Türk polisinin Gezi parkı kədəri

Türk polisinin Gezi parkı kədəri
4 iyun 2013
# 10:13

Dostluğumda olan bir türk polisi o gün belə bir status paylaşmışdı Facebookda. Statusu olduğu kimi sizə çatdırıram: “Ağacı ben sökmedim. AVM-yi ben yapmadım. İçkiyi ben yasaklamadım. Ben en az sizin kadar Atatürkçü, en az sizin kadar vatanseverim. Bu vatan için ağaç da diktim, kan da verdim, nöbet de tuttum. UNUTMAYIN KÜFÜR ETİĞİNİZ POLİS BİR GÜN SİZE DE LAZIM OLACAK....BİZLER BASKA BİR ÜLKEDEN GELMEDİK SİZLERİN ARASINDAN CIKTIK...”

Təsirli və inandırıcıdı. İnsanın aid olduğu zümrəyə münasibətdən keçirdiyi narahatlıq qədər təbii nə ola bilər ki. Bu status mənə xoş gəldi, həm də bir az kədərli. Axı fərd yalnız öz adından danışa, yalnız özünü təmizə çıxara bilər. Aid olduğu zümrəni xilas etmək onun işi deyil. Necə deyərlər, “Fəzlin xilası mümkün deyil”.

Amma təkcə “yapmadım” deyənlərin yox, həqiqətən suçlu olanların belə özünü haqsız saymağına inanmıram. Bu dünyada hər kəs öz dayandığı nöqtəni daha düzgün mövqe hesab edir. Hər insanın hər durumda özünü haqlı çıxarması kimi bir instinkti var. Uşaqkən valideynlər haqsızdı, valideynkən uşaqlar. Tələbəsənsə müəllimlər “köhnə fikirlidi”, müəllimsənsə tələbələr “zəmanə uşağı”. Sükan arxasındasansa, piyada günahkardı, piyadasansa sürücü.

Başqa vaxt polisin qoruduğu kütlə xalqdı, hansısa etirazla bu kütlə meydanlara çıxanda isə polis üçün artıq xalq deyil, əyləmçidir, terrorçudur. Çünki bu zaman onlar arxa-arxaya deyil, üz-üzə dayanıblar, iki düşmən ölkənin qoşunu kimi. Hər iki tərəf vətəni sevdiyinə inanır, hər iki tərəf haqq üçün vuruşduğunu hesab edir. Üz-üzə dayanmış iki tərəfin bir-birini anlaması çətindi, çünki hər kəs özünü qarşısındakından daha haqlı sanır.

Uzaq qohumumuz olan iki hüquqşünas var. Orta məktəbdə bir sinifdə, universitetdə bir fakültədə oxuyublar. Vaxtilə möhkəm dost olublar, indi möhkəm düşməndirlər. Çünki biri prokuror, o biri isə vəkil işləyir. Çünki birinin müdafiə etdiyini o biri ittiham etmək zorundadı. Maraqlıdı, hər iki tərəf həqiqəti özünə sarı çəkmək istəyir, o isə bircə dənədi.

Cəmiyyət insanları bax beləcə, zümrələrə, qruplara bölüb qarşı-qarşıya qoyur. Sürücünü piyadaya, ittihamçını vəkilə, valideyni müəllimə, məmuru jurnalistə. Vay o gündən ki, haqsız durumda olan bir zümrənin günahsız nümayəndəsi olasan. Təmiz vicdanla kirli bir zümrənin etiketini daşımaq zorunda qalasan. Bax onda oğurluqda suçlanan uşaq kimi nə qədər “mən yapmadım” desən də səsini eşidən olmayacaq. Zümrələrin savaşında fərdlər nəzərə alınmır.

# 2850 dəfə oxunub

Müəllifin son yazıları

# # #