Qatil də Allah quludur, Əzrail da mələk olduğu kimi...
***
Gücü gizlətmək də sirr saxlamaq kimi çətindir.
***
Təkrar biliyin anası deyil, balasıdır.
***
Ümid–pul kimi bir şeydir.
***
Özünü cilovlama, eybi yox, qoy nadanlar səni “kobud” adlandırsın.
***
Xatirələrin yaşadığı yerlər köhnə tanışlara bənzər, hərdən yadına ya bir dalan düşər, ya bir kitabxana...
***
Yaşamaq-susamaqdır, ancaq heç ölüm də su deyil.
***
Əgər yaddaşın qarışıqdırsa, xatirələrin köhnəlibsə, acı dadırsa, onları heyfslənmədən at. Yoxsul və təmiz ev daha rahatdır, nəinki zəngin və səliqəsiz ev.
***
Kiminçünsə darıxa bilirsənsə, bəsindir, qoy sənin üçün heç darıxmasınlar.
***
Ən iddialı adamlar ən adi adamlar olur.
***
Dostun yoxdursa, özündən küs, sədaqətin yoxdur, demək.
***
Yer- göyün səhnəsidir; epizodik rolları oynayanlara acıyıram. Onlar yalnız dramatizmi bir qədər gücləndirmək üçün mövcuddurlar.
***
Tanrının əfvimi böyükdür, qulun səhvimi?!
***
Nadanlar haqda düşünmək onlara uduzmaq deməkdir.
***
Din Allaha sitayiş yollarından biridir, düzdür. Hamını eyni yolla getməyə vadar etmək isə düz deyil.
***
Mövsümlərin dəyişməsi adamların özünü xatırlaması üçündür.
***
Arzu ürəyin nəfsidir.
***
Zəhmli adamlar pisliyi əzbər bilən adamlardır.
***
Dilənçilərə acımaq bizim borcumuzdur, dəxli yoxdur onlar acdılar, ya yox, dilənçi olmaq ac olmaqdan daha acınacaqlıdır.
***
Ən yoxsul adam duzsuz adamdı.
***
Təkcə namuslu olmaq azdır, həm də ləyaqətli olmaq lazımdır, çünki namusluluq bir qədər məcburi, ləyaqətlilik isə tamamilə könüllüdür.