Romalıların qanlı əyləncəsi - Qladiatorlar ARAŞDIRMA

Romalıların qanlı əyləncəsi - Qladiatorlar ARAŞDIRMA
21 sentyabr 2011
# 05:00
Qədim Romada xalqın və imperatorların əylənməsi üçün təşkil olunan oyunlarda bir-birləri və yaxud da aslan, pələng kimi yırtıcı heyvanlarla döyüşdürülən kəslərə latın dilindən tərcümədə “qılınc” mənasını verən “Qladiator” deyilirdi. Onlar fiziki baxımdan güclü əsirlər, kölələr və məhkumlar arasından seçilirdi.

Bəziləri könüllü olaraq döyüşmək istəsələr də, əksəriyyəti məcburi şəkildə “ölüm döyüşü”nə atılırdılar. Qladiatorlar imperatorun lojasının önündən keçən zaman “Salam Sezar, ölümə gedənlər səni salamlayır” deməli idilər. Döyüş əsnasında qalibin məğlubu öldürməsi imperatorun və ya xalqın işarətindən sonra baş verirdi və tələb dərhal yerinə yetirilirdi.

Böyük amfiteatr meydanında minlərcə tamaşaçının qarşısında reallaşan döyüşlərdə bəzən yüzlərlə döyüş baş verirdi. İmperator Litus dönəmində heyvanlarla olan döyüşlərin birində xristian keşişin qalib gələn qladiatorun heyvanı Allah adına bağışlamasını istəməsindən sonra tamaşaçılar keşişin özünü öldürülmüşdülər. Bundan sonra döyüşlər İmperator tərəfindən qadağan edilmişdi. Romanın tarixə qanla yazılan bu əyləncəsi e.ə. 264-cü ildən 404-cü ilə qədər davam edib.

Qullar qladiatorluq üçün seçildikdən sonra “Ludi” adlandırılan məktəblərdə çox ciddi təlim keçilərək yetişdirilirdilər. Bu məktəblərdən adı bu günə qədər tarixdə qalanı “Kapua”dır. Bu məktəbdə yetişdirilən qladiatorların döyüşçülərinə xüsusi diqqət var idi.

Tarixi mənbələrə görə ilk qladiator şousu e.ə. 264-cü ildə baş tutub. İlkin illərdə arenaya 3-4 cüt döyüşçü çıxarılır və onlar eyni anda döyüşməyə başlayırdılar. Zaman keçdikcə arenaya çıxarılan döyüşçülərin sayı da artdı. Tarixçilərin yazdıqlarına inansaq, “Trainus, Dekabalus” qələbəsindən sonra arenaya 5000 cüt qladiator çıxarılıb. Bu tarixin ən qanlı əyləncəsi olub, bütün arena qan gölünə dönüb...

Qladiator döyüşlərində tərəflərdən biri məğlub olub yerə yıxılan zaman qalib qladiator ayağını onun üzərinə qoyar və bir qolunu zəfər işarəsi olaraq yana aşıb tamaşaçıların qərarını gözləyərdi. Tamaşaçılar baş barmaqlarını yuxarı qaldırsaydılar məğlub qladiatorun həyatı bağışlanardı, yox, əgər baş barmaq aşağını işarə edirdisə o zaman qalib qladiator əlindəki silahı tərəddüd etmədən məğlub döyüşkünün sinəsinə saplamalı idi.

Döyüşdən qalib ayrılmaq həm azad olmaq, həm də çoxlu hədiyyələr əldə etmək demək idi...

Tədricən döyüşçülər aralarında danışaraq döyüşmək əvəzinə onun imitasiyasını yaratmağa başladılar. Bu isə qan görməkdən ləzzət alan romalıların qladiator döyüşlərinə olan marağını azaltdı.

Tarixin ən məşhur qladiatoru sözsüz ki, Spartakdır.


Tarixi

Qladiator döyüşlərinin mənşəyi mübahisəlidir. Əsas düşüncəyə görə, e.ə. III əsrdə Pun müharibələri dövründə bir yas ayini kimi keçirilib. Daha sonra Romanın siyasi və ictimai həyatın bir parçasına çevrilib.

Əyləncə pik nöqtəsinə e.ə. I və eramızın II əsrləri arasında çatıb. Roma İmperiyasının böhran yaşadığı dövrdə belə qanlı oyun əhəmiyyətini qoruyub saxlayıb. Xristian imperatorları qladiator döyüşlərini eramızın V əsrədək mühafizə etmişlər. Həmin tarixdən sonra qladiator oyunları rəsmi olaraq təşkil edilməyib.

Eramızdan əvvəl I əsrdə yaşamış tarixçi Dəməşqli Nikolas oyunun mənşəyinin etrusklardan gəldiyinə inanırdı. Bir nəsil sonra Roma tarixçisi Livi ilk qladiator mərasiminin kampaniyanlar tərəfindən e.ə. 310-cu ildə Samnitlər üzərində qələbəni qeyd etmək üçün keçirildiyini yazıb. Eramızın VII əsrində Seviliyalı İsidor lanista (qladiatorların rəhbəri) sözünün etrusk dilində cəllad mənasını verən sözdən törədiyini sübut etdi. Roma tarixçiləri qladiator oyunlarının xaricdən gəlmə olduğunu (ən böyük ehtimal etrusklara verilir) qeyd etmişlər.

Ancaq bütün dəlillər Kampaniyan mənşəyini təsdiqləyir. Məlum olan ilkin qladiator məktəbi (ludi) Kampaniyada yerləşmişdir.

Livi ilk Roma qladiator döyüşünün, Karfagenə qarşı olan I Pun döyüşü zamanı, e.ə. 264-cü ildə keçirildiyini qeyd edib. Mal-qara bazarında Brut Peranın şərəfinə üç qladiator döyüşü keçirilib.
Livinin hesablamaları erkən Roma qladiator döyüşlərinin matəm və qurbanlıq funksiyalarını əhatə edir və sonra qladiator tamaşasındakı teatr mədəniyyətini belə qeyd edir: möhtəşəm görünüşlü, yüksək səviyyədə silahlanmış və zirehlənmiş xain barbarlar Roma dəmiri və əzəməti ilə idarə edilirlər. Onun sadə romalıları səxavətli bir şəkildə əzəmətli hərbi qənimətləri ilahələrə həsr edirlər. Onların müttəfiqləri olan kampaniyanlar isə şam yeməyində əylənmək üçün qladiatorları tamaşaya qoyurlar. Bəzi qruplar və tayfalar da oyunçuların siyahısına qoşulurdu. Əksər qladiatorlar Romanın düşmənləri kimi silahlanır və zirehlənirdilər. Qladiator üçün ən uğurlu seçim əla şəkildə vuruşmaq və ya ölmək idi.

Qadın qladiatorlar

Eramızın 60-cı ilindən etibarən qadın qladiatorlar yaranmağa başlandı. 66-cı ildə isə Neronun Efiopiyalı döyüşcü qadın qladiatorları vardı. Görünür romalılar öz əyləncələrini daha da artırmaq üçün qadın döyüşcülərdən istifadə edirdilər. 89-cu ildə Domisianın dövründə qadın qladiatorlarla cırtdan qladiatorlar arasında döyüş keçirilib. Eramızın ikinci ilində Amazon və Axilla adlı iki qadın qladiatorun döyüşüşündə qalib müəyyən edilə bilməyib. Qadın qladiatorlar kişi həmkarları ilə eyni tərzdə təlim və rəftar görürdülər. Ancaq 200-ci ildə qadınlardan qladiator döyüşlərində istifadə etmək qadağan edildi.

Qladiator imperatorlar

Bir sıra Roma İmperatorları Qladiator döyüşlərində iştirak etmişlər. Ən qəddar hökmdarlardan olan Klavdi limanda tutulmuş bir balina ilə döyüşdüyü də rəvayət edilir. Kommod bu oyunların fanatik iştirakçısı idi. O, Herakl kimi geyinirdi.

Qladiatorların silahları

Qladiatorlar döyüş zamanı müxtəlif növ silahlardan istifadə edirdilər. Oyunlarda yalnız Roma silahlarından istifadə edilmirdi, eyni zamanda işğal edilmiş ölkələrdən gətirilmiş silahlardanda istifadə edilirdi. Qəribə olsa da, romalılar döyüş zamanı ədalətə xüsusi önəm verirdilər. Buna görə də, bir birinə rəqib olan qladiatorların sayı bərabər olurdu. Qladiatorun biri ağır silahdan istifadə etdiyi zaman, rəqibi yüngül silahdan istifadə etməli idi. Ancaq yüngül silahdan istifadə edən qladiator ağır zirehlərdən istifadə edirdi. Bu səbəblə silah, zireh və qalxandan asılı olaraq qladiatorların 30 növü var idi. Qladiatorun necə zirehlənməsi onun silahından asılı idi.

Qladiatorların istifadə etdikləri silahlar:

• Qılınc: 65 sm uzunluğunda olan qladius (Gladiator sözü buradan törəmişdir) qladiatorların ən məşhur silahı idi. Ancaq dəryaza bənzər “Sika” və bir tərəfi haşiyələnmiş “Asinases” adlı qılınclardan da istifadə edilirdi.

• Nizə: Qladiatorlar nizələrdən itələmək və ya atmaq üçün istifadə edirdilər. Yüngül, ağır, uzun, qısa, atlı qladiator tərəfindən və ya sadəcə piyadalar tərəfindən istifadə edilən növləri var.

• Ox: Qladiatorlar tərəfindən istifadə edilən çox sayda ox növləri var. Bəziləri sadəcə yayla atılır. Bəziləri isə qısa olur və qalxanın arxasında gizlədilir.

• Xəncəl: Ehtiyat silah kimi istifadə edilir. Ancaq yaxın məsafələrdə yararlıdır.

• Qalxan: Qalxanın əsas vəzifəsi özünü müdafiə olsada bəzən rəqibi vurmaq üçün istifadə edilir. Dəyirmi formalı “parma” və uzunsov “skutum” adlı qalxanlar ən məşhurlarıdır.

• Tor: “İakulum” adlanan bu silah yalnız bir qladiator növü (“Retarius”) tərəfindən istifadə edilirdi

• Zireh: Qladiatorların yalnız 26 növü zirehdən istifadə edir. Zirehlərin bəziləri ağır, bəziləri isə yüngül olur. Əsasən zəif qladiatorlar zirehlərdən istifadə edir.

Amfiteatrın daxili görünüşü

Amfiteatr Roma sivilizasiyası dövründə qladiator və vəhşi heyvan oyunları üçün istifadə edilən, dairə və ya ellips formalı, yüksələn tribunalardan ibarət bir tikilidir. Amfiteatrların qanlı döyüşlərin sərgiləndiyi sahəsi arena adlanır. Burada vəhşi heyvanlar bir-birlərini parçalar, insanlar bir-birlərilə və ya vəhşi heyvanlarla var gücü ilə döyüşərdilər. Arena eyni zamanda suyla doldurularaq müxtəlif tamaşalarda göstərilirdi. “Amfi” sözünün mənası “ətrafinda”, “iki tərəfdən”, “cüt” deməkdir. Teatr yarım dairə bir quruluşda olduğu halda, amfiteatr-“cüt teatr” dairəvi və ya ellips şəklindədir. Dünyada ən tanınmış nümunəsi Kolizeydir.

Latın sözü olan arena qumluq deməkdir. Çünki qum axan qanları asanlıqla özünə çəkirdi, qan üzdə qalmırdı. Tribunaların altında qaranlıq otaqlar, qladiatorlar üçün zindanlar, vəhşi heyvanlar üçün qəfəslər olurdu.

İlk amfiteatr taxtadan hazırlanmışdı. Məlum olan ən qədim daş amfiteatr e.ə 80-ci illərdə Pompey tərəfindən tikdirilmişdir. Kolizey adlandırılan bu amfiteatrın 80 min tamaşaçı tutumu var. Qladiator döyüşləri Respublika və İmperiya dövründə amfiteatrlarda keçirilirdi.

İlk vaxtlarda oyunlar görünüşü məhdudlaşdıran yerlərdə keçirilirdi. Daha sonra oyunlar forumlarda keçirilməyə başlandı. Tamaşaçılar üçün isə oturacaqlar düzəldildi. Zaman keçdikcə oyunlar üçün biletlər təyin edildi ki, buda səhnə və tamaşaçılar üçün yerlərin düzəldilməsini vacib etdi. Budan sonra amfiteatrlar tikilməyə başlandı. Bu səhnəyə bənzəyən arena, bir-birlərini öldürən aktyorları olan bir növ teatr idi. Stentlərdən tamaşaçılar rahat şəkildə öz narazılıqlarını və ya razılıqlarını ifadə edə bilirdilər. Söz azadlığının olduğu tək yer amfiteatrlar idi.

Qladiatorların ölümü

Ölüm buludu daim qladiatorların başı üzərində idi. Mərhəmət üçün yalvarmayan və ya ağlamayan qladiator öldüyü zaman onun ölüsünə hörmət edilirdi və bu yaxşı ölmək sayılırdı. Bunlara şahid olmuş bir şəxs belə deyir: “Ölüm yaxın olduğu zaman təcrübəsizlərin qaçmağa yeri olmadığından özlərində cəsarət tapıb döyüşməyə məcbur qalırdılar. Fərqi yoxdur qladiator nə qədər qorxur, o döyüşün içindədir. “ Bəzi mozaikalarda diz çöküb, ölüm anını gözləyən qladiatorlar təsvir edilmişdir.

“Yaxşı ölmüş” qladiatorun cəsədi ölüm ilahəsi Libitanın taxtı üzərinə qoyulur. İlahiyyatçı Tertullian oyunun pik nöqtəsində olduğu zaman cəsədlərin bir sıra üsullarlada təhqir olunduğunu qeyd edir. “Yeraltı dünya Allahı” kimi geyinmiş arena rəsmisi çəkiclə cəsədi vurur. “Merkuri” kimi geyinmiş başqa bir rəsmi isə qızmar çubuqla onun ölüb ölmədiyini yoxlayır. Bəzən arena morqunda qladiatorun zirehləri soyundurulur və ölümü dəqiqləşdirmək üçün onun boğazı kəsilir. Qladiator məzarlıqlarında kəllə sümüyü çəkiclə zədələnmiş şəxslərin qalıntıları tapılmışdır. Bəzi muasir tarixçilərə görə isə tez ölmüş qladiatorlara heç bir hörmət edilmir, onların cəsədləri arenadan sürünərək çıxardılır. Bəzi qladiatorlar 10 ardıcıl döyüşdə, 30 il ərzində sağ qala bilir. Tarixçilər qladiatorların orta yaş həddinin 27 olduğunu hesablanmışdır. Məğlub olmuş qladiatorun sağ qalma ehtimalı 1/5 idi. Xristianlıq dövründə yas mərasimlərinin bahalı olması ucbatından ölmüş qladiatorlar ya çaya atılırdı, ya da məlum olmayan yerlərdə basdırılırdılar. Azad insanlar isə şəhərin arxa hissələrində dəfn edilirdilər

“Məni hakimin səhvi öldürdü”…

Belçikanın paytaxtı Brüsseldəki Kral Sənət və Tarix Muzeyində nümayiş olunan bir məzar daşının üzərindəki yazıların oxunması maraqlı faktı, daha doğrusu futboldan bizə tanış olan hakim səhvlərini xatırladır. Təxminən 1800 il əvvəl yaşanmış bir qladiatora aid olduğu sübut edilən məzar daşında:

"Məni hakimin səhvi öldürdü!" yazılıb.

Anadoluda Qaradəniz bölgəsindəki Amisusda aparılan qazıntılar zamanı tapılan və II Abdulhəmid tərəfindən Brüsseldəki “Cinquanternaire” Muzeyinə bağışlanan 1800 yaşlı başdaşındakı yazıları kanadalı tarixçi və Roma məzar daşları üzrə mütəxəssis Professor Mixael Karter oxuya bilib. Onun iddiasına görə, məzar daşını düzəldənlərin yaxın dostu olan ölü qladiator eynilə bu günkü futbolçular kimi "hakim səhvindən" şikayətlənib.

Məzar daşının üzərində biri ayaqda və digəri yerdə olmaq şərtilə 2 gladyatör təsviri var. Ayaq üstəki qladiatorun əlində iki qılınc var. Yerdəki qladiator isə təslim olduğunu və bağışlanmaq istədiyini işarə edir.

Təsvirdə yerdə olan qladiatorun Diodorus, ayaq üstəkinin isə Demetrius olduğu göstərilib.

Yazıda, "Mən rəqibim Demetrius yıxıldıqdan sonra da onu öldürmədim. Amma əcəl və “suma rudis” (hakim) səhvi məni öldürdü" yazılır.

Prof. Karterə görə, qladiator döyüşündə bəzi qaydalar var idi.
Məsələn, rəqiblərdən biri qarşı tərəfin hücumuyla deyil də qəza ilə yıxılanda hakim döyüşü dayandırıb yıxılan tərəfin qalxmasını təmin etməli idi.

Karterə görə, Diodorus ilə Demetriusun döyüşündə də bu baş verib.
Demetrius qəzayla yerə düşən zaman hakim döyüşü saxlayıb onu ayağa qaldırıb.

Ancaq eyni hakim Diodorus yıxılanda matçı dayandırmayıb.
Diodorusun “bağışla” işarəsini göstərməsinə baxmayaraq, Demetrius qılıncını rəqibinə saplayıb.

Diodorusun yaxınlarının məzar daşına yazdırdığı "hakim səhvi"də buna işarədir.


Yazıda Vecdi Çıracıoğlunun “Qladiator” kitabından və Vikipedia məlumatlarından istifadə olunub.

Vüqar Qurdqanlı
# 4518 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #