zahirən ciddi, yəni parlaq, nikbin baxışla satirik düşüncənin normal paralelliyi olmalıdır. Əslində bu paralellik Molla Nəsrəddin fenomeninin özündə də var. Səlim bəy bayaq Molla Nəsrəddinin bioqrafiyasına toxundu, doğrudan da, Molla Nəsrəddini yetirən torpaqlar dünyaya Cəlaləddin Rumini də verib.

Səlim Babullaoğlu: Mollanəsrəddinçilər artıq boğaza yığılmışdılar, necə ki, bəzi hallarda biz boğaza yığılırıq. “Qurani-Kərim” deyir ki, etiraz etmək, kobud sözlər demək zülmə uğrayanın haqqıdır.

- Sizcə mollanəsrəddinçilər 37-ci ilə qədər qalsaydılar, başlarına nə gələcəkdi?

Səlim Babullaoğlu:
Haqverdiyevə heç nə etmədilər. Cılğın adamlar vardı, bir söz deyəcəkdilər, NKVD də gecə evlərindən aparacaqdı. Amma “mollanəsrəddinçidirlər deyə repressiya olunacaqdılar” fikrini səsləndirə bilmərəm. Kimlərsə öləcək, kimlərsə qalacaqdı, ancaq mollanəsrəddinçilərin qalma ehtimalı daha böyük olacaqdı, nəinki füyuzatçıların... Hərçənd olmuş hadislər haqqında ehtimalla danışmaq doğru deyil.

Seyfəddin Hüseynli:
İndi biz deyə bilmərik ki, 37-yə qalsaydılar, mollanəsrəddinçilərə nə olacaqdı. Hərə bir ayrı statusdaydı axı. Məsələn, əvvəl Sabir, sonra Qəmküsar, 30-cu illərin əvvəllərində Mirzə Cəlil, Haqverdiyev, Cabbarlı dünyasını dəyişdi. Əli Nəzmi 40-cı illərdə vəfat elədi, Məmməd Səid Ordubadi ondan da sonra. Açığı, o dövrdə elə bir radikallıq eləməyən, “Molla Nəsrəddin”in abreviaturasını - “MN”i daha çox “Mənə nə” kimi anlayan biganə, təhlükəsiz adamlar da vardı ki, onlar da nəyəsə görə, kimlərinsə sözüylə repressiya olundular. Bu mənada, mollanəsrəddinçilərlə bağlı dəqiq fikir demək çətindir.

- “Molla Nəsrəddin” əsasən iki-üç məsələni ortaya qoyurdu: həm dini, həm də təhsil mənasında cəhalət, savadsızlıq və s. İstərdim bu məqama diqqət yetirək, o dövrdə əhalinin 1 faizi savadlıdır, ancaq indi 99 faiz savadlıdır. Burada savad deyəndə yazıb-oxumaqdan söhbət gedir, böyük mətnlərdən yox. Bu istiqamətdə “Molla Nəsrəddin” öz aktuallığını itirməyib ki?

Səlim Babullaoğlu:
Yazıb-oxumaqla insanlar problemlərini həll edə bilsəydilər, dünyada problem qalmazdı ki... Ancaq hazırda dünyada hərf tanımayanların sayı da az deyil.

Seyfəddin Hüseynli: Faktiki yanaşanda, indi biz, müasirlərimiz daha savadlı, oxumuş sayılırıq. Ancaq gəlin bir məsələyə baxaq: “Molla Nəsrəddin”in bütün Şərqdə, Qafqazda yayılma arealını da götürək, bizim bu gün ən çox oxunan, böyük tirajla çıxan mətbu orqanlarımızın yayılma ərazisini, oxunma səviyyəsini də. “Molla Nəsrəddin” Hindistandan belə, özünü oxucu tapmışdı. Ən çox oxucuları, səhv eləmirəmsə, İranda idi. Rusiyada çox oxunurdu. Amma indiki cəmiyyətin mətbuata münasibətində təkcə internetə görə vəziyyət ondakından üstün ola bilər. Deməli, mənəvi baxımdan yetkinlik, həqiqi savadlılıq, tərəqqiyə can atmaq meyli indikindən qat-qat artıq olub o dövrdə. İndi zahirən hər şey var, səviyyə guya yüksəlib, ancaq mahiyyətdə belə deyil, yəni tutuşduranda mahiyyət o dövrün xeyrinədir. Mollanəsrəddinçiləri də formal təhsildən çox, cəmiyyətin mənəvi inkişafı düşündürürdü.

Səlim Babullaoğlu: İndi internet, televiziya, qəzetlər var. Bizim üçün qəzet-jurnal nəşri indi çox adi görünə bilər bu bolluqda, çoxluqda. O vaxt nə vardı? “Molla Nəsrəddin”in səhv eləmirəmsə 700-ə yaxın sayı çıxıb, müəyyən fasilələrlə 25 il ışıq üzü görüb. Bu o deməkdir ki, jurnalın ayda təxminən 2 nömrəsi ışıq üzü görüb. Hətta indi ayda 2 dəfə jurnal buraxmaq çox böyük hadisədir. Odur ki, biz “Molla Nəsrəddin”in o vaxt üçün nə qədər böyük mətbu və maarifçi hadisə olduğunu qavraya bilmərik indiki informasiya bolluğunda. Təsəvvür edin ki, mənim buraxdığım jurnalın vəziyyəti “Molla Nəsrəddin”likdir indi.

Ümumiyyətlə, mən bu qənaətdəyəm ki, bu dünyada savadlı adamların ziyanı savadsız adamların ziyanından daha çoxdur. Burada məsələ mənəviyyat məsələsidir, əlifbanı bilmək məsələsi deyil. Məni düz başa düşün: savadlı olmaq yaxşı şeydir, amma o qədər oxumuş nadanlar var ki... Ümumiyyətlə bizim başımıza gələn problemlərin çoxunu oxumuş adamlar yaradıblar. Qəlbi düzgün olmayan oxumuş adamlara və saqqalı, xurafatçı dindarlara görə əziyyət çəkmişik. İndi ola bilər ki, anlamırıq, ancaq son illərdə biz çox aşınmışıq. Bizdə palitra var, rəng çoxdur, ancaq heç nəyin həqiqi rəngi yoxdur. Mirzə Cəlilin, Sabir yubileylərində onların personajlarını dəfələrlə görmüşük. Hər gün görürük. Onlar Mirzə Cəlilin, Sabirin yazdıqlarına nəzər yetirəndə özlərini pis hiss edirlər, ancaq yubiley tədbirlərinə gəlmək məcburiyyətindədirlər. Can dərdi gəlirlər, eynəyin arxasında da gizlənə bilmirlər. Biz buyuq təəssüf ki.

Seyfəddin Hüseynli: “Molla Nəsrəddin”in bugünki sosial həyatımızda rol oynamaq baxımından çox maraqlı funksiyası var. Məlumdur ki, insan təbiətən reallıqdan qaçmağa, özünün uydurduğu aləmdə yaşamağa meyllidir. Adamlar var ki, reallıq hissini çox tez itirir, məsələn, girir bir otağa, orada normal, rahat şəraiti varsa, vəssalam, öz aləminə köklənib real həyatı unudur. Bunu da ardınca müxtəlif problemlər gəlir. “Molla Nəsrəddin”in əsas funksiyalarından biri bu vəziyyətə düşənləri sancıb, çimdikləyib reallıq hissini özünə qaytarmaqdır, onu aktual saxlayan ən vacib cəhət də elə budur.

Son
# 1667 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #