“Titanik” kimi həyat

“Titanik” kimi həyat
29 iyul 2013
# 10:41

Hərdən özünü “Titanik” filminin o qoca qadın qəhrəmanı kimi hiss edirsən.

Sularda dostları, səltənəti qərq olmuş o qarı kimi.

Həyat adlı okeanın dibində film kimi xatirələri qalmış biritək.

Elə hey o dibə vurmuş xatirələrdən danışmaq istəyirsən.

Anlatdıqların ən yaxşı halda gözəl bir film təsiri bağışlayır.

Başqa heç nə.

Okeanın dibində qalmış o həyatın açarı təkcə səndədi. O açarı heç kəsə ötürə bilməzsən.

Vaxt keçdikcə, illərin tortası üstünə çökdükcə hələ ölümün səndən xeyli uzaqda olduğunu hiss edirsən.

Sanki kimsə daima qulağına pıçıldayır:

- Qorxma, sən indi, burda ölməyəcəksən. Sən ömrünün ixtiyar çağında, öz evində, isti yatağında öləcəksən.

Buna inanırsan.

Ola bilsin ki, gerçəkdən də belə olacaq.

Amma öz isti yatağında yorğun halda gözlədiyin o ölüm bir az da okeanın soyuq suları qoxuyacaq.

# 2023 dəfə oxunub

Müəllifin son yazıları

# # #