Heyvanların xidmətindəki çayxana

Heyvanların xidmətindəki çayxana
1 sentyabr 2011
# 13:16
Bayram günlərində çoxdan verdiyim vədə rəğmən uşaqları heyvanxanaya aparmalı oldum. İndiki uşaqlar verdiyin sözü elə məqamında adama xatırladırlar ki, çıxış yolun qalmır. Getdik. Heyvanxana elə əvvəlki yerindədir. “Gənclik” metrosundan çıxırsan, qaynı-piyada düşürsən yolun ağına. Əvvəl uşaq dəmir yolu ilə də getmək olardı, indi həmin dəmir yolunun yerində geniş şosse var. Qızımın yeni salınmış yola nifrətinin müşayiəti ilə (çünki onun üçün uşaq dəmir yolu daha maraqlı idi) gəlib çıxdıq heyvanxanaya. Biletlərin qiyməti də həminkidir, böyüklər üçün bir manat, uşaqlar üçün 60 qəpik.

Nəcib maral

Bakı heyvanxanasına səyahətimizə isə sağdan dəvəquşunu ziyarətlə başladıq. Nə illah etdiksə dəvəquşu üzünü bizə çevirmədi ki, uşaqlar onu qarşı tərəfdən görə bilsin. Arxasını bizə çevirib, dimdiyi ilə torpaqdan nə isə eşirdi. İkinci qəfəsdəki nəcib maral dəvəquşundan fərqli olaraq daha qonaqpərvərdir. Onu ziyarətə gələnləri adına layiq nəcibliklə qarşılayır. Baş əyib iri buynuzlarını nazəndə oynadır. Nə yazıq ki, Azərbaycanda nəsli kəsilmək üzrədir, bütün nəcibliklər kimi o da qırmızı kitaba düşüb.

Afrika aslanının da adı beynəlxalq qırmızı kitabdadır, çünki onun nəsli bütün dünyada kəsilmək üzrədir. Qəfəsdə iki dənədirlər, bir-birilərinə hayan olurlar, amma heç oxşamır, düşmən kimi biri qəfəsin o başında oturub, biri də bu başında bir-birilərinə acıqlı baxırlar. Elə onları ziyarətə gələnlərə də. Görünür, bu da aslanların şakəridir.

Növbəti qəfəsdəki Amur pələnginin də adı beynəlxalq qırmızı kitaba düşüb.

Qəfəsdə də təkdir.

Qonur ayı isə hamıdan küskün halı ilə asta-asta var-gəl edir. Qəfəs yoldaşı ağzını ayırıb qəfəsə yaxın əyilmiş budağı yemək istəyir, amma ağzına budağın yarpağı əvəzinə qəfəsin barmaqlığı keçir. Yaxınlaşıb şəklini çəkmək istəyirəm, arxasını çevirib qəfəsin dərinliyinə gedir. Maraqlısı odur ki, mən çəkiləndən sonra uzaqdan görürəm ki, yenidən həmin budağı qoparmaq üçün mübarizəyə davam edir. Qonur ayıların təbiətdə sayı azalıb. Onların qidası meşədə meyvə, cücülər, göy ot, iri və kiçik məməlilərdir. Binəva bu dar qəfəsdə onları hardan tapsın. Qalıb heyvanxana işçilərinin insafına, versələr yeyəcək, verməsələr...

Nə gündəsən, Qurd...

Afrika aslanı ilə növbəti qəfəslərdə də rastlaşdıq.

Canavarlar olan qəfəsə isə iydən yaxın durmaq olmur. Bayaqdan da iy-qox çox idi, amma canavarların “iqamətgahı”na yaxın düşdün boğazın iydən acıyır.

Heyvanxananın direktoru ilə söhbət əsnasında bu iy barədə sual verdim. Dedi ki, canavarların özlərinə məxsus iyləri var. Olsun, amma qəfəslərindəki su-çirkab da görünür, özlərinə məxsusdur. Sadəcə heyvanxanaya məxsus işçilər onu vaxtlı-vaxtında təmizləməlidir.

5-6 qabırğası sananan canavar qəfəs boyu dayanmadan bir-birinə əks istiqamətdə fırlanırlar. Adamın bu vəhşilərə yazığı gəlir, axı onların yeri qəfəs deyil... Yadıma yenicə oxuduğum bir əsər düşdü, Zaur Akifoğlunun “Qurd və qız”ı. Canavar bizim üçün qurtdu axı, belə ifadə etmək onu canavarlıqdan yüksəkliyə qaldırır. Qurdu isə qəfəsdə görmək istəməzdim. Xüsusən də əgər o qəfəs natəmiz vəziyyətdədirsə.
Qırmızı canavarın da “otağı” o birilərinkinə yaxındır.

Onların ardınca dəvələrin qəfəsidir. Bayaqdan baxdığımız heyvanlara nisbətən dəvələr özlərini daha soyuqqanlı aparırlar. Başları yeməyə qarışıb, onlara baxanlara, qəfəsdə olmalarına əhəmiyyət belə vermirlər. Ya da buna bir növ adətkarda olublar.

Uşağın heyvanxanada yelləncək istəyi

Qıvrımlələk qutan başını qəfəsdən çıxarıb deyəsən bizdən nə isə umdu. Qəfəsin üstündə heyvanlara nə isə verməyin qadağan olunması ilə bağlı elana görə hərəkət etdiyimizdən quşun ürəyincə ola bilmədik.

Bu yerdə balaca qızımın dodağının sallandığını gördüm. Uşaq yelləncəyə minmək istəyirmiş. Hə, heyvanxanada cürbəcür əyləncələr də var. Məsələn, yelləncək cəmi 20 qəpikdir, yellən özün üçün. 2 manata qıysan işçilər səni qatıra mindirib gəzdirə bilərlər. Gəzinti maşınlarının qiyməti isə “kruqu” 1 manatdır. Heyvanxananın direktoru Azər Hüseynovun dediyinə görə o pullar heyvanların tələbatlarına xərclənir. Orda fəaliyyət göstərən çayxana da heyvanlara xidmət edir, daha doğrusu insanlara xidmət edir, amma gələn vəsait heyvanlara xərclənir.

Deyəsən, ətrafda başqa çayxana yoxdur, ya da buranın çayı keyfiyyətlidir, heyvanxana ilə maraqlanmayanlar da gəlib o çayxanada çayla maraqlanırlar. Çayla içmək üçün satışa qoyulmuş şirniyyatlar da kənardakından fərqlidir, qiymətləri fərqlidir.
Direktorun dediyinə görə heyvanxanaya təzəlikcə Çexiyadan 4 dənə ilan növü, 8 quş növü gətirilib. Azər Hüseynov uzunluğu 3 metr olan pitonu özü şəxsən bizə göstərdi. İlan da həmin məqamda dərisini dəyişməklə məşğul idi. Arada bizə nəzər salıb gözləri ilə “bircə əlimə düşərdiniz...” deyirdi. Yeri gəlmişkən, qəfəsdəki bütün heyvanların nəzərləri o fikri izhar edir.

Direktor bizi xüsusi, işçilərdən qeyri heç kimin daxil olmasına icazə olmayan bir otağa dəvət etdi. Otaq büsbütün siçan və siçovullardan ibarət idi. Sən demə, bunlar xüsusi bəslənib ilanlara yem edilir. Taleyə bax e...

Ordan çıxıb timsahlara baş çəkdik. İki timsah ziyarətçilərin çoxluğundan dayandıqları yerdən tərpənmirdilər, heç qımıldanmadıqlarından adama elə gəlirdi ki, cansızdılar. Qızım səbirlə hamının çəkilməsini gözlədi, arxadan qaça-qaça bizə çatdırıb timsahlar siz gedəndən sonra özlərini suya verdilər dedi. Balaca bacısı da sevincək “yəqin çimmək istəyirmiş” əlavə etdi. Hə...uşaq düz deyir, hava küləkli ola, sən də heyvanxanada. Adamın da könlündən çimmək keçir, külək bütün peyini sovurub ürəyi istəyən yerə səpələyir. Odur ki, uşaqları da götürüb bir başa evə tələsdim.

Ramilə QURBANLI
# 1715 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
#
#
# # #