“Möhtəşəm yüzil” in qəddar ukraynalı gözəli

“Möhtəşəm yüzil” in qəddar ukraynalı gözəli
30 iyul 2012
# 16:29
Çoxlarınıza “Möhtəşəm yüz il” serialından Xürrəm Sultan kimi tanış olan Anastasiya Lisovskayanın həyat tarixçəsini təqdim edirik

Ukraynalı qızlar həmişə öz gözəlliyi, ağlı və təsərrüfat işlərini aparmaq bacarığıyla fərqləniblər. Lakin onlardan heç biri əfsanəvi Roksalananın ucaldığı pilləyə dırmaşa bilməyib. Bu, mifik qəhrəman deyil, Şərq kişilərini məharətlə əlinə ala bilən real qadındır. O, Sultan Suleymanın sadəcə növbəti kənizi deyil, hökmdarın ən sevimli arvadı və rəfiqəsidir. Roksalana ölümündən sonra belə yaddaşlardan silinmir.

Hərəmxanaya gedən yol

Anastasiya Qavrilovna Lisovskaya (1506-1562) Qərbi Ukraynada yerləşən Roqatin şəhərciyində keşiş ailəsində dünyaya göz açır. XVI əsrdə bu ərazi tez-tez krım tatarlarının hücumuna məruz qalırdı. Elə bu hücumlardan biri zamanı, yəni 1522-ci ilin yayında keşişin cavan qızı əsir götürülür.

Anastasiya ilk əvvəl Krıma gətirilir – bu, bütün kənizlərin keçdiyi yoldur. Tatarlar qiymətli “canlı mal”ı düzənlik boyu piyada getmək kimi əziyyətli işdən qoruyur, sayıq keşikçi nəzarəti altında atla aparırdılar. Bu zaman qızların zərif əllərini əzməmək üçün onları heç bağlamırdılar da. Anastasiyanın gözəlliyinə heyran qalan tatarlar onu yaxşı qiymətə sata bilmək üçün İstanbula göndərməyi qərara alırlar.

Əsrarəngiz əsir sultanların paytaxtına gəmi ilə gətirilir. Bazara çıxarılan Anastasiyanı Əlahəzrət tale özü sultan Süleymanın vəziri Rüstəm paşanın qarşısına çıxarır. Qızın gözəlliyi türkü heyran edir və o, kənizi sultana hədiyyə etmək məqsədilə almağa qərar verir. Lakin bu cür hədiyyələr birbaşa edilmirdi. Ukraynalı gözəli müayinə edən təbiblər onun bakirə və tamamilə sağlam olması qənaətinə gəlir və yalnız bundan sonra Anastasiya hədiyyə edilir. Əks-halda o, ömründə sultanın hərəmxanası yerləşən məşhur Topqapıdan içəri girə bilməzdi.

Müsəlman qanunlarına görə, şah yalnız dörd qanuni arvada sahib ola bilərdi. Onlardan birincisinin uşaqları isə varis qismində tanınırdı. Daha doğrusu, ilk oğlan uşağın gələcəkdə taxt-taca sahiblənmək şansı vardı, qalanlarını isə, adətən, acı tale gözləyirdi. Şah qanuni arvadlardan savayı ürəyi və bədəni istəyən qədər kəniz saxlaya bilərdi. Onlar öz gözəllikləri ilə seçilirdilər. Adətən, bu kənizlərə xədim xacələr nəzarət edirdilər. Amma gözəllik hərəmlərin yeganə üstünlüyü deyildi: onlar mütləq musiqi, poeziya, rəqs və ən əsası sevgi dərsləri keçməliydilər.

Beləcə, Rüstəm paşa slavyan gözəlini almaq qərarına gəlir. Lakin yiyəsi Anastasiyanı satmaq əvəzinə qızı hədiyyə edir və bu jesti ilə daha böyük xeyir götürəcəyinə ümid bəsləyir. Rüstəm paşa öz növbəsində qızın hərtərəfli hazırlanması göstərişlərini verir və bu hədiyyəsilə sultanın iltifatını qazanacağını gözləyir. Şah çox cavanıydı, taxt-taca hələ təzə gəlmişdi və qadın gözəlliyinə üstünlük verirdi, özü də bu zaman seyrçi rolunu oynamaqla kifayətlənmirdi.

Yaxşı təhsil almış paşa bilikliydi və elə buna görə də qızı Roksalana adlandırmağı qərara alır. Qədimlərdə Dnepr və Don çayı arasındakı düzlərdə köçəri həyat tərzi keçirən sarmat qəbilələri bu cür çağrılırmış.

Padşahın arvadı

Çoxsaylı versiyaların əksinə olaraq, Roksalana sultanın diqqətini ilk baxışdan cəlb eləmir, lakin az sonra onun ehtirasıyla bərabər ürəyinə də sahiblənir. Əlinin altında şəhvət bacarığına malik yüzlərlə hərəmi olan Süleyman kənizin üzərinə o dəqiqə atıla bilməzdi. Lakin yenə də günlərin birində bu baş verir və Roksalana-Anastasiya nə vaxtsa şahın qanuni arvadı olacağına qəlbinin dərinliklərində and içir. O, tədricən türk dilini öyrənir və vaxtilə Rüstəm paşaya satılmaq əvəzinə hədiyyə edilməsinin onun yaxşılığına olduğunu bilir. O da öz növbəsində qızı hərəmxanaya satmamış, sultan Süleymana hədiyyə vermişdi. Deməli, Roksalana padşahın arvadı roluna ümid bəsləyə bilərdi.

Amma qarşısında daha bir maneə vardı: o, xristiandı. Lakin keşiş qızı üçün bu, çox asan məsələydi! Hərçənd o dövrlərdə dinini dəyişmək ölümsüz ruhunu məhv etməyə bərabərdi, gözəl kəniz gözünü belə qırpmadan islamı qəbul edir. O, hər işində tələsirdi, axı hər an hamilə qala bilərdi və övladlarının sultanın qanuni uşaqları olmasını arzulayırdı.

Roksalana çoxsaylı fitnə-fəsad, Süleymanı məftun etməsi, xacələrə vaxtaşırı rüşvət verməsi sayəsində məqsədinə çatır və padşahın arvadı olur. Qadın ilkini babasının (I sultan Səlim – 1467-1520) şərəfinə Səlim adlandırır. Roksalana qızılı saçlı oğluna babasının taleyini arzulayır, lakin bəzən istəklərdən reallığa gedən yol dərin bir uçurumdan keçir!

Hər vəchlə yerini möhkəmlətməyə çalışan Roksalana Sultan Süleymana daha iki oğlan və bir qız doğur. Lakin varis əvvəlkitək padşahın birinci arvadı, çərkəs gözəli Gülbahardan olan oğlu Mustafa sayılır. Beləcə, bu qadın və onun övladları şöhrətpərəst və hiyləgər Roksalananın əzəli düşməninə çevrilir.

Anastasiya-Roksalana öz fitnə-fəsadlarında müntəzəm və zirək tərpənir, lakin həlledici məqamı da əldən veməmək üçün tələsir. Zahirən o, həmişə hökmdarın qayğısına qalaraq, sevgisini əsirgəmir. Amma ukraynalı kəniz nə qədər gözəl, fərasətli, ağıllı və hiyləgər olsa da, şah qanunlara qarşı gedə bilməzdi. Bir də ki hərəmxanasında yüzlərlə gözələ sahib olan sultan Süleymanın bunu istəməsi də böyük sual altındadır. Lisovskaya gözəl başa düşürdü: oğlu varis olmayınca onun öz vəziyyəti daima təhlükə altındadır. Sultan Süleyman hər an yeni gözəllə əylənib onu öz qanuni arvadı elan edə, köhnə arvadlarından birinisə edam etdirə bilərdi. Elə bu səbəbdən Roksalana uzun müddət hazırlıq işləri görür və yalnız on beş ildən sonra hərəkətə keçir!

Ölüm ledisi

Bu arada hərəmxananın divarları xaricində ciddi olaylar baş verir. Feodalların maraqları xeyrinə qanunlar verən sultan Süleyman Qanuni adını alır, çoxsaylı qələbələr çalmaqla Osmanlı imperiyasının ərazisini genişləndirir. Avropada onu Çingizxanla müqayisə edirlər.

Lisovskaya da hakimiyyəti ələ keçirmək uğrunda planını həyata keçirməyə başlayır. Roksalananın qızının on iki yaşı tamam olur və o, övladını... əlli yaşlı Rüstəm paşaya ərə verməyi qərara alır. Axı o, saraya ən yaxın adam olmaqla bərabər varis Mustafanın müəllimi və “xaç atası”ydı. Roksalananın qızı həm üzdən, həm də əndamından anasına çox oxşayırdı və Rüstəm paşa böyük məmnuniyyətlə onunla evlənir. Gözəl qız əvəzində ağılda və fərasətdə anasından tam fərqlənir və bütünlüklə hiyləgər qadının əlində alətə çevrilir.

Roksalana qızının sayəsində Rüstəm paşanın evində baş verən hər şeydən xəbərdar olur və nəhayət, ölümcül zərbə endirməyi qərara alır.
Roksalana ərilə növbəti görüşü zamanı əyanlarının ona “dəhşətli sui-qəsd” hazırladığını xəbər verir. Sən demə, Rüstəm paşa, Mustafa və qardaşları onu həyatında məhrum etmək istəyir! Hiyləgər qadın zərbəni hansı istiqamətdən endirmək lazım olduğunu yaxşı bilirdi. Saray devrilişləri o zaman Şərqdə adi hadisəydi. Bir də ki, bu xəbərin başında bir başqası deyil, doğma qızları dururdu. Beləcə, hakimiyyətdən ikiəlli yapışan sultanın ürəyinə şübhə toxumları səpilir!

Rüstəm paşa anındaca göz altına alınır, işgəncələrə məruz qalaraq istintaq edilir və sonunda başı vurulur. Roksalananın cavan qızı cinayətkarın dul qadınına çevrilir, lakin bu, heç qadının vecinə də olmur. O, oğlu Səlimin taxt-tac sahibi olması üçün Mustafanı və qardaşlarının tezliklə aradan götürülməsi eşqilə alışıb-yanır. Süleyman tədricən bu fitnə-fəsada da uyur və öz oğlanlarının edam edilməsi haqda əmr verir! Peyğəmbər padşahların və övladlarının qanının tökülməsini qadağan etdiyindən Mustafa və qardaşları yaşıl ipək iplə boğulur. Gülbahar başına gələnlərdən ağlını itirir və tezliklə ölür.

Lakin Şərqin “ledi Makbet”i bununla kifayətlənmir. Süleyman tezliklə bu hiyləgər qadının əlində alətə çevrilir. Misilsiz gözəlliyə malik bu qadının içindəki qəddarlıq sərhəd tanımır. Hətta İstanbulun dilənçiləri belə Rüstəm paşanın günahkar olmasına inanmır. Oğlunun zülmkarlığı və ədalətsizliyi anası Xəmsə validəni də dəhşətə gətirir. O, oğluyala üzbəsurət görüşərkən bütün olanlar və Roksalana haqda fikirlərini onunla bölüşür və... bir aydan sonra dünyasını dəyişir. Saray həyatı zəhərdən xali olmur və Lisovskayanın onlardan başı pis çıxmır. Qadın yoluna çıxan hər bir maneəni aradan götürməyə hazırdı, bu zaman o, nəinki qayınanasından, hətta doğma anasından belə keçərdi!

Nəhayət, arzuladıqlarının hamısı həyata keçir – Roksalana birinci arvad, Səlimsə varis elan olunur. Lakin qəddar qadın bununla da sakitləşmir, hakimiyyətin oğlunun əlindən heç vaxt çıxmayacağına əmin olmaq üçün onun qardaşlarının, yəni öz doğma oğullarının qətlə yetirilməsi əmrini verir!

Adətən, taxt-taca arzuolunmaz namizədləri Bosforda batırırdılar, onların qanını saraya tökmürdülər. Yeni hakimiyyət zəmanəti axtaran Roksalana bir az da irəliləyir, sultan Süleymanın mümkün olan bütün oğlan övladlarının üzə çıxarılıb qətlə yütirilməsi əmrini verir. Tezliklə padşahın qırxa yaxın oğlan övladı olduğu aşkar edilir və onlar bir-bir aşkar-gizli aradan götürülür. Görəsən, tarixə ukraynalı yazıçıların və kinematoqrafların ideallaşdırdığı Anastasiya-Roksalana Lisovskaya qədər qəddar və qaniçən qadın məlumdurmu? Hətta məşhur Çin imperatiçəsi Si-Si Lisovskayanın əlinə su tökməyə yaramır.

Roksalana düz qırx il sultan Süleymanın arvadı olur. O, müsəlman Şərq incəsənətinin hamisi və ən savadlı qadını obrazını yaratmağa müvəffəq olur. Riyakar və qəddar Roksalana öz əcəlilə ölür. Taxta keçən oğlu II Səlim adlandırılır. Yeni sultan atasından sonra yalnız səkkiz il hökmranlıq edir. Quran spirtli içkiyə qadağa qoysa da, II Səlim qatı əyyaş olur və ürəyi bir gün əndazəsiz içkiyə dözməyib partlayır.

Bəzilərinin comərd qadın kimi qələmə vermək istədikləri Roksalananın
həqiqi həyat tarixçəsi bu cürdür...

Hazırladı: Kifayət Haqverdiyeva
# 4355 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #