Nə satıcı hirsləndirdi, nə bir “QAİ” saxladı... – Səhər Əhməddən yeni şeirlər

Nə satıcı hirsləndirdi, nə bir “QAİ” saxladı... – Səhər Əhməddən yeni şeirlər
1 noyabr 2019
# 11:31

Kulis.az tanınmış şairə Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

Bu gün yeni şeir yazdım,
Bir də təzə dərs keçdim.
Ədəbiyyatdan lirik növ,
Dildən sonor səs keçdim

Əzizlədim şagirdləri,
Başların sığalladım.
Ən çox ən dəlisovların,
Ən çox ən cığalların.

Nə satıcı hirsləndirdi,
Nə bir “QAİ” saxladı.
Bu gün açıb qollarımı
Həyatı qucaqladım.

Oğlumla futbol oynadım,
Qızımla mahnı qoşdum.
İtimlə şəkil çəkdirdim,
Pişiyimlə barışdım.

Suladım çiçəklərimi,
Bağdan nar dərib yedim.
Sonra ağacı oxşayıb,
Sağ ol, dadlıdır, - dedim.

Bu gün hər gündən biriydi,
Bu mən hər kəsdən biri.
Yazdığım şeirdən biri,
Keçdiyim dərsdən biri.

***

Qurumadı adına əkdiyim gül,
Böyüdükcə dibçəyini dəyişdim.
Yadındamı, bir dəfə sözgəlişi
Pəncərənə bir çiçək istəmişdin.

“Feysbuk”da qəfil çıxdı qarşıma,
Son şəklində dodaqların səyriyir.
Üzündə o incik uşaq pərtliyi,
Əynindəsə mən aldığım köynəyin.

Payız yenə bala-bala qəmlənir,
Huzurlusan, yoxsa dərdmi çəkirsən?!
Səhərləri çayını kim dəmləyir,
Acqarına siqaretmi çəkirsən?!

Sən gedəli göz dikmədim yollara,
Dam-dam təpə başına da çıxmadım.
Bircə tikə vicdan əzabı da yox,
Elə bil heç, könül evi yıxmadım.

Bu filmə baxmamışdım, doğrusu,
Ürəyimdə nə qüssə var, nə nisgil.
Hər şey yerli-yerindədi, sadəcə,
Qurumadı adına əkdiyim gül...

# 2878 dəfə oxunub

Müəllifin son yazıları

# # #