“XİN-dən zəng gözləyirik”

“XİN-dən zəng gözləyirik”
18 iyul 2012
# 10:54
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda həbs olunan şairlərimiz Şəhriyar Hacızadə və Fərid Hüseyn barədə yeni məlumat açıqlayıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə bildirib ki, Azərbaycanın Təbrizdəki Baş konsulluğunun və Tehrandakı səfirliyinin göstərdiyi səylər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub.

E.Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki baş konsulu məsələ ilə əlaqədar Şərqi Azərbaycan vilayətinin qubernatoru ilə razılığa gəlib.

Azərbaycan vətəndaşları olan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar. Onlar casusluqda ittiham edilirlər. Şairlər İrana poeziya festivalında iştirak etmək üçün getmişdilər.

Kulis.az saytına verdiyi açıqlamada İranda həbs olunmuş gənc şairlərdən birinin, Şəhriyar Hacızadənin atası Hacı Mail deyib ki,
dövlət hansı qərarı versə, ona uyğun addım atacağıq: “ Şəhriyar üçün burnumun ucu göynəyir, amma mənim üçün dövlətin qərarı çox önəmlidir. Hazırda Elman Abdullayevin zəngini gözləyirəm”.

Hacı Mail bildirib ki, dünən Şəhriyar ona zəng edib, görüşün mümkünlüyü barədə məlumat verib: “Şəhriyar zəng edəndə kövrəldim, mənə bir xeyli təskinlik verdi, dedi, narahat olma, şəraitimiz yaxşıdır. Sonra dedi ki, xarici müfaviq sənədləri Təbriz Məhkəməsinə təqdim etsəniz görüşə bilərik. Müstəntiq belə deyib. Mən də Şəhriyara dedim ki, qoy rəsmi qurumların nümayəndələri ilə məsləhətləşim, razılıq olsa görüşərik. Şəhriyarla danışıb qurtarandan sonra Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevə zəng vurdum, görüşün mümkünlüyü haqqında məlumat verdim. O dedi ki, məsləhətləşmələrdən sonra mənimlə əlaqə saxlayacaq. Hazırda onun zəngini gözləyirəm”.

İranda həbs olunan şair Fərid Hüseynin anası Tahirə Hüseynova isə Modern.az-a açıqlamasında deyib ki, İran tərəfindən valideynlərin görüşünə icazə verilməsinin onlar üçün heç bir ciddi əhəmiyyəti yoxdur: “Dünən Fəridlə danışmışam. Məni belə görüş qane eləmir. Mənim oğlumu buraxmayacaqlarsa, nə əhəmiyyəti var bu görüşün. İstəyirəm ki, dövlət səviyyəsində görüşsünlər. Mən uşağımı on dəqiqəlik görmək istəmirəm. Oğlumu mənə qaytarsınlar, bunu istəyirəm. İki aydan çox övladı yoxa çıxan ana, gözləri yol gözləyən ana necə olar axı? Gözüm Fəridi axtarır hər yerdə. Mən belə görüş istəmirəm. Oğlumu bir dəfəlik istəyirəm, on dəqiqəlik yox.

Dövlət səviyyəsində görüşlərin aparılmasını istəyirəm. Valideynin ora getməsinin onlara heç bir köməyi dəyməyəcək. Övladlarımızı görəndən sonra bizim əzablarımız, istirablarımız daha da artacaq. Bu görüşün heç bir mənası olmayacaq. Mən övladımdan ötrü ölümə də getməyə hazıram. İrana gedib Fəridi on dəqiqəlik görməyə mən necə razı ola bilərəm ki? Bu məni qane etmir”, - deyə şairin anası vurğulayıb.

T. Hüseynova bildirib ki, dünən Fəridlə telefon vasitəsilə danışanda oğlu vəziyyətinin normal olduğunu deyib:

“Telefonda Fərid məni görmək istədiyini dedi. O ancaq məni görmək istəyir. Hələlik bilmirəm Fəridi görməyə gedəcəm, yoxsa yox. Xarici pasportum da yoxdur. Ürəyim artıq partlayır. Oğlum məni görmək istəyir, yolumuzu gözləyir. Çünki məndən çox narahatdır. Telefonda mənə yaxşı olduğunu deyir, amma iki ay həbsdə olan adam necə yaxşı olar? Deyir ki, onlara yaxşı baxırlar. Hər halda iki ay yarım narahatdırlar, amma bildirmirlər. Hər dəfə televizorda Fəridi görəndə bir saat oturub ağlayıram. Mənim indiki günümü Fərid görsə daha da pis olacaq”.

T. Hüseynova mətbuat nümayəndələrindən başqa, heç kimin onlarla maraqlanmamasından gileylənib. “Heç kim bizi yada salmır, maraqlanmır. Bircə mətbuat işçiləri hər gün zəng vuraraq, məlumat almaq istədiklərini bildirirlər. Oğlumla bağlı heç bir rəsmi qurumdan bizimlə əlaqə saxlayan olmayıb”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, İranda həbs olunan şairlərlə görüşmək üçün yaxınlarına icazə verilməsi ilə bağlı razılıq əldə edilib.

Ağa Cəfərli
# 1274 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #