Kafedə 6 manata ofisiant işləyən Azərbaycan çempionu

Kafedə 6 manata ofisiant işləyən Azərbaycan çempionu
26 iyul 2012
# 11:34
«Babam tanınmış güləşçi olub. Bəlkə adını da eşidərsiniz, Şahismayıl Əliyev. Nəinki rayonda, Azərbaycanda belə öz çəkisində kürəyini yerə vuran olmayıb. Dəfələrlə SSRİ çempionu olub. Mən də istəyirdim onun yolunu gedim. Amma görürsüz də…»


***

Amma əslində onun, yəni babasının yolu ilə gedib. Çox gec, 14 yaşında idmana gəlsə də. Amma bir il keçməmiş özünü təsdiqləyə bilib. Azərbaycan çempionu olub. Türkiyənin Kayseri şəhərində keçirilən Avropa çempionatına hazırlaşdığı bir vaxtda…

Yox, nə zədə, nə filan. Üç yüz manat pul tapa bilməyib.

Hə, bax belə.

***

…Biz onunla Xaçmazdakı kafelərin birində tanış olduq. Bir əlində çirkli dəsmal, bir əlində də sini ora-bura qaçan bu uşağı bizə göstərən dostlar dedilər ki, bax, səhərdən stolların üstünü təmizləyən, yemək paylayan bu cavan oğlan Azərbaycan çempionudur. Sərbəst güləş üzrə Azərbaycan çempionu.

***

…Danışmaq istəmir. Küsülü imiş kimi sözü az qala kəlbətinlə çıxardırıq ağzından. Onu başa düşmək olar. Dostumuza bildirdiyi iraddan da hər şey aydındır: «Nəyə lazım idi, deyirdin mən kiməm. İşimi işləyirəm. Hər şey qurtarıb gedib».

21 yaşlı bu uşaq, hələ uzun ömrün astanasında olan bu gənc indidən onun üçün hər şeyin bitdiyini düşünür…

***
Bayaqdan haqqında danışdığımız bu uşağın adı Rüfətdi. 1991-ci ildə Xaçmazda anadan olub. Babası tanınmış güləşçi, SSRİ çempionu Şahismayıl Əliyevin övladlarından heç kim onun yoluyla getməyib. Elə Rüfətin də əvvəl-əvvəl güləşə marağı olmayıb. Amma bir gün babasının giley-güzarını eşidəndə fikirləşib ki, gec də olsa, gedib güləşə yazılacaq.

- Mənim onda 14 yaşım vardı. Bu yaşda nadir hallarda güləşlə məşğul olmağa başlayırlar. Babamın xətrinə Xaçmazdakı «Gənclər klub»na yazıldım. Əslində elə belə, məktəbdən sonra özüm üçün məşğul olmaq istəyirdim. İlk müəllimim də Həbib Müslümov olub. Beləcə 14 yaşımda ilk fəndləri öyrənməyə başladım. Yavaş-yavaş texnikamı artırdım. Həbib müəllim usta adam idi. Mənim hərəkətlərim nə isə xoşuna gəlmişdi. Bir gün dedi ki, səndən yaxşı güləşçi çıxacaq. Güləşi atma. İşinə məsuliyyətlə yanaş. Bir qədər bu sözlər mənə həvəs verdi. İlk dəfə rayon çempionatına qatıldım. İkinci yeri tutdum. Məndə qəribə qisas hissi yarandı ki, məğlub olduğum güləşçi ilə yenə üz-üzə gəlib ondan əvəz çıxım. Başladım məşqlərin sayını artırmağa. İdman zalından demək olar ki, çıxmırdım. Növbəti çempionatda yenə finalda həmin güləşçi ilə qarşılaşdım. Bu dəfə ondan fərqli xal hesabı ilə yox, təmiz qalib gəldim. Məhz bu qələbədən sonra özümə söz verdim ki, babamın yolunu davam etdirib güləşlə məşğul olacağam.

***

Rüfət belə də edir. Artıq müəllimi Həbib də ona güvənməyə başlayır. Bir gün Rüfətə məlum olur ki, o, Azərbaycan çempionatına yollanacaq. Həbib müəllim də onun üzərində xüsusi işləyir. Rüfət elə ilk görüşdəcə təmiz qələbə qazanır. 42 kiloqram çəki dərəcəsində rəqiblərini bir-bir sıradan çıxaran qəhrəmanımız finalda da təmiz qələbə çalaraq 16 yaşında Azərbaycan çempionu olur.

***

Bütün Xaçmaz həmyerlilərinin bu qələbəsinə sevinir. Hamı Şahismayıl kişini təbrikə axışır. Nəvəsinin daha böyük uğurlar qazanacağına inanan Şahismayıl kişinin də uçmağa qanadı olmur.

Bir gün Həbib müəllim Rüfətə deyir ki, Bakıdan zəng ediblər, Avropa çempionatına gedirsən.

- Çempionat Türkiyədə, Kayseri şəhərində keçirilirdi. Elə həvəsli idim ki! Dost-tanış, qohum-əqrəba - hamı sevinirdi. Çempionata iki gün qalmış, artıq Bakıya getməyə hazırlaşırdım, xəbər gəldi ki, 300 manat pul verməliyəm. Mən Həbib müəllimə dedim ki, biz kasıb adamlarıq. O qədər pulumuz yoxdu axı... Həbib müəllim də bildirdi ki, Bakıdan belə deyiblər. Mən son ana qədər fikirləşdim ki, yəqin Bakıda mənə kömək edərlər. Amma…

Amma Bakıya gedən Rüfət ordan Kayseriyə yox, Xaçmaza qayıdır. Çox pərt olur.

- 300 manatı niyə istəyirdilər ki?

- Bilmirəm. Dedilər ki, bu qədər pul verməlisən.

- Qohum-əqrəbadan tapmaq olmazdı?

- Niyə olmurdu ki? Olardı. Babam razı olmadı. Mən isə dost-tanışa yalandan dedim ki, Bakıda məşqdə zədələndim…

Rüfət qərara gəlir ki, əsgərliyə getsin, sonra geri qayıdanda başqa işlə məşğul olsun. Bir sözlə «əlvida güləş».

Qəhrəmanımız Sərhəd Qoşunlarında xidmət edir. Özü də elə xidmət edir ki, komandanlıq həqiqi hərbi xidmətdən sonra onun çavuş kimi qalıb işləməsini istəyir.

- Mən Sərhəd Qoşunlarının keçirdiyi bütün yarışlarda ancaq birinci yeri tuturdum. Təkcə güləşdə yox. Qaçışda, ağırlıqqaldırmada da. Ordudan evimizə məktub yazdılar ki, uşağınızın qalıb xidmət etməsini istəyirik. Nəsə, valideynlərim razı olmadı. Əsgərlikdən qayıtdım, indi də belə. Görürsünüz də, səhərdən axşamacan burda girələnirəm. Günü 6 manata.

Rüfət bunu deyib qarşıdakı stoldakı sifarişi qəbul etməyə gedir. Bir qədər də var-gəl etdikdən sonra yenə yanımıza qayıdır. Elə ağzımızı açıb sualımızı verməmiş ürəyimizi oxuyubmuş kimi özü dillənir:

- Müəllim, bu işdən bezmişəm. Gündəlik çörək pulu üçün işləyirəm. Güləşmək istəyirəm. Bunu kimə demək olar?

Maraqlı sualdır: Görəsən bu suala kim cavab verə bilər?

Səbuhi Məmmədli, Xaçmaz
# 2046 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #