Firəngiz Mütəllimova daha Yaşar Nurini sevmir

Firəngiz Mütəllimova daha Yaşar Nurini sevmir
7 sentyabr 2011
# 13:29
Teatrın səhnəsi işıqlandırılıb. Rafael Dadaşov boynunda əl-üz dəsmalı hərdən tərini silib məşqinə davam edir. İndi onun gənc aktyor Rəşad Bəxtiyarovla olan səhnəsidir. Bir saatdır məşq gedir, aktyor artıq yorulub. Rejissor “perekur” verir. Bu arada özü siqaret çəkəcək, Rafael Dadaşov da bir qədər nəfəsini dərmək imkanı qazanacaq. Bir tərəfdən də Ayşad Məmmədov kimi məsuliyyətli aktyor gəlib deyir ki, mən öz yerimi bir də məşq etmək istəyirəm.

Rejissor da ondan bu fikri Rafael müəllimə bildirməyi xahiş edir ki, görsün onun əlavə bir səhnə məşq etməyə gücü qalıb, ya yox? Ayşad Məmmədov özündə cəsarət tapıncaya qədər Firəngiz Mütəllimova gəlib çıxır. Daha bir səhnənin məşqi Firəngiz Mütəllimova ilə başlayır. O, məşq edərkən isə aktrisa Sevinc Əliyeva bir əlində od səhnəyə gəlib rejissordan niyə ona qara paltar sifariş verdiyini soruşur?

“Mən onsuz da qara ərəbi oynayıram, yerlərimi kəsib qısaltmısan, indi də paltarımı qara edirsən ki, üz ifadəm heç bəlli olmasın?” – deyib verdiyi suala cavab gözləmədən üzünü hirsə çevirib gedir. Hə... rejissor deyəsən kuklalardan belə kapriz görmədiyi üçün özü də çaşıb qalıb. Gəl, bu şəraitdə hamının nazı ilə oyna, həm də layiqli tamaşa təhvil ver. Onun arxasınca baxan, məşqini saxlamalı olmuş Firəngiz Mütəllimova vəziyyətdən çıxış yolu tapmağa cəhd edir: “Teatrda belə şeylər çox olur, amma mən heç vaxt geyimə kapriz etməmişəm. Məsələn, bu tamaşanın finalında Amalya Pənahova dəbdəbəli gəlinliklə çıxırdı, amma mən qaraçı paltarında çıxacam.” Beləliklə....


“Qanlı Nigar”


Akademik Milli Dram Teatrında iş rejimi başlayıb, amma hələ teatr mövsümü sentyabrın 15-də açılacaq. Ayın sonu üçün isə ilk premyera müəyyənləşib. Bu “Qanlı Nigar” tamaşası olacaq.
“Qanlı Nigar” bizim “Arşın mal alan”, M. F. Axundovun əsərləri, Gürcülərdə “Xanuma” kimi, bu da klassik türk əsəridir. Müəllifi Sadıq Şəndildir. Nigar ümumiləşdirilmiş qadın obrazıdır. Nigar, Həcər kimi qəhrəman qadındır. Obraz İstanbul qadınıdır, amma onda bütün millətlərin, bütün dövrlərin cəhətləri birləşib, eksentrik bir obrazdır. Qanlı Nigar da o deməkdir ki, bu kişilərə qan udduran, od-alov bir xanımdır. O, 13 yaşında təcavüzə uğrayıb. Bütün həyatını həmin təcavüzkarı axtarmaqla məşğuldur ki, ona ərə getsin. Sonda elə də olur.
Tamaşa karnaval janrındadır. Musiqilər boldur.

Rolları Rafael Dadaşov, Firəngiz Mütəllimova, Ramiz Novruz, Nurəddin Mehdixanlı, Elşən Cəbrayılov, Sevinc Əliyeva, Rəşad Bəxtiyarov, İlahə Həsənova oynayırlar. İndi İlahə Həsənovanın oynadığı xırda rolu tamaşanın ilk quruluşunda oynayan Firəngiz Mütəllimova yeni quruluşda baş rolu məşq edir. Onun tərəf müqabilini isə Rafael Dadaşov oynayır. Əsəri Azəri türkcəsinə çevirən mərhum Vaqif İbrahimoğlu onun həm də ilk rejissoru olub. Tamaşa uğurlu alınıb və o vaxtdan sonra yeni quruluşda qoyulması üçün təklifi də Vaqif İbrahimoğlu öz sağlığında verib, hətta rejissoru da özü seçib. Rejissor Namiq Ağayev gənc rejissor adı daşısa da o qədər də gənc deyil, sadəcə indiyə qədər Kukla teatrında çalışıb.

Yeri gəlmişkən, rejissor 1984-cü ildə Akademik teatrın səhnəsində diplom tamaşasını hazırlayıb. İndi onun tamaşasında rol alan xalq artistləri Ramiz Novruz və Nurəddin Mehdixanlının köməkliyi ilə ərsəyə gətirdiyi “Səməndər quşu” tamaşası o vaxt ilin ən yaxşı tamaşası seçilib. Ondan sonra peşəkar rejissor kimi bu səhnədə hazırladığı ilk tamaşadır.

Tamaşanın ilk variantında Amalya Pənahova ilə Yaşar Nuri əsas rollarda oynayıblar. Rejissorun dediyinə görə, tamaşanın quruluşu ilkin quruluşdan fərqlidir, amma hər halda Vaqif İbrahimoğlunun quruluşundan bir ustad kimi çox bəhrələnib.


Ramilə QURBANLI
# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
#
#
# # #