Səfehcəsinə xoşbəxt

Səfehcəsinə xoşbəxt
29 aprel 2013
# 07:00

Yağış yağır, yaz yağışı. Bu yağışın tanış ritmi çoxdan unutduğu çöhrə kimi yaddaşını qıdıqlayır. Yadına nə vaxtdı xatırlaya bilmədiyi bir ömür düşür. Bu yağışın o üzündə qalan ömür.

Nəsə nəm, yağış, rütubət qoxulu bir xatirə ona rahatlıq vermir. Hansısa islaq bir xatirə.

Bu köhnə bir nağıldır. Çoxdandır, sevə, təzələyə, sevindirə bilmədiyi ömrün bəlkə də yeganə nağılı. Və o, bir çətir, alabəzək bir çətir görür, yağışdan və sevincdən islanmış üz. Çətirdən daha alabəzək, səfehcəsinə xoşbəxt təbəssüm. İslaq küçə, qoşa addımlar, baxışların heyrətli parıltısı.

Tanış binalar, yad adamlar, yad adamların üzündəki doğmalıq. Yaxınlıqdakı bağ, bağdakı yaşıl rəngli tablo, tablodakı ağacların sevinci. Mavi gödəkcə, onun altında həyəcanla çırpınan quş ürəyi. İyirmi üç yaş, həyatın gözəlliyi, balaca uşağın təzə, güllü donuna bənzəyən rəngbərəng ümidlər.

Və sonra hər şey qurtarır, daha doğrusu, qurtarmır hər şey, yarımçıq qalır.

Səki harasa dirənib dayanır, yağış kəsir, çətir yığılır. Musiqi susur, ayaq səsləri təklənir. Adamlar yadlaşır. Ağaclar kədərlənir. Pərdə salınır və fonda çiliklənmiş təbəssüm, iri açılmış gözlər qalır. Bir də o gözlərdə donmuş heyrət, sönmüş parıltı.

Mavi gödəkcəli qız qeyb olur. Xoşbəxtcəsinə səfeh təbəssüm silinir. Təzə, güllü uşaq donuna bənzəyən rəngbərəng ümid bitir. Həyat adiləşir və o vaxtdan bəri hələ də adidi. Daha çox yağış kəsəndə.

# 2819 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #